Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1297/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, İddiaçı müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023- cü ilə qədər əlillik altsistemində bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı ildə ümumi xəstəlik səbəbindən 1-ci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti müddətsiz müəyyən edilmişdir. Əlillik təyinatı zamanı diaqnoz bölməsində ‘‘Xroniki böyrək xəstəliyi V mərhələ. Xr böyrək çatışmamazlığı V m., hemodializ (20.10.15-ci ildən KTM.da proqramlı hemodializ, həftədə 3 dəfə 4 saat hazırkı dövrə kimi davam edir.)” qeyd olunmuşdur. Sonradan yəni 2019-cu ildə İddiaçı təyin edilmiş əlillik əlillik alt sistemində etibarsız hesab edilmişdir. Sonradan İddiaçı xəstəliyi ağırlaşmış və 2023-cü ildə o təkrar müavindən keçirilmiş və ona 2-ci dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ildə təyin edilmiş əlilliyin müddəti xx.xx.2025-ci ilədək müəyyən edilmişdir. Hesab edir ki, İddiaçı müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi tarixdən, yəni iyun 2019-cu ildən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi zərurət təşkil edir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. İddiaçı yuxarıda qeyd edilən xüsusatlarla bağlı cavabdehə müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh iddiaya yazılı etirazını təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasnın 2-1(103)-3805/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9440/2024 nömrəli, 05 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməklə inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü ilə qədər əlillik altsistemində bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Təkrar məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Məlumatından görünür ki, iddiaçıya “Xroniki böyrək xəstəliyi V mərhələ, Xr böyrək çatışmamazlığı V m., hemodializ (20.10.15-ci ildən KTM.da proqramlı hemodializ, həftədə 3 dəfə 4 saat hazırkı dövrə kimi davam edir.)” diaqnozu üzrə xx.xx.2016-cı ildə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavininə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə 1-ci dərəcə əlillik təyin olunan 2127 nəfər xəstədən 15 nəfəri hazırda hemodializ müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfəri isə vəfat etmişdir. 164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. 848 nəfər isə hemodializ xəstələrinin elektron registrində mövcud deyil. Qeyd olunan 848 nəfərdən yalnız 632 nəfərə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” vasitəsilə ilə Tibbi-Sosial Ekspert Komissiyalarına göndərişlər verilmişdir, qalan 216 nəfər barədə məlumat mövcud deyil. İşdən görünür ki, cavabdeh Nazirliyin bu məktubu əsas götürərək xx.xx.2020-ci il tarixən iddiaçının əlilliyini etibarsız hesab etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-96904/2023 saylı qərarında göstərilmişdir ki, “...Füzuli rayon sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi səbəbi ilə etdiyi müraciət əsasında, əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmişdir. Əlillik AS-də olan məlumatlara əsasən, Bakı 18 nömrəli Şəhər Poliklinikasının 0074003AABM2 nömrəli göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən (əsas diaqnoz: "Xroniki böyrək xəstəliyi V mərhələ, hemodializ xx.xx.2015-ci ildən KTM-də proqramlı hemodializ, həftədə 3 dəfə 4 saat hazırkı müddətə kimi davam edir”) qiymətləndirilmiş, və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.4 bəndinə müvafiq birinci dərəcə müddətsiz ilkin əlillik təyinatı aparılmışdır. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli xx/xx-2564 nömrəli məktubu əsasında **********1 ESDAS nömrəsi ilə, hemodializ seanslarının Əlillik AS reyesterində aşkarlanmadığından, etibarsız edilmişdir. xx.xx.2021-ci il tarixli Şuşa Rayon Mərkəzi Xəstəxanasının 0348003AABYY nömrəli rəsmiləşdirilmiş göndərişi (əsas diaqnoz: "Xroniki böyrək xəstəliyi V mərhələ, Xroniki böyrək çatışmazlığı terminal mərhələ, Toksiki renal anemiya, Diabetik nefropatiya, Arterial hipertenziya İİİ dərəcə, Şəkərli diabet tip İİ) əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması, Səhiyyə Nazirliyinin Hemodializ reyesterində olmaması səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixində Bakı Baş Səhiyyə İdarəsinin P00130932ZTM nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən növbəti dəfə qiymətləndirilmiş və ona, ixtisaslaşmış tibb müəssisəsində ətraflı müayinə və müalicə olmaması səbəbindən, "Əlavə müalicəyə ehtiyacın olması” qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş, xx.xx.2023-cü il tarixində DTSERA-ya müraciət etmiş, həkim-mütəxəssislər tərəfindən müayinə edilmiş, xəstənin sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verdiyi məlum olmuş, lakin ləğv edilmiş əlillik təyinatı olduğundan xx.xx.2023-cü il tarixində Tibbi-Sosial Ekspert Komissiyasına dəvət edilmişdir. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri, hər iki bel nahiyyəsində ağrı, yüksək şəkər, təzyiq, ağızda quruluq, baş ağrıları, əsəbilik, ayaqlarda ağrı, keyimə və ümumi halsızlıq olmuş, anamnestik olaraq uzun müddətdir "Şəkərli diabet” xəstəliyindən əziyyət çəkdiyini, mütəmadi olaraq həkim-uroloq və həkim- endokrinoloq nəzarətində olduğunu və dəfələrlə konservativ müalicə aldığını bildirmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi avazımış, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə aydın eşidilmiş, A/T 130/90 mm cv.st., nəbz ritmik (1 dəqiqədə 65 vurğu), dili nəm, ərpsiz, qarnı yumuşaq və ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdə müsbət olmuşdur. xx.xx.2023-cü il tarixində vətəndaşa DTSERA-da aşağı ətraf arteriaların dopplerografiyası müayinəsi keçmiş və həmin müayinənin nəticəsinə əsasən magistral tipli axınlar izlənilmiş, burada aparılmış qanın biokimyəvi analizlərinin nəticəsinə əsasən kreatinin 363 mkmol/l, sidik cövhəri isə 19,64 mmol/l kimi müəyyən edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Akademik M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz "Şəkərli diabet İİ tip. Diabetik nefropatiya. Hər iki böyrəyin kistaları. Xroniki böyrək xəstəliyi İİİ mərhələ” (kreatinin 237 mmol/l, sidik cövhəri 12.4 mmol/l, qalıq azot 29 mmol/l, ümumi zülal 75 q/l); Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli stasionar xəstənin tibbi kartasından 008715 nömrəli çıxarışına əsasən diaqnoz "Xroniki kalkulyoz pielonefrit. Diabetik nefropatiya. Böyrəklərin polikistozu. Nefrogen hipertenziya. Xroniki böyrək xəstəliyi İİİ mərhələ. Şəkərli diabet tip İİ”; Bakı Respublika Endokrinoloji Mərkəzin 16.08.203-cü il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz "Şəkərli diabet tip İİ, insulintələbli, çoxsaylı ağırlaşmalarla. Piylənmə İİ dərəcə. Diabetik polineyropatiya. Diabetik angiopatiya. Dismetobalik ensefalopatiya. Aşağı ətrafların ödemi. Diabetik nefropatiya İİİ mərhələ. Nefrogen hipertenziya” şəklində göstərilmiş, Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibbi Mərkəzinin xx.xx.2016-ci il tarixli 13778 nömrəli arayışına əsasən "Xroniki pielonefrit. Xroniki böyrək çatışmazlığı, terminal mərhələ” diaqnozu ilə xx.xx.2015-ci il tarixindən 6 ay müddətində həftədə 3 dəfə 4 saat proqramlı hemodializ müalicəsi alması barədə arayış təqdim etmiş, lakin hal hazırda hemodializ senaslarına davam etmədiyini bildirmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixində "MedServis ÖTM”də aparılmış qanın biokimyəvi analizlərinin nəticəsinə əsasən qanda keratinin miqdarı - 269.0 umol/l, sidik cövhəri - 14.3 mmol/l, qlükoza - 10.5 mmol/l olduğu müəyyən edilmişdir. Anamnestik məlumatlar, obyektiv, instrumental və laborator müayinələrin nəticələrinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 4.1.1.2 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən iki il müddətinə orqanizmin funksiyalarının 80% (səksən faiz) pozulması barədə qərar qəbul edilmişdir.» İddiaçı hazırda ona təyin edilmiş əlilliyin etibarsız hesab ediliyi xx.xx.2020-ci il tarixdən yenidən əlillik təyin edilən xx.xx.2023-cü il tarixədək bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə “qanuna uyğun” olmalıdır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Qanunun 67.3 və 67.4-cü maddələrinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. İstinad olunan normalardan görünür ki, inzibati akt ünvanlandığı şəxs üçün ona məlumat verildiyi andan hüquqi qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu məcburi hüquqi qüvvə təkcə maraqlı şəxsə deyil, eyni zamanda inzibati orqana münasibətdə də məcburidir və işin hallarının müəyyən edilməsi üçün preyudisial əhəmiyyətə malikdir. Yəni həmin inzibati akt ləğv olunana, geri çağırılana, dəyişdirilənə və ya qüvvədə düşənə qədər aktda təsbit olunmuş halların həqiqətən mövcudluğu qəbul edilməlidir. Qanunverici inzibati aktın ləğv olunma qaydasını müəyyən etmiş, qanunsuz əlverişli inzibati aktın yalnız müəyyən məhdudiyyətlər daxilində ləğv olunmasının mümkünlüyü təsbit edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Əlilliyin qiymətləndirilməsi ilə bağlı icraat qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını etibarsız hesab edərək ona təyin edilmiş əlilliyi “Əlillik” Altsistemində ləğv etmiş, bununla bağlı ayrıca yazılı formada inzbati akt qəbul etməmişdir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini elektron sistemdə ləğv etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, onun barəsində qəbul edilmiş inzibati aktın nəticəsini şübhə altına almaqla onun nəticələrini ləğv edərkən, iddiaçının dinlənilmə hüququnu təmin etməmiş, qüvvədə olan inzibati aktın ləğv edilməsi barədə ayrıca yazılı akt formasında qərar qəbul etməmişdir. Bununla cavabdeh həmin inzibati icraat, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edirr ki, cavabdehin iddiaçının hüquqlarına müdaxiləsinin qanuni əsası olmamış, maddi və prosessual hüquq norlamarını pozmuşdur, bu isə hazırkı iddianın əsaslı olması qənaətinə gəlmək üçün kifayətdir (bununla bağlı oxşar mövqe yuxarı instasiya məhkəmələrinin qərarlarında da təsbit edilmişdir). İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müddətsiz olaraq təyin edilmiş 1-ci qrup əlilliyin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən 2-ci dərəcəli əlillik təyin olunan xx.xx.2023-cü il tarixə qədər əlillik altsistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-1297/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1297/2025
05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver