Məhkəmə qərarları › İş №2-1(112)-12979/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12979/2025

27.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12979/2025 27.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) məxsus AO ******* nömrəli Hərbi Biletinə əsasən o, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona məxsus olan 01AB202 nömrəli maşının 10ZJ502 nömrəli qoşqulu soyuducusunda naməlum şəhid saxlamada və təxliyəsində xidmət etmişdir (Əsas: X7 Mərkəzi PHŞ-nın xx.xx.2021-ci il tarixli 581 nömrəli arayışı). X9 - Direktorun ASM işləri üzrə müavini, X8- Əməyin mühafizə üzrə mühəndis, X1 – Elektrik, X10 - Hərbi Polis, X14 - MN -nin Füzuli regional Məhkəmə tibbi ekspert laborantı tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, 44 günlük vətən müharibəsi başlayan kimi xx.xx.2020-ci il tarixindən İddiaçı 01 AD202 nömrəli xidməti yük maşının 10 ZJ502 nömrəli qoşqulu soyuducu yük maşın ilə xx.xx.2021-ci il tarixə kimi müharibə vaxtı döyüş meydanında şəhid olmuş naməlum hərbiçilər saxlanılmışdır. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 56/1 nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı geniş miqyaslı əks hücum əməliyyatlarının həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən gələn yaralı hərbiçilərə X7 Mərkəzində nümunəvi xidmət göstərmişdir. Qeyd: xx.xx.2020-ci il tarixindən - xx.xx.2020-ci il tarixə kimi X7 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 01 nömrəli arayışına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Vətən müharibəsi ilə əlaqədar olaraq xidmətdə olmuşdur. İddiaçı N nömrəli hərbi hissənin komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən “Vətən Müharibəsi”ndə Azərbaycan Ordusuna göstərdiyi dəstəyə və fədakar əməyinə görə Fəxri Fərmanla təltif olunmuşdur. İddiaçı “X7 Mərkəzi” PHŞ tərəfindən xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı X7 mərkəzinə ön cəbhədən gətirilən şəhid hərbiçilərin təxliyyə edilməsində göstərdiyi nümunəvi xidmətlərə görə Fəxri Fərmanla təltif edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra cavabdeh) tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası- Hərbi məsələlər şöbəsinin müdirinin müavinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. “Vətən müharibəsi” dövründə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “TƏBİB”-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmisiniz. Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidmətiniz, fəaliyyətiniz və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədlər olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən “Azərsun” Holdinqə daxil olan "xxxx" MMC-də sürücü vəzifəsində əmək müqaviləsi əsasında çalışmışdır. xx.xx.2014-cü ildə N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün yeməkxanasında aşbaz vəzifəsinə işə qəbul olunmuşdur. 44 günlük Vətən müharibəsi başlayanda xx.xx.2020-ci il tarixindən işdədiyi şirkətin rəhbərliyinin göstərişi əsasında üçün istifadəmə verilmiş 01 AD202 nömrəli xidməti yük maşının ** ZJ *** nömrəli qoşqulu soyuducu yük maşını ilə hərbçilərə ərzaq yardımının aparılmasını təmin etmişdir. Daha sonra ona şəhid olmuş hərbçilərin tanınmaz halda olan cəsədlərinin X7 X2 təhvil alınması, yararlı hərbçilərə yardım göstərmişdir. O, xx.xx.2021-ci il tarixədək Vətən müharibəsi ilə əlaqədar olaraq xidmətdə olmuşdur. Bu faktı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışı da təsdiq edir. Ona məxsus hərbi biletdə maşınıyla naməlum şəhidlərin saxlanılmasında və təxliyəsində xidmət etdiyi xüsusi olaraq qeyd olunmaqla X7 X3 xx.xx.2021-ci il tarixli 581 nömrəli arayışına istinad olunmuşdur. Bu yaxınlarda Müdafiə Nazirliyinə veteran statusunun verilməsi ilə bağlı müraciət etsə də ona xx.xx.2025-ci il tarixli imtina məktubu verilmişdir. Həmin məktubu iyun ayının 22-də poçt vasitəsilə qəbul etmişdir. Həmin məktubda onun hər hansı hərbi hissədə xidmətinin olmadığı əsas gətirilmişdir. Halbuki, o, müharibə qurtarandan sonra da cəbhədə qalaraq naməlum şəhid cəsədlərinin toplanmasında, saxlanılmasında və təxliyəsində, valideynlərinə təhvil verilməsində şəxsən iştirak etmişdir. Fəxri fərmanlarla və təşəkkürnamə ilə fəaliyyəti nümunəvi qiymətləndirilmişdir. Hesab edir ki, bu imtina tam əsassız və qanunsuzdur, Vətən müharibəsində iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin” verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli 3-25-14/2-H-98xx-xx/2025 nömrəli məktubuna əsasən iddiaçının Müdafiə Nazirliyinin tabeliyində hər hansı hərbi hissə və bölmələrdə xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığını yerinə yetirməsi barədə təsdiqedici sənədlər olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İnzibati iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Vətən müharibəsi” dövründə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “TƏBİB”-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. İddiaçı Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə ezam edilməmiş və həmin vaxt hərbi qulluqçu statusuna malik olmamışdır. Göründüyü kimi iddiaçı həmin vaxt X6 ezam edilmişdir. Bu səbəbdən ona “Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi” üçün sənədlərinin razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi Azerbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin birinci hissəsinin 8-ci, 9- cu ve 10-cu yarım bəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin ve birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı va müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Bununla yanaşı, Əsasnamənin 1-ci hissəsinin 9-cu və 10-cu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad ve vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamənin müvafiq bəndlərindən də göründüyü kimi, şəxslərə veteran adı və vəsiqəsi hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Müdafiə Nazirliyinin sözügedən inzibati işdə cavabdeh qismində iştirak etməsi bu Əsasnamənin tələblərinə ziddir. Qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin” verilməsi üzrə komissiya tərəfindən iddiaçının “Müharibə veteranı” adı va vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna eden faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. (İPM-13.2 və 17). Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində xx.xx.2025-ci il tarixli imtina məktubunu xx.xx.2025-ci il tarixdə aldığını bildirmişdir, cavabdeh tərəfindən isə bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hazırkı iddianı mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Yuxarıda qeyd edilən normalara görə, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, şəxsin hərbi hissədə hərbi xidmətdə olması və ya hərbi xidmət keçməsi faktı onun qanunla müəyyən edilmiş qaydada həm hərbi xidmətə qəbul edilməsini, həm də qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunmasını ehtiva edir. Eyni zamanda, yuxarıda istinad edilən normaların müddəalarına görə, “Müharibə veteranı” adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayış, hərbi bilet (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) və ya əmrlərdən çıxarışlar əsasında verilir. İddiaçının ona məxsus maşınla və qoşqusu olan soyuducuda naməlum şəhidlərin saxlanılması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. İş materiallarında olan iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ona məxsus olan 01AB202 nömrəli maşının 10ZJ502 nömrəli qoşqulu soyuducusunda naməlum şəhid saxlamada və təxliyəsində xidmət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun tələbləri baxımından 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövr ərzində hərbi xidmətdə və hərbi qulluqçu olmamış, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmamış, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etməmiş, o cümlədən, döyüş əməliyyatlarının heç bir təminat növü üzrə tapşırıqları icra etməmiş, yalnız döyüş əməliyyatları gedən ərazilərdən gələn yaralı hərbi qulluqçuların və şəhidlərin təxliyə edilməsində fəallıq göstərmişdir. Əsasnamənin tələbinə görə 44 günlük Vətən Müharibəsi dövründə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas və ilkin şərtlərdən biri də şəxsin həqiqi hərbi xidmətdə olması və hərbi xidmət keçməsidir. Bundan başqa, qanunvericilikdə təsbit edilmiş təminat növləri, o cümlədən, mənəvipsixoloji, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Ona görə də, iddiaçı tərəfindən mülki şəxs olaraq Vətən Müharibəsi dövründə göstərdiyi maddi və mənəvi dəstək “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin (döyüş əməliyyatlarında iştirak etməsi) iddiaçı tərəfindən ödənilmədiyi iş üzrə materiallarla təsdiq olunur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(112)-1819/2024 saylı qərarında da nümayiş etdirilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar