Məhkəmə qərarları › İş №2-1(112)-1298/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1298/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1298/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar Mahmood Zahıd və Saba Zahıdın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar Mahmood Zahıd və Saba Zahıdın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçılar Mahmood Zahıd və Saba Zahıdın cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar Mahmood Zahıd və Saba Zahıd cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Dövlət Miqrasiya Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 aprel 2024-cü il tarixli İQ-34/5 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi, “qaçqın statusu verilməsi haqqında” vəsatətlərinin təmin edilməsi və onlara və övladları xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü Zahid Eshal və xx.xx.2014-cü il təvəllüdlü X6 “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılarının əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Pakistan İslam Respublikasının vətəndaşıdırlar və dini etiqadlarına görə müsəlmandırlar. Onlar ailə həyatı qurduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü Eshal Zahid və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. İddiaçı2 Pakistan İslam Respublikasının Pəncab vilayətinin Taksila şəhərində doğulmuş və Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 9-cu sinif orta təhsil almış, lakin təhsilə marağı olmadığı üçün təhsilini davam etdirməmişdir. Beləliklə, əmək fəaliyyətinə başlayaraq 2014- 2017-ci illərdə Ravalpindi şəhərində yük maşınında qida məhsullarının paylanması, 2017- 2018-ci illərdə “Pepsi Cola” şirkətinin məhsullarının topdan satışı ilə məşğul olmuşdur. Onlar övladları ilə birlikdə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişlər. 14 fevral 2024-cü il tarixində onlar hər birinə qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə vəsatətlə müraciət etmişlər. Dövlət Miqrasiya Xidməti tərəfindən vəsatətinin araşdırılması üçün qeydiyyata alınmış, adlarına 25-2024 saylı şəxsi iş açılmışdır. Qaçqın statusunun əldə edilməsi üçün müraciətlərinin səbəbi budur ki, İddiaçı2, yaşadığı məhəllədə yol gedərkən təsadüfən bir nəfər vəhhabinin qətlinə görə vəhhabilər tərəfindən günahlandırıldığı üçün həbs edilmişdir. 4 il 6 ay günahsız olaraq həbsdə qaldıqdan sonra vəkil vasitəsi ilə məhkəmədə günahsızlığı sübuta yetirilmişdir və o, bəraət almışdır. Lakin, azadlığa çıxdıqdan sonra Mahmood Zahıd təhdid edən vəhhabilər onları təqib etməkdə davam edirdilər. Onlar və ailə üzvlərinin həyatı təhlükədə olduğu üçün Pakistan İslam Respublikasının hüquq mühafizə orqanlarına müraciət etsə də, müraciətlərinə baxan olmamışdır və onlara köməklik göstərilməmişdir. Onların həyatı təhlükədə olduğu üçün Pakistanı tərk etmək məcburiyyətində qalmışlar və Azərbaycan Respublikasına gəlmişlər. Onlar şiələrlə dostluq etdiyi və “PTİ” partiyasına dəstək verdiyi üçün vəhhabilər onunla ədavət aparırlar. Dövlət Miqrasiya Xidməti onlara və övladlarına qaçqın statusunun verilməsindən imtina edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli İQ-34/5 nömrəli qərar qəbul etmişdir. Hesab edirlər, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və buna görə ləğv edilərək onlara və övladlarına qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir. Belə ki, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı bir neçə arqumentlərə əsaslanmışdır. Cavabdeh orqan hesab etmişdir ki, onların izahatları inandırıcı deyil və bir-birinə ziddir. İmtinanın səbəblərindən biri bu olmuşdur ki, İddiaçı2, elektron ərizədə müsəlman (şiə) olduğunu qeyd etsə də, ərizə-anketin qeydiyyatı zamanı dini etiqadıma görə sünni olduğunu bildirmişdir. Bundan başqa, qərarda qeyd olunur ki, Mahmood Zahıd həbsdə olduğu zaman ailəsinin baldızının maliyyə yardımı hesabına dolandığını, arvadı müsahibə verən zaman bildirmişdir ki, yalnız Asad adlı qardaşı köməklik göstərmişdir. İddiaçı2 siyasi partiyaya dəstək verdiyi və dini etiqadına görə onlar vəhhabilərin ciddi təqibinə məruz qalmışlar. Onlar həyatı təhlükədədir. Bu səbəbdən onlara qaçqın statusu verilməlidir ki, onlar Azərbaycan Respublikasında təhlükəsiz şəraitdə yaşaya bilərlər. Belə ki, mövcud qanunvericiliyin əsaslarına görə onlara qaçqın statusu verilməlidir. Qeyd olunanlara əsasən, hesab edirlər ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur və bu səbəbdən ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı2 (pasport nömrəsi: AX********) ona və ailəsinə qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli İQ-34/5 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. İddiaçının ərizəanketində qeyd etdikləri ilə müsahibəsində verdiyi ifadə arasında ziddiyyətli məqamlar müəyyən edilmişdir: a) Ərizə-anketdə “sünni” məzhəbindən olduğunu bildirsə də, inzibati orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-37/1-M-11xx-xx/2024 nömrəli ərizəsində “şiə” olduğunu bildirmişdir; b) O, yuxarıda sözügedən ərizədə yaşayış yerini dəyişdiyini bildirsə də, müsahibə zamanı bu imkandan istifadə etmədiyini bildirmişdir; c) Ərizəsində siyasi partiyaya dəstək verməsi ilə bağlı təqib olunduğunu bildirsə də, verdiyi müsahibədə dini istiqamətdə təqib olunduğunu bildirmişdir. 2. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun Əfqanıstan İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçılarının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh orqanın nümayəndəsi yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddia mümkündür.

FAKTİKİ HALLAR VƏ SÜBUTLAR.

Dövlət Miqrasiya Xidmətinin “Qaçqın status verilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, İQ-34/5 №-li Qərarında qeyd olunmuşdur ki: - Pakistan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 1 mart 1980-ci il təvəllüdlü İddiaçı2 (Pasport: Na AX0154473) və ailə üzvləri (arvadı - xx.xx.1987-ci H təvəllüdlü İddiaçı1, oğlu - xx.xx.2009-cu it təvəllüdlü X5, qızı xx.xx.2012-ci İİ təvəllüdlü Eshal Zahid, oğlu - xx.xx.2014-cü h təvəllüdlü X7) 14 fevral 2024-cü il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 25-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. - İddiaçı2 qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Taksilə şəhərində doğulduğunu, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Ravalpindi şəhərində “FG public high school” adlı məktəbdə 9 sinif orta təhsil aldığını və sonradan təhsilə marağı olmadığı üçün təhsilini davam etdirmədiyini və əmək fəaliyyətinə başladığını, 2014-2017-ci illərdə Ravalpindi şəhərində yük maşınında qida məhsullarının paylanması, 2017-2018-ci illərdə “Pepsi Cola” şirkətinin məhsullarının topdan satışı ilə məşğul olduğunu bildirmişdir. Ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, həyat yoldaşı, 2 oğlu və 1 qızının hazırda onunla birlikdə Azərbaycan Respublikasına gəldiklərini, atasının vəfat etdiyini, anasının, 1 bacı və 1 qardaşının isə hazırda Pakistanın Taksila şəhərində yaşadıqlarını qeyd etmişdir. - Ərizəçi qaçqın statusu əldə etmək üçün müraciətinin səbəbini izah edərkən yaşadığı məhəllədə yol gedərkən təsadüfən bir nəfər vəhhabinin qətlinə görə onun vəhhabilər tərəfindən günahlandırılaraq həbs edildiyini, 4 il 6 ay günahsız olaraq həbsdə qaldıqdan sonra vəkil vasitəsilə məhkəmədə günahsızlığını sübut edib bəraət aldığını, azadlığa çıxdıqdan sonra onu təhdid edən vəhhabilərin yenidən onu təqib etməkdə davam etdiklərini, bu təhdidlərə dözməyərək Pakistanı tərk edib xx.xx.2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini və qaçqın statusu üçün müraciət etdiyini bildirmişdir. Bundan əlavə ərizəçi vəhhabilərlə ədavətini onun şiələrlə dostluq etməsi, vəhhabilərin “PML-N” (X3-Nawaz) partiyasına, onun isə “PTİ” (Pakistan Tehreek-einsaf) partiyasına dəstək verməsi ilə əsaslandırmışdır. - Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi öz təsdiqini tapmışdır. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlannı, doğulduqları yerləri təsdiq etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Əlavə olaraq ərizəçi həbsi və bəraət qazanması barədə sənədləri təqdim etmiş və bunlar da doğru olaraq qəbu edilmişdir. - Ərizə-anketin qeydiyyatı və müsahibə zamanı ərizəçinin verdiyi məlumatlarda bir sıra uyğunsuzluqlar aşkar edilmiş və o bu uyğunsuzluqların səbəbini əsaslı izah edə bilməmişdir. Belə ki, ərizəçi Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-37/1-M-11xx-xx/2024 qeydiyyat nönrəli elektron ərizəsində özünün müsəlman (şiə) olduğunu qeyd etsə də. ərizə-anketinin qeydiyyatı zamanı dini etiqadına görə sünni olduğunu bildirmiş və bu uyğunsuzluğu elektron ərizənin özü tərəfindən deyil, şiə dostu tərəfindən yazıldığını və məhz onun bu səhvə yol verdiyini qeyd etmiş, lakin bu izahat inandırıcı qəbul edilməmişdir. - Bundan əlavə qeyd edilməlidir ki. ərizəçi həbsdə olduğu müddətdə ailəsinin baldızının maliyyə yardımı hesabına dolandığını bildirsə də. müsahibə zamanı onun arvadı İddiaçı1 bu barədə soruşduqda əri həbsdə olduğu zaman bacılarının ona heç bir maddi kömək göstərmədiklərini, ona yalnız Asad adlı qardaşının köməklik etdiyini, bacısının evində təmizlik işləri müqabilində ona qida verildiyini bildirmişdir. - Ərizə-anket və müsahibə zamanı ərizəçinin qeyd etdiyi kimi o, bəraət alıb həbsdən xx.xx.2023-cü il tarixdə azad olunduqdan sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gələnədək ailəsi ilə birlikdə Pakistanda, Taksila şəhərində yaşamış, o və ailə üzvləri həmin müddətdə heç bir ciddi təhdid və təzyiqə məruz qalmamışlar. - Bundan əlavə ərizəçi Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-37/1-M-11xx-xx/2024 qeydiyyat nömrəli elektron ərizəsində vəhhabilərlə yaranmış münaqişəsindən sonra evini satdığını, yaşayış yerini dəfələrlə dəyişdiyini bildirsə də. ərizəanket və müsahibəsi zamanı Pakistanın başqa yerinə yaşamağa getmədiklərini və birbaşa Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. - Həmçinin qeyd edilən elektron müraciətdə ərizəçi probleminin ilk növbədə siyasi partiyaya dəstək verməsi, müxalifət partiyasının üzvləri tərəfindən təhdid olunması və qismən dini məsələ ilə bağlı olduğunu bildirsə də, ərizə-anket və müsahibəsi zamanı isə əsasən dini cəhətdən təhdid edildiyini qeyd etmişdir. - Yuxarıda qeyd edilən uyğunsuzluqlar inandırıcılıq baxımından ərizəçinin xeyrinə olmayan faktlar kimi qəbul edilmişdir. - İddiaçı2 və arvadının müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar Pakistanda heç bir sosial qrupa qoşulmamış, fəal siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə, milliyyətinə və dini etiqadına görə ciddi təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin özü və ailə üzvləri Pakistanda dövlət orqanları tərəfirdən təqibə məruz qalmamışlar. - Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı2 şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun və ailə üzvünün gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilin anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 18 aprel 2024-cü il tarixli, 9 saylı protokolu). - “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərn (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq, Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı2 və ailə üzvlərinə (arvadı- xx.xx.1987-ci il təvəllüdlü İddiaçı1, oğlu-xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü Eshal Zahid, oğlu- xx.xx.2014-cü il təvəllüdlü X7) qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

“Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyası

A. Bu Konvensiyada “qaçqın” dedikdə elə bir şəxs nəzərdə tutulur ki, o: 1) 1926-cı il 12 may və 1928-ci il 30 iyun sazişlərin, 1933-cü il 28 oktyabr və 1938ci il 10 fevral konvensiyalarına, 1939-cu il 14 sentyabr Protokoluna və ya X1 nizamnaməsinə görə qaçqın sayılmışdır: X1 öz fəaliyyəti dövründə qaçqın sayılmaq hüququndan imtina haqqında çıxardığı qərarlar bu bölmənin 2-ci bəndində müəyyənləşdirilmiş şərtlərə uyğun gələn şəxslərə qaçqın statusu verilməsinə mane olmur. 2) 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. Əgər şəxs bir neçə ölkənin vətəndaşıdırsa, “vətəndaşı olduğu ölkə” ifadəsi onun vətəndaşı olduğu ölkələrin hər birini nəzərdə tutur və belə şəxs tam əsaslı ehtiyatlardan irəli gələn heç bir həqiqi səbəb olmadan vətəndaşı olduğu ölkələrdən birinin himayəsinə müraciət etmirsə, vətəndaşı olduğu ölkənin himayəsindən məhrum sayılmır. B. 1) Bu Konvensiya 1-ci maddənin A bölməsində işlədilən “1951-ci il yanvarın 1dək baş vermiş hadisələr” sözləri ya a) “1951-ci il yanvarın 1-dək Avropada baş vermiş hadisələr”, və ya b) “1951-ci il yanvarın 1-dək Avropada və ya digər yerlərdən baş vermiş hadisələr deməkdir”: Razılığa gələn hər dövlət bu konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərbarədə göstərilən mənalardan hansısa tərəfdar olduğunu imzalama, ratifikasiya və ya qoşulma məqamında dəqiq göstərəcəkdir. 2) “a” alternativini qəbul etmiş razılığa gələn dövlət Birləşmiş Millətlər Təşkilatının Baş Katibini xəbərdar etməklə istənilən vaxt “b” alternativini qəbul edərək öz üzərinə götürdüyü öhdəliklərin əhatə dairələrini genişləndirə bilər. C. Bu Konvensiyanın A bölməsinə uyğun gələn şəxsə bu Konvensiyanın müddəaları aşağıdakı hallarda daha şamil edilmir: 1) o, vətəndaşı olduğu ölkənin himayəsindən yenidən könüllü istifadə etdikdə: və ya 2) öz vətəndaşlığından məhrum olub yenidən könüllü əldə etdikdə: və ya 3) yeni vətəndaşlıq əldə etdikdə və yeni vətəndaşı olduğu ölkənin himayəsindən istifadə etdikdə: və ya 4) təqibdən ehtiyat etdiyinə görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı ölkədə yenidən könüllü məskunlaşdıqda: və ya 5) Qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə vətəndaşı olduğu ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinə uyğun gələn qaçqınlar vətəndaşı olduqları ölkənin himayəsindən imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur: 6) Vətəndaşlığı olmayan şəxs olaraq, qaçqın kimi tanınmasına əsas vermiş hallar artıq mövcud olmadığına görə, əvvəllər daimi məskunlaşdığı ölkənin himayəsindən daha imtina edə bilmədikdə: əgər bu maddənin A bölməsinin 1-ci bəndinin tərifinə uyğun gələn qaçqınlar əvvəllər daimi məskunlaşdığı ölkəyə qayıtmaqdan imtina etmək üçün əvvəlki təqiblərdən irəli gələn kifayət əsas gətirə bilirlərsə, bu bəndin müddəaları onlara tətbiq olunmur. D. Bu Konvensiyanın müddəaları hazırda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarından başqa, Birləşmiş Millətlər Təşkilatının digər orqanlarının və ya idarələrinin himayəsindən və ya yardımından istifadə edən şəxslərə şamil olunmur. Əgər bu şəxslərin vəziyyəti Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş qərarlara uyğun olaraq qəti nizamlanana qədər onlara göstərilən himayə və ya yardım hər hansı səbəbdən kəsilmişdirsə, bu şəxslər avtomatik olaraq bu Konvensiyadan irəli gələn hüquqları əldə edirlər. E. Bu Konvensiyanın müddəaları yaşadıqları ölkənin səlahiyyətli hakimiyyət orqanlarının bu ölkənin vətəndaşlığı ilə bağlı hüquq və vəzifələrin şamil olunduğunu təsdiq etdiyi şəxsləri əhatə etmir. E. Bu Konvensiyanın müddəaları barədə aşağıdakıları ehtimal etmək üçün ciddi əsasların olduğu şəxslərə şamil edilmir: a) sülh əleyhinə cinayətlər, hərbi cinayətlər və ya insanlıq əleyhinə cinayətlər barədə tərtib olunmuş beynəlxalq aktlarda həmin cinayətlərə verilmiş tərifə uyğun olaraq bu cür cinayətlər törətmişlər; b) sığındıqları ölkədən kənarda və qaçqın kimi bu ölkəyə buraxılmazdan əvvəl qeyri-siyasi xarakterli ağır cinayət törətmişlər; c) Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətmişlər

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. Qaçqın-Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.

... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

... Maddə 12.Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi, habelə Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən yol sənədi verilir. Qaçqın vəsiqəsinin və Yol sənədinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Maddə 13. Qaçqın statusu verməkdən imtina edilməsi Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir Qaçqın statusu verməkdən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Qanunvericiliklə ayrı qayda müəyyən edilməmişdirsə, şəxsin şikayət verilməsi onun Azərbaycan Respublikası ərazisindən göndərilməsinin təşkili ilə bağlı hərəkətləri dayandırır.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası. Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir Bənd 1. ... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) xxxnə təhvil verir.

... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə xxxnin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd 8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

MƏHKƏMƏNİN MÖVQEYİ

Göründüyü kimi, iddiaçının qaçqın statusunun verilməsi ilə bağlı əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bununla yanaşı, məhkəmə əlavə olaraq qeyd edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Bu baxımdan məhkəmə yalnız cavabdeh tərəfindən həmin səlahiyyətlərin düzgün, yəni qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməsini yoxlaya bilər. Qaçqın statusunun verilməsi ilə bağlı işlərə baxarkən inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı və real təqib qorxusunun mövcud olub-olmadığını müəyyən etməkdən, eləcə də bununla bağlı real riskləri qiymətləndirməkdən ibarətdir. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir. İşin araşdırılmış hallarına görə, iddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının tələblərinə uyğun baxılmış və qərar qəbul edilmişdir. Həmin Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Cavabdehin qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı o, ölkəsində təqib və təhdid olunacağını bildirmişdir. İddiaçının müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Onun qaçqın statusu almaq əsas məqsədi ölkəsindəki iqtisadi vəziyyətilə əlaqədardır. Göründüyü kimi, inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Pakistan İslam Respublikası, yəni vətəndaşı olduğu dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, habelə 1951-ci il Konvensiyasının 1- ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə görə) təqib olunmamışdır. Belə olan halda isə qanunvericiliyin tələbinə əsasən ona qaçqın statusu verilə bilməz. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübut yetirilmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıların öz ölkəsinə qayıtdığı təqdirdə təqiblərə məruz qalacağı və ya ən azından əsaslı və real təqib qorxusunun və ya bununla bağlı real risklərin mövcud olduğu işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından və iş üzrə materiallardan görünmür. Belə ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış və siyasi fəaliyyətlə məşğul olmamışdır. Onun irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqibə məruz qaldığına dair də hər hansı sübut iş üzrə materiallarda mövcud deyildir. Bundan başqa, iddiaçının Pakistan İslam Respublikasına qayıdacağı təqdirdə “Qaçqınların statusu haqqında” 1951-ci il tarixli Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər. Nəzərə almaq lazımdır ki, fərd olaraq məhz iddiaçıya yönəlik təqib ehtimalı və bunun üzərindən təqib riski real səbəblərdən və faktlardan qaynaqlanmalıdır. Bunun əksinə olaraq, iddiaçının istinad etdiyi hallar vətəndaşı olduğu ölkədəki vəziyyətlə bağlı narahatçılıqdan doğan ümumi mülahizələrə söykənir və özü-özlüyündə qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Həmçinin mənşə ölkəsində qeyri-sabit vəziyyətin mövcud olması, işsizlik, perspektiv inkişaf imkanının yoxluğu qaçqın statusunun verilməsi üçün yetərli əsas qismində çıxış edə bilməz. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs digər əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından iddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur. Nəzərə almaq lazımdır ki, etnik-dini mənsubiyyətinə və şərti siyasi əqidəsinə görə təqib edilməsi riskinin mövcud olduğuna istinad edərkən, iddiaçı həmin riskin real və əsaslı olduğuna dəlalət edən obyektiv göstəriciləri və ya bunların ifadə olunduğu sənədləri inzibati orqana yaxud da məhkəməyə təqdim etməlidir. İddiaçının sadəcə olaraq təqibə məruz qalacağını və ya təqib riskinin mövcudluğunu iddia etməsi yuxarıda istinad olunan normalar baxımından qaçqın statusunun verilməsi üçün yetərli sayıla bilməz. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə görə, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Bu baxımdan istinad olunan normanın tətbiqi şərtlərinin hazırkı mübahisəyə münasibətdə mövcud olduğu iş üzrə materiallarla təsdiq edilmir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki yuxarıda artıq göstərildiyi kimi iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası əvvəlki qərarlarında, o cümlədən 10 dekabr 2019-cu il tarixli, 2-1(102)-3182/2019 nömrəli; 25 noyabr 2020-ci il tarixli, 2-1(102)-2143/2020 nömrəli, 24 fevral 2021-ci il tarixli, 2-1(102)- 366/2021 nömrəli və 31 mart 2021-ci il tarixli, 2-1(102)-535/2021 nömrəli qərarlarında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun müddəalarına istinad edərək, iddiaçının vəziyyətində olan şəxslərə qaçqın statusu verilməsindən cavabdehin imtinasını qanuni və əsaslı hesab etmişdir. Beləliklə, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı ilə əhatə olunmadığından cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçının BMT-nin “Qaçqınların statusu haqqında” Konvensiyasına istinadı da vəziyyəti dəyişmir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş “qaçqın” anlayışı həmin Konvensiyada təsbit edilmiş “qaçqın” anlayışına uyğundur. İddiaçı isə həmin anlayışa uyğun gələn şərtləri təmin etmir.

NƏTİCƏVİ HİSSƏ

Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar