Məhkəmə qərarları › İş №2-1(112)-1292/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1292/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1292/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportda düzəliş edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının əsassız hesab edilməsi, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən sahəsi 0098 ha olan torpaq sahəsi üzərində ümumi sahəsi 70.10 kv.metr olan fərdi yaşayış evinə aid verilmiş Texniki Pasportda qaraj kimi göstərilmiş sahənin düzəliş edərək yaşayış sahəsi kimi göstərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 4da yerləşən fərdi yaşayış evi iddiaçının mərhum həyat yoldaşına məxsus olmuşdur. 04 sentyabr 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında evin bir hissəsi qızına vermişdir. 2022-ci ildə həyat yoldaşı vəfat etmiş və ona görə də evin qalan hissəsi vərəsəlik yolu ilə iddiaçının adına keçmişdir. Bundan sonra iddiaçı həmin mülkiyyətə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Çıxarış və Texniki Pasport almışdır. Evin texniki paspotunda otağın biri qaraj kimi göstərildiyi üçün iddiaçı cavabdehdən texniki pasportda müvafiq düzəliş edilməsini xahiş etmişdir. Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən 0,0098 ha olan torpaq sahəsi üzərində ümumi sahəsi 70.10 kv/metr olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı bildirir ki, otağın biri səhvən qaraj kimi göstərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən evə baxış keçirilməmiş və həmin fərdi yaşayış evinin biri yaşayış otağını səhv olaraq qaraj kimi göstərmişdir. Bu barədə texniki pasportda müvafiq düzəliş edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı qedir ki, texniki pasportda qaraj kimi göstərilən əslində həmin fərdi yaşayış evinin bir hissəsidir və iddiaçı həmin otaqda yaşayır. Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən sahəsi 0098 ha olan torpaq sahəsi üzərində ümumi sahəsi 70.10 kv/metr olan fərdi yaşayış evi 70.10 kv/metr kv.metr olan fərdi yaşayış evinə aid verilmiş Texniki Pasportda qaraj kimi göstərilmiş sahəni düzəliş edərək yaşayış sahəsi kimi göstərilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya qeyri-müəyyən imtina vermiş, imtinasını sözügedən fərdi yaşayış evinə dair təqdim edilmiş ilkin sənədlərə əsasən qanunamüvafıq qaydada icra edilməsi ilə əsaslandırmışdır.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən fərdi yaşayış evinə dair təqdim edilmiş ilkin sənədlərə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh qurumun iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvana dair texniki pasporta düzəliş edilməsi ilə bağlı X2 xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə xx.xx.2020-ci il tarixli **********33 qeydiyyat nömrəli məktubla cavab verilmişdir.

5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı “ünvan 1 ünvanında yerləşən sahəsi 0.0098 ha olan torpaq sahəsi üzərində ümumi sahəsi 70.10 kv.m olan fərdi yaşayış evinə aid verilmiş texniki pasportda qaraj kimi göstərilmiş sahəni düzəliş edərək yaşayış sahəsi kimi göstərilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2020-ci il tarixli, **********33 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evinə dair təqdim edilmiş ilkin sənədlərə əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Belə ki, idarənin arxivində mövcud olan 1992-ci il tarixli texniki pasportda həmin hissə qaraj olaraq göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. Cavabdeh tərəfindən X3 ünvanlanan xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, mülkiyyətində olan ********** qeydiyyat nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən ünvan 2 ünvanı ilə ünvan 3dir.

7. ünvan 4a dair X2 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli texniki pasport iş materiallarına əlavə olunmuşdur (reyestr nömrəsi: **********23-10301).

8. 04.09.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən X4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif, ev 38 ünvanında yerləşən ümumi sahəsi 113.8 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.01933 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən A tikilisi 43.7 kv.m və 0.00951 ha torpaq sahəsi qızı olan hədiyyə alan X1 mülkiyyətinə vermişdir.

9. ünvan 4a dair X1 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli texniki pasport iş materiallarına əlavə olunmuşdur (reyestr nömrəsi: **********05-10301).

10. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanına dair X2 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli texniki pasport iş materiallarına əlavə olunmuşdur (reyestr nömrəsi: **********06-10301).

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

12. X4 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanına dair verilmiş sənədlərdə 24,3 kv.m olan hissə qaraj olaraq qeyd edilmişdir, halbuki həmin hissə yaşayış sahəsidir. Bunları nəzərə alaraq uyğunsuzluğun araşdırılması üçün mühəndis ayrılması xahiş edilmişdir.

13. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, X3 verilmiş Texniki pasportdan göründüyü kimi və faktiki olaraq heç bir qaraj yoxdur. Sənədlər səhv qəbul olunub.

14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

22. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

23. Məhkəmə ilk növbədə müəyyən edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

24. İddia ərizəsinin məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən sahəsi 0098 ha olan torpaq sahəsi üzərində ümumi sahəsi 70.10 kv.metr olan fərdi yaşayış evinə aid verilmiş Texniki Pasportda qaraj kimi göstərilmiş sahənin düzəliş edərək yaşayış sahəsi kimi göstərilməsini tələb etmişdir.

25. Cavabdeh orqan imtinanın dəlili olaraq qeyd etmişdir ki, idarənin arxivində mövcud olan 1992-ci il tarixli texniki pasportda həmin hissə qaraj olaraq göstərilmişdir.

26. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mərhum əri X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanına dair verilmiş sənədlərdə 24,3 kv.m olan hissə qaraj olaraq qeyd edilmişdir, halbuki həmin hissə yaşayış sahəsidir. Bunları nəzərə alaraq uyğunsuzluğun araşdırılması üçün mühəndis ayrılması xahiş edilmişdir. Müraciətə baxılması nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaka baxış keçirilmişdir. Yerli baxış nəticəsində tərtib edilmiş Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) Aktında qeyd olunmuşdur ki, X3 verilmiş Texniki pasportdan göründüyü kimi və faktiki olaraq heç bir qaraj yoxdur. Sənədlər səhv qəbul olunub.

27. Cavabdeh orqan isə imtinanın dəlili kimi qeyd etdiyi halı təsdiqləyən hər hansı sübutu (X2 adına tərtib edilmiş texniki pasportda qeyd edilən sahənin qaraj kimi əks edilməsi üçün ilkin sənəd kimi qeyd edilən 1992-ci il tarixli texniki pasportu) məhkəməyə təqdim etməmişdir.

28. Göründüyü kimi, mübahisə texniki sənəddə yol verilmiş texniki yanlışlıqla bağlıdır və qeyriyaşayış sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsi ilə bağlı deyildir. Odur ki, həmin yanlışlıq aradan qaldırılmalıdır.

29. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən yanlışlığa yol verilərək (Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktı ilə təsdiq edilmişdir) müvafiq sahənin (24,3 kv.m) qaraj kimi əks etdirilməsi iddiaçının məsuliyyət sferası ilə əhatə olunmur və qeyd edilən yanlışlıq iddiaçının hüquqlarının pozulmasına səbəb olur.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. Odur ki, məhkəmə müəyyən edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

32. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yol verilmiş yanlışlıq aradan qaldırılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən ümumi sahəsi 70.10 kv.metr olan fərdi yaşayış evinə dair X2 adına tərtib edilmiş Texniki Pasportda qaraj kimi göstərilmiş 24.3 kv.m sahənin təyinatı yaşayış sahəsi kimi dəyişdirilərək yeni texniki pasportun verilməlidir.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Arif küçəsi, ev 38C ünvanında yerləşən ümumi sahəsi 70.10 kv.m. olan fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportda qaraj kimi göstərilmiş 24.3 kv.m sahənin təyinatının yaşayış sahəsi kimi dəyişdirilərək İddiaçı yeni texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar