Məhkəmə qərarları › İş №2-1(112)-12946/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12946/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12946/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi (“köhnə bağlar”) ünvanında yerləşən ona məxsus olan 55 saylı, sahəsi 1100 kv.m təşkil edən torpaq sahəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı, 11 mart 1995-ci il tarixli Sərəncamı və digər təqdim edilmiş sənədlər əsasında onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 807 saylı 11 mart 1995-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi “köhnə bağlar” ərazisində yerləşən mövcud bağ sahəsi İddiaçı adına sənədləşdirilmiş və orada fərdi evin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında torpaq sahəsinin cizgisi Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək möhürlənmiş və həmin cizgi Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən də əlavə olaraq təsdiq edilmişdir. Cizgiyə 26 yanvar 2005-ci il tarixli, 29 saylı çıxış ştampı vurulmuşdur. Cizgiyə əsasən, 2-ci yaşayış (“Bağlar”) massivindəki 55 saylı, sahəsi 1100 kv.m təşkl edən torpaq sahəsinin yerləşmə parametrləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 may 2017-ci il tarixli 1402 saylı Arxiv Çıxarışı ilə Sərəncamın həqiqiliyi müəyyən edilmişdir. Toplanmış sənədlər əsasında iddiaçı cavabdehə müraciət edərək, hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən həmin illərdə verilmiş Sərəncamlarda torpaq sahəsinin ölçüsünün göstərilməməsi rast gəlinən haldır və bu həmin Sərəncamda hüquqların qeydiyyatından imtina üçün əsas olmamalıdır. Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyətləri 2001-ci il 01 yanvar tarixinədək mövcud olmuşdur. İnzibati orqanın qəbul etdiyi inzibati aktda vətəndaşın səlahiyyətlərinə aid olmayan nöqsana varsa belə, bunu əsas gətirərək vətəndaşın hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Belə ki, İcra hakimiyyəti strukturuna daxil olan qurum, yəni X2 tərəfindən tərtib edilmiş yerləşmə cizgisi bəhs edilən torpaq sahəsinin həm ölçüsü, həm də konfiqurasiyası ilə bağlı sualları cavablandırmış olur. Yerləşmə cizgisində iki sxem var. Bir sxem yerləşməni, digər sxem konfiqurasiyanı müəyyən edir. İlk sxemdə istinad olaraq yollar və qonşu sahələr (nömrələri qeyd olunmaqla) göstərildiyindən yerin müəyyən edilməsi çətin deyil. Konfiqurasiya cizgisində isə bütün döngə nöqtələri və onlar arasındakı məsafələr dəqiq qeyd edilmişdir. Yerləşmə cizgisindən, torpaq sahəsinin bir tərəfdən yolun kənarında birinci torpaq sahəsi, digər tərəfdən digər kəsişən ara yolun kənarındakı 54 saylı torpaq sahəsindən sonra olduğu müəyyən edilir. Beləliklə, cavabdehin yerləşmə cizgisində istinad və məsafələrin qeyd olunmaması ilə bağlı göstərmiş olduğu səbəbin həqiqətə uyğun olmadığı aşkardır. Bundan əlavə torpaq sahəsinin bir hissəsinə digər şəxsin müraciətinin mövcud olması ilə bağlı səbəb, əvvəlki imtina səbəbini təkzib edir. Deməli, torpaq sahəsinin yerləşmə yerinin müəyyən edilməsi mümkün olmuşdur ki, həmin yerə dair digər şəxsin müraciətinin olması bildirilir. Digər şəxsin müraciətinin təmin edilməməsi də aşkardır, əks halda cavabdeh imtina məktubunda torpaq sahəsinin digər şəxsin adına qeydə alınmış olmasını göstərməli idi. Belə ki, torpaq sahəsi ayrıldığı vaxtdan fasiləsiz olaraq iddiaçının sahibliyindədir və iddiaçı hər hansı şəxsin bu torpağa dair iddiasının olması halı ilə rastlaşmamışdır. Cizginin memarlıq xidməti tərəfindən təsdiq edilməli olması ilə bağlı tələbi əsassızdır. Belə ki, inzibati orqan olaraq yerli icra hakimiyyəti orqanının aidiyyatı üzrə yerli qurumu cizgini tərtib edərək, təsdiq etmişdir. Bundan əlavə, yerli icra hakimiyyəti başçısının müavini adından həmin cizgi imzalanmış və icra hakimiyyətinin “sənədlər üçün” adlı möhürü ilə təsdiqlənmişdir. Möhürün mövcud olması inzibati orqanın cizginin həqiqiliyini qəbul etməsidir. Memarlıq xidməti tərəfindən təsdiq edilməli olan cizgi, daha səlahiyyətli şəxs olaraq icra hakimiyyəti başçısının müavini tərəfindən təsdiqlənməz idi. Vətəndaş tərəfindən cizginin tərtib edilməsi üçün səlahiyyətli orqan olaraq X1 müraciət edilir, Nümayəndəlik tərəfindən tərtib edilən cizgi də həm Nümayəndəliyin möhürü, həm də yerli icra hakimiyyətinin özünün imza və möhürü ilə təsdiqlənir. Yerli icra hakimiyyətinin dörd il bundan əvvəl yazmış olduğu məktubda dolayısı ilə möhürü dorğu olaraq vurmadıqlarını bildirməsi, həmin möhürün səlahiyyətini heçə endirə bilməz. Həmçinin möhür və imzalarda uyğunsuzluq yoxdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: tərəfinizdən təqdim edilən Səbail rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tairxli, 807 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir. Elektron kadastr məlumatına əsasən tərəfinizdən təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmadığından sənəd üzrə sahəni müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda göstərilən torpaq sahəsinin bir hissəsinə digər şəxsin müraciəti mövcuddur. Əlavə olaraq, təqdim edilən Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq göndərilmiş xx.xx.2018-ci il tarixli, 3110-632 saylı məktubda bildirilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı məxsus Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizgidə göstərilən tarixdə qüvvədə olan qanunvericilik tələblərinə uyğun olaraq, təqdim olunmuş cizgi memarlıq xidməti tərəfindən təsdiq olunmalıdır. Təqdim olunmuş cizgidən görünür ki, təsdiq edilən möhür və imzalarda uyğunsuzluq mövcuddur və Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022ci il tarixli BA-07099-2022 saylı məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, … İddiaçı … “Köhnə bağ” sahələrinin vətəndaşların adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilməsi qərara alınmışdır. Sərəncama torpaq sahəsinin sxemi əlavə edilmişdir. Əsas: Fond.139.siyahı- 1.iş.555.vər.8.9. İş materiallarında olan yerləşmə cizgisindən (əslinə baxış keçirildi) görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (Köhnə bağlar sahəsi), 55 nömrəli sahədə 1100 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHB Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş və Səbail rayon İB-nin müavini tərəfindən təsdiq edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur; 8.0.8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər hesab olunur; 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının “Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində mövcud bağ sahələrinin sənədləşdirilməsi barədə” 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamına əsasən İddiaçı “Köhnə bağ” sahələri adlanan ərazidə 1100 kv.m torpaq sahəsi ayrılmış və orada fərdi evin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (Köhnə bağlar sahəsi), 55 nömrəli sahədə 1100 kv.m torpaq sahəsinin yerləşmə cizgisi Səbail RİHB Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş və Səbail rayon İB-nin müavini tərəfindən təsdiq edilmişdir. Həmin sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üstüstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən qeyd olunan sərəncam və sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sərəncam və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının 11 mart 1995-ci il tarixli, 807 nömrəli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi (Köhnə bağlar sahəsi), 55 nömrəli sahədə 1100 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar