Məhkəmə qərarları › İş №2-1(112)-1293/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1293/2022

07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1293/2022 07.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) qarşı “torpaq sahəsinin ayrılmasına dair sərəncamın iddiaçının adına dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 534 nömrəli Sərəncamı ilə 1-ci qrup əlil X2 Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kvadrat metr yer ayrılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək mərhum anası X2 Q.Qarayev prospekti, metronun Xalqlar Dostluğu stansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün əlavə torpaq sahəsində 12,0 kv.m yerin ayrılması ilə bağlı Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 534 nömrəli sərəncamının onun adına dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, N-44-091 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və məsələnin həlinin Cavabdeh səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, xx.xx.2003cü il tarixdə mərhum anası X2 verilmiş sərəncama əsasən “Xalqlar Dostluğu” metrostansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv.metr ayrılmış yerin onun adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra hakimiyyətinin xx.xx.2003-cü il tarixli məkubuna əsasən Cavabdeh mərhum anası X1 xx.xx.2003-cü il tarixli müraciəti ilə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektinin ayrılması məsələsinə etiraz etmədiyini bildirməklə Memarlıq və Şəhərsalma Baş İdarəsində əlavə yerlər üçün təqdim olunmuş eskiz layihəsini razılaşdırmışdır. Nəticədə xx.xx.2003-cü il tarixdə “Xalqlar Dostluğu” metrostansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı şəhər icra hakimiyyəti tərəfindən ticarət obyektinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv.metr yer ayrılmışdır. İddiaçının anası xx.xx.2004-ci il tarixdə vəfat etmişdir. İddiaçı anasının vəfatından sonra Bakı şəhəri Cavabdeh başçısına ərizə ilə müraciət edərək xx.xx.2003-cü il tarixdə X2 verilmiş sərəncama əsasən “Xalqlar Dostluğu” metrostansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv. metr ayrılmış yerin onun adına dəyişdirilməsini xahiş etmişdir. Ticarət obyektinin onun adına keçirilməsinə dair atası X4 və qardaşı X5 razılıq ərizələri vermişdir. Lakin Cavabdeh tərəfindən məsələnin həllinin onların səlahiyyətləri xaricində olduğu bildirilərək, xx.xx.2003-cü il tarixdə mərhum anası X2 verilmiş Sərəncama əsasən “Xalqlar Dostluğu" metrostansiyasmın şimal-şərq çıxışının yaxınlığında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12.0 kv.metr ayrılmış yerin onun adına dəyişdirilməsindən imtina olunmuşdur. Belə ki, iddiaçının tələbi üzrə Cavabdeh tərəfindən işə baxılması zamanı əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli araşdırılmamış və iddiaçı tərəfindən təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən işin faktiki hallarına uyğun olmayan nəticə çıxarılmışdır. Məhkəmənin 04 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7584/2021 saylı qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, iddiaçı, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 534 nömrəli, 28 oktyabr 2003-cü il tarixli Sərəncamından görünür ki, Rayon İcra Hakimiyyətinə Q.Qarayev prospekti 116, mənzil 14-də yaşayan 1-ci qrup əlil X3 müraciət edərək, maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında ticarət obyektinin tikintisi üçün torpaq sahəsi ayrılması haqqında xahiş etmişdir. Rayon İcra Hakimiyyəti Qarabağ müharibəsi əlillərinin, veteranlarının və digər kateqoriyalı əlillərin ticarət obyekti üçün yer ayrılması ilə əlaqədar daxil olmuş çoxsaylı müraciətlərini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 353 saylı Sərəncamına əsasən Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışında ayrılmış ticarət cərgəsinin yanında təqdim olunan eskiz layihəsinə uyğun olaraq əlavə yerlərin ayrılması haqqında xx.xx.2003-cü il tarixli, 02/312 saylı məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2003-cü il tarixli, 7-4256/7 saylı məktubunda Rayon İcra Hakimiyyətinin yuxarıda qeyd olunan məktubundakı məsələyə etiraz etmədiyini bildirməklə, Memarlıq və Şəhərsalma Baş İdarəsinə əlavə yerlər üçün təqdim olunmuş eskiz-layihəsi razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh başçısının xx.xx.2003-cü il tarixli, 534 saylı Sərəncam ilə S.M.Mursaliyevaya Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışının yaxınlığında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv. metr yer ayrılması qərara alınmışdır. İşdə olan AZ-İ 132456 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası X3 xx.xx.2004-cü ildə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh icra başçısına ünvanlanan **********753 nömrəli ərizəyə əsasən X5 və **********752 nömrəli ərizəyə əsasən X4, xx.xx.2003-cü il tarixli, 534 nömrəli Sərəncamın iddiaçının adına dəyişdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin ərizələr əlavə olunmaqla iddiaçı Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin 534 nömrəli, 28 oktyabr 2003-cü il tarixli Sərəncamının öz adına dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının qaldırdığı məsələnin həllinin Cavabdeh səlahiyyətləri xaricində olduğunu bildirmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını qanunsuz sayaraq müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.4-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Normanın mənasından göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi səlahiyyətləri rayon bölgüsü olan şəhərlərdə şəhər icra hakimiyyətinin başçısına aid edilmişdir, yəni, rayon bölgüsü olan Bakı şəhərində Cavabdeh başçısının dövlət mülkiyyətində olan torpaq sahəsini istifadəyə və icarəyə vermək səlahiyyəti yoxdur. O, yalnız bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəy verə bilər. Məhkəmə onu da qeyd edir ki, iddia edilən torpaq sahəsi dövlət deyil, bələdiyyə torpağı olduğu fərz edilən halda da iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Həmin Qanunun 19-cu maddəsinə müvafiq olaraq, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin “Fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün torpaq sahələrinin verilməsi” adlı 59-cu maddəsinə əsasən isə, 1. yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənziltikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə. Göründüyü kimi, iddiaçı cavabdeh Nizami Rayon İcra Hakimyyətindən, torpaq sahəsi istər dövlət mülkiyyətində, istərsə də bələdiyyə torpağı olan hallarda, yəni hər bir halda, onun səlahiyyətlərində olmayan məsələnin həllini (torpaq sahəsinin ayrılmasını) tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar