Məhkəmə qərarları › İş №2-1(112)-1291/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1291/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1291/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi X2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və hər beş illik əmək stajına, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqqın, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, xx.xx.2010-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq, xx.xx.2019-cu il tarixdən bir aylıq vəzifə maaşı həcmində maaşına əlavənin Ali Məhkəmənin hakiminin aylıq maaşına uyğunlaşdırılmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya hakim vəzifəsində işlədiyi dövrdə aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-1987-ci illərdə Zəngilan rayon xalq məhkəməsinin hakimi, 1987-1990-cı illərdə Fizuli rayon məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000- 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2019-cu illərdə Sumqayıt şəhər məhkəməsinin sədri vəzifələrində çalışmışdır. İddiaçıya 2019-cu ilin iyun ayının 01-dən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdığı ilk aylarda 2634.50 manat, 2022-ci il mart ayında 3424.85 manat, 2022-ci il aprel ayından 2897.95 manat, 2022-ci ilin oktyabr ayından isə 4156,66 manat pensiya alır. Sonradan iddiaçıya məlum olmuşdur ki, pensiyası hesablanarkən yanlışlığa yol verilmiş, fəaliyyətdə olduğu hakimlik illərində müvafiq qanunvericiliyə uyğun olaraq məzuniyyətə çıxarkən ona verilmiş 2 aylıq əmək haqqı həcmində müavinət və 2 aylıq əmək haqqı həcmində müalicə pulu pensiya məbləğinə daxil edilməmişdir. İddiaçı müvafiq arayışı ərizəsinə əlavə etməklə pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddiaçı Z.X5 rayon şöbəsi tərəfindən 24 fevral 2019-cu il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 27 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala 2 mart 2023-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/2-H- 63166/2023 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına gorə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1278,00 manat, digər növ əlavələri 605,47 manat olmaqla orta aylıq əmək haqqı 4723,47 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 42 il 9 ay sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4723,47 manat) 80 faizi-3778,78 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 4156,66 manat məbləğində müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası 4767,69 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2.-15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləgdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumu "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin iddia tələbinin "pensiya məbləğinin birdəfəlik ödənilməsi" hissəsi ilə bağlı bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Buna görə qeyd olunanları nəzərə alaraq İddiaçı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi təmin edilməməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materiallarına əlavə edilmiş: - Cavabdehin xx.xx.2023-ci il tarixli 3-17-1/2-H-63166/2023 saylı imtina məktubu ilə iddiaçıya etirazda göstərilənlər bildirilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər Müdirinin xx.xx.2023-cü il tarixli 14/23 nömrəli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 2840 manat müəyyən edilmişdir. Hər beş illik əmək stajına, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq ödənilir. xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, xx.xx.2010-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq, xx.xx.2019-cu il tarixdən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 468 saylı 07 dekabr 2019-cu il tarixli "Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında qərarına uyğun olaraq xx.xx.2019-cu il tarixdən qırx təqvim günü üçün hesablanan məzuniyyət haqqı verilir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16- 8/691 nömrəli arayışından görünür ki, X4 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Sumqayıt şəhər məhkəməsinin sədri vəzifəsində işləmişdir. Hakim işlədiyi dövdə ona, hakimlik stajına görə vəzifə maaşının 45%-i, hakim səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xx.xx.2010-cu il tarixdən vəzifə maaşının 15%-i həcmində əlavə haqq, hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı ödənilmişdir. xx.xx.2019-cu il tarixdən hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 %-i və vəzifə maaşı miqdarında əlavə haqq ödənilir. Həmin tarixdən hakimlərə məzuniyyətə çıxdıqda ödənilən 2 aylıq əmək haqqı həcmində müavinət və müalicə olunmaq üçün 2 aylıq əmək haqqı miqdarında pul təminatının ödənilməsi dayandırılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16- 8/691 nömrəli məktubuna əlavə edilmiş X1 Sumqayıt şəhər məhkəməsində sədr vəzifəsində işlədiyi son 5 illik əmək haqqı barədə arayışdan görünür ki, iddiaçı 2014-cü ilin 6-12 ayları, 2015-ci il, 2016-cı il, 2017-ci il, 2018-ci il, 2019-cu ilin 1-5-ci ayları ərzində əsas vəzifə maaşı, hakimlik stajına görə, təmsilçilik, müalicə üçün pul təminatı, məzuniyyət pulu almışdır. 2017 və 2018-ci illər üçün ona kompensasiya ödənilmişdir. - İşdə olan iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, iddiaçıya Fondun Binəqədi rayon şöbəsi tərəfindən 24 fevral 2019-cu il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 iyul 2023-cü il tarixli 3-16-8/e-91 nömrəli arayışında onun vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, digər növ əlavələri 621,25 manat, mükafatı 600,54 manat olmaqla orta aylıq əmək haqqısının 4825,04 manat təşkil etdiyi göstərildiyindən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 42 il 9 ay sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (4825,04 manat) 80 faizi-3860,03 manat məbləğində hesablanmış, dövlət məvacibinə vəzifə maaşı, qulluq stajına görə əlavə, mükafatlar, təmsilçiliyə görə əlavə hesablanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun: 106-cı maddəsinin 1-ci hissəsinə əsasən, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddəsinin 2-ci hissəsinə əsasən, hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin 3-cü hissəsinə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin 1-ci hissəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. 109-cu maddəsinin 4-cü hissəsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. 109-cu maddəsinin 5-ci hissəsinə əsasən, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 8 oktyabr 2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən, 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilmişdir: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir». Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Daha sonra 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü hissəsinə əsasən 106-cı maddə üzrə üçüncü hissə aşağıdakı redaksiyada verilmişdir: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.”. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. 8 oktyabr 2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri 16 fevral 2001-ci il tarixli “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən əlavə edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə «Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası» təsdiq edilmişdir. “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. Nəzərə alınmalıdır ki, milli hüquqda və beynəlxalq-hüquqi aktlarda hakimlərin sosial müdafiəsi, o cümlədən pensiya təminatı ilə bağlı nəzərdə tutulmuş normalar onların müstəqilliyinin və qərəzsizliyinin qorunması, gələcəkdə onların layiqli və uyğun maddi təminatının zəmanətə alınması məqsədlərinə xidmət edir. Belə ki, hakim hələ işlədiyi dövrdə gələcəkdə sosial müdafiəsinin daha üstün təminatlar əsasında həyata keçiriləcəyinə əmin olmalıdır. Hazırkı mübahisəyə münasibətdə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin müddəaları da məhz bu prizmadan, yəni Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsində,127-ci maddəsinin İ və İİ hissələrində, 128-ci maddəsinin İ və İİ hissələrində, habelə beynəlxalq hüquqi aktlarda hakimlərin hüquqi statusu və onların müstəqilliyi ilə bağlı nəzərdə tutulmuş təminatlar baxımından təfsir olunmalıdır. Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan konstitusion-hüquqi dəyərlər şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəalarının tətbiqini şərtləndirir və zəruri edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinin Vİİ hissəsinin müddəaları nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. Nəzərə almaq lazımdır ki, şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişikliklərin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiya təminatına neqativ təsirini Azərbaycan Respublikası Konstitusiyasının 149-cı maddəsinə əsasən neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 16-8/691 nömrəli arayışından görünür ki, X4 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Sumqayıt şəhər məhkəməsinin sədri vəzifəsində işləmişdir. Hakim işlədiyi dövdə ona, hakimlik stajına görə vəzifə maaşının 45%-i, hakim səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xx.xx.2010-cu il tarixdən vəzifə maaşının 15%-i həcmində əlavə haqq, hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı ödənilmişdir. xx.xx.2019-cu il tarixdən hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 %-i və vəzifə maaşı miqdarında əlavə haqq ödənilir. Həmin tarixdən hakimlərə məzuniyyətə çıxdıqda ödənilən 2 aylıq əmək haqqı həcmində müavinət və müalicə olunmaq üçün 2 aylıq əmək haqqı miqdarında pul təminatının ödənilməsi dayandırılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-8/691 nömrəli məktubuna əlavə edilmiş X1 Sumqayıt şəhər məhkəməsində sədr vəzifəsində işlədiyi son 5 illik əmək haqqı barədə arayışdan görünür ki, iddiaçı 2014-cü ilin 6-12 ayları, 2015-ci il, 2016-cı il, 2017-ci il, 2018-ci il, 2019-cu ilin 1-5-ci ayları ərzində əsas vəzifə maaşı, hakimlik stajına görə, təmsilçilik, müalicə üçün pul təminatı, məzuniyyət pulu almışdır. 2017 və 2018-ci illər üçün ona kompensasiya ödənilmişdir. Digər tərəfdən, həmçinin qeyd olunmalıdır ki, ödəmə ilə bağlı məlumatın aşkar olunmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymətləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetiriılməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən tələblərin cavabdeh inzibati orqan tərəfindən nəzərə alındığı və qiymətləndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən cavabdehin imtinası qanuni və əsaslı sayılmamalıdır. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyini hazırki işə tətbiq edilməsini əsaslı hesab edərək qeyd edir ki, iddiaçı ərizəsində göstərdiyi əlavələri işlədiyi dövrdə aldığından və həmin ödənişlər məcburi dövlət sosial sığortasına cəlb olunduğundan iddiaçının ona pensiya hesablanarkən həmin məbləğlərin nəzərə alınmasını tələb etmək hüququ da mövcuddur. Buna görə də iddiaçının iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. İddiaçı X3 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar