Məhkəmə qərarları › İş №2-1(112)-12940/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12940/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12940/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “ “Müharibə veteranı” adının verilməsi üçün rəyin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 23 aprel 2010-cu il tarixdən 18 aprel 2023-cü il tarixədək hərbi prokurorluq orqanları sistemində işləmiş və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək baş vermiş Vətən müharibəsi zamanı hərbi qulluqçu statusunda olmuşdur. 28 sentyabr 2020-ci il tarixdə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləyərkən, Hərbi prokurorun əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardığı ərazilərdə mənəvi-psixoloji təminatı həyata keçirmək məqsədilə Füzuli hərbi prokurorluğuna ezam edilmiş və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. Həmçinin, Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsindəki yuxarıda qeyd olunan ərazilərdə Müdafiə Nazirliyinin İİ Ordu korpusuna (N saylı hərbi birləşmə) aid hərbi hissələr döyüş əməliyyatları aparmışlar. Buna görə də, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin İİ Ordu korpusunun (N saylı hərbi birləşmə) rəhbərliyinin müvafiq göstərişlərinə əsasən, “Vətən müharibəsi” zamanı bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N nömrəli hərbi hissənin, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N nömrəli hərbi hissənin, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndinin və Xocavənd rayonunun Tuğ kəndində N nömrəli hərbi hissənin bölmələrinin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılmasında fəal iştirak etmiş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. Habelə, 08 noyabr 2020-ci il tarixdən N noyabr 2020-ci il tarixə keçən gecə saat 05 radələrində Şuşa şəhərində gedərkən, Çanaqçı, Sığnaq və Daşaltı kəndlərindən keçən zaman düşmən tərəfindən atılmış ağır artilleriya silahlarından atəşə tutulmuşdur. N noyabr 2020-ci il tarixdə günorta saatlarında artıq Daşaltı kəndində olarkən, düşmən qüvvələri tərəfindən ağır artilleriya silahlarından atılmış atəşlər nəticəsində kəndin giriş və çıxış yolları vurularaq yararsız hala düşdüyü üçün 10 noyabr 2020-ci il tarixdə gecə saat 02 radələrində atəşkəs elan olunanadək, yəni təqribən səkkiz saat müddətində atəş altında qalmışdır. Bundan başqa, Vətən müharibəsi zamanı birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilməyi ilə əlaqədar, Füzuli hərbi prokurorluğu N saylı hərbi hissədən bir neçə ədəd silah və sursatı 1259 saylı qaimə əsasında müvvəqqəti istifadə üçün təhvil almış və onlardan 7,62 mm çaplı, AKM markalı, 793526 nömrəli avtomat silah birbaşa döyüş əməliyyatları aparılan ərazilərə göndərilərkən təhvil verilmişdir. Müharibədən sonra Respublika Hərbi prokuroru tərəfindən xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə HP01/102 və HP01/204 saylı məktublarla, özü isə 10 may 2020ci il tarixdən hal-hazıradək ərizə ilə Baş Prokurorluğa dəfələrlə müraciət edərək, ona “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə rəy verilməsi xahiş edilmişdir. Lakin, Baş Prokurorluq bütün cavab məktublarında, eləcə də sonuncu dəfə göndərilən xx.xx.2024-cü il tarixli 2-2-100/2-093090/2024 saylı və xx.xx.2024-cü il tarixli 2- 2-100/2-099889/2024 saylı məktublarda bildirmişlər ki, həmin müraciətlərə Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli iclaslarında baxılaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq, ona “müharibə cveteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Cavabdeh təşkilatın “müharibə veteranı” adı verilməsindən imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, Respublika Hərbi prokurorunun əmrinə əsasən, vətən müharibəsi dövründə hərbi qulluqçu statusunda olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərə mənəvi-psixoloji təminatı yerinə yetirmək məqsədilə ezam edilməyi aşağıda qeyd olunan rəsmi sənədlər, foto və videoçəkilişlərlə tam olaraq təsdiq edilir. - Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-3-9/2-239/2 saylı məktubda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Hərbi prokurorluğu üzrə verilmiş xx.xx.2012-ci il tarixli əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanı olan Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həqiqi hərbi xidmətə qəbul edilərək, hərbi qulluqçu statusunu əldə etmiş və Hərbi Prokurorluq üzrə verilmiş xx.xx.2023-cü il tarixli əmrlə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla tərxis edilmirdir. O cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi qulluqçu statusunda olmuşdur. -Hərbi prokurorun 28 sentyabr 2020-ci il tarixli 247 saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmişdir. -Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2020-ci il tarixli HP-10/247 saylı ezamiyyə vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli hərbi prokurorluğuna ezam edilmiş və ezamiyyət müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. -Hərbi Prokurorluqdan təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-3-9/2-239/2 saylı məktubda göstərilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə işğaldan azad olunan Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonları Füzuli hərbi prokurorluğunun fəaliyyət dairəsində olmuşdur. -1259 saylı qaimədən görünür ki, Füzuli hərbi prokurorluğunun məxfi hissə rəisi X6 31 oktyabr 2020-ci il tarixdə N saylı hərbi hissənin RAS xidməti rəisinin köməkçisi mayor Rafael Yolçuyevdən 7,62 mm çaph AKM markalı, 793526 nömrəli avtomatı, digər altı ədəd silah və çox sayda sursatı təhvil almışdır. -Füzuli hərbi prokurorluğunun nameklatur qeydiyyat nömrəsi 17 olan silah və sursatın verilməsi kitabından edilmiş çıxarışdan görünür ki, AKM markalı, 793526 nömrəli avtomat silah, iki daraq və 30 ədəd patron İddiaçı oğuna təhvil verilmişdir. -Tərtib olunmuş N noyabr 2020-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həmin gün səhər saat 05 radələrindən etibarən mənəvi psixoloji təminatı yerinə yetirilməsi məqsədilə Şuşa şəhərinə getmiş, Daşaltı kəndində olarkən N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə mənəvi-psixoloji təminatın həyata keçirilməsi üzrə görüşlər keçirmiş və həmin gün saat 17 radələrindən xx.xx.2020-ci il tarixdə gecə saat 01:40-radələrinədək atəş altında qalmışdır. -Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı 18 aprel 2020-ci il tarixli HP01/102 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluq əməkdaşları İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək həyata keçirilmiş döyüş əməliyyatları zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə mənəvipsixoloji təminatın həyata keçirilməsi məqsədilə ezam olunması nəzərə alınaraq, Azərbaycan Respublikasının “Veteranlar haqqında 28 iyun 1994-cü il tarixli 841 nömrəli Qanununa və AR Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əməl veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10-cu abzasına əsasən, müharibə veteranı adının verilməsi məsələsinə baxılması xahiş edilmişdir. -Respublika Hərbi prokurorunun Baş Prokurorluğa ünvanladığı xx.xx.2022-ci il tarixli HP01/204 saylı məktubda göstərilmişdir ki, hərbi prokurorluğun əməkdaşı İddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bilavasitə döyüş əməliyyatlarının aparıldığı, o cümlədən işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi mənəvi-psixoloji təminatı üzrə hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirmiş, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə bağlı çıxışlar etmiş, bu zaman hərbi xidmətdən, əmri icra etməkdən boyun qaçırma, döyüş meydanını özbaşına tərk etmə, əsirlərlə və düşmən hərbi qulluqçularının meyitləri ilə beynalxalq hüquq normalarına uyğun davranmama və digər hüquqa zidd əməllər törətməyə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyətini izah etmiş, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş, hərbi hissələri və döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısını ahb onlarla ayrıca görüşlər keçirilib müvafiq söhbətlər aparmışdır. -Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 71 saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirdiyimə görə “Fəxri fərman”la təltif olunmuşdur. -22 fevral 2021-ci il tarixli “Fəxri Fərman”dan görünür ki, İddiaçı vətən müharibəsi dövründə bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatı aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməlllərinin qarşısının alınıb onların xidmətə qaytarılmasında göstərdiyi fədakar əməyə və dəstəyə görə təltif edilmişdir. -N saylı hərbi hissədən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 72 saylı arayışında göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı bilavasitə döyüş əməliyyatı aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə profilaktik tədbirlər görmüşdür. -N saylı hərbi hissədən təqdim edilmiş N sentyabr 2023-cü il tarixli 74 saylı arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən vətən müharibəsi dövründə bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində N saylı hərbi hissənin, 8-9 oktyabr 2020ci il tarixlərdə Cəbrayıl şəhərinin ərazisində N saylı hərbi hissənin, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndində N saylı hərbi hissənin bölmələrinin və N noyabr 2020ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndində N saylı hərbi hissənin təxliyyə qrupunun şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi barədə profilaktik tədbirlər görmüş, şəhid və yaralıların təxliyəsini yerinə yetirmişdir. -N saylı hərbi hissə komandiri tərəfindən təqdim edilmiş arayış-məlumatda göstərilmişdir ki, İddiaçı vətən müharibəsi zamanı döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları yerinə yetirmək məqsədilə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinə, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndinə və N noyabr 2020-ci ildə Şuşa rayonu Daşaltı kəndinə ezam edilmişdir. -Bundan əlavə, təqdim edilən foto və video görüntülərdən görünür ki, İddiaçı Baş Prokurorluğun muzeyindəki müharibə iştirakçıları lövhəsində fotoşəkili və anket məlumatları yerləşdirilmiş, eləcə də özünə təhkim olunmuş silahla aktiv döyüş əməliyyatı aparılan ərazilərdə olmuşdur. Beləliklə, 28 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli hərbi prokurorluğununa, eləcə də həmin prokurorluğun fəaliyyət dairəsinə aid Xocavənd, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarma (mənim 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə, 8-9 oktyabr 2020-ci il tarixlərdə Cəbrayıl şəhərinə, 13-16 oktyabr 2020-ci il tarixlərdə Füzuli rayonunun Yuxarı Veysəlli, Cəbrayıl rayonunun Nüzgar kəndi və Xocavənd rayonunun Tuğ kəndinə, habelə N noyabr 2020-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndinə göndərilməyim) ezam edilməyim və döyüş əməliyyatlarının mənəvi-psixoloji təminatı üzrə tapşırıqları icra etməyim hər iki dövlət qurumundan (Respublika Hərbi Prokurorluğu və Müdafiə Nazirliyi) təqdim edilmiş yuxarıda sadalanan sənədlər və digər sübutlarla tam olaraq təsdiq edilir. Respublika Prokurorluğunun təqdim etdiyi cavab məktublarında əsaslandıqları qanunvericilikdə və ya əsasnamədə iddiaçıya “Müharibə veteranı” adının verilməməsinin məqsədəmüvafiq hesab edilməsi üçün heç bir qadağanedici norma, müddəa və ya tələb yoxdur. Belə ki, təqdim etdiyi sənədlər və digər sübutlarda qeyd olunan hallar, yəni onun müharibə dövründə birbaşa aktiv döyüş əməliyyatları aparılan ərazilərdə göstərdiyi fəaliyyətlər (hərbi xidmət əleyhinə olan cinayətlərə və əmrlərin, döyüş tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyətin izah olunması, döyüşdə qorxaqlıq və mənəvi dözümsüzlük hallarının qarşısının qəti alınması, o cümlədən döyüş əhval-ruhiyyəsi yüksəldilməsi, dözümlülük və digər mənəvi döyüş keyfiyyətlərinin tərbiyə olunması və yuxarıda qeyd olunan sair hallar”) inzibati aktlarda mənəvi-psixoloji təminatın tərkib hissəsi olaraq qeyd edilmiş və müvafiq Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ilin 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirən hərbi qulluqçulara “Müharibə veteranı” adı almaq hüququ verilmişdir. Bundan əlavə, Baş Prokurorluqdan təqdim olunmuş 27 mart 2024-cü il tarixli, 2-2/1 - H-l 183/1- 38/2024 saylı məktubda qeyd olunur ki, hazırda hərbi prokurorluq orqanları sistemində xidmət etmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün Respublika X2 Komissiyası tərəfindən müvafiq rəy verilməsi Əsasnamənin tələblərinə uyğun deyildir. Baş Prokurorluğun bu barədə qeyd etdikləri də qanunvericiliyin tələblərinə ziddir. Belə ki, o, vətən müharibəsində Hərbi Prokurorluğun hərbi qulluqçusu kimi iştirak etmiş, həmin vaxtda ehtiyyatda olmamış və qanunvericiliyin tələbinə əsasən, bununla bağlı hüquq və vəzifələr hadisəni doğuran anda yaranmışdır. Həmçinin, “müharibə veteranı” adının verilməsinə dair Müdafiə Nazirliyinə qarşı verdiyi digər iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-2540/2024 saylı qərarının 49-cu bəndində göstərilmişdir ki, müharibə veteranı adı hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyindən, xidmət dövrünü bitirən hərbi qulluqçuya “müharibə veteranı” adının verilməsi Müdafiə Nazirliyinə həvalə edilmədiyindən və rəydə prokurorluğun hərbi qulluqçusunun xidmət dövrünü əhatə edən məlumatlar öz əksini tapmalı olduğu üçün müvafiq əsasnamədə “xidmət edən” ifadəsinin felin indiki zamanında işlədilməsi halı cavabdehin belə rəy olmadan “müharibə veteranı” adının vermək vəzifəsinin olması qənaətinə gəlmək üçün əsas deyildir. Qeyd olunan sübutlarla iddiaçının vətən müharibəsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birbaşa döyüş əməliyyatları apardıqları ərazilərdə mənəvi-psixoloji təminatı yerinə yetirməyi tam olaraq təsdiq edilmiş və “müharibə veteranı” adının verilməsi qanunvericiliyin tələblərinə uyğun olduğu halda, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyası bununla bağlı Müdafiə Nazirliyinə rəy göndərmək əvəzinə, heç bir səbəb və əsas olmadan öz vəzifəsini yerinə yetirməkdən imtina etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Baş Prokurorluq iddiaçıya “müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyi göndərməlidir.

3. Cavabdeh qurumun xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilir ki, ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/102 saylı və xx.xx.2022ci il tarixli HP-03/75 saylı məktublarına Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/204 saylı məktubuna Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə Sizin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinizə Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteram, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin bildirilir ki, Sizin “Müharibə veteranı adının verilməsi”nə dair iddia tələbinizə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.”

4. Cavabdeh qurumdan məhkəməyə daxil olan iddiaya yazılı etirazında iddianın rədd edilməli olduğu bildirilir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Xıdırlı kəndində anadan olmuş, 2008-ci ildə Xəzər Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirmiş, xx.xx.2010-cu il tarixdən müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Füzuli hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, xx.xx.2011-ci tarixdən Füzuli hərbi prokurorluğunun sınaq müddəti ilə müstəntiqi, xx.xx.2011-ci il tarixdən Füzuli hərbi prokurorluğunun müstəntiqi, xx.xx.2013-cü il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti vəzifəsini icra edən, xx.xx.2015-ci il tarixdən Füzuli hərbi prokurorluğunun prokuror-kriminalisti, xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində işləmiş, xx.xx.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” xx.xx.2023-cü il tarixli iddia ərizəsində və digər ərizələrində özü də erməni silahlı birləşmələri tərəfindən genişmiqyaslı hücum əməliyyatlarına başlanılması və digər faktlar üzrə AR CM-nin 100.1, 100.2, 116.0.7, 120.2.7, 120.2.12, 29 120.2.7, 29 120.2.12 və 186.3-cü maddələri ilə başlanılmış 16/D- 49149 nömrəli cinayət işini icraatına qəbul edib, istintaq qrupunun rəhbəri təyin edilməklə, Füzuli rayonuna ezam edilməsini göstərmişdir. Həmçinin Azərbaycan Respublikası X10 Baş Komandan cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında Ermənistan ordusunda 10 mindən çox fərari olmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin və Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi generalpolkovnik Kərim Vəliyevin təsdiq etdiyi Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin birgə tərtib etdiyi 13 may 2022-ci il tarixli aktda qeyd edilmişdir ki, əvvəlki siyahıda ixtisar aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq mənəvipsixoloji təminat ilə məşğul olmuş 17 nəfər hərbi prokurorluq işçisindən ibarət siyahı müəyyən edilmiş və həmin siyahıda İddiaçı adı qeyd edilməmişdir. “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2022-ci il tarixli HP-01/102 saylı və xx.xx.2022-ci il tarixli HP-03/75 saylı məktublara Əmək Məsələləri Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq döyüş əməliyyatlarının aparıldığı ərazilərdə hansı növ təminat növləri üzrə tapşırıqları icra etmələri kifayət qədər sənədlərlə əsaslandırılmadığından, yenidən ətraflı araşdırılaraq müzakirə edilməsi və ziddiyyətlər aradan qaldırılmaqla Əsasnamənin tələblərinə uyğun olan yeni siyahı müəyyən edildiyi halda qeyd edilən məsələyə Komissiyada baxılması qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-01/204 saylı məktubuna Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi çaydaşı və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Bundan əlavə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi barədə müraciətinə Azərbaycan Respublikası Baş X2 Komissiyasının xx.xx.2023-cü il tarixli iclasında təkrarən baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbləri nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməməsi məqsədəmüvafiq hesab edilmişdir. Həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, Vətən müharibəsi zamanı İddiaçı Baş Prokurorluq və Hərbi Prokurorluq tərəfindən hər hansı silah təhkim olunmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı xx.xx.1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən “Müharibə veteram” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Göründüyü kimi Qaydaların tələblərinə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” verilməsi üçün əsas hesab edilmir. İddiaçı Əsasnamənin tələblərinə uyğun olaraq döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması rəsmi olaraq təsdiq edilməmişdir. Odur ki, müraciəti təmin edilməmişdir. Bundan əlavə İddiaçı xx.xx.2023-cü il tarixdə xidməti və əmək intizamını kobud pozduğuna görə prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. Belə ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” xx.xx.2023cü il tarixli iddia ərizəsində “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbini irəli sürməsinə baxmayaraq, sonradan həmin iddia tələbində dəqqiləşdirmə apararaq özünün ərizə ilə əsl cavabdehin Müdafiə Nazirliyi ilə əvəz edilməsini tələb etməsi Baş Prokurorluq tərəfindən rəy verilməməli olunduğunu etiraf etməsi kimi qəbul edilməlidir. Həmin iddia tələbinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1719/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarı ilə təmin edilməməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi bir daha əsl cavabdehin Müdafiə Nazirliyi olmasını təsdiq etmişdir. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi” vəzifəsinin Azərbaycan Respublikası Baş Prokurorluğuna həvalə edilməsi barədə tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.

7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

II. İddianın növü və mümkünlüyü

8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

10. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

11. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, Respublika Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi Elmir Süleymanlının Azərbaycan Respublikası Hərbi prokuroruna ünvanladığı təqrirində sabiq prokurorluq işçisi İddiaçı 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atması nəticəsində hərbi qulluqçuların yaralanması və həlak olması ilə əlaqədar yaranmış zərurətlə bağlı xx.xx.2020-ci il tarixdən Füzuli rayonuna ezam olunması üçün göstəriş verilməsi qeyd edilmişdir.

14. İş materiallarında olan AR Hərbi Prokurorluğunun Əmrindən çıxarışa əsasən:

1. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə mayoru İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Beyləqan və Füzuli rayonlarına (Füzuli hərbi prokurorluğuna) ezam edilsin.

2. Əmr elan və icra olunması üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğunun aidiyyəti struktur qurumlarına göndərilsin.

15. İş materiallarında olan AR Müdafiə Nazirliyi 212№-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 71№-liə arayışına sasən: Verilir ondan ötrü ki, həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikasının Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində xidmət etmiş, ədliyyə polkovnik-leytenantı İddiaçı mənəvipsixoloji təminatın yerinə yetirilməsində, yəni bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi nizamın möhkəmlənməsi və döyüş ruhunun yüksəldilməsi, döyüş əməliyyatlarında iradə zəifliyi və qorxaqlıq göstərən şəxslərin qanunazidd əməllərinin qarşısını alınmasında,habelə hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etmiş, bu fədakar əməyinə və dəstəyinə görə tərəfimdən 22 fevral 2021-ci il tarixdə “Fəxri Fərman’la təltif olunmuşdur.

16. İş materiallarında olan AR Müdafiə Nazirliyi 212№-li hərbi hissənin xx.xx.2023-cü il tarixli 72№-liə arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsi” dövründə Azərbaycan Respublikası Hərbi prokrorunun müavini, ədliyyə general-mayoru X9, Azərbaycan Respublikası Hərbi Prokrorluğunun Hərbi Təsisatlarda Təhqiqata Nəzarət və Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi, ədliyyə polkovniki X4, Respublika Hərbi Prokrorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə polkovnik-leytenantı İddiaçı, Respublika Hərbi Prokrorluğunun mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru X11 və Füzuli hərbi prokrorluğunun böyük müstəntiqi, ədliyyə kapitanı X7 bilavasitə aktiv döyüş əməliyyatları aparılan ərazilərdə mənəvi-psixoloji təminatın yerinə yetirilməsi üzrə 07 oktyabr 2020-ci il tarixdə Xocavənd rayonu Hadrut qəsəbəsi yaxınlığında yerləşən meşə sahəsində mövqelənmiş N nömrəli hərbi hissənin və N noyabr 2020-ci il tarixdə Şuşa rayonu Daşaltı kəndində mövqelənmiş N nömrəli hərbi hissənin şəxsi heyəti ilə görüşlər keçirərək, hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksədilməsi ilə yanaşı, hərbi xidmət əleyhinə törədilən cinayətlər və bu cinayətlərin törədilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə proflaktik tədbirlər görmüşlər.

17. İş materiallarında olan 212№-li hərbi hissənin komandiri X8 Fərmanına əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi” dövründə bilavasitə döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, iradə zəifliyi və qorxaqlıq göstərərək döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş hərbi hissələri, eləcə də döyüş əməliyyatları aparılan əraziləri təhkim edilmiş silahla birlikdə özbaşına tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onların xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında göstərdiyi fədakar əməyinə və dəstəyinə görə Təltif Olunur ədliyyə polkovnik-leytenantı İddiaçı.

IV. Məhkəmənin mövqeyi

18. İddia tələbi “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsidir.

19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

21. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

22. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

23. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

24. Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

25. Beləliklə, işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə prokurorluq orqanlarından xaric edilmişdir.

26. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair rəy verilməsi ilə bağlı müraciətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə uyğun olmadığından təmin edilməmişdir.

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi səlahiyyətlərinin icrası ilə bağlı Füzuli rayonuna ezam edilsə də, o, birbaşa döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməmişdir, həmçinin bilavasitə mənəvi-psixoloji təminatın aparılması üçün ezam edilməmişdir.

28. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi onun hərbi hissə və bölmələrin şəxsi heyətləri ilə görüşlər keçirərək, hərbi qulluqçular arasında hərbi intizamın möhkəmləndirilməsi və döyüş ruhunun yüksəldilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməkdən imtina etmiş və ya döyüş əməliyyatı aparılan əraziləri silahla birlikdə tərk etməyə cəhd göstərmiş şəxslərin qanunazidd əməllərinin qarşısının alınıb onları xidmətə qaytarılması, hərbi hissə və bölmələrdə mövcud olan maddi-texniki və tibbi təminat sahəsindəki çatışmazlıqların aradan qaldırılmasında fəal iştirak etməsi və s. o anlama gəlmir ki, ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməlidir. Belə ki, yuxarıda qeyd edilən Əsasnaməyə əsasən döyüş əməliyyatları aparılan ərazilər və ya ona yaxın ərazilərdə öz xidməti vəzifələrinin icrası ilə bağlı hər hansı cinayət işinin istintaq hərəkətləri ilə əlaqədar ezamiyyə edilmə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsas hesab edilmir. İddiaçı yalnız vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün ezam edilmişdir.

29. Beləliklə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 10 və 11-ci bəndlərin nəzərdə tutulan (döyüş əməliyyatlarının bütün təminat növləri) meyarlara uyğun olmadığına görə İddiaçı “Müharibə veteranı” adının verilməsi üçün Müdafiə Nazirliyinə müvafiq rəy verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsinə dair iddia tələbi rədd edilməlidir.

30. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

31. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar