Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1296/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X7 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, miras qoyan X8 adına vərəsəlik işinin açılması və İddiaçı vərəsə kimi tanınmasına dair notariat ofisinin məktubu təqdim edilməsi məqsədəmüvafiqdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən ona hüquqi yardım göstərilərək bildirilmişdir ki, müvafiq hüquqmüəyyənedici sənəd təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 mülkiyyət hüquqlarının məxsusluğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1964-cü il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən X1 olmuşdur. O, iddiaçının nənəsidir. Zərifə Bibiqulu qızının nikaha daxil olmamışdan öncə soyadı mövcud olmamışdır. Zərifə Bibiqulu qızı xx.xx.1962-ci ildə X14 ilə nikaha daxil olmuş və nikah bağlandıqdan sonra ona Süleymanova soyadı verilmişdir. X5 əri X14 xx.xx.1974-cü ildə ölmüşdür. Onların birgə nikahından Güldanə və Gülağa adlı uşaqları olmuşdur. X10 Süleymanov Məhərrəm ilə nikaha daxil olmamışdan öncə əvvəlki nikahından Varağa və Məmmədağa adlı uşaqları da olmuşdur. Zərifə Süleymanova xx.xx.1996-cı ildə ölmüşdür. Onun vərəsələri olan övladları (Varağa, Məmmədağa, Güldanə və Gülağa) analarından miras qalmış əmlakdan, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Gülağanın xeyrinə imtina etmişlər. X3 2023-cü ildə ölmüşdür. Gülağa Süleymanovun vərəsələri onun arvadı və oğludur. Gülağanın arvadı Aygün və digər oğlu Məhərrəm notarial qaydada miras payından digər vərəsə Röyalın xeyrinə imtina etmişdir. X2 nəvəsi olaraq yeganə vərəsəsi İddiaçıdur. İdarənin arxivində mövcud olan 1964-cü il tarixli texniki pasportda nənəsinin sovadı Nuriyeva kimi qeyd edilsə də, yuxarıda sadalanan vətəndaşlıq vəziyyəti aktlarından görünür ki, ilk öncə Zərifənin soyadı mövcud olmamış, nikaha daxil olduqdan sonra isə ölən gününə qədər o Süleymanova soyadını daşımışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 mülkiyyət hüquqlarının mövcud olması barədə arayışın verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ərizə təmin edilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, miras qoyan X9 adına vərəsəlik işinin açılması və İddiaçı vərəsə kimi tanınmasına dair notariat ofisinin məktubu təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasporta əsasən “A” yaşayış evinə bitişik 38.4 kv.m əlavə sahə inşa edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -Mart 1969-cu il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Türkan qəsəbəsi, Yenikənd küçəsi, ev 17 ünvanında yerləşən 235 kv.metr sahəsi olan fərdi yaşayış evi X13 məxsusdur. - Xəzər rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1877 arayışından görünür ki, X14 və Zərifə Bibiqulu qızının nikahı haqqında xx.xx.1962-ci il tarixdə 398 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir. -xx.xx.2018-ci il tarixli AZ-İ№972475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1996-cı il tarixdə ölmüşdür. - Bakı şəhəri 7 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli, 857 nömrəli məktubundan görünür ki, X5 xx.xx.1996-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Onun oğlu X12 mərhumun varisi olması barədə məlumat verilmişdir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1931-1943-cü illərə dair Bakı şəhəri Əzizbəyov (Xəzər) rayonu üzrə doğum haqqında bərpa kitablarında və qismən qəbul olunmuş 1926-cı ilə dair Türkan qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - xx.xx.2023-cü il tarixli, AZ-İİ№355346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür. - Bakı şəhəri 7 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə vəsat etmiş – X4 qalmış miras əmlaka (ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1 otaqdan, yaşayış sahəsi 12.7, ümumi sahəsi 12.7 kv.m-dən ibarətdir. Torpaq sahəsinin iki tərəfi yol, iki tərəfi qonşudur. Texniki pasporta əsasən A yaşayış evinə bitişik 38.4 m2 əlavə sahə inşa olunmuşdur. İV hovuz tikilisi sökülmüşdür. Yaşayış evi 1 mərtəbəli, 1 yaşayış otağından ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yenikənd küçəsində yerləşən 17 nömrəli evə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin iki tərəfi yol, iki tərəfi qonşudur. Faktiki sahəsi 1056.9 kv.m təşkil edir. Yaşayış evi birmərtəbəli və bir yaşayış otağından ibarətdir. Vahid elektron kadastr baza məlumatarına əsasən koordinatlarla verilmiş sahə Türkan üzümçülük Sovxozun ərazisidir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, vərəsə kimi nənəsi Z.Süleymanovaya məxsus həmin 17 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun nənəsinə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşdən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədi, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mart 1964-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir və həmin sənəd hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı nənəsinə məxsus daşınmaz əmlakla bağlı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, digər əsasa istinad etmişdir. Belə ki, həm iddiaçıya verdiyi imtina məktubunda, həm də məhkəməyə təqdim etdiyi etirazında cavabdeh: 1 miras qoyan X9 adına vərəsəlik işinin açılması və İddiaçı vərəsə kimi tanınmasına dair notariat ofisinin məktubu təqdim edilməməsinə;
2. texniki pasporta əsasən “A” yaşayış evinə bitişik 38.4 kv.m əlavə sahə inşa edilməsinə istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edilməsi tapşırılmışdır. Göründüyü kimi, müvafiq Fərmanla əlavə tikililər inşa edildiyi halda belə, həmin tikililər istisna olmaqla daşınmaz əmlakın qeydə alınması müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı əlavə tikililərə münasibətdə Z.Süleymanovanın mülkiyyət hüququna dair arayış verilməsi ilə bağlı hər hansı bir tələb irəli sürməmişdir. Belə olan halda, cavabdehin həmin əsasa istinad edərək, iddiaçıya imtina cavabı verməsi əsassız olmuşdur. Vərəsəliklə bağlı sənədin təqdim edilməsinə gəldikdə, vəfat etmiş şəxsin adının texniki pasportda X6 qeyd olunmasına baxmayaraq, işin halları ilə həmin şəxsin X11 olması müəyyən edilir, hansı ki, iddiaçı həmin şəxslə bağlı Bakı şəhəri 7 saylı Notariat ofisinin müvafiq məktubunu təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq
qərara aldı:
İddia təmin olunsun. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun vəfat etmiş X7 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova