Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12925/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək TKTA-nın 29 iyul 2024-cü il tarixli NA00031100 saylı qərarının ləğv edilməsi və “R.Həmzətov adına X6 Universiteti” tərəfindən verilmiş ali təhsilə dair kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə “R.Həmzətov adına X6 Universiteti”nə daxil olmuşdur. İddiaçı 2023-cü il tarixində həmin universitetdən məzun olmuşdur. İddiaçı xarici ölkədə aldığı təhsil üzrə kvalifikasiyasının tanınması barədə ərizə ilə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh qurum tərəfindən AR DSX-nin məlumatına əsas alınaraq, 29 iyul 2024-cü il tarixli NA00031100 saylı Qərar qəbul edilərək, xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. 29 iyul 2024-cü il tarixli NA00031100 saylı Qərar aşağıdakı səbəblərlə qanunsuz və əsassızdır:
1. Mübahisələndirilən Qərarda "Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə istinad edilmişdir. Cavabdehin bu qaydada əsaslandırması qanunsuzdur. Çünki iddiaçı, xarici Ali Təhsil müəssisəsinə 2019-cu il tarixində daxil olmuşdur və O, xarici dövlətin ali təhsil kvalifikasiyasının tanınması qaydalarını dəyişdiriləcəyi barədə qabaqcadan məlumatlı ola bilməzdi. Bununla əlaqədar İnzibati icraat haqqında qanunun 13-cü maddəsində (Etimad hüququnun qorunması prinsipi) qeyd edilmişdir.
2. Mübahisələndirilən Qərarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə istinad edilmişdir. Həmin bənddə deyilir: "Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur." Bu əsaslandırma ilə əlaqədar bildirilir ki, inzibati orqan ona tanınmış səlahiyyəti düzgün tətbiq etməmiş, COVİD 19 pandemiyası ilə əlaqədar Azərbaycanda və Rusiya Federasiyasında qəbul edilmiş məhdudlaşdırın qaydaları, o cümlədən pandemiya ilə əlaqədar Online təhsilə keçildiyini nəzərə almamışdır. Məlum olduğu kimi, 2020-ci ilin mart ayından etibarən COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada insanların hərəkətlərini məhdudlaşdıran qadağalar tətbiq edilməkdədir. Bu qadağalar bir hissəsi Azərbaycan Respublikasında hələ də qüvvədədir.
3. Cavabdeh həmçinin 2022-ci ilin fevral ayının 24-ündə Rusiya Federasiyasının Ukraynaya hücum etməsi nəticəsində başlanmış müharibənin iddiaçının həyat və sağlamlığına yaratdığı riskləri və bu səbəbdən də iddiaçının bəzi riskli və təhlükəli hallarda təhsil aldığı müəssisənin də məlumatı və icazəsi daxilində və tələbi ilə online təhsil almağa məcbur olduğunu nəzərə almamışdır. Belə ki, ərazi bütövlüyünü və müstəqilliyini qorumaq məqsədi ilə Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının ərazisindəki hərbi və hərbi məqsədlər üçün istifadə olunması mümkün obyektləri (hava limanları, körpüləri, vağzalları, sair infrastruktur obyektlərini) hədəf alan hücumlar həyata keçirilməkdədir. Bu hücumlar zamanı, Çeçenistan, İnquşetiya, Dağıstan və s. cənub bölgələri, Moskva, Sankt-Peterburq və s. böyük şəhərlərin hava limanlarını Ukrayna Silahlı Qüvvələri tərəfindən hədəf alınaraq vurulmuşdur (bu hücumlar hələ də davam edir). Bu səbəbdən də, Moskva və digər böyük şəhərlərdə hava limanları və s. obyektlər bağlanmış, təyyarə səfərləri ləğv edilmişdir. Buna baxmayaraq iddiaçı təhsilini davam etdirmişdir.
4. İddiaçının ağır şərtlərlə olsa da, təhsil almaq əzminə baxmayaraq, TKTA onun əməyini məhv etmiş, xarici ali təhsil üzrə kvalifikasiyasını obyektiv faktlara baxmayaraq, qanunsuz olaraq tanımamışdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası R.Həmzətov adına X6 Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, № 100518 ******* nömrəli diplom üzrə əldə etdiyi “Pedoqoji təhsil” ixtisasının tanınması məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2024-cü il tarixli qərarla imtina edilmişdir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqut tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra- Qaydarlar) təsdiq edilmişdir. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi" (bundan sonra - Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin erazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azerbaycan Respublikasının Konstitusiyası, Azerbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında" Azerbaycan Respublikasının Qanunu, Azerbaycan Respublikasının diger qanunları, Azerbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azerbaycan Respublikası Nazirlər Kabinetinin diger qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının diger normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla heyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı'Yıın 8.7.1 -ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Azərbaycan Respublikas! Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "“Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8-ci yarımbəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin en azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının X1 vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il – 17 gün; İİ il – getməyib; İİİ il – getməyib; İV il – getməyib; V il – 8 gün. İddiaçının tədris müddəti 5 ildir. Sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin on azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Baxmayaraq ki, iddiaçının təhsilalma forması qiyabdir, o, qiyabi ilə birliktə distant təhsil aldığını da bildirir. Bunun səbəbi olaraq ilk öncə COVİD-19 pandemiyasını, daha sonrakı illərdə isə Rusiya Federasiyasının Ukrayna ilə bağlı müharibəsini göstərmişdir. Bildiririk ki, iddiaçının təhsil aldığı xarici ali təhsil müəssisəsi müharibə zonasından kənarda yerləşməkdədir. Bununla yanaşı Rusiya Federasiyası ərazisindəki hava limanları daimi olaraq fəaliyyətdə olmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:
1. əyani;
2. qiyabi;
3. distant (məsafədən);
4. sərbəst (eksternat); Sözügedən Qanunda təhsilalma formaları bir-birilərindən fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində ixtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2762/2023 saylı qərarının 28-ci bəndində: “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir, iddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”. Eyni qərarın 31-ci bəndində qeyd olunur ki: “Kollegiya iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir, iddiaçının halında sözügedən tələbə riayət olunmamışdır”. Ali Məhkəmənin inzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndində qeyd olunmuşur ki: “Hər bir halda, həmin məsələyə dair sübutetmə yükü iddiaçının üzərində olmasına baxmayaraq bu halı təsdiq edən mötəbər sübutlar təqdim olunmamışdır”. Ali Məhkəmənin mövqeyini nəzərə alaraq bildiririk ki, iddiaçı distant texnologiyalar vasitəsi ilə təhsil alması ilə bağlı müvafiq əmr və ya müqavilə təqdim etməmişdir. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifıkasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin en azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında telim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Preidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir.
4. “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərara əsasən Ərizəçinin müraciətinə baxılaraq onun alı təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ılı ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvaİifikasiyasının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 apıel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2o bəndinə əsasən qiyabi forma üzrə tələbələım audito ra dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlər o ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-cı bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması uçun MıQ Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə iksində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
5. “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 100518 ******* nömrəli Bakavlar Diplomu (Qeydiyyat nömrəsi 23019) ilə təsdiq edilmişdir ki, İddiaçı 44.03.01 pedaqoji təhsil hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və uğurla dövlət yekun attestasiyadan keçmişdir. Dövlət imtahan komissiyasının qərar ilə ona 44.03.01 Pedaqoji təhsil bakalavr dərəcəsi verilmişdir.
6. “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsi tərəfindən verilmiş 100518 ******* nömrəli bakalavr diplomuna əlavəyə əsasən İddiaçı Dövlət İmtahan Komissiyasının qərarı ilə 44.03.01 pedaqoji təhsil istiqaməti üzrə “bakalavr” dərəcəsi verilmişdir (19 dekabr 2023-cü il tarixli 2 saylı protokol) Təhsil proqramı istiqaməti (profili): ibtidai təhsil Təhsil haqqında və ya təhsil və ixtisas haqqında əvvəlki sənəd: Orta peşə təhsili haqqında diplom, Azərbaycan Respublikası, 1992-ci il
7. İddiaçı münasibətdə Sərhədkeçmə məlumatları: Müddət Tarix Nəzarət məntəqəsi Təyinat üzrə məntəqə Giriş/çıxış
xx.xx.2019 05:16 X7 Aeroportunda DSBM MOSKVA Çıxış 11 gün xx.xx.2019 15:12 X8 Aeroportunda DSBM MOSKVA Giriş
xx.xx.2019 08:40 Samur DSBM Çıxış 1 gün xx.xx.2019 21:11 Samur DSBM Giriş
xx.xx.2019 14:01 Samur DSBM Çıxış 8 gün xx.xx.2019 16:55 Mazımqara DSBM Giriş
xx.xx.2019 1527 X7 Aeroportunda DSBM MOSKVA Çıxış 5 gün xx.xx.2019 14:49 X7 Aeroportunda DSBM MOSKVA Giriş
xx.xx.2020 13:15 Samur DSBM Çıxış 11 gün xx.xx.2020 21:45 Samur DSBM Giriş
xx.xx.2023 20:35 X9 Aeroportunda DSBM tbilisi Çıxış 2 gün xx.xx.2023 04:35 X7 Aeroportunda DSBM tbilisi Giriş
xx.xx.2023 2139 X9 Aeroportunda DSBM MAXAÇKALA Çıxış 4 gün xx.xx.2023 02:32 X9 Aeroportunda DSBM MAXAÇKALA Giriş
xx.xx.2023 21:17 X7 Aeroportunda DSBM MAXAÇKALA Çıxış 3 gün xx.xx.2023 02:01 X7 Aeroportunda DSBM MAXAÇKALA Giriş
xx.xx.2024 13:16 X8 Aeroportunda DSBM TBİLİSİ Çıxış 6 gün xx.xx.2024 10:56 X7 Aeroportunda DSBM TBİLİSİ Giriş
8. YB 003639 nömrəli X4 Diploma əsasən İddiaçı Azərbaycan Müəllimlər İnstitutuna xx.xx.2004-cü il tarixdə daxil olmuş və 22 iyun 2005-ci il tarixdə “ibtidai təhsil” ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 22 iyun 2005-ci il tarixli qərarı ilə ona “ibtidai təhsil” ixtisası verilmişdir.
9. 235 №-li tam orta məktəbin direktoru tərəfindən verilmiş “Bakı şəhəri Pirallahı rayonu Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı (1972-ci il təvəllüdlü, azərbaycanlı, orta-ixtisas təhsilli) dair Xasiyyətnamə”də qeyd edilmişdir ki, İddiaçı 1972-ci il noyabr ayının 01-də Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildən Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəllimi kimi işləyir.
10. 235 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı Bakı şəhəri Yavər Əliyev adına 235 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Diaqnostik qiymətləndirmədə istisas balı 37 və metodika balı 16 cəmi 53 bal, sertifikasiya imtahanından 52 bal toplamışdır.
11. İddiaçı dair Sertifikatlaşdırma məlumatlarına əsasən: İmtahan balı: 52 Keçirilmə tarixi: xx.xx.2022 Müsahibə balı: 35 Keçirilmə tarixi: xx.xx.2022
12. İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixindən etibarən 235 №-li tam orta məktəbdə işləyir.
13. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
14. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
16. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
17. Odur ki, hazırki iddia zahirən məcburetməyə dair iddia olsa da, məhkəmə hesab edir ki, tələb şəxsin həyatı boyu onu müşayiət edən hüququn təmin edilməsi ilə bağlı olduğundan öhdəliyin icrasına dair iddiadır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsillərin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.
20. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
21. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
22. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.
23. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: 1.1. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. 1.2. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. 24.2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması);
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
27. “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 100518 ******* nömrəli Bakavlar Diplomuna (Qeydiyyat nömrəsi 23019) əsasən, İddiaçı 44.03.01 “pedaqoji təhsil” hazırlıq istiqaməti üzrə bakalavr proqramını mənimsəmişdir və ona 44.03.01 Pedaqoji təhsil bakalavr dərəcəsi verilmişdir.
28. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının təhsil aldığı ölkədə olma müddəti onun diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilməməsi səbəbi ilə müraciətin təmin edilməsindən imtina etmişdir.
29. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir.
30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsi tərəfindən bakalavriat proqramını bitirdiyindən ona xx.xx.2023-cü il tarixli 100518 ******* nömrəli Bakavlar Diplomu (qeydiyyat nömrəsi 23019) verilmiş, həmin diplom səlahiyyətli orqan – Dağıstan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə 728317 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.
31. Məhkəmə hesab edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Hər bir halda, tədris yükünün yerinə yetirilibyetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz
32. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki: - “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsi tərəfindən verilmiş 100518 ******* nömrəli bakalavr diplomuna əlavədə qeyd edilmişdir ki, İddiaçı münasibətdə təhsil haqqında və ya təhsil və ixtisas haqqında əvvəlki sənəd olaraq Orta peşə təhsili haqqında diplom (1992-ci il tarixli) mövcuddur, təhsil proqramı istiqaməti (profili) “ibtidai təhsil”dir. - YB 003639 nömrəli X4 Diploma əsasən İddiaçı Azərbaycan Müəllimlər İnstitutuna xx.xx.2004-cü il tarixdə daxil olmuş və 22 iyun 2005-ci il tarixdə “ibtidai təhsil” ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 22 iyun 2005-ci il tarixli qərarı ilə ona “ibtidai təhsil” ixtisası verilmişdir. - 235 №-li tam orta məktəbin direktoru tərəfindən verilmiş “Bakı şəhəri Pirallahı rayonu Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı (1972-ci il təvəllüdlü, azərbaycanlı, orta-ixtisas təhsilli) dair Xasiyyətnamə”də qeyd edilmişdir ki, İddiaçı 1972-ci il noyabr ayının 01-də Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildən Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin rus bölməsinin ibtidai sinif müəllimi kimi işləyir. - 235 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışa əsasən İddiaçı Bakı şəhəri Yavər Əliyev adına 235 №-li tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləyir. Diaqnostik qiymətləndirmədə istisas balı 37 və metodika balı 16 cəmi 53 bal, sertifikasiya imtahanından 52 bal toplamışdır. - İddiaçı dair Sertifikatlaşdırma məlumatlarına əsasən imtahan balı 52 (keçirilmə tarixi: xx.xx.2022) və müsahibə balı 35 (keçirilmə tarixi: xx.xx.2022) müəyyən edilmişdir. - İş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixindən etibarən 235 №-li tam orta məktəbdə işləyir.
33. Məhkəmə ilk növbədə deyir ki, iddiaçının təhsil aldığı müddətin bir hissəsi pandemiya dövrünə, bir hissəsi isə Rusiya-Ukrayna arasında məlum hadisələrin baş verdiyi dövrə təsadüf edir. İddiaçı ali təhsil müəssisəsinə həmin hallar baş verəndən əvvəl daxil olmuşdur və iddiaçının Dağıstana gedə bilməməsinin mümkünsüzlüyü təhlükəsizlik səbəblərindən və obyektiv hallarla bağlı olmuşdur. Məhkəmə iddiaçının dəlillərinə şübhə ilə yanaşmağa əsas görmür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi məhkəmədə vəsatətlə çıxış edərək həmin dövrdə Mahaçkalaya birbaşa reyslərin təşkili ilə bağlı Azərbaycan Hava Yollarına sorğu verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq sorğuların inzibati icraat zamanı verilməsinin mümkünsüzlüyü cavabdeh tərəfindən əsaslandırılmamış (belə ki, inzibati məhkəmə icraatı inzibati icraatı əvəz etməməli, yalnız onu tamamlamalıdır), digər tərəfdən isə aşağıda qeyd edilən əsaslarla həmin halların araşdırılması zərurəti yoxdur.
34. Məhkəmə xüsusilə qeyd edir ki, xarici dövlətdə əldə edilmiş ali təhsilə dair kvalifikasiyanın tanınması dedikdə şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsi başa düşülür. Belə ki, kvalifikasiyanın tanınmasında əsas məqsəd şəxsin həmin ixtisas (təhsil proqramı) üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər bilik və bacarıqları mənimsəmiş olduğuna əmin olmaqdır.
35. Məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.1990-cı il tarixdən etibarən (təqribən 34 ildir) “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 müəssisəsində təhsil aldığı və diplomun tanınmasını tələb etdiyi “pedaqoji təhsil” ixtisası üzrə əmək fəaliyyəti ilə məşğuldur, Bakı şəhəri Pirallahı rayonu Yavər Əliyev adına 235 №-li tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində işləyir. İşlədiyi peşə üzrə keçirilən Təhsilverənlərin sertifikatlaşdırılması üzrə imtahandan müvəffəqiyyətlə keçərək yüksək nəticə əldə etmişdir (sertifikatlaşdırma məlumatlarına əsasən 52 imtahan balı və 35 müsahibə balı müəyyən edilmişdir).
36. Məhkəmə qeyd edilən faktiki halları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “pedaqoji təhsil” (“ibtidai təhsil”) ixtisası üzrə kifayət qədər bilik və bacarıqlara sahib olduğu məhkəmədə şübhə yaratmır. Belə olan təqdirdə iddiaçının uzun müddətdir (34 il) həmin ixtisas üzrə əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınaraq onun hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması əsası ilə həmin eyni ixtisası mənimsəməsinin mümkünsüzlüyü ilə bağlı qənaət qanuni hesab edilə bilməz.
37. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. “R.Həmzətov adına X6 universiteti” Ali Təhsil üzrə X13 Müəssisəsi tərəfindən iddiaçı X3 verilmiş xx.xx.2023-cü il tarixli 100518 ******* nömrəli (qeydiyyat nömrəsi 23019) Bakavlar Diplomu üzrə aldığı ixtisasın (44.03.01 “pedaqoji təhsil”) Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva