Məhkəmə qərarları › İş №2-1(112)-12969/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12969/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12969/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı, üçüncü şəxslər X6 və X12, “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi (əri) X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı, X6 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında iki fərdi yaşayış evi mövcuddur. Hər iki ev daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. Hər iki evin ünvanı ev 65-dir. **********52-10301 reyestr nömrəli ev - 1/3 hissəsi X9 və 2/3 hissəsi X10 paylı mülkiyyətindədir. **********96-10301 reyestr nömrəli ev 2/4 hissə X1, 1/4 hissəsi X2, 1/4 hissəsi X7 paylı mülkiyyətindədir. İddiaçı (bundan sonra – iddiaçı) X8 gəlinidir. İddiaçı N.Abasovanın oğlu X11 ilə 4.06.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və N.Abbasovanın yaşadığı ev 65 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, hal-hazırda orada yaşayır. X13, X12 (bundan sonra – üçüncü şəxslər) və X11 notarial qaydada təsdiq edilmiş ərizələrində iddiaçının ünvan 1 ünvanına qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İddiaçı yuxarıda göstərilən ünvana qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirilmişdir ki, “...evə dair hüquq müəyyənedici başqa sənədlər olmadığından Sabunçu RPİ QMB-si göstərilən ünvana qeydiyyata alınmağı imkan xaricindədir”. Həmin məktubla iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə həyatı qurmamışdan əvvəl Bakı şəhəri Xətai Rayon Polis idarəsinin İnzibati binasında qeydiyyatda olub. Sonra naməlum səbəblərə görə Xətai rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılıb. X3 məxsus paylı mülkiyyətinə qeydiyyata düşmək istəsə də, cavabdeh onu həmin evə qeydiyyata almamışdır. Hesab edir ki, cavabdehin imtinası əsasızdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, ünvan 3 ünvanında iki fərdi yaşayış evi mövcuddur. Hər iki ev daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrı qeydiyyat nömrələri ilə qeydiyyatdan keçmişdir. Hər iki evin ünvanı ev 65-dir. İddiaçı 4.06.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və N.Abbasovanın yaşadığı ev 65 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, halhazırda orada yaşayır. İddiaçının yaşadığı **********96-10301 reyestr nömrəli ev 2/4 hissə X1 və hər birinin payı 1/4 hissə olmaqla üçüncü şəxslərin paylı mülkiyyətindədir. Evin paylı mülkiyyətçilərindən üçüncü şəxslər notarial qaydada ərizə verərək iddiaçının göstərilən ünvana qeydiyyyata düşməsinə etiraz etmədiklərini bildirirlər. Lakin paylı mülkiyyətçilərdən X5 xx.xx.2013-cü il tarixdə öldüyündən onun razılığını almaq mümkün olmamış və cavabdeh iddiaçının həmin evə qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh imtina məktubunda formal əsaslara istinad etsə də, işin hallarından görünür ki, iddiaçının müraicətinin təmin olunmasından, evin paylı mülkiyyətçilərindən R.Pənahovanın ölməsi səbəbindən razılığının alınmamasına görə imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır, iddia tələbi təmin olunmalıdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Hazırda iddiaçının faktiki olaraq yaşadığı və qeydiyyata alınmaq istədiyi evin hüquqmüəyyənedici sənədi mövcuddur. Evin paylı mülkiyyətçilərindən üçüncü şəxslər iddiaçının həmin evə qeydiyyata düşməsinə etiraz etmirlər. Məhkəmə qeyd edir ki, digər paylı mülkiyyətçinin ölməsi səbəbindən onun razılığının alına bilməməsi, iddiaçının faktiki olaraq yaşadığı evə qeydiyyata alınmasından imtina etmək üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Normadan göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçiləri qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sərəncam vermək ixtiyarına malikdirlər. İddiaçının göstərilən evə qeydiyyata alınması paylı mülkiyyətçilərdən üçüncü şəxslərin iradəsinə uyğundur. Normadan göründüyü kimi, əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur. Hazırkı işdə isə, iddiaçının həmin evə qeydiyyata alınması evin özgəninkiləşdirilməsi, yüklü edilməsi və ya təyinatının dəyişdirilməsi hesab edilmir. Bundan başqa Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, R.Pənahovanın ölümündən sonra vərəsəlik işi açılmamışdır. Məhkəmə qeyd edir ki, R.Pənahovanın ölümü ilə bağlı vərəsəlik işinin olmaması və vərəsəliyin açılmasının qeyri-müəyyən vaxta gözlənilməsi, iddiaçının faktiki olaraq yaşadığı evə qeydiyyata alınmasına mane olmamalıdır. Məhkəmə bu zaman onu da nəzərə alır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarından ifadə edilmiş hüquqi mövqeyə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Məhkəmə hesab edir ki, iddiaçı tələbinin təmin olunması üçün zəruri olan faktiki şərtləri sübuta yertirdiyindən iddia tələbi təmin olunmalıdır. İnzibati prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar