Məhkəmə qərarları › İş №2-1(112)-12943/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12943/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12943/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X4rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, İstanbul Universiteti tərəfindən onun adına verilmiş 484 nömrəli, xx.xx.2023-cü il tarixli diplom üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarla iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmiş və qərarı bununla əsaslandırmışdır ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodalarına əsaslanan təhsilalma formasına aid deyildir. Bu qərarla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İstanbul Universiteti tərəfindən onun adına verilmiş 484 nömrəli, xx.xx.2023-cü il tarixli ali təhsilə aid kvalifikasiyanın tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı İstanbul Universitetinə dissertasiyasız magistr proqramı (Distant təhsil) üzrə qəbul olunmuşdur. İstanbul Universiteti tərəfindən ona verilmiş 484 nömrəli X10 Diplomasından görünür ki, Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə Fakültəsi İdarəetmə X1ması (distant təhsil) Magistr Proqramını müvəffəqiyyətlə tamamlayaraq, o, magistr dərəcəsini bütün hüquq və səlahiyyətləri ilə birlikdə almağa layiq görülmüşdür. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş imtina qanunvericiliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Çünki iddiaçının aldığı təhsil formasından görünür ki, təhsilin yekununda dissertasiya işinin hazırlanması tələb olunmur. Yəni, dissertasiya işi hazırlamaq əvəzinə imtahanlarda iştirak etmək tələb olunur. İddiaçı bütün imtahan zamanlarında şəxsən universitetə gedərək imtahanlarda iştirak etmiş və müvəffəqiyyət qazanmışdır. Aldığı təhsil forması isə Tezsiz (dissertasiyasız) magistr diplomu üzrə dissant təhsil olmuşdur. Universitetdə təhsil almağın formaları, rejimi, imtahan vaxtlarını isə o, təyin etməmişdir. Həmin təhsil rejimi Türkiyə Respublikasında tənzimlənir, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında olan qarşılıqlı müqavilədə həmin təhsil rejimində təhsil almaqla bağlı hansısa məhdudiyyət müəyyən edilməmişdir. “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan, hazırkı məzmunda iddianın rədd edilməsinin qeydşərtsiz əsası kimi çıxış edə bilməz. Açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrartəkrar izləyə biləcəyi təhsilin adıdır. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant (məsafədən) təhsilin anlayışı baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öyrətim” formasının “distant” (məsafədən) təhsil forması ilə uzlaşdığı qəbul edilməlidir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması oxşar cəhətlərə malik olmaqla eyni təhsilalma imkanlarını və bu formaların tətbiqinin məqsədlərini təmin edir. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Distant təhsil forması müstəqil təhsil formasıdır. Distant təhsildə aparıcı və fərqləndirici cəhət informasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Başqa sözlə, distant təhsil (uzaktan öyretim təhsilalanlarla təhsilverənlər (müəllimlər) arasında bilavasitə kontakt, ünsiyyət olmadan məsafədən əlaqəni təmin edən texnologiyalardan istifadə olunmaqla həyata keçirilən təhsil prosesidir. Yəni distant təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə etməklə məsafədən öyrənməyə imkan verən müasir təcrübədir. Həmin təhsil formasında da tədris prosesinə aid bütün komponentlər-tədrisin məqsədi, məzmunu, metodları, tədris vasitələri və sair əhatə olunur. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanlar öz bacarıq və imkanlarına uyğun olaraq təhsil almaq və ya təhsillərini davam etdirmək imkanı qazanmışlar. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Distant təhsilin xüsusi forması olan açıq təhsil - tədrisin onlayn formada həyata keçirildiyi təhsil formasıdır. Təhsilə münasibətdə açıq termini təhsil prosesində iştirak imkanlarını məhdudlaşdıran halların aradan qaldırılmasını ifadə edir. Açıq təhsil təhsilə çatım imkanlarının genişləndirilməsi məqsədlərinə xidmət edir. Belə ki, açıq təhsil (açık ögretim) adi ənənəvi təhsil formasından fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsil formasıdır. Bununla bağlı iddiaçı hesab edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin internet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının "distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Həmçinin qeyd olunmuşdur ki, TKTA tərəfindən verilmiş cavabın əsassız olmasını təsdiq edən ən mühüm faktlardan biri imtina məktubunda təhsilin forması barədə yalnışlığa yol vermələri ilə bağlıdır. Belə ki, hazırda əlavə olunan ali təhsil diplomundan görünür ki, iddiaçı “Uzakdan Oğretim” üzrə təhsil almışdır. Lakin verilmiş imtina məktubundan isə təhsil səviyyəsinin “Açıq öğretim” olması öz əksini tapmışdır. Göründüyü kimi verilmiş cavab məktubu formal olmaqla bərabər həqiqəti əks etdirmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin verilmiş imtina iddiaçının konstitusion hüququmun pozuntusu hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, İddiaçı Türkiyə İstanbul Universiteti tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli, Ne **********5 nömrəli diplom üzrə əldə etdiyi “Biznesin idarə edilməsi” ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra - Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “distant” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Bu səbəbdən ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. İddiaçıya Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən təqdim olunan diplomdan müəyyən edilir ki, o, distant (uzaktan öğretim) formada təhsil almışdır və "tezsiz diploma" (magistr dissertasiyası müdafiə etmədən) əldə etmişdir. İddiaçıya Türkiyə Respublikası İstanbul Universiteti tərəfindən təqdim olunan diploma əlavədən müəyyən edilir ki, o, 2021-2023-cü illərdə tədris almışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci yarımbəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınmasını hayata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Qeyd olunur ki, qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra- Qaydarlar) təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi qaydalarının 1.1-ci maddəsinə əsasən bu qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır və dövlət təhsil standartları əsasında ali təhsilin magistratura səviyyəsində təhsilin məzmunu, təşkili və "magistr" dərəcələrinin verilməsi qaydalarını tənzimləyir. Həmin qaydaların 1.5-ci maddəsinə əsasən, magistratura səviyyəsində əyani ftədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir. Belə olan halda, İddiaçı Türkiyə Respublikasının İstanbul Universiteti “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsil proqramını distant təhsilalma istiqaməti üzrə həmin ölkədə təhsil aldığı dövr ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər olmadan bitirməsi, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən magistr pilləsi üzrə təhsilinin məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər baxımından əhəmiyyəti fərq yaradır və tanınması mümkün hesab edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 7-10 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il- 3 gün və İl il-11 gün. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt Azerbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyalann tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki, iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün məcburetmə haqqında hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, bundan sonra məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). İddiaçı xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra 30 gün müddətində (xx.xx.2024-cü il) məhkəməyə müraciət etmiş, bununla da iddia müddəti ötürülməmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan: Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş 484 №-li, xx.xx.2023-cü il tarixli dissertasiyazı magistr diplomundan görünür ki, İddiaçı X2 Ümumi idarəetmə kafedrası Biznes idarə olunması (Distant təhsil) Dissertasiyazı Magistr proramını müvəffəqiyyətlə tamamlayaraq, magistr dərəcəsini bütün hüquq və səlahiyyətləri ilə birlikdə almağa layiq görülmüşdür. Diplom Türkiyə Respublikası Şişli İcra Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə apostil olunmuşdur. İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymət cəvdəlindən görünür ki, iddiaçı 2021-2023-cü illərdə tədris almışdır. Cavabdeh tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, aparılmış icraat zamanı ərizəçinin xarici dövlətin ali təhsil müəssiəsində magistratura səviyyəsi üzrə distant (məsafədən) təhsilalma formasında təhsil aldığı və kvalifikasiya əldə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 1.4-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki icraat nəticələri və qanunvericiliyə əsasən magistratura səviyyəsində formal təhsilin distant (məsafədən) təhsilalma formasında təşkilinin olmadığı müəyyən olunur. Beləliklə, işin faktiki hallarından da görünür ki, iddiaçı Türkiyə Respublikası İstanbul Universiteti İdarəetmə fakültəsi X2 tərəfindən verilmiş 484 №-li, xx.xx.2023-cü il tarixli dissertasiyazı magistr diplomu əsasında aldığı ali təhsil kvalifikasiyasının tanınmasına nail olmaq istəyir. Cavabdeh iddiaçının ali təhsil üzrə kvalifikasiyasının mümkünsüzlüyünü onunla əsaslandırır ki, magistratura səviyyəsində formal tədrisin yalnız əyani və qiyabi formada həyata keçirilməsi mümkündür. Məhkəmə hazırki iddianın qanuni əsası ilə bağlı aşağıdakiları diqqətə çatdırır. Məhkəmə qeyd edir ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). - Maddə 22. Ali təhsil 22.4. Magistratura təhsili ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; - Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2010-cu il tarixli, 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və magistr dərəcələrinin verilməsi Qaydaları”na əsasən: 1.5. Magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları” 1.6....Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2010-cu il tarixli, 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Formal təhsilin təşkili Qaydaları”na görə: Formal təhsil qanunvericiliklə müəyyən edilmiş əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma formaları vasitəsilə həyata keçirilir. 5.4. ali təhsil pilləsi üzrə: bakalavriat səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, distant (məsafədən), əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime); magistratura səviyyəsində - əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi, rezidentura səviyyəsində - əyani; doktorantura səviyyəsində - əyani; Qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir. Nəzərə almaq lazımdır ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. Çünki, konkret təhsilalma formasının, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birinin (və ya bir neçəsinin) tanınmasına qiymət vermək son nəticədə hüquqilik yox, məqsədə müvafiqlik dəyərləndirilməsinin aparılmasına gətirib çıxarır. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur. Bu dəyərləndirmənin işığında məhkəmə qeyd edir ki, ümumən magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə distant formada magistratura səviyyəsində alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının mövcud təhsil sistemində magistratura təhsil pilləsi üzrə distant təhsil forması üzrə tədrisin aparılması nəzərdə tutulmadığından, iddiaçının magistratura pilləsi üzrə aldığı ali kvalifikasiyanın tanınmasından cavabddeh tərəfindən imtina olunması əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar