Məhkəmə qərarları › İş №2-1(112)-12972/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12972/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12972/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı müraciətə cavab verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən öhdəliyin icrası haqqında imtina, həm də cavabdeh tərəfindən hərəkətsizlik edildiyindən ünvan 1 ünvanda (qardaşına məxsus yaşadığı evə yaxın, su nasosu stansiyasının, MEGA AZ şirkətinin yanı, Büllur şadlıq evi ilə üzbə üz) onlara məxsus torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədləşdirilməsi ilə bağlı, torpaq sahəsinin kimin balasında olmasını aydınlaşdırmaqda köməklik göstərilməsi barədə müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsi cavabdehlərin üzərinə öhdəliyin qoyulması, cavabdehlərin hər birindən qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 500 (beş yüz) AZN, mənəvi ziyana görə 1000 (min) AZN, cəmi 1500 (min beş yüz) AZN məbləğində kompensasiyanın tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında bildirmişdir ki, onun anasına sökülən evlərinin əvəzində başqa bir yerdə torpaq sahəsi ayrılmışdır. O isə hazırki iddiada məlumat almaq istədiyi ünvan 1 ünvanında yerləşən qeyd edilən torpaq sahəsinin onlara verilməsini istəyir. Bununla bağlı torpaq sahəsinin kimin balansında olmasını öyrənmək üçün cavabdeh orqanlara müraciət etmişdir. Lakin ona müxtəlif məzmunlu cavablar verilmiş, torpağın kimin balansında olması cavablandırılmamışdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi həm iddiaçının subyektiv hüququ olmadığından, həm də ümumiyyətlə iddia tələbində qeyd edilən məlumatların verilməsi Xidmətin səlahiyyətlərinə aid olmadığından iddianın mümkün sayılmamasını xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Hazırkı işdə iddiaçı ona məxsus torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədləşdirilməsi ilə bağlı, torpaq sahəsinin kimin balasında olmasını aydınlaşdırmaqda köməklik göstərilməsi barədə müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsini tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki: - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2025-ci il tarixli cavab məktubu ilə iddiaçının ünvan 2 ünvanında yaşayan İddiaçı Bülbülə qəsəbəsi ərazisində yerləşən 0,06 hektar torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından İqtisadiyyat Nazirliyinə daxil olmuş (daxilolma qeydiyyatı: 3-21/1-Q-2102-8/2025 nömrəli, xx.xx.2025-ci il tarixli) müraciətini “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinə uyğun olaraq, vətəndaşın torpaq sahəsi ilə bağlı müraciəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırılaraq müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə vətəndaşa məlumat verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə və Suraxanı rayonu Bülbülə bələdiyyəsinə göndərmişdir. - Suraxanı rayonu Bülbülə bələdiyyəsi xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Milli Məclisin 2007-ci il 23 oktyabr tarixində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna əsasən bildiririk ki, bələdiyyə torpaqlarından istifadə - onların hüquqi və fiziki vətəndaşlar tərəfindən alınması, icarəyə, yaxud istifadəyə götürülməsi mümkün deyil və bələdiyyələrdə torpaqla bağlı hər hansı bır sərəncam verə bilməzlər. Qeyd edək ki, 2007cı ilin sonlarında Ədliyyə Nazirliyinin göstərişi ilə bələdiyyələrə torpaq satışı qadağan edilib. Hal-hazırda Bülbülə bələdiyyəsinin mülkiyyətində boş torpaq sahəsi olmadığından, xahişinizin yerinə yetirilməsi imkanımız xaricindədir. - Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsinə əsasən tikinti layihələri həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara), o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 504 nömrəli Qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilmişdir və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, Bakı şəhərinin müvafiq əraziləri (hissələri) üzrə müfəssəl planı hazırlanmaq mərhələsindədir. Qeyd olunanları nəzərə alaraq, hazırki mərhələdə torpaqayırma məsələsinə münasibət bildirilməsi imkan xaricindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin iddiaçının müraciətinə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrindən məlumatlar yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə 31 iyul 2023-cü il tarixli, 5 nömrəli Qərarının müvafiq bəndinə uyğun olaraq xidmət haqqı məbləği ödənildiyi təqdirdə verilir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir. Göründüyü kimi, iddiaçının məlumat almaq istədiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə münasibətdə inzibati icraat qaydasında belə bir tələblə çıxış etməsi üçün subyektiv hüququ yoxdur. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Həmçinin, nəzərə almaq lazımdır ki, tələb olunan məlumatın verilməsinə dair sorğunun məqsədi, sorğu edilən məlumatın mahiyyəti, məlumatın əldə edilməsində sorğu edən şəxsin hüquqi marağı sorğuda əsaslandırılmalıdır. Başqa sözlə, iddiaçı sorğu vasitəsi ilə tələb etdiyi məlumatları əldə etməkdə müəyyən legitim və əsaslı məqsəd güdməli, həmin məlumatların təqdim olunması onun hüquqi marağı baxımından zəruri olmalı, müəyyən xidməti və ya ictimai ehtiyacların təmin olunması maraqlarından irəli gəlməlidir. Hazırkı mübahisəyə münasibətdə həmin məlumatların əldə olunmasında iddiaçı öz dəqiq məqsədi, tələb edilən məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində kəsb etdiyi əhəmiyyəti, hüquqi marağı baxımından məlumatların əldə olunmasının zəruriliyi barədə nə inzibati orqana, nə də məhkəməyə açıqlama verməmiş və bunu dəqiqliklə ifadə etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən ümumi şəffaflıq və informasiya əldə etmək hüququna istinad olunması həmin məlumatların tələb edilməsi üçün yetərli sayıla bilməz. Bu baxımdan xüsusi olaraq vurğulamaq lazımdır ki, məlumat əldə etmək hüququ heç bir ehtiyac və zərurət olmadan, şəxsin hüquqi maraqlarının təmin olunması məqsədi güdmədən hər bir halda informasiya tələb etmək anlamında qiymətləndirilə bilməz. Məhkəmənin bu yanaşması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ağalıyev Azərbaycana qarşı” 8135/12 nömrəli, 10 yanvar 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Avropa Məhkəməsinin həmin hüquqi mövqeyinə görə, “Məhkəmə “axtarılan məlumatın mahiyyəti” ilə bağlı əlavə müvafiq kontekstual təfərrüatlar olmadan ərizəçinin tələb etdiyi bütün məlumatların, məsələn, AzTV-nin yanacaq və təmir xərcləri və vebsaytın saxlanması xərcləri ilə bağlı məlumatların mütləq ictimai maraq doğuran məsələlər olmaları barədə ərizəçinin iddialarını qəbul edə bilməz. Eynilə, ərizəçinin verdiyi sualların xüsusiyyətlərini və təfərrüatlı xarakterini nəzərə alaraq, məlumatların “mövcud və əlçatan” olub-olmaması sualı yaranır. Sonuncu meyarla əlaqədar olaraq, Məhkəmə təkrar edir ki, Konvensiya ərizəçinin sorğusu üzrə məlumat toplamaq və onu ərizəçinin istədiyi xüsusi formada təqdim etmək öhdəliyi qoymur. Bununla belə, məhkəmə yuxarıda qeyd edilən iki meyarın yerinə yetirilibyetirilmədiyini təfərrüatlı formada araşdırmağı zəruri hesab etmir, belə ki, hazırkı işin halları ilə sıx əlaqəli olan məlumat əldə edilməsinə dair sorğunun məqsədi və ərizəçinin roluna dair vacib meyarların təmin olunması iş materialları ilə sübut olunmur. İş materiallarından ərizəçinin əldə etmək istədiyi məlumatların onun ifadə azadlığı hüququnun həyata keçirilməsində nə üçün mühüm rol oynadığı müəyyən edilmir və buna görə də ona bu məlumatların verilməsindən imtina edilməsi 10-cu maddəyə əsasən ərizəçinin ifadə azadlığı hüququna müdaxilə təşkil etmir. Konvensiyanın 10-cu maddəsi şəxslərə dövlət orqanında olan məlumatları əldə etmək hüququnu vermir və dövləti həmin şəxsə belə məlumatları verməyə məcbur etmir. Bununla belə, birincisi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə belə məlumatların açıqlanması tələb olunduqda və ikincisi, informasiyanın əldə edilməsi fərdin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün bir vasitə olduğu halda, belə bir hüquq və ya öhdəlik yarana bilər. Məlumat verilməsindən imtina edilməsinin ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olub-olmaması və ya hansı dərəcədə müdaxilə təşkil etməsi hər bir fərdi işə əsasən və həmin işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. Konvensiyanın 10-cu maddəsinin dövlət orqanlarının məlumatı açıqlamaqdan imtinasına şamil edilibedilmədiyini müəyyən etmək üçün aşağıdakı meyarlar müəyyənləşdirilmişdir: (a) məlumatın verilməsinə dair sorğunun məqsədi; (b) sorğu edilən məlumatın mahiyyəti; (c) məlumatın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğu edən şəxsin xüsusi rolu və (d) sorğu olunan məlumatın mövcudluğu və əlçatanlığı.” Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən öhdəliyin icrası haqqında imtina, həm də cavabdeh tərəfindən hərəkətsizlik edildiyindən ünvan 1 ünvanda (qardaşına məxsus yaşadığı evə yaxın, su nasosu stansiyasının, MEGA AZ şirkətinin yanı, Büllur şadlıq evi ilə üzbə üz) onlara məxsus torpaq sahəsinin mülkiyyətə verilməsi üçün sənədləşdirilməsi ilə bağlı, torpaq sahəsinin kimin balasında olmasını aydınlaşdırmaqda köməklik göstərilməsi barədə müraciətlərinə qanuna müvafiq qaydada cavab verilməsinin cavabdehlərin üzərinə qoyulması hissəsində mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin cavabdehlərin hər birindən qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana görə 500 (beş yüz) AZN, mənəvi ziyana görə 1000 (min) AZN, cəmi 1500 (min beş yüz) AZN məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi hissəsi ilə bağlı bildirir ki, həmin tələb mümkün sayılmayan ilkin tələblərdən irəli gəldiyindən iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar