Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12936/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Maliyyə Nazirliyinə qarşı “pulun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya ödənilməli olan 120780,1 avro və 30 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən kompensasiya edilməsi və iddiaçıya ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2851/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borclu "xxxx" ASC-dən 120780,1 avro və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğin tutularaq tələbkar İddiaçı ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsi vəzifəsi Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2016-ci il tarixində başlanılmış icraat zamanı sözügedən vasaitin könüllü ödənilməsi borclu tərəfindən təmin edilməmiş, borclu Cəmiyyətin əmlak vəziyyətini müəyyən etmək məqsədilə icra qurumu tərəfindən müvafiq orqanlara sorğular edilmişdir. Müraciətlərə alınan cavablara əsasən, "xxxx" ASC-nin adı xx.xx.2015-ci il tarixində səhmdarlarının xx.xx.2014-cü il tarixli qərarı əsasında dəyişdirilərək "X2 (CDB)” ASC kimi dövlət qeydiyyatına alındığı məlum olmuş, xx.xx.2016-cı il tarixdə icra qurumu tərəfindən "tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərar qəbul olunaraq icra sənədi "X2 (CDB)” ASC-yə göndərilmişdir. Daha sonra "X2 (CDB)” ASC-nin mülkiyyətində hər-hansı daşınar və daşınmaz əmlakın, bank hesabının və gəlirlərin olub-olmamasını müəyyən etmək üçün müraciətlər göndərilmiş və onun bank hesablarına xx.xx.2017-ci il tarixli inkasso sərəncamları tərtib edilərək göndərilmiş, lakin xx.xx.2016-ci il tarixli "tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərardan müvafiq məhkəməyə şikayət verildiyi üçün inkasso sərəncamları geri qaytarılmış və həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2440/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edilmiş, daha sonra isə həmin qərar da AR Ali Məhkəməsinin 2-1(102)-849/18 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bundan sonra icraat zamanı "xxxx" ASC-nin "X2 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyi üçün xx.xx.2018-ci il tarixli "tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi haqqında" qərarla "xxxx" ASC "X2 (CDB)” ASC-nin hüquqi varisi olaraq qəbul edilmişdir. İcraat zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4269/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraat "xxxx" ASC-nin X1 və qeyrilərinə qarşı qaldırdığı "öhdəliyin icra edilməsi, borcun tutulması və əvəzləşdirilməsi" tələbinə dair iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmışdır. Həmin iddia üzrə AR Ali Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli yekun qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli məktubla icra sənədi icra olunması üçün "xxxx" ASC-yə göndərilmiş və bank cavab olaraq tələbkarın bank hesabının göndərilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli inkasso sərəncamı tərtib olunaraq "xxxx" ASC-nin bank hesabına göndərilmiş, lakin Sabirabad Rayon Məhkəməsinin 2(056)-575/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında icra sənədi üzrə icraat dayandırılmış və inkasso sərəncamı xx.xx.2020-ci il tarixli məktubla geri qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1676/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 1(056)-575/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli inkasso sərəncamı tərtib olunaraq "xxxx" ASC-nin bank hesabına göndərilmiş, lakin xx.xx.2020-ci il tarixli məktubda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 3(103)-129/2020 saylı, qərarı ilə "xxxx" ASC-nin müflis elan olunduğu və hazırda Bankda ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun fəaliyyət göstərilməklə iflas proseduru ilə əlaqədar ləğv prosesində olması səbəbi ilə inkasso sərəncamları icrasız geri qaytarılmışdır. Yuxarıda qeyd olunan hadisələrin gedişatında və sonrasında qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməsi müxtəlif səbəb və bəhanələrlə yubadılmış, qanunsuz əsaslarla aktın icrasından imtina edilmiş, yaxud icra icraatı dayandırılmış, nəticədə sözügedən məhkəmə aktı 7 ildən çox müddət ərzində icra edilmədən qalaraq Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş prinsiplər, o cümlədən hüququn əsas prinsipləri, insan hüquqları və Azərbaycan Respublikası dövlətinin pozitiv öhdəlikləri kobud şəkildə pozulmuş, bununla da ərizəçiyə ciddi maddi zərər dəymişdir. Belə ki, qeyd olunan dövr ərzində Azərbaycan Respublikasının məhkəmələri daha öncə eyni tərəflər arasında, eyni predmet üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş işləri dəfələrlə təkrar olaraq icraata qəbul etmiş, həmin işlərin icraatı zamanı icra icraatının gedişatı kəsintilərə məruz qalmışdır. Bundan əlavə, 7 ildən çox davam edən müddət ərzində icra qurumunun kifayət qədər vaxtı, imkanı və səlahiyyətləri olmasına baxmayaraq, heç bir üzrlü və qanuni əsas olmadan qüvvəyə minmiş məhkəmə aktının icrasını həyata keçirməmiş, tərəfimizdən edilmiş müraciətlərə verilmiş cavablarda bu halı əsaslandıracaq heç bir arqument göstərə bilməmişdir. O da qeyd olunmalıdır ki, eyni xarakterli oxşar iş ərizəçinin lehinə yekunlaşmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10669/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" ASC-dən 7045.50 avro, hüquqi təmsilçiliyə görə 250 manat və ödənilmiş 4 manat Nəsimi rayon icra şöbəsi tərəfindən ərizəçinin xeyrinə tutulmuşdur. Bu da öz növbəsində qeyd olunan məhkəmə aktlarından birinin icrasının mümkün olduğu və icra edildiyi zaman, digərinin isə icra edilməməsini açıqlayacaq hər hansı qanuni əsasın mövcud olmadığına bir bur daha dəlalət edir.
3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “müraciətinizə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində baxılmışdır. Bildiririk ki, müraciətinizdə qaldırmış olduğunuz məsələ Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid deyildir və bununla əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.”
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
7. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
8. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
9. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir. 10.Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə:
7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 7.1. Azərbaycan Respublikasının maliyyə, büdcə, vergi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsini aidiyyəti dövlət orqanlarının və digər təşkilatların iştirakı ilə təmin edir; 7.2. dövlət və icmal büdcələrin layihələrinin mövcud qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edir; 7.3. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir; 7.5. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda ölkədə dövlət əyar nəzarətinin və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətini təşkil edir və həyata keçirilməsini təmin edir; 7.6. dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; 7.7. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi üzrə öz səlahiyyətləri daxilində tədbirlər görür; 7.8. Azərbaycan Respublikasında audit fəaliyyəti sahəsində dövlət siyasətini işləyib hazırlayır və həyata keçirilməsi ilə bağlı təkliflər verir; 7.9. dövlət investisiya proqramlarının tərtib olunmasında, dövlət investisiya siyasətinin, dövlət proqramlarının inkişaf konsepsiyası və strategiyalarının hazırlanmasında və həyata keçirilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edir; 7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir; 7.11. büdcə sistemi, vergi, dövlət xəzinədarlığı, dövlət maliyyə nəzarəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, qiymətli metallar və qiymətli daşlara nəzarət, audit, mühasibat uçotunun təşkili və aparılması sahəsində qanunvericiliklə və bu Əsasnamə ilə Nazirliyin fəaliyyət dairəsinə aid edilmiş digər məsələlər üzrə normativ hüquqi tənzimlənməni həyata keçirir; 7.12. Azərbaycan Respublikasında makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, iqtisadiyyatın dövlət tənzimlənməsi, onun inkişaf istiqamətləri barədə təkliflər hazırlayır; 7.13. Nazirliyin fəaliyyət istiqamətləri üzrə sahəvi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir; 7.14. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
11. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı tələb cavabdeh Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid deyil və iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməlidir.
12. İPM-in 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
13. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.
14. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva