Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1296/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa edilməsi və işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh tərəfindən ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №-li 08.04.2020ci il tarixli əmrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin nəzdində N saylı hərbi hissədə 1-ci tabor minaatan batareyasında X9 vəzifəsində xidmət etmişdir. 2020-ci ilin aprel ayında qanunsuz və əsassız olaraq işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmağına baxmayaraq hazırki vaxtadək nə işdən çıxma barədə əmr, nə də ki əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən də, əmək kitabçası və işdən çıxma barədə əmrin ona rəsmi formada təqdim edilməsi üçün yazılı formada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etmişdir. Artıq 2 aya yaxın bir müddətin keçməsinə baxayaraq məktubuna hər hansı bir cavab gəlməmişdir. Bu səbəbdən də, “işə bərpa” tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddinın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirdiyi halda yolveriləndir. İddia ərizəsində göstərilmişdir ki, “... əmək kitabçam və işdən çıxma barədə əmrin mənə rəsmi formada təqdim edilməsi üçün yazılı formada ərizə ilə Müdafiə Nazirliyinə müraciət etdim. Artıq 2 aya yaxın bir müddətin keçməsinə baxmayaraq məktubuma hər hansı bir cavab gəlməmişdir”. Göründüyü kimi iddiaçı inzibati qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət etməyərək işə bərpa xahişi ilə Müdafiə Nazirliyinə müraciət etməmişdir. Onun xahişi sənədlərin təqdim edilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1296/2021 saylı iş üzrə qəbul etdiyi 11 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razı olmayan iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1397/2021 saylı 22 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-1296/2021 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “işə bərpa edilməsi və işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qərar icra olunan tarixə kimi əmək haqqının cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, 11.02.2021-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №-li 08.04.2020-ci il tarixli əmrinin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etsə də, Azərbaycan Respublikası İPM-nin 54-cü maddəsinin tələblərinə uyğun olaraq onun dəqiqləşdirilmiş iddia tələbinin icraata qəbul edilməsi barədə məhkəmə qərardadı və həmin qərardadın cavabdehə göndərilməsini təsdiq edən sənəd-sübut iş materiallarında mövcud deyildir . Eyni zamanda 11.02.2021-ci il tarixli məhkəmə iclas protokolunda iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edildiyi göstərilsə də, həmin ərizənin icraata qəbul edilməsi protokolda öz əksini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə münasibət bildirməli, həmçinin iddiaçıya məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsi təklif edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1296/2021 saylı iş üzrə qəbul etdiyi 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən 11.02.2021-ci il tarixdə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, İddiaçı hazırki iş üzrə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №-li 08.04.2020-ci il tarixli əmrinin mübahisələndirilməsi ilə bağlı) buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, bununla bağlı işə baxılması 06.10.2021-ci il tarixə təyin olunmuş və 26.10.2021-ci il tarixə təxirə salınmışdır. Həm 06.10.2021-ci il, həm də 26.10.2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etmiş iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 0250 №li 08 aprel 2020ci il tarixli əmrindən çıxarışdan görünür ki, qeyd olunan əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 172-ci Motoatıcı briqadanın (172 №li hərbi hissə) 1721-ci motoatıcı taborunun batareyasının idarəetmə taqımının komandiri baş leytenan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0250 №li 08 aprel 2020-ci il tarixli əmrinin ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmənin müvafiq sorğusuna (mübahisələndirilən əmrin iddiaçıya nə vaxt təqdim olunması ilə bağlı) cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş N nömrəli hərbi hissənin komandirinin N nömrəli 18.04.2020-ci il tarixli əmrdən çıxarışda göstərilmişdir ki, baş leytenant İddiaçı 1-ci taborun minaatan batareyasının idarəetmə taqımının komandiri, Azərbaycan Respublikası Müdafiə nazirinin 08.04.2020-ci il tarixli 0250 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 15 (on beş) gün məzuniyyət verilməklə 03.05.2020-ci il tarixdən hərbi hssənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılsın, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Səbail rayon idarəsinə göndərilsin. Baş Leytenant İddiaçı 2020-ci ilin yanvar-aprel aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Baş Leytenant İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilib. Baş Leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar vəzifə və rütbə maaşının 2 (iki)misli qədər çıxış pulu verilsin. N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq olunmuş 18.04.2020-ci il tarixi 4263 nömrəli aktın surətindən görünür ki, komissiyanın sədri hərbi hissə komandirinin müavini polkovnik-leytenant X2, komissiyanın üzvləri kadrlar bölməsinin rəisi kapitan X4, maliyyə xidmət rəisi kapitan X7, döyüş hazırlığı bölməsi rəisinin köməkçisi kapitan X8 və məxfi hissə rəisi X3 həmin aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 1-ci taborunun minaatan batareyasının idarəetmə taqımının komandiri baş leytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiəs nazirinin 08 aprel 2020-ci il tarixli 0250 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əmri ilə tanış olmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Göndərilən xidməti sənədlərin uçotu jurnalı”nın (Forma 7) surətindən görünür ki,1558 sıra nömrəli qeyddə 18.04.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Səbail rayon idarəsinə təqdim olunması üçün baş leytenant İddiaçı imza edilməklə təyinat vərəqəsi təqdim olunmuşdur. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində 18.04.2020-ci il tarixdə rəsmi qaydada məlumat almış, həmin əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmüş, yalnız əmri aldığı gündən 3 (üç) ay, 10 (on) gün sonra məhkəməyə müraciət etmiş və ötürülmüş prosessual müddətin bərpasına dair məhkəməyə vəsatət təqdim etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1296/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1296/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver