Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-12989/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və iddiaçının vəkili X1 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində göstərilməklə notariat hərəkətlərin aparılması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) və və Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda Seid xanım Seid Rəsul qızının miras əmlakına xx.xx.1993-cü il tarixli, 2 kHH-512 reyestr nömrəsi ilə Arif Bala oğlunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və mərhum nənəsi Seid xanım Seid Rəsul qızından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 5 saylı notariat ofisinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nənəsi Seid xanım Seid Rəsul qızı özünə məxsus olan əmlakını, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.1978-ci il tarixli 8-3680 nömrəli reyestrdə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən nəvəsi kimi ona vəsiyyət etmişdir. Nənəsi Seid xanım Seid Rəsul qızı xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə 27 dekabr 1978-ci il tarixli, 8-3680 nömrəli reyestrdə Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumatın olub-olmaması, həmin vəsiyyətnamənin təsdiq edilmiş surətinin ona verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, Dövlət Notariat Arxivinin 12 aprel 2019-cu il tarixli məktubla həmin vəsiyyətnamənin xx.xx.2019-cu il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı arxivə məlumatın daxil olmaması göstərilmişdir. Bundan sonra, tərəfindən müvafiq sənədlər tərtib edilərək 5 saylı Notariat Kontoruna müraciət etmişdir. Həmin notariusda vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Bakı şəhəri 5 saylı Notariat Ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhuma məxsus olub-olması haqqında məlumat və ya çıxarış verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin verdiyi xx.xx.2019-cu il tarixli cavab məktubunda, sözügedən evin xx.xx.1993-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən özgəninkiləşdirildiyi göstərilmişdir. Lakin nənəsi Seid xanım Seid Rəsul qızı əmlakını ona vəsiyyət etmiş, digər vərəsələri isə miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. Nənəsinə məxsus olan evin onun oğlu Arif Bala oğlu tərəfindən öz adına keçirilməsindən məlumatı olmamışdır. Arif Bala oğlu anası Seid xanım Seid Rəsul qızı əmlakını vəsiyyətnamə ilə ona vəsiyyət etməsini notariusda bildirməmiş, Bakı şəhəri 12 saylı Notariat Kontoruna müraciət etmiş, həmin əmlaka 23 noyabr 1993-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. O, cavabdeh Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə qərarlarında onun iddia müddətini ötürməyi göstərilmişdir. Halbuki, o, cəzaçəkmə müəssisədə cəza çəkdiyindən vaxtında məhkəmədə idda qaldıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubda da onun müxtəlif illərdə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi öz təsdiqini tapır. Nənəsi özünə məxsus fərdi yaşayış evini ona vəsiyyət etməsinə və həmin vəsiyyətnamənin qüvvədə olmasına baxmayaraq, həmin evə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmir. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru (Ofisi) məktubla məhkəməyə müraciət edərək işə dair etiraz və sübutlarının olmadığını bildirmiş, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə digər cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-1537/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri, 12 saylı Dövlət Notariat Kontoruna qarşı Seid xanım Seid Rəsul qızına məxsus olmuş ünvan 2 ünvanda yerləşən evə və torpaq sahəsinə ünvan 3 notariusu tərəfindən Arif Bala oğluna verilmiş 23 noyabr 1993-cü il tarixli, 225/93 nömrəli reyestrdə təsdiq olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)- 4662/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)- 1537/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-5284/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-4662/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı Əlibənd oğlu Bakı şəhəri 12 saylı dövlət notariat kontorunda Seid xanım Seid Rəsul qızının miras əmlakına xx.xx.1993-cü il tarixli, 2 kHH-512 reyestr nömrəsi ilə Arif Bala oğlunun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mülki məhkəmə icraatı qaydasında mübahisələndirmiş və mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırda iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusun hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 8-ci bəndinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi hal inzibati icraatı qaydasında baxılmalı olan mübahisə deyildir. Həmçinin iddiaçının hüquqi marağına uyğun tələbi mülki məhkəmə icraatı qaydasında baxılmaqla məhkəmə tərəfindən qiymət verilmişdir. Ona görə də hazırki iş üzrə mümkünlük şərtləri ödənilmədiyindən İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-12989/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-12989/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver