Məhkəmə qərarları › İş №2-1(112)-12925/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12925/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12925/2025 19.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə Qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixində Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətli, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək hərbi xidmət dövrii ilə əlaqədar müddətsiz əlilidir. Qeyd edilmişdir ki, hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir, xx.xx.2016-cı ildə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi. Əvvəllər müddətsiz əlil olmağına baxmayaraq xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə ona əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə əlillik müddəti bitdikdən sonra pensiyası dayanmışdır, lakin cavabdehin bu mövqeyi ilə razı deyil, belə ki, ona 18 ildən sonra yəni xx.xx.2017-ci il tarixdə müddətsiz əlillik təyin edilməsi əvəzinə müddətli əlillik təyin edilərək 24 ildən sonra, yəni xx.xx.2022-ci il tarixdə əlilliyi dayandırılmışdır. Hətdə xx.xx.2009-cu ilədək hərbi xidmət dövri ilə əlaqədar müddətsiz əlil olmağım belə bərpa edilməmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin mənə əlillik təyinatını xx.xx.2009-cu il tarixdən bərpa etməməsi əsassız və qanunsuzdur, belə ki, müharibədə yaranmış səbəbdən ağır xəsarət almışdır, bu səbəbdəndə hesab edirəm ki, cavabdeh tərəfindən mənim xx.xx.2009-cu il tarixdən müddətsiz əlil olmağım bərpa edilməlidir. Qeyd etmək istəyirəm ki, mənim əlilliyimin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, mən əvvəl qiymətləndirilmişəm və xx.xx.2009-cu il tarixdən hərbi əməliyyat lat- keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmuşam, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun əlilliyinin bərpası məhkəmə qaydasında həll edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hər üç instansiya məhkəməsi xeyrimə qərar verməklə iddia tələbi təmin edildi, Ali Məhkəmənin 2-1(102)-1540/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı cavabdehə göndərildi, lakin cavabdeh xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətli, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlil və xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə cəmi 23 il əlil olmağıma baxmayaraq ona növbəti dəfə müddətsiz deyil xx.xx.2023-cü ildən xx.xx.2025ci ilədək iki il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. Hal-hazırda ona 25 ildən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmədiyi üçün müraciətinin məhkəmə qaydasında həll olunmasını hesab edərək ikinci dəfə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bu barədə Ali Məhkəmənin 2- 1(102)-2473/2023 nömrəli xx.xx.2024-cü il tarixli analoji qərarının sürətini nəzərə alaraq iddia ərizəsi təmin edilməsi xahiş edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3774/2024 nömrəli qərarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı barədə yeni forma 88 olmadığından iddianı mümkünsüz hesab edilməlidir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

8. İddia tələbindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi ilə bağlıdır.

9. İPM-in 52-ci maddəsinə əsasən, çəhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

10. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

12. Hazırki iddia məcburetməyə dair iddiadır.

13. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

15. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

16. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

17. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X3rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.

19. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

20. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

21. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X8 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

22. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

23. İddia tələbindən görünür ki, iddiaçı ona xx.xx.2023-ci il tarixdən təyin edilmiş əlilliyin müddətsiz hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçıya qeyd edilən tarixdən əlillik təyinatı məhkəmə qərarı əsasında aparılmışdır.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.

25. İddiaçının qeyd edilən marağı icra qaydasında təmin edilmədiyi təqdirdə, əlilliyin yenidən təyinatı üçün Tibbi-Sosial Ekspert Komissiyasına səhiyyə müəssisəsindən göndərişin (forma 88) təqdim edilməli olduğu izah edilmişdir.

26. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq göndərişin tərtib edilməsi üçün səhiyyə müəssisəsinə (yenidən) müraciət edə, həmin göndərişin verilməsindən imtina edildiyi təqdirdə səhiyyə müəssisəsinə qarşı, həmin göndəriş əsasında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən müvafiq (müddətsiz) təyinat aparılmasından imtina edildiyi təqdirdə, iddiaçı yuxarıda qeyd edilən müddətlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə müraciət etməkdə haqlıdır.

27. Odur ki, iddia mümkün sayılmamalıdır.

28. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar