Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12963/2025 18.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək NS00039801 nömrəli 30 iyun 2025-ci il tarixli Şəhadətnmənin etibarsız hesab edilməsi və əldə etdiyi ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsi barədə kvalifikasiyanın tanınması barədə Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü ildə Azərbaycan Respublikası DİN-nin dövlət tərəfindən maliyyələşdirilən xüsusi göndərişlə və Rusiya dövləti arasında dövlətlərarası müqaviləyə əsasən ali təhsil almaq üçün RF-in DİN-non Kikot adına Universitetinə göndərilmişdir. Həmin ali təhsil müəssisəsini 2018-ci ildə bitirmişdir. 2018-ci ildən Azərbaycan daxili işlər orqanlarında işləmişdir və 10 ildən artıq əmək stajı vardır. xx.xx.2024-cü ildə öz xahişi ilə orqandan çıxmışdır. Hal-hazırda ali təhsilə aid xarici dövlətlərin kvalifikasiyaların tanınması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir, lakin heç bir əsas olmadan imtahana salaraq imtahan nəticəsinə görə keçid balı toplamadığı üçün kvalifikasiyanın tanınması barədə şahədətnamə verilməkdən 30 iyun 2025-ci ildə imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2036 nömrəli Fərmanı ilə təsdiq olunmuş Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 6.2-ci bəndində qeyd olunmuşdur ki, Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisarları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X4nin (bundan sonra - DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla İDİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. İddiaçının əldə etdiyi kvalifikasiya Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyadır. Göründüyü kimi iddiaçı daxili işlər nazirliyinin Rusiya Federesiyasının daxili işlər nazirliyi arasında bağlanmış beynəlxalq müqaviləyə əsasən təhsil almışdır. Həmin təhsil haqqını dövlət proqramı çərçivəsində dövlət ödəmişdir.
3. Cavabdehin NS00039801 nömrəli 30 iyun 2025-ci il tarixli Şəhadətnaməsinin surətinə əsasən Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinin magistatura səviyyəsində hüquqşünaslıq – cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə İddiaçı bu sənəd təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir, ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
4. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, AR-nın Daxili İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinə təhsil almaq məqsədilə ezam olunmuşdur. Təhsilin dövlət sifarişi əsasında həyata keçirildiyini nəzərə alaraq, iddiaçı AR X4 tərəfindən keçirilən imtahandan azad olunmasını xahiş etmişdir. Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (Bundan sonra- Qaydalar) 6.1-ci bəndinə əsasən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. Qaydaların 6.2-ci bəndinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçilərin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X4nin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur və 6.3-cü bəndə əsasən “X5 X3”, “QS X3” və “Academic Ranking of World Universities (Shanghai Ranking)” beynəlxalq reytinq qurumlarının tərtib etdiyi sıralamaların azı birində ərizəçinin qəbul olunduğu ildə ilk 500 pillədə yer alan təhsil müəssisələrindən əldə edilmiş kvalifikasiyalar, Azərbaycan gənclərinin dövlət proqramları çərçivəsində xarici ölkələrdə əldə etdikləri ali təhsil üzrə kvalifikasiyalar (Müvafiq olaraq, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028- ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Respublika Prezidentinin sərəncamları ilə müəyyən olunur) və yalnız Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar qeyd olunan sınaq imtahanlarından azad olunurlar. Hazırkı işin faktiki halları üzrə iddiaçının xarici dövlətin ali təhsil müəssisəsində əldə etdiyi tədrisin xüsusiyyətlərinə baxıldıqda yuxarıda qeyd olunan halların heç birinin mövcudluğu müəyyən edilmədiyindən inzibati icraat zamanı onun peşə tanınması üzrə imtahandan azad edilməsi nəzərdə tutulmamışdır.
5. Məhkəmənin iclasında izahat verən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü
7. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
8. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
9. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir.
10. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. İş materiallarından göründüyü kimi, İddiaçı hüquqşünaslıq ixtisası üzrə magistr pilləsində Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetində əyani formada təhsil almışdır. Ona bu barədə xx.xx.2018-ci il tarixli, 107724 ******* nömrəli diplom verilmişdir.
13. Cavabdehin NS00039801 nömrəli 30 iyun 2025-ci il tarixli xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair Şəhadətnaməsi ilə ərizəçinin magistatura səviyyəsində hüquqşünaslıq – cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququnun tanınması qərara alınmışdır. Həmin şəhdətnamə iddiaçının ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir.
14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
15. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.7. qismən tanınma – xarici dövlətin ali təhsil müəssisəsində təhsil alan şəxsin natamam ali təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirə bilməsi üçün həyata keçirilən akademik tanınma növü; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 7.8. Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır: 7.8.4. tanınmanın növü: 7.8.4.1. akademik tanınma (tam, qismən, şərti, alternativ); 7.8.4.2. peşə tanınması; 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası X4nin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavədə müəyyən olunmuş Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların siyahısı:
51. 060212.Hüquqşünaslıq
18. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2018-ci il tarixli, 107724 ******* nömrəli magistr Diplomuna əsasən İddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetinə qəbul olunmuş və 2018-ci ildə həmin universiteti bitirmiş və Hüquq üzrə magistr pilləsində təhsil almışdır. İddiaçının müraciəsti əsasında cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsi tərəfindən İddiaçı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 107724 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron (NS00039801 nömrəli 30 iyun 2025-ci il tarixli) şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Həmin Şəhadətnaməyə əsasən magistatura səviyyəsində hüquqşünaslıq – cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ tanınır, ixtisas üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququ isə verilmir.
19. İddiaçı hazırda həmin şəhadətnamənin etibarsız hesab edilərək hüquqşünaslıq ixtisası üzrə peşə fəaliyyəti ilə məşğul olmaq hüququnun verilməsi barədə kvalifikasiyanın tanınması barədə Şəhadətnamənin verilməsinə dair qərar qəbul edilməsini xahiş edidr.
20. Cavabdehin (nümayəndəsinin) etirazın dəlili olaraq şifahi izahatına və təqdim olunan rəyə əsasən müəyyən olunur ki, iddiaçı “X4” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanlarda iştirak etdiyi və minimum 15 bal topladığı təqdirdə diplomun peşə tanınmasının da həyata keçirilməsi mümkündür, lakin İddiaçı “X4” publik hüquqi şəxsi tərəfindən təşkil edilən imtahanda iştirak etmiş və 9 bal toplamışdır.
21. Məhkəmə diplomun peşə tanınması tələbinə münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş etirazın (mülahizənin) dəlilləri ilə razılaşır və qeyd edir ki, İddiaçı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin V.Y.Kikot adına Moskva Universitetində hüquqşünaslıq ixtisası üzrə magistatura təhsil qazanmış və ona Hüquq üzrə magistr dərəcəsi verilmişdir. Odur ki, iddiaçının ixtisası (hüquqşünaslıq) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əlavədə müəyyən olunmuş Peşə tanınması zamanı sınaq imtahanlarının keçirilməsi tələb olunan ixtisasların siyahısına daxildir (51. 060212. Hüquqşünaslıq).
22. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hüquq ixtisası üzrə peşə tanınmasının əldə edilməsi üçün şəxsin (iddiaçının) Azərbaycan Respublikası X4nin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur və sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası, keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.
23. Məhkəmə müəyyən edir ki, X4 tərəfindən müəyyən olunmuş tələblərə əsasən xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.
24. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası X4 tərəfindən keçirilmiş xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda iştirak etmiş və 9 bal toplamışdır (bu fakt işin mübahisəsiz halı olmaqla iddiaçı tərəfindən münasibət bildirilməmişdir).
25. Məhkəmə nəzərə alır ki, xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahanda müvəffəqiyyət qazanılması (keçid balının toplanması) qanunvericiliyin birbaşa tələbi olduğundan və imtahan nəticələrinin qiymətləndirilməsi qaydası, keçid balı X4 tərəfindən müəyyən edildiyindən İddiaçı müvafiq imtahanda keçid balını (15 bal) toplamaması diplomun peşə tanınmasından imtina edilməsi üçün qanuni əsasdır.
26. İddiaçı iddia tələbinin əsası olaraq bildirmişdir ki, onun əldə etdiyi kvalifikasiya Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyadır. İddiaçı Daxili İşlər Nazirliyinin Rusiya Federesiyasının daxili işlər nazirliyi arasında bağlanmış beynəlxalq müqaviləyə əsasən təhsil almışdır.
27. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hökumətlərarası təqaüd proqramları (HTP) “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil imkanı yaradır.
28. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərman ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. 2.6. Bu Qaydaların 2.4.2 – 2.4.5-ci yarımbəndlərində qeyd olunan sənədlər Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır. 2.7. Bu Qaydaların 2.6-cı bəndinin tələbləri aşağıdakı kvalifikasiyalara münasibətdə tətbiq edilmir: 2.7.2. Nazirliklə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində əldə edilmiş kvalifikasiyalar;
29. Göründüyü kimi Nazirlik dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi nəzərdə tutulur. Odur ki, iddiaçının Daxili İşlər Nazirliyi ilə oxuduğu ölkənin Daxili İşlər Nazirliyi arasında bağlanılan beynəlxalq müqaviləyə istinad etməsi hazırkı tələbin təmin olunması üçün əsas hesab edilə bilməz.
30. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
33. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva