Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1292/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının (bundan sonra mətndə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli bəndin qeyd olunan, 1 avqust 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzasını ona münasibətdə tətbiq etməklə, 54 yaş 10 ay 23 günündən (60 yaş – 12 il 10 ay 24 gün 2 nömrəli siyahı üzrə xüsusi stajı), yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, ona 55 yaş 08 aydan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur. Д seriyalı, 408129 nömrəli diplomun surətinin və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 50 nömrəli, 05 aprel 2023-cü il tarixli arayışının əslinin məlumatlarına əsasən, o, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 80 nömrəli X9 Məktəbində əyani formada təhsil almışdır. H3 seriyalı, ******* nömrəli hərbi biletinin notariat qaydasında təsdiq edilmiş surətinin məlumatlarına əsasən, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Sovet Ordusu sıralarında hərbi xidmət etmişdir. ИТ-İ № ******* nömrəli, 26 sentyabr 1986-cı il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq edilmiş surətinin və XDND-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışının əslinin məlumatlarına əsasən, xx.xx.1986-cı ildən hal-hazıradək Xəzər X6nda gəmidə şagird matros, matros, mexanik və böyük mexanik peşələrində işləmişdir. Onun xx.xx.1981-ci il tarixdən, qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 35 il 6 ay 18 gün, güzəştli iş stajı isə 32 il 9 ay 24 gün təşkil etmişdir. O, etibarnamə üzrə nümayəndəsi vasitəsilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 21 fevral 2023-cü il tarixdə rəsmi ərizə ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatını təxirə saldı. Təxirə salmasına səbəb kimi, iddiaçının xx.xx.1981-xx.xx.1984-ci illər ərzində təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənədin təqdim edilməsi göstərilmişdir. Yenidən o, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vasitəsilə xx.xx.1981-xx.xx.1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olmasını təsdiq edən arayış və tələb olunan digər sənədlərlə birlikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 10 aprel 2023-cü il tarixdə rəsmi ərizə ilə cavabdehə ikinci dəfə müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. İmtinaya səbəb kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az (24 il 1 ay 10 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) olması göstərildi. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023cü il tarixli, 3-17-1/2-160104/2023 №-li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9.1- ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilmiş İddiaçı sənədlərində qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (24 il 1 ay 10 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı ii, xx.xx.1986-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılarq mahiyyəti üzrə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi X2 tərəflərindən verilmiş yazılı etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR X7 Təhsil Komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixdə verilmiş Д № 408129 saylı Diplomunun surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri 80 №-li X9 məktəbinə xx.xx.1981-ci il tarixdə “kişi və uşaq üst geyimləri dərzisi” ixtisasına daxil olmuş və xx.xx.1984-cü il tarixdə isə həmin ixtisas üzrə tam kursu bitirmişdir. Н З seriyalı, ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildən-xx.xx.1986-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1986-cı il tarixdə İddiaçı adına açılmış ИT-İ № ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki o; Qaz Sənayesi Nazirliyi “X10-qaz sənayesi” ÜİB “X10-qaz donanması” İdarəsi Neftqaz dəniz donanmasının Abşeron Rayon İdarəsində: - xx.xx.1986-cı il tarixdə “MS-168” 2-ci sinif şagirg matros vəzifəsinə qəbul edilmişdir; - xx.xx.1986-cı il tarixdə “İSK-39”-a 2-ci sinif matros vəzifəsinə keçirilmişdir; - xx.xx.1988-ci il tarixdə “İSK-39”-a müvəqqəti olaraq 1-ci sinif matros vəzifəsinə keçirilmişdir; - xx.xx.1988-ci il tarixdə “İSK-39”-a müvəqqəti olaraq 1-ci sinif matros vəzifəsinə keçirilmişdir; XDND İdarəsinin xx.xx.1988-ci il tarixli əmrinə və AEDSMİ xx.xx.1988-ci il tarixli 1 saylı əmrinə müvafiq olaraq NQDDARİ-nin “X10-qaz donanması” İdarəsinin adı Abşeron sualtı-texniki işlər və dəniz nəqliyyatı ekspedisiya dəstəsi olaraq dəyişdirilmişdir. - xx.xx.1989-cu il tarixdə “Sever-42” növbəli mexanik vəzifəsinə qəbul olunmuşdur; - xx.xx.1989-cu il tarixdə “Calqay-6” 2-ci mexanik vəzifəsinə qəbul olunmuşdur. “X10-qaz donanması” İdarəsinin xx.xx.1993-cü il tarixli 5 saylı əmrinə müvafiq olaraq Abşeron sualtı-texniki işlər və dəniz nəqliyyatı ekspedisiya dəstəsinin adı “X10-qaz donanması” İdarəsinin Neft dəniz donanması Abşeron Rayon İdarəsi olaraq dəyişdirilmişdir; xx.xx.1995-ci il tarixdə “Calqay-6” baş mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.1995-ci il tarixdə “Calqay-6” 2-ci mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2000-ci il tarixdə “PSK-21” gəmisinə baş mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2000-ci il tarixdə “PSK-21” gəmisinə 2-ci mexanik vəzifəsinə keçirilmişdir; ARDNŞ-nin xx.xx.2003-cü il tarixli 25 saylı və “Azneft” İB-nin xx.xx.2003-cü il tarixli 8 saylı əmrlərinə əsasən Dənizdə Neft və Qazçıxarma İstehsalat birliyinin “XəzərX6” İdarəsinin Abşeron Rayon X6 İdarəsinin adı “Azneft” İB-nin “Xəzərdənizneftdonanma” İdarəsinin Abşeron Rayon X8 İdarəsi adına dəyişilmişdir. xx.xx.2004-cü il tarixdə “PSK-21” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2004-cü il tarixdə “MPK-474” gəmisinə 2-ci mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2007-ci il tarixdə “MPK-474” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2009-cü il tarixdə “MİK-1153” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2010-cu il tarixdə “MPK-474” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2012-ci il tarixdə “PSK-48” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2012-ci il tarixdə “SPK-47/25” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2012-ci il tarixdə “ÜK-6” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; xx.xx.2013-cü il tarixdə “Abşeron-18” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 06 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X4 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış və həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir; xx.xx.2023-cü il tarixli qeydə əsasən hal-hazırda orada işləyir. "xxxx" QSC Xəzər X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-3-2/3-9-48/2023 №-li arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1986-cı il tarixində Xəzər X4 “PS- 168” gəmisinə 2-ci dərəcəli şagird matros peşəsinə (xx.xx.1986-cı il tarixli 239-ş/h nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixində “PSK-39” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (xx.xx.1986-cı il tarixli 276-ş/h nömrəli əmr) keçirilmişdir. O, xx.xx.1988-ci il tarixindən hal-hazırkı tarixədək Donanmanın “PSK-21”, “PSK-39”, “PSK-48”, “Calqan-6”, “Sever-42”, “MPK-474”, “ÜK-6”, “Abşeron-18” gəmilərində 2-ci mexanik və böyük mexanik vəzifələrində işləmişdir. Hal-hazırda “Abşeron-18” gəmisində böyük mexanik vəzifəsində çalışır. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıs”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 № li qərarı ilə qüvvədən düşmüş 21,06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 №-li əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət - kod: 23003010 ) güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələr (peşələr) siyahısına aid edilir. Əsas: Şəxsi iş № 344, kadr əmrləri, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən Xəzər X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və 10.01,2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X4 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2023-cü tarixli, 50 №-li arayışında göstərilmişdir ki, İddiaçı 01 sentyabr 1981-ci il tarixində 107-K nömrəli əmrə əsasən 80 nömrəli X9 Məktəbinə əyani daxil olmuş və 05 avqust 1984-cü il tarixində 48-K nömrəli əmrə əsasən “Kişi və uşaq üst geyimləri dərzisi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət sənədini imzalamış səlahiyyətli şəxs-Aslanova M.K. (direktor) olmuşdur. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 02 sentyabr 1996-cı il tarixli 440 nömrəli əmrinə əsasən 80 nömrəli X9 Məktəbi 14 nömrəli Bakı Peşə Liseyi adlandırılmışdır. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarı və Azərbaycan Respublikası Təhsil nazirinin 06 aprel 2020-ci il tarixli F-201 nömrəli əmrinə əsasən 4 nömrəli Bakı Peşə Liseyi, 12 nömrəli Bakı Peşə Məktəbinə 14 nömrəli Bakı Peşə Liseyinin bazasında “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17- 1/2-H-99795/2023 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim sənədlərində qeyd edilən məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az (24 il 1 ay 10 gün (xx.xx.1981-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.2006-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu 12-ci maddəsinə əsasən yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaş çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin bəndin sonuncu abzaslarında göstərilmişdir ki: - İş stajının azı bir ilini xüsusilə zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə və qadınlarda belə işin hər tam ayı üçün bir ay azaldılmaqla təyin edilir; - İş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün və qadınlarda belə işin hər tam-2 ayı üçün bir ay azaldılmaqla təyin edilir. Bu halda maddənin “a” bəndində göstərilən işlərdə qazanılmış iş stajı da nəzərə alınır (1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyada). 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısı: XXVİİİ Nəqliyyat (kod ********) fəsli Dəniz və çay donanması (kod ********) adlanan 3-cü bəndi 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər); kod 23003010 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla). İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar, diplom və hərbi biletin surətlərindən, həmçinin "xxxx" QSC Xəzər X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2023-cü tarixli arayışlardan müəyyən olunur ki, iddiaçının xx.xx.1997-ci il tarixədək ümumi iş stajı 15 il 09 ay 18 gün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulmuş peşələr (Dəniz və çay donanması (kod ********) adlanan 3cü bəndində 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və kod 23003010 1) Üzən heyət (Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)) üzrə güzəştli iş stajı 10 il 10 ay 24 gün təşkil edir. İddiaçının həmin zərərli peşədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndində göstərilən zərərli iş stajı, yəni, 12 il 6 ay toplanmadığından (10 il 10 ay 24 gün təşkil etdiyindən) həmin bəndin qeyd olunan, 1 iyul 1997-ci il tarixə qədər qüvvədə olan axırıncı abzası ona münasibətdə tətbiq edilməlidir. Həmin abzasın yuxarıda qeyd olunan tələbindən isə göründüyü kimi, “iş stajının azı 2 il 6 ayını zərərli və ağır əmək şəraitində toplamış işçilərə güzəştli şərtlərlə pensiyalar bu Qanunun 12-ci maddəsində nəzərdə tutulan yaş həddi kişilərdə belə işin hər 2,5 ayı üçün azaldılmaqla təyin edilir”. Belə olan halda, iddiaçının Qaz Sənayesi Nazirliyi “X10-qaz sənayesi” ÜİB “X10qaz donanması” İdarəsi Neft-qaz dəniz donanmasının Abşeron Rayon İdarəsində matros kimi işləməyə başladığı xx.xx.1986-cı il tarixdən qeyd olunan Qanunun 13-cü maddəsinin a) bəndinin axırıncı abzası qüvvədən düşdüyü xx.xx.1997-ci il tarixə qədər, onun topladığı 10 il 10 ay 24 gün güzəştli iş stajı nəzərə alınaraq həmin müddət, onun həmin Qanunun 12-ci maddəsində ümumi əsaslarla nəzərdə tutulan pensiya yaş həddindən (yəni 60 yaşdan) çıxılmaqla (130 ay : 2,5 = 52 ay = 4 il 4 ay) azaldılmalıdır. Belə olan təqdirdə iddiaçının 55 yaş 08 aydan əmək pensiyası hüququ yaranmış olur. İddiaçı xx.xx.1966-cı il tarixdə doğulduğundan, pensiya hüququnun yarandığı yaş həddi xx.xx.2021-ci il tarixdə tamamlanır. Odur ki, xx.xx.2021-ci ildən iddiaçının yaşa görə güzəştli şərtlə pensiya hüququ əmələ gəlir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 16 mart 2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 22 fevral 2023-cü il tarixində müraciət etmişdir. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. qərara aldı: İddia təmin edilsin. İddiaçı 55 yaş 08 aydan, yəni hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1292/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1292/2024
30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver