Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12987/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “262722 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “262722 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1436/2016 nömrəli, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı iddia tələbi təmin edilmişdir. Həmin qərarda 2004-2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək, “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə həvalə edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ilə qüvvədə saxlanılmışdır. Həmin qərar xx.xx.2016-cı il tarixində qanuni qüvvəyə minmişdir və icra edilməsi üçün məhkəmə tərəfindən icra vərəqəsi verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 8-1(81)- 28/2018 saylı qərardadına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-1436/2016 saylı qərarının nəticə hissəsi "İddiaçı 2004-2005-ci illərin əmək haqqı son 24 ayın əmək haqqı kimi qəbul edilərək “Əmək pensiyaları haqqında” Qanunun 2010-cu ildən əvvəlki tələblərinə uyğun olaraq, yəni xx.xx.2006-cı il tarixdən hesablanması, xx.xx.2006-cı il tarixdən hesablama qaydası və məbləğin xx.xx.2008-ci il tarixdən tətbiq edilmiş hesablama qaydasına və məbləğinə uyğun aparılması, əmək pensiyalarının yenidən hesablayaraq keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” kimi izah edilmiş, qərardan verilmiş şikayət apellyasiya instansiyasında baxılaraq, şikayət qismən təmin edilməklə qərarın nəticə hissəsindəki “xx.xx.2008” tarixi “xx.xx.2006” tarixi ilə əvəz edilmişdir. Məhkəmə qərarları qanuni olaraq qüvvəyə mindikdən sonra və məhkəməyə qədərki dövrdə cavabdeh orqan daim iddiaçının hüquqlarını pozmuş və öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı onların təqsiri ucbatından hər zaman maddi və mənəvi zərərə məruz qalmışdır. Onlar bilərək işi uzatmış və lazımi qaydada icra etməkdən boyun qaçırmışlar. Cavabdeh orqan illərlə iddiaçını süründürmüşdür. Hazırkı gündə belə iddiaçıya ödənilməyən pullarla bağlı məhkəmə mübahisəsi vardır. Həmin məhkəmə mübahisəsinin həlli ilə əlaqədar hakim Pərviz Hüseynov 01 iyun 2022-ci il tarixli sorğu göndərsə də, artıq 4 aydan çoxdur ki, həmin sorğu icra edilmir. Bununla bağlı cavabdeh tərəf məhkəməyə və iddiaçıya heç bir məlumat vermir. Onlar hər zamankı kimi işi uzatmaqla iddiaçıya maddi zərər vurmağa çalışırlar. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, cavabdeh orqan öz lazımi öhdəliklərini vaxtlı-vaxtında görməmiş və məhkəmə qərarını vaxtında icra etməmişdir. Belə ki, onlar əslində iddiaçıya çatmalı pulu 2015-ci ildə, manatın məzənnəsinə nəzərən devalvasiyalar olmadan versə idilər, iddiaçı bu qədər maddi ziyana məruz qalmazdı. Onlar iddiaçıya keçmiş dövr üzrə pensiya fərqi olan 144.388 manat və 78356 manat olmaqla, ümumilikdə 222.745 manat pulu hələ də tam olaraq ödəyib bitirməmişlər. Halbuki həmin məbləğ yeddi il əvvəl ödənsə idi, həmin dövrün məzənnəsi ilə, 285.569 ABŞ dolları edərdi. Bu isə hazırkı dövrdə 485.467 manata bərabərdir. Onlar həmin məbləğdən iddiaçıya sadəcə 222.745 manat vermişlər. Cavabdeh orqan aradakı fərq məbləği olan 262.722 (iki yüz altmış iki min yeddi yüz iyirmi iki) məbləğdə mənə maddi zərər vurmuşdur. Həmçinin, cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya mənəvi və fiziki iztirablar formasında mənəvi zərər dəymişdir. Belə ki, onlar bilərək və qəsdən işi uzatmış və iddiaçının dərin sarsıntı və əsəb keçirməyinə səbəb olmuşlar. Hətta həmin pulun iddiaçıya vaxtında verilmədiyi üçün öz müalicəni edə bilməmişəm və xəstəliyi daha da artmışdır. Onlar bilərək və istəyərək iddiaçını həddindən artıq əsəbləşdirmiş və mənəvi iztirablar vermişlər. İddiaçı cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 10.000 (on min) manat dəyərində qiymətləndirir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatət təqdim edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından və iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də göründüyü kimi İddiaçı tərəfindən inzibati orqana sözügedən tələblə bağlı hər hansı müraciət edilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi çıxış edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: “1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 20-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etməsi halı mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “262722 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “262722 manat maddi və 10000 manat mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-12987/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12987/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver