Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1295/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinə qarşı «iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, İddiaçı 1992-ci il təvəllüdlüdür, uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq statusu almışdır. Hazırda 28 yaşı olmaqla İİ dərəcəli əlildir və sosial müavinət alır. O, hesab edir ki, atasının vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Belə ki, X2 29 avqust 1959-cu il tarixdə doğulmuşdur, 17 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Atası vəfat edən dövrdə onun iş stajını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmamış, lakin hazırda müvafiq sənədlər çətinliklə də olsa, bərpa olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Bu maddənin tələbinə uyğun olaraq 54 yaşında vəfat etmiş X2na görə iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün 13 il staj tələb olunur. X6 sonradan bərpa olunmuş əmək kitabçasında onun dövlət notariusu vəzifəsində 7 il 2 ay 26 gün, AR Dövlət Arxivindən alınmış arxiv arayışında 3 il 9 ay 16 gün (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi V.İ.Lenin adına Bakı Tekstil Kombinatının hüquq şöbəsində 5 iyul 1984-cü il tarixdən 21 mart 1988-ci il tarixədək hüquq məsləhətçisi və şpbə rəisi vəzifələrində), AR Ədliyyə Nazirliyinin və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin verdiyi arayışlarda 2 il 7 ay stajının olduğu təsdiqlənir. Beləliklə, atası Soltan Abuzərovun tələb olunan 13 illik stajının qarşılığında 13 ildən artıq stajı vardır. Bütün bunları nəzərə alaraq, o, ailə başıçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq DSMF orqanına müraciət etmişdir. Lakin cavabdeh təşkilat müvafiq arayışlar təqdim edilməsinə baxmayaraq, həmin dövrləri təsdiq edən sənədlərin məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunmaması səbəbindən məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və İPM-in 2.2.3 və 34.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.2, 14 – 18 və 23.2-ci maddələrinə, AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1 və 3-cü bəndlərinə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1 və 3.2-ci bəndlərinə əsaslanaraq, iddiaçının mərhim atasının müvafiq arayışlarda göstərilən 3 il 9 ay 16 gün və 2 il 7 ay stajını, əmək kitabçasında əks olunan əmək fəaliyyəti illərini və hərbi xidmət dövrünü sığorta stajı kimi nəzərə alaraq, müraciət etdiyi 3 iyun 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cvabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilir: - İddiaçı iddiası təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 17-ci maddəsində ailə başçısını itirməyə görə əmək pensiyası təyinatının şərtləri göstərilmişdir. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. Vəfat etmiş ailə başçısı 29 avqust 1958-ci il tarixdə doğulmuş və 17 yanvar 2013-cü il tarixdədə, yəni 54 yaşında vəfat etmişdir. Əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 13 il sığorta stajı olması tələb olunur (54 yaş – 15 yaş = 39) x 4 ay = 156 ay = 13 il). Qeyd: 15 yaş – şəxsin əmək fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan minimum yaş həddi. 4 ay – əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün tələb olunan 4 ay sığorta stajı. Lakin İddiaçı təqdim etdiyi arxiv arayışlarına əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının sosial sığorta satjı kifayət etmir. Belə ki, AR Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Əgər iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışlarını əmək stajı verən sənəd kimi qəbul etsək belə, yenə də ailə başçısını itirməyə görə qanunvericilikdə nəzərdə tutulmuş sosial sığorta satjına çatmır. İddiaçı vəfat etmiş ailə başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 2 il 7 ay işləməsini iddia etsə də, məhkəmə tərəfindən verilmiş 14 fevral 2019-cu il tarixli 1869 nömrəli arayışa əsasən ümumilikdə mərhum X4nun 1 il 2 ay 3 gün işlədiyi qeyd edilmişdir (8 dekabr 1975-ci il tarixdən 8 dekabr 1976-cı il tarixədək və 28 aprel 1980-cı il tarixdən 1 iyul 1980-cı il tarixədək). İddiaçı vəfat etmiş ailə başçısı X4nun sosial sığorta stajını təsdiq edən sənəd kimi təqdim etdiyi arxiv arayışı həqiqəti əks etdirmir və işə baxan məhkəmə tərəfindən mötəbər sübut hesab edilə bilməz. Belə ki, iş materiallarında olan və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən verildiyi iddia edilən 11 aprel 2019-cu il tarixli A-49 nömrəli arayışa əsasən X4 Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Arbitrajlı Hüquq şöbəsinə 56 saylı əmrlə 5 iyul 1984-cü il tarixdə qəbul olunduğu və 17 nömrəli əmrlə 21 mart 1988-ci il tarixdə V.İ.Lenin adına Bakı Tekstil Kombinatının Hüquq şöbəsinin rəisi kimi işdən azad olunduğu qeyd edilmişdir. İlk növbədə bildirilir ki, qeyd olunan arxiv arayışına əsasən vəfat etmiş ailə başçısı fərqli müəssisəyə hüquq məsləhətçisi kimi işə qəbul edilməsi və digər müəssisədən hüquq şöbəsinin rəisi kimi işdən azad olunması qeyd edimişdir. Vəfat etmiş ailə başçısının tutduğu vəzifədən hansı vaxtda işdən azad olunması, eyni zamanda bir vəzifədən digər vəzifəyə keçməsini təsdiq edən hər hansı bir qeyd aparılmamış və bunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, mərhum X4nun 5 iyun 1984-cü il tarixdən 21 mart 1988-ci il tarixədək dövr ərzində işlədiyini müəyyən etmək üçün DSMF tərəfindən AR Milli Arxiv İdarəsinə 15 oktyabr 2020-ci il tarixli **********8 nömrəli sorğu göndərilmişdir. AR Milli Arxiv İdarəsi 27 oktyabr 2020-ci il tarixli 5/1782 nömrəli məktubu ilə qeyd olunan sorğuya cavab olaraq bildirmişdir ki, “sorğuda qeyd olunan ləğv olunmuş Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin və V.İ.Lenin adına Bakı Tekstil Kombinatının arxiv sənədləri AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir’’. Buradan aydın olur ki, İddiaçı təqdim etdiyi arxiv arayşı saxtadır və həqiqəti əks etdirmir. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X11 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İş materiallarında olan AR Dövlət Arxivinin 11 aprel 2019-cu il tarixli A-49 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - Bakı 1 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 09 aprel 2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında X4nun (əmr № 56 ş/h, 05 iyul 1984-cü il) arbitrajlı Hüquq şöbəsinə hüquq məsləhətçisi vəzifəsinə işə təyin edildiyi, (əmr № 17 ş/h, 21 mart 1988-cı il) V.İ.Lenin adma Bakı tekstil kombinatının Hüquq şöbəsinin rəisi vəzifəsindən işdən azad olunduğu qeyd olunur. İş materiallarında olan AR Dövlət Arxivinin 3 fevral 2021-ci il tarixli məhkəməyə (müvafiq sorğuya cavab olaraq) ünvanlanmış arxiv arayışında aşağıdakılar bildirilir: - “Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində X4nun aylıq maaşı (1984 – 1988-ci illərdə) 1984-cü ilin yul ayı üzrə 129,55 rubl, avqust – dekabr aylarının hər biri üzrə 150 rubl, 1985-ci ilin yanvar, fevral, iyul, noyabr dekabr aylarının hər biri üzrə 150 rubl, mart ayı üzrə 412,50 rubl, iyun ayı üzrə 25 rubl, avqust ayı üzrə 219,58 rubl, sentyabr ayı üzrə 218,57 rubl, oktyabr ayı üzrə 75 rubl, 1986-cı ilin yanvar – aprel, dekabr aylarının hər biri üzrə 150 rubl, may ayı üzrə 306,80 rubl, iyul ayı üzrə 170,87 rubl, avqust ayı üzrə 193,33 rubl, sentyabr ayı üzrə 176,67 rubl, oktyabr ayı üzrə 130,99 rubl, noyabr ayı üzrə 155,45 rubl, 1987-ci ilin yanvar – mart, iyun – dekabr aylarının hər biri üzrə 150 rubl, aprel ayı üzrə 174,43 rubl, may ayı üzrə 111 rubl, 1988-ci ilin yanvar ayı üzrə 150 rubl, fevral ayı üzrə 87,85 rubl təşkil etmişdir. İş materiallarında olan AR Dövlət Arxivinin məhkəməyə (müvafiq sorğuya cavaba əlavə olaraq) ünvanlanmış arxiv arayışında aşağıdakılar bildirilir: - “Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi” arxiv fondunda mühafizə edilən əmr kitablarında X4nun (əmr № 56 ş/h, 05 iyul 1984-cü il) Nazirliyin arbitrajlı hüquq şöbəsinə böyük hüquq-məsləhətçisi vəzifəsinə işə qəbul edildiyi, (əmr № 04 ş/h, 28 yanvar 1988-ci il) tutduğu vəzifədən azad edilərək, V.İ.Lenin adına Bakı tekstil kombinatına Hüquq şöbəsinin rəisi vəzifəsinə işə təyin edildiyi, (əmr № 17 ş/h, 21 mart 1988-ci il) işdən azad olunduğu qeyd olunur. V.İ.Lenin adına Bakı tekstil kombinatının sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 1869 nömrəli məktubunda aşağıdakılar bildirilir: - X1 (indiki Binəqədi) Rayon Xalq Məhkəməsinin böyük xalq hakimi vəzifəsini icra edən Q.Qaramanlının 8 dekabr 1975-ci il tarixli 59 nömrəli əmrinə əsasən 8 dekabr 1975ci il tarixdən Kirov Rayon Xalq Məhkəməsində kuryer vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin 12 may 1976-cı il tarixli 77 saylı əmrinə əsasən 12 may 1976-cı il tarixdən kargüzar vəzifəsinə keçirilmiş, məhkəmənin sədrinin 8 dekabr 1976-cı il tarixli 99 nömrəli əmri ilə 8 dekabr 1976-cı il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. X1 Rayon Xalq Məhkəməsinin sədrinin 28 aprel 1980-ci il tarixli 10 saylı əmri ilə yenidən 28 aprel 1980-ci il tarixdə məhkəmədə kargüzar vəzifəsinə işə qəbul edilmiş, məhkəmənin sədrinin 1 iyul 1980-ci il tarixli 16 saylı əmri ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. X4nun əmək kitabçası Binəqədi Rayon Məhkəməsində olmadığından, əmək kitabçasından çıxarışın verilməsi mümkünsüzdür. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2013-cü il tarixli AZ-İ 601102 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 11 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, X4 1977 – 1979-cu illərdə iki il hərbi xidmətdə olmuşdur. İş materiallarında olan X3 məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçasında X4nun 27 sentyabr 1990-cı il tarixdən 23 dekabr 1997-ci il tarixədək əmək fəaliyyəti barədə qeydlər aparılmışdır. İş materiallarından görünür ki, AR ƏƏSM Nazirliyinin 4 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası xx xxxxxx 1992-ci il tarixdə doğulmuş İddiaçı “Tibbi müayinədən keçən uşaqlar üçün” SER TSE-01 seriyalı 011291 nömrəli arayış vermişdir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı 1992-ci il təvəllüdlüdür, uşaqlıqdan sağlamlıq imkanları məhdud İİ dərəcə əlildir. X2 1958-ci il təvəllüdlü, 2013-cü ilin yanvar ayında (54 yaşında) vəfat etmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina olunla əsaslandırılır ki, iddiaçının mərhum atasının azı 13 il sığorta stajının (54 – 15 = 39 yaş, 39 x 4 = 156 ay, 156 ay / 12 = 13 il) toplaması tələbn olunur, lakin mərhumun sıöorta stajı həmin həddə toplanmır. Çünki, iddiaçı atasının Binəqədi Rayon Məhkəməsində 2 il 7 ay işləməsini bildirsə də, təqdim olunmuş arayışa əsasən o, həmin qurumda 1 il 2 ay 3 gün işləmişdir. Bundan başqa, AR Milli Arxiv İdarəsi Dövlət Arxivinin X4nun iş stajı barədə verdiyi arayış həqiqəti əks etdirmir, belə ki, arayışa əsasən o, 5 iyul 1984-cü tarixdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi arbitrajlı Hüquq şöbəsinə işə qəbul olunduğu və 21 mart 1988-ci il tarixədək V.İ.Lenin adına Bakı Tekstil Kombinatının Hüquq şöbəsinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuş, onun bir vəzifədən digər vəzifəyə keçirilməsi barədə sənəd təqdim olunmamışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» AR Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 14.1-ci maddəsinə görə vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (14.1.1) vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: (14.1.1.2) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 87-ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun (Qanun qüvvədən düşmüşdür) 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa . . . v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq dövrdə əmək fəaliyyəti üzrə iş stajı və hərbi xidmət dövründən (müvafiq arayışda, hərbi biletdə əks olunan) sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) sonra həmin dövrdə qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının arayışlar, habelə hərbi xidmət dövrünü əmək stajına daxil etməklə hərbi biletlər vasitəsilə müəyyən edilməsini mümkün saymışdır. Hazırda AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçıya münasibətdə tətbiq edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Məhkəmə qeyd edir ki, iddiaçıya mərhum atasının 54 yaşında vəfatı ilə əlaqədar ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması üçün mərhumun 13 il sığorta stajının toplanmış olmasını zəruriliyini tərəflər mübahisəli hal kimi qəbul etmirlər. Məhkəmə də bu mövqe ilə razılaşır, çünki, 54 yaşlı şəxsin əmək qabiliyyətli yaş dövrü 39 ildir (54 – 15 = 39 il), həmin dövrün hər ili üçün 4 ay sığorta stajı isə, 13 il (39 x 4 : 12 = 13 il) toplanmalıdır. Həmin 13 il sığorta stajının toplanması tərəflərin mübahisələndirdiyi mərhumun 1984 – 1988-ci illərdəki iş stajından asılıdır ki, yuxarıda qeyd olunduğu kimi cavabdeh inzibati orqan müvafiq arxiv arayışında əks olunan həmin iş dövrünü mərhumum azı iki vəzifədə işləməsi ehtiva edilməklə, bir vəzifədən digər vəzifəyə keçirilməsi barədə sənəd təqdim olunmaması səbəbi ilə əsaslandırır. Məhkəmə cavabdeh inzibati orqanın bu mövqeyi ilə razılaşmır və vurğulayır ki, iddiaçının mərhum atasının 1984 – 1988-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin aparatındakı hüquq şöbəsində və həmin Nazirliyin tabeliyində olan müəıssisənin hüquq şöbəsində işləməsi həmin vəzifələrin birindən digərinə (və ya bu arada üçüncü vəzifədə işləməklə) keçirilməsi təsdiqlənməsə də, dörd ilə yaxın dövrdə mərhumun sözügedən Nazirliyin həmin qurumlarında işləməsi bir tərəfdən inkar olunmur, digər tərəfdən isə, əmək pensiyasının təyinatı baxımından 2006-cı il yanvar ayının 1-dən əvvəl dövr kimi qeyd olunan vəzifələr (hüquq-məsləhətçisi və hüquq şöbəsinin rəisi) eyni dərəcədə nəzərə alına biləndir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqanın imtinası üçün gətirdiyi dəlillər gormal mülahizələrə əsaslanan hal qismində qiymətləndirilməli, mərhumun sözügedən işlərdə işləməsini təsdiq edən arxiv arayışı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə və AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə sığorta stajını aidiyyəti dövrdə məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsindən aslılı olmayaraq təsdiqləyən sənəd kimi qəbul olunmalıdır. İddiaçıya mərhum atasının Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsində 8 dekabr 1975-ci il tarixdən 12 may 1976-cı il tarixədək kuryer, 12 may 1976-cı il tarixdən 8 dekabr 1976-cı il tarixədək və 28 aprel 1980-ci il tarixdən 1 iyul 1980ci il tarixədək kargüzar vəzifələrində, 5 iyul 1984-cü il tarixdən 21 mart 1988-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi arbitrajlı hüquq şöbəsində məsləhətçi, V.İ.Lenin adına Bakı Tekstil Kombinatında hüquq şöbəsində şöbə rəisi vəzifələrində işlədiyi dövr, əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrü və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla müraciət etdiyi tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından inzibati orqan tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı mərhum X2nun Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsində 8 dekabr 1975-ci il tarixdən 12 may 1976-cı il tarixədək kuryer, 12 may 1976-cı il tarixdən 8 dekabr 1976-cı il tarixədək və 28 aprel 1980-ci il tarixdən 1 iyul 1980-ci il tarixədək kargüzar vəzifələrində, 5 iyul 1984-cü il tarixdən 21 mart 1988-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi arbitrajlı hüquq şöbəsində məsləhətçi, V.İ.Lenin adına Bakı Tekstil Kombinatında hüquq şöbəsində şöbə rəisi vəzifələrində işlədiyi dövr, əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrü və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla müraciət etdiyi 3 iyun 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum X2nun Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsində 8 dekabr 1975-ci il tarixdən 12 may 1976-cı il tarixədək kuryer, 12 may 1976-cı il tarixdən 8 dekabr 1976-cı il tarixədək və 28 aprel 1980-ci il tarixdən 1 iyul 1980-ci il tarixədək kargüzar vəzifələrində, 5 iyul 1984-cü il tarixdən 21 mart 1988-ci il tarixədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi arbitrajlı hüquq şöbəsində məsləhətçi, V.İ.Lenin adına Bakı Tekstil Kombinatında hüquq şöbəsində şöbə rəisi vəzifələrində işlədiyi dövr, əmək kitabçasında göstərilən əmək fəaliyyəti dövrü və hərbi xidmət müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla müraciət etdiyi 3 iyun 2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1295/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1295/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver