Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-12996/2025 18.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə X3 barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 488 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı 1 (bir) vərəqdən ibarət İddiaçı (bundan sonra iddiaçı) göndərilmişdir. Cavabdeh (bundan sonra cavabdeh) 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamı əsasında vətəndaş X1 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur: “...Qeyd etdiyiniz torpaq sahəsinə ərizənizə qoşma şəklində əlavə etdiyiniz xəritəyə (peykdən görüntü) baxış zamanı müəyyən edilmişdir ki, istifadənizdə 1311 kv.m. torpaq sahəsi vardır. Belə ki, Cavabdeh başçısının xx.xx.1997-ci il tarixli, 488 nömrəli sərəncamından görünür ki, sizə (sərəncamda X1) 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Bu hal isə təqdim etdiyiniz sərəncamın həmin torpaq sahəsinə aid olmasının müəyyən edilməsini çətinləşdirir. İzah edirik ki, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Bu isə verilmiş sərəncamın qüvvəyə minməsi üçün əsas hesab olunur. Sözügedən torpaq sahəsi ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (naturada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu barədə sizə 2024-cü il tarixində 5-13/1-K-8-091/2024 nömrəli məktubda məlumat verilmişdir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli, 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində X1 ayrılan 600 kv.m torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin Bakı şəhər Qaradağ Rayon İH-nin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncamın verilməsindən uzun müddət keçməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair yerləşmə sxemi (plan-ölçü planı) təqdim olunmamışdır və bu səbəbdən əmlak hüququnu tam həyata keçirə bilmir. Müvafiq orqanlara müraciətinə baxmayaraq torpaq sahəsinin dəqiq sərhədlərinin göstərildiyi sxem tələb olunur. Sxemin alınması ilə bağlı cavabdehə müraciətini təstiq edən poçt qəbzini əlavə edir və bildirir ki, rəsmi müraciətinə hal hazırki müddətə kimi cavab verilməmiş və şifahi olaraq sxemin çəkilməsinə imtina olunmuşdur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, ayrılmış torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin), faktiki ölçüləri ilə naturada yerləşdiyi sahənin müəyyən edilməsi, həmin torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X2 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib yerləşməməsini, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsini və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınmasını, eləcə də, torpaq sahəsinin kateqoriyasını, həmçinin dövlət mülkiyyətində olub-olmamasını (torpaq sahəsinin digər şəxslərin istifadəsində olmasını, hansı inzibati orqanın inzibati ərazisində və idarəçiliyində olmasını) aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə mütəxəssis rəyi alınması üçün müraciət edilməlidir. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü 1311 kv.m təşkil edir, lakin müvafiq sərəncamda həmin ölçülər 600 kv.m təşkil edir və bu hal da həmin torpaq sahəsinin yerləşdiyi sahənin müəyyən edilməsində çətinlik yaradır. Həmçinin qanunvericiliyin tələblərindən göründüyü kimi, torpaq sahələrinə plan (cizginin) ve xəritədən çıxarışın verilməsi rayon icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Məhkəmənin nəzərinə çatdırır ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem ve sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı" adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Hüquqi əsaslar: "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin ve icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibatiərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də Cavabdeh əvvəllər ayırdığı torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək öhdəliyi nəzərdə tutulmamışdır. Azerbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndində qeyd olunduğu kimi, daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələrinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ″Cavabdeh 488 nömrəli, xx.xx.1997-ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.metr topaq sahəsinə yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması″ tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsi: Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmənin əsaslandırması: İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və bu qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi isə onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə ki, Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh 23 iyul 1997-ci il tarixli 488 nömrəli sərəncamının surəti təqdim edilsə də, plan-ölçü sxemi (yerləşmə cizgisi) təqdim edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinin onun səlahiyyətlərinə aid olmaması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Həmçinin, imtina məktubunda və iddiaya dair etirazda “iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü 1311 kv.m təşkil edir, lakin müvafiq sərəncamda həmin ölçülər 600 kv.m təşkil edir və bu hal da həmin torpaq sahəsinin yerləşdiyi sahənin müəyyən edilməsində çətinlik yaradır” dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddaçı iddia tələbində faktiki istifadəsində olan torpaq sahəsinə dair plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsini deyil, Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli, 488 nömrəli sərəncamı ilə ayrılan 600 kv.m torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsini tələb edir. Eyni zamanda məhkəmə etirazın iddiaçının istifadəsində olan torpaq sahəsinin “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” X2 istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi hüdudlarında yerləşib yerləşməməsi, həmin torpaq sahəsinin başqa şəxslərə (fiziki və ya hüquqi şəxslərə) məxsus torpaq sahələri ilə üst-üstə düşməsi və yaxud başqa şəxslərin adına dövlət qeydiyyatına alınması, eləcə də, dövlət mülkiyyətində olub-olmamasını aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması barədə dəlilləri ilə də razılaşmır və hesab edir ki, işin bu halları ayrılmış torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinin araşdırılması zamanı əhəmiyyət kəsb edə bilər. Hazırki halda iddiaçının tələbi isə yalnız ona ayrılmış torpaq sahəsinə plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsindən ibarətdir. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli, 488 nömrəli sərəncamı (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədin verilməsindən cavabdehin imtinası əsassızdır, iddiaçı iddia tələbində haqlıdır və onun iddiası təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin 23 iyul 1997-ci il tarixli, 488 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində Əsgərova (Kamilova) Mətanət Əsgər qızına ayrılan 600 kv.m torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanması və verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-12996/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-12996/2025
18.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver