Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12996/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 və (həkim-mütəxəssisi) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində əlilliyin təyin olunmasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir
2. İddiaçı tələbini “qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli əlil və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair cavaba əsasən diaqnozu əlillik əlaməti təyin etməməsi səbəbindən və ya müalicə olunmağı zərurəti ilə əlilliyin əlamətləri müəyyən olunmadığından imtina olunmuşdur. Diaqnoz oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura. sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazınılma deformasiyaları, sağ diz oynağının qüsurlu fıbro, ankilozu, sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə müəyyən olunmuşdur. Lakin xəstəliyinə dair ətraflı məlumat əks olunmamışdır. İddiaçının diaqnozları M17.2, M24.5, M24.6, M62.5, M80, M41, M42, M54.1, G54.1, R26, R26.8 və digər xəstəlikləri mövcuddur. Göstərilənlərə əsasən hesab edilmişdir ki, əlilliyin təyin olunması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. “Əlilliyin müəyyən olunması meyarlarımın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli qərarına əsasən İİ dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı. İİİ dərəcə - kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması əsas götürülür. Həmin qərarın 3.1.1-ci maddəsinə görə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz, 3.1.2 görə isə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz göstərilmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Oynaqların kontrakturası, Sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura. sol diz oynağında açıcı kontraktura. Ətrafların digər qazınılma deformasiyaları, Sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu ilə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm malarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olmasıması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilmişdir.
5. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində baldır sümüklərinin, aşıq-baldır oynağıda daxil olmaqla sınığı, hər iki baldır sümüklərinin proksimal metafizinin sümük defekti, qeyridüzgün bitişmiş sınığı, TH 11 fəqərə cisminin bitişmiş kompression sınığı, pazvari deformasiya,oynaqların konstrakturası, hər iki diz oynağının kontrakturası diaqnozun mətni ilə əlavə müalicəyə ehitiyacın olması (müalicə müddəti yetərli deyil, əlavə ixtisaslı müalicə olunmaq məsləhət görülür) səbəbi ilə imtina edilmişdir.
6. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyalarının pozulması, hər iki bud-çanaq oynağının osteoartriti, R26.8 hər iki aşağı ətrafın dayaq-hərəki funksiyalarının pozulması, hər iki diz oynağının kontrakturası, sağ diz oynağının qüsurlu fribroz, ankilozu R52.2 bel və hər iki aşağı ətrafda ağrı sindromu, onurğanın döş hiperkifozu, hər iki baldır sümüklərinin proksimal metafizinin sümük defekti, qeyri-düzfün bitişmiş sınığı (lizarov üsülü ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (müayinə və müalicənin davam etdirilməsi) səbəbi ilə imtina edilmişdir.
7. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində əsas diaqnoz Z98.8 digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, sağ qamış sümüyünün proksimal nahiyəsinin deffektli sınığına (xx.xx.2021 görə “iliak qanaddan allograt köçürmə+diz oynaq debridmanı”(xx.xx.2022-ci il)) aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozun mətni ilə göndərişin natamam doldurulması (ağırlaşmalar dəqiqləşdirilsin, qeyd olunan ağırlaşmaların XBT kodları üzrə meyarları tapılmadı) səbəbi ilə imtina edilmişdir.
8. TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, davamlı kökcük ağrı sindromu, yeriş funksiyalarının pozulması, hər iki bud-çanaq oynağının osteoartriti, R26.8 hər iki aşağı ətrafın dayaq-hərəki funksiyalarının pozulması, hər iki diz oynağının kontrakturası, sağ diz oynağının qüsurlu fribroz, ankilozu R52.2 bel və hər iki aşağı ətrafda ağrı sindromu, onurğanın döş hiperkifozu, hər iki baldır sümüklərinin proksimal metafizinin sümük defekti, qeyri-düzfün bitişmiş sınığı (lizarov üsülü ilə osteosintezdən sonrakı vəziyyət) TH11 fəqərə cisminin bitişmiş kompresion sınığı, pazvari deformasiyası diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (müalicənin davam etdirilməsi qərarı verilmişdir) səbəbi ilə imtina edilmişdir.
9. TSEK-Müayinə tarixi xx.xx.2023-cü il tarixində oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazınılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu, sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir.
10. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Həkim-mütəxəssis öz etirazını yazılı şəkildə təqdim edərək ona uyğun çıxış etmişdir.
12. Həkim-mütəxəssin etirazında qeyd edilmişdir ki, diaqnoz sağ diz oynağının post-travmatik açıcı-bükücü kəskin kontraktura, sağ diz oynağının fibroz ankilozu qeyd olunub. Deməli vətəndaşda xəstəliklə bağlı 2017-ci ildən ümumi xəstəlik ilə əlillik almışdır. Vətəndaşın problemi diz oynağındadır. Belə ki, onun problemi diz oynağının bağ aparatı ilə əlaqədardır. Ankiloz diz oynağının hərəkət etməməsi, oynağın birləşməsi deməkdir. Vətəndaşın müayinəsi zamanı ankiloz müəyyən olunmayıb, kəskin hərəkət məhdudluğu müəyyən olunmuşdur. Nazirlər Kabinetinin 187 nömrəli qərarında qeyd olunmuşdur ki, diz oynağının funksional yararsız vəziyyətdə ankilozuna 80% müddətsiz əlillik təyinatı aparılır. Normalda diz oynağının 15- 35 dərəcə duruşu yararlı vəziyyəti bildirir. 30-35-dən yuxarı vəziyyətdə duruşu isə yararsız vəziyyəti bildirir. Vətəndaşda isə hal-hazırda tam yararlı vəziyyətdə yararlı kəskin kontraktura mövcuddur və əlillik təyinatına əsas vermir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu halda vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik təyinatı aparılması mümkün deyildir.
İİ. İddianın növü və mümkünlüyü
13. İddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi- Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
17. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
18. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırki iddia məcburetməyə dair iddiadır.
20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
21. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti Bakı 38 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli göndərişləri əsasında qiymətləndirilmiş, əlilliyin təyinindən imtina edilmiş, sonuncu xx.xx.2023-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2023-cü il tarixdə aparılmış və əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.
22. Yəni qeyd edilən müddət ərzində iddiaçının mütəmadi olaraq əlilliyin təyin edilməsi ilə bağlı müraciətləri olmuş (münasibətlər davamlı xarakter daşımış), odur ki, iddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.
23. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
25. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur): - (diaqnoz mətni) oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı bükücü kəskin kontraktura, sol diz oynağında açıcı kontraktura, ətrafların digər qazınılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu, sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindromu. 26.İşə əlavə edilmiş digər müayinələrdə də iddiaçının adıçəkilmiş xəstəlikdən əziyyət çəkdiyi aydın olur.
27. Həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədən: 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0)
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (6.4.1.1 ... diz və bud-çanaq oynağında qarışıq, aşıq-baldır oynağında ayaqların gərilməsi ilə kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 30% azalması (1/3-i qədər); passiv hərəkətlərin fizioloji amplitudaya uyğun olması; cüzi statodinamik pozuntular, 6.4.1.2 ... bud-çanaq oynağında qarışıq kontraktura, diz və aşıq-baldır oynağında bükücü kontraktura; hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); dayanıqlı mülayim statodinamik pozuntular, 6.4.1.3 ... diz və bud çanaq oynaqlarında qarışıq, aşıq-baldır oynağında açıcı-bükücü kontraktura; aktiv hərəkətlərin həcminin fizioloji amplitudadan (normadan) 65% azalması (2/3-i qədər); yaş və sosial vərdişlərin formalaşmasının pozulması; dayanıqlı təzahür edən statodinamik pozuntular;... 6.4.2.1 ... diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular).
29. Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə və diaqnoza əsasən qeyd edilən xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu) ambulator müalicələrdə olmasına və xəstəlik (oynaqların kontrakturası, sağ diz oynağında posttravmatik açıcı-bükücü kəskin kontraktura, sol diz oynağında açıcı konktaktura. Ətrafların digər qazanılma deformasiyaları, sağ diz oynağının qüsurlu fibroz, ankilozu. Sağ baldırın, pəncənin varus deformasiyası kəskin ağrı sindronu ilə) aidiyyəti diaqnostik müayinələrlə (rentgen müayinəsi) təsdiq olunmasına baxmayaraq və həmin xəstəlik həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən (eləcə də hazırda qüvvədə olan meyarlara uyğun olaraq) əlilliyin təyin olunmasına əsas verməsinə (Əsasnamənin 2.3.2-ci bəndi) baxmayaraq, əlilliyin təyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
30. Məhkəmə qeyd edilən qənaəti həm də ona əsaslanır ki, cavabdehin həkim-mütəxəssis olan nümayəndəsi də iddiaçıda diz oynağının kəskin kontrakturası mövcud olduğunu qeyd etməklə, həmin xəstəliyin əlilliyin təyininə əsas vermədiyini qeyd etmişdir. Lakin cavabdeh inzibati orqanın qeyd edilən qənaəti yuxarıda nəzərdə tutulan normalarla təkzib olunur.
31. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
32. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.
33. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
34. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
35. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
36. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.
37. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
39. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq qeyd edilən qiymətləndirildiyi tarixdən (xx.xx.2022-ci il tarixindən) əlilliyin təyin edilməsi kimi təyin edilməlidir.
40. Odur ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.
41. Sağlamlığın pozulmasının faiz dərəcəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən məsələ inzibati orqanın qiymətləndirmə sərbəstliyi ilə müəyyən edilən məsələdir.
42. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva