Məhkəmə qərarları › İş №2-1(112)-12973/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12973/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12973/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı avtomobilin qeydiyyata alınması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Opel Astra markalı maşının adına keçirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 016-126740B-3222 nömrəli məktuba əsasən “Opel Astra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X9 İdarəsinə ünvanladığı müraciəti ilə əlaqədar əməkdaşlar tərəfindən onunla telefon əlaqəsi saxlanılarkən göstərdiyi xüsusatlara aydınlıq gətirilmiş və qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilmişdir. Bir daha diqqətinə çatdırılmışdır ki, “Opel Astra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair DİN Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. - xx.xx.2022-ci il tarixli, ƏN-V nömrəli, 374231 nömrəli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə”yə əsasən X2 Astra Minik markalı, mühərrik nömrəsi 14399132, buraxılış ili 1992-ci il, BAN: W0L000051P2580751, 10RB346 dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 7 il 10 ay 2 gün müddətinə, xx.xx.2028-ci il tarixədək qüvvədə olan avtomobildən istifadəyə dair etibarnamə vermişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 016-141247-1222 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, “Opel Astra” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2007-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatda olan X1 adına qeydiyyatdadır. Məktuba qoşma şəklində əlavə olaraq nəqliyyat vasitəsi və etibarnamə verilmiş şəxslər barədə məlumatların komputer çıxarışı əlavə edilmişdir, iddiaçının adı da, sözügedən siyahıda aşkar edilməmişdir. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçının mübahisəli nəqliyyat vasitəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədləri mövcud olmayıb, adına qeydiyyata alınmasını tələb etdiyi nəqliyyat vasitəsinə dair tələb irəli sürmək üçün subyektiv hüquqi mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə eləcə də, qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən cavabdeh qismində qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasında səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi olmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərilmişdir.Əlavə olaraq, iddiaçı tərəfindən iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmamışdır. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü və 48-ci maddələrinin tələbləri baxımından hüquqi yardım məktubu göndərilərək, iddia ərizəsində olan çatışmazlıqların aradan qaldırılması təklif edilməsinə baxmayaraq, iddiaçı tərəfindən sözügedən çatışmazlıqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar