Məhkəmə qərarları › İş №2-1(112)-12973/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12973/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12973/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 07 noyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (iddia ərizəsində iddiaçının adında olan texniki səhv onun nümayəndəsi və vəkilinin müraciətinə əsasən məhkəmə qərardadı ilə aradan qaldırılmışdır) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun layihəyə uyğun olaraq İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanında zirzəmili, 4 mərtəbəli və texniki mərtəbəli, əsas sahəsi 1227,0 kv.m, köməkçi sahəsi 1934,70 kv.m ümumi sahəsi 3161,70 kv.m olan qeyri-yaşayış sahəsi sökülərək, tərəfindən yenidən tikilmişdir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi də mülkiyyətindədir. Daşınmaz əmlakın qanunamüvafiq şəkildə yenidən tikilməsi zamanı müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmışdır. Belə ki, qeyri-yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin 254 saylı xx.xx.2013-cü il tarixli Sərəncamı ilə sökülərək, yenidən inşa edilmiş, mövcud tikilinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 18/03-8/474 saylı, xx.xx.2008-ci il tarixli qeydiyyatla eskiz layihəsi və 18/03-8/3796 saylı, xx.xx.2008-ci il tarixli qeydiyyatla işçi layihəsi razılışdırılmışdır. Razılaşdırılmış eskiz layihəsinə uyğun tikinti işləri aparılmış, tikinti işləri başa çatdıqdan sonra qeyri-yaşayış sahəsi tərəfindən istifadə olunur. Yeni tikilən qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə müraciət etmiş, imtina cavabı ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa texniki baxış keçirilən zaman təqdim edilən qeyri-yaşayış binasına dair layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, qeyriyaşayış binası layihədə 4 mərtəbəli qeyd edilsə də, faktiki olaraq 6 mərtəbəlidir. Elektron kadastr məlumatına əsasən, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə sahədən artıq olduğu və binanın 17 kv.m hissəsinin əlavə torpaq sahəsində inşa olunduğu müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində icarədə olan 0,0176 ha torpaq sahəsində yerləşən 5 nömrəli binada 419,5 kv.m. ümumi, 379,5 kv.m. əsas, 40,0 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 557 nömrəli vərəqində qeydiyyata alınmışdır; MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; MH seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanda mülkiyyətində olan (daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarış) 3 mərtəbəli qeyri-yaşayış binasının sökülüb, yerində ofis binasının tikintisinə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən etiraz edilmir və təqdim olunmuş eskiz layihəsinə baxıb, ("xxxx" MTK-nın işi, memar E.Orucov) razılaşdırılır. İşçi layihə X3 ekspertiza etdikdən sonra, razılaşdırılmaq üçün Memarlıq Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli məktubunda qeyd edilmişdir ki, razılaşdırılmı eskiz layihəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 5 ünvanda biznes mərkəzinin tikintisinə dair təqdim olunmuş işçi layihəsinə baxıb ("xxxx" MTK-nın işi, memar E.Orucov) razılaşdırılır; Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən etiraz edilmir və təqdim olunmuş eskiz layihəsinə baxıb, ("xxxx" MTK-nın işi, memar E.Orucov) razılaşdırılır. İşçi layihə X3 ekspertiza etdikdən sonra, razılaşdırılmaq üçün Memarlıq Şəhərsalma Baş İdarəsinə təqdim olunmalıdır; Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli sərəncamı ilə, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 5 ünvanda zirzəmili, dörd mərtəbəli və texniki mərtəbəli, əsas sahəsi 1227,0 kv.m., köməkçi sahəsi 1934,70 kv.m., ümumi sahəsi 3161,70 kv.m. olan mövcud biznes mərkəzi hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində icarədə olan 0,0176 ha torpaq sahəsində yerləşən 5 nömrəli binada 419,5 kv.m. ümumi, 379,5 kv.m. əsas, 40,0 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur daha sonra onun tərəfindən sökülərək yerində digər qeyriyaşayış binası tikilmişdir. Həmin ünvanda yerləşən 0,165 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli məktubları ilə mübahisə predmeti qeyriyaşayış binasının eskiz layihəsi və işçi layihəsi razılaşdırılmış və tikintisinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən qeyri-yaşayış binasının layihə sənədləri tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2008-ci il tarixli rəyindən də görünür ki, qeyri-yaşayış binasının layihə sənədləri bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürmüşdür. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesində icarədə olan 0,0176 ha torpaq sahəsində yerləşən 5 nömrəli binada 419,5 kv.m. ümumi, 379,5 kv.m. əsas, 40,0 kv.m. köməkçi sahədən ibarət 3 mərtəbəli qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur daha sonra onun tərəfindən sökülərək yerində digər qeyriyaşayış binası tikilmişdir. Həmin ünvanda yerləşən 0,165 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli məktubları ilə mübahisə predmeti qeyriyaşayış binasının eskiz layihəsi və işçi layihəsi razılaşdırılmış və tikintisinə etiraz edilməmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2008-ci il tarixli rəyinə əsasən qeyri-yaşayış binasının layihə sənədləri tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2008-ci il tarixli rəyindən də görünür ki, qeyri-yaşayış binasının layihə sənədləri bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Cavabdehtin tikintiyə icazə və istismara icazə sənədinin təqdim edilməməsi dəlillərinə münasibət məhkəmə qeyd edir ki, yuxarıda sadalanan Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli məktubları ilə mübahisə predmeti qeyri-yaşayış binasının eskiz layihəsi və işçi layihəsi razılaşdırılmış və tikintisinə etiraz edilməmişdir. İnzibati orqanın məzmun baxımından kifayət qədər aydın və anlaşılan olan, ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilən məktubu və ya digər rəsmi sənədi öz məzmununa görə inzibati akt kimi qiymətləndirilə bilər. Səlahiyyətli qurum tikintiyə icazə ilə bağlı məsələyə iradə ifadəsini həmin məktublarla bildirdiyindən, həmin sənədləri tikintiyə icazə barədə qərar kimi qəbul edilməlidir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, digər səlahiyyətli qurumlar tərəfindən layihə sənədləri tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Cavabdehin qeyri-yaşayış binasının sənəd üzrə 4 mərtəbə olsa da, faktiki 6 mərtəbə inşa edilməsi dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfin təqdim etdiyi həmin qeyri-yaşayış binasının fotoşəkillərindən görünür ki, cavabdehin qeyd etdiyi kimi 6 mərtəbə deyil, bir tərəfi 4 mərtəbə bir tərəfi isə 5 mərtəbə olaraq inşa edilmişdir. Lakin iddiaçı faktiki vəziyyətə uyğun olaraq deyil, razılaşdırılmış layihəyə əsasən daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması tələbini irəli sürmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd edilən dəlillər əsassız olmaqla iddianın təmin edilməsinin qarşısını alan hal kimi çıxış edə bilməz. Məhkəmə cavabdeh orqanın imtinasının (etirazının) dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində müəyyən olunmuşdur. İddiaçının sözügedən qeyri-yaşayış obyektinə layihəyə uyğun olaraq xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün cavabdeh tərəfindən irəli sürülmüş etiraz dəlillərinin heç biri, həmin Qanunun 15-ci maddəsində müəyyən olunan əsaslara aid edilmir. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının inşa etdiyi qeyri-yaşayış obyektinə layihəyə uyğun olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qeyri-yaşayış binasına razılaşdırılmış layihəyə uyğun olaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən qeyri-yaşayış binasına razılaşdırılmış layihəyə uyğun olaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar