Məhkəmə qərarları › İş №2-1(112)-13000/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13000/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13000/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının cavabdeh Azərbaycan X3rşı (üçüncü şəxs X6) vəsaitin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cavabdeh Azərbaycan X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumilikdə 1814,61 manat məbləğində vəsaitin tutularaq Filialın xəzinə hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ‘’Sığorta” göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə sığortaedən Azərbaycan Dövlət Pantomima Teatrı (VÖEN: **********; SUN: **********6) tərəfindən daxil edilmiş, sığortaolunan X4 (SSN: **********366; FİN: 5QNRHZT) aid hamiləliyə və doğuma və uşağın üç yaşına çatanadək qulluğa görə müavinətlə bağlı haqq-hesab cədvəllərinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra - Filial) yenidən baxılmışdır. Baxış zamanı sığortaolunan H.İsmayılovaya aid hər iki haqq-hesab cədvəli (SN 00006 seriyalı 577796 və 810814 nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri əsasında) altsistemə daxil edilərkən sığortaedən, Teatr tərəfindən haqq-hesab cədvəllərində 2019-cu ilin iyul - dekabr, 2020-ci ilin yanvar - fevral aylarında hər ay üzrə gəlirlər qeyd edilmişdir. Haqq hesab cədvəlləri Teatr tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məcburi dövlət sosial sığortası üzrə təqdim edilmiş hesabatlar əsasında emal edilmiş və H.İsmayılovanın "xxxx" ASC-nin Səbail filialındakı ******************** nömrəli hesabına ümumilikdə 3007,21 manat məbləğində müavinət ödənişə göndərilmişdir. Sonradan Teatr tərəfindən Xidmətə təkrar dəqiqləşdirilmiş hesabat verilərək 2019-cu ilin İİİ və İV rübləri (iyul - dekabr) üzrə sığortaolunana aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər sıfırlanmışdır. 2020-ci ilin İ rübü (yanvar - mart) üzrə isə H.İsmayılovanın adı nə ilkin, nə də dəqiqləşdirilmiş hesabatlarda aşkar olunmuşdur. Bu səbəbdən sözügedən haqq-hesab cədvəlləri üzrə ödənilmiş 3007,21 manat məbləğində müavinətdən 1786,61 manat (bir min yeddi yüz səksən altı manat altmış bir qəpik) məbləğində artıq müavinət ödənildiyi müəyyən edilmişdir. (Hesabatlardan və haqq-hesab cədvəllərindən çıxarış əlavə olunur). Hamiləliyə və doğuma görə müavinətlə bağlı MEİS-ə daxil edilmiş haqq-hesab cədvəlləri Filial əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq 14 fevral və 12 oktyabr 2020-ci il tarixlərində emal edilmişdir. İşçilər sənədləri emal edən zaman haqq hesab cədvəllərində qeyd edilən məlumatlar ilə sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlar eynilik təşkil etmiş, bu səbəbdən işçi tərəfindən qanunamüvafiq şəkildə emal edilmişdir. Lakin, sonradan yuxarıda da qeyd edildiyi kimi dəqiqləşdirilmiş hesabat verilərək məbləğlər sıfırlanmış və nəticə olaraq artıq ödəmə halı yaranmışdır. Əlavə olaraq, H.İsmayılovanın 1 iyul 2020-ci il tarixindən 6 aprel 2023-cü il tarixinədək uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olduğu halda 2022-ci ilin oktyabr ayı üzrə ona Teatr tərəfindən əmək haqqı hesablandığına görə “uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət”lə bağlı 31 gün (otuz bir) üçün (1 - 31 oktyabr 2022-ci il) 28,00 (iyirmi səkkiz) manat artıq müavinətin ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi, H.İsmayılovaya məcburi dövlət sosial sığorta haqları hesabına ümumilikdə 1814,61 manat (bir min səkkiz yüz on dörd manat altmış bir qəpik) məbləğində artıq müavinət ödənilmişdir. Filial tərəfindən Teatra 11 iyun 2024-cü il tarixli 3-17-1/2-137278/2024 nömrəli məktubla Əsasnamənin müvafiq hissələrinə istinad edilərək sifarişli poçt göndərişi ilə müraciət olunmuş, müavinət məbləğinin geri qaytarılmadığı halda qanunamüvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Teatr tərəfindən 24 iyun 2024-cü il tarixdə məktub əldə edilmiş, lakin müavinət məbləğinin geri qaytarılması bugünədək təmin edilməmişdir. MEİS-in “Əmək və Məşğulluq” altsistemində H.İsmayılovanın Teatrla olan əmək müqaviləsinə 1 noyabr 2022ci il tarixində Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər (iddia tələbinin iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəlməsi) müzakirə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı yönəlmişdir. İddia tələbinin predmetini avtomobillərin Azərbaycan Respublikasına daxil olmasına və həmin avtomobillərin sərbəst dövriyyəyə buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir. Qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehdən 1814,61 manat vəsaitin tutulmasını tələb edir. Qeyd edilən məbləğin tələb edilməsini iddiaçı onunla əlaqəndirir ki, cavabdeh tərəfindən tərəfindən haqq-hesab cədvəllərində 2019-cu ilin iyul - dekabr, 2020-ci ilin yanvar - fevral aylarına dair haqq hesab cədvəlləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dövlət sosial sığortası üzrə təqdim edilmiş hesabatlar əsasında emal edilmiş və Həcər İsmayılovanın "xxxx" ASC-nin Səbail filialındakı ******************** nömrəli hesabına ümumilikdə 3007,21 manat məbləğində müavinət ödənişə göndərilmişdir. Sonradan Teatr tərəfindən Xidmətə təkrar dəqiqləşdirilmiş hesabat verilərək 2019-cu ilin İİİ və İV rübləri (iyul - dekabr) üzrə sığortaolunana aid məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər sıfırlanmışdır. 2020-ci ilin İ rübü (yanvar - mart) üzrə isə H.İsmayılovanın adı nə ilkin, nə də dəqiqləşdirilmiş hesabatlarda aşkar olunmuşdur. Bu səbəbdən sözügedən haqq-hesab cədvəlləri üzrə ödənilmiş 3007,21 manat məbləğində müavinətdən 1786,61 manat məbləğində artıq müavinət ödənildiyi müəyyən edilmişdir. Hamiləliyə və doğuma görə müavinətlə bağlı MEİS-ə daxil edilmiş haqq-hesab cədvəlləri Filial əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq 14 fevral və 12 oktyabr 2020-ci il tarixlərində emal edilmişdir. İşçilər sənədləri emal edən zaman haqq hesab cədvəllərində qeyd edilən məlumatlar ilə sığortaolunanın fərdi şəxsi hesabındakı məlumatlar eynilik təşkil etmiş, bu səbəbdən işçi tərəfindən qanunamüvafiq şəkildə emal edilmişdir. Lakin, sonradan yuxarıda da qeyd edildiyi kimi dəqiqləşdirilmiş hesabat verilərək məbləğlər sıfırlanmış və nəticə olaraq artıq ödəmə halı yaranmışdır. Əlavə olaraq, Həcər İsmayılovanın 1 iyul 2020-ci il tarixindən 6 aprel 2023-cü il tarixinədək uşağın 3 yaşı tamam olanadək ona qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyətdə olduğu halda 2022-ci ilin oktyabr ayı üzrə ona Teatr tərəfindən əmək haqqı hesablandığına görə “uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət”lə bağlı 31 gün üçün (1 - 31 oktyabr 2022-ci il) 28,00 manat artıq müavinətin ödənildiyi müəyyən edilmişdir. Göründüyü kimi, Həcər İsmayılovaya məcburi dövlət sosial sığorta haqları hesabına ümumilikdə 1814,61 manat məbləğində artıq müavinət ödənilmişdir. Göründüyü kimi, həmin vəsaitin tələb edilməsinə əsas, vaxtilə ilə cavabdehin işçisi olmuş H.İsmayılovaya ödənilmiş artıq vəsaitlə əlaqədardır. Məhkəmə hesab edir ki, qeyd edilən halda H.İmayılovaya artıq vəsait ödənildiyinə görə, həmin vəsait cavabdehdən yox, həmin şəxsdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”: Maddə 1. bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. Maddə 2. Məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət. Əsasnamənin 116-cı maddəsi artıq verilmiş müavinətin qaytarılması ilə bağlı halları tənzimləyir. Həmin normaya görə, artıq verilmiş müavinət məbləği, müavinəti vermiş Fondun yerli qurumunun müraciətinə əsasən sığortaedən tərəfindən tutulur. Hər belə halda tutulan məbləğ sığortaolunanın əməkhaqqının 20 faizindən çox olmamalıdır. Hər bir belə halda geri qaytarılası məbləğ, sığortaolunana çatası vəsaitin 20 faizindən çox olmayaraq çıxılır. Artıq ödənilmiş məbləğ müavinət təyin edən komissiyanın qərarı əsasında müəssisənin mühasibatlığı tərəfindən tutulur və Fondun hesablarına köçürülür. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Müavinət alarkən suiistifadə edilməsində (saxtakarlıqda, sənədləri pozub düzəltməkdə və i.a.) müqəssir olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilirlər. Normanın dispozisiya şərtlərindən göründüyü kimi: 1) artıq verilmiş müavinətin tutulması ilə bağlı müraciəti Fondun yerli qurumu edir; 2) vəsait sığortaedən tərəfindən tutulur: 3) məbləğ sığortaolunandan tutulur. Bu halda iki qayda müəyyən edilir. Əgər sığorta olunan həmin müəssidə işləyirsə, müəssisənin mühasibatlığı tərəfindən sığortaoluanın əmək haqqından (20 faizindən çox olmamq şəri ilə) tutulur. Əgər sığortaolunan həmin müəssisədə işləmirsə, onda artıq verilmiş müavinət məbləği könüllü və ya məhkəmə qaydası ilə alınır. Qeyd edilən normanın aydın olması üçün “Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda verilən anlayışları nəzərə yetirmək lazımdır. Həmin Qanunun: Maddə 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; Maddə 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər. Baxılan işdə sığortaçı – iddiaçı, sığortaedən – cavabdeh, sığortaolunan isə üçüncü şəxsdir. İşin mübahisələndirilməyən halıdır ki, üçüncü şəxs cavabdeh müəssisədə işləmir və əmək münasibətlərinə xitam verilib. Əgər əmək münasibətləri davam etsəydi o zaman arıq ödənilmiş vəsait cavabdeh müəssiə (sığortaedən) tərəfindən üçüncü şəxsin (sığortaolunanın) əmək haqqından tutulaqcaqdı. Əsasnamənin qeyd edilən normanın tələbləri bu istiqamətdədir. Hazırda üçüncü şəxslə cavabdeh arasında əmək münasibətlərinə xitam verildiyindən, normada göstərilən ikinci qayda (yəni artıq ödənilən vəsait könüllü və ya məhkəmə qaydasında) tədbiq edilməlidir. İddiaçı hesab edir ki, bu halda həmin vəsait üçüncü şəxsdən deyil, cavabdehdən tutulmalıdır. Çünki, Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır. Belə ki, ilk növbədə ona görə, əgər Qanunvericiliyin məqsədi artıq ödənilən vəsaitin müəssisədən (sığortaedəndən) tutulması olsaydı, birinci halda da, yəni işçi həmin müəssisədə çalışmağa davam etdiyi halda da, həmin vəsaitin sığortaolunandan deyil, sığortaedəndən tutulmasını qeyd edərdi. Bu isə Qanunverciliyin tələblərinə, işin halların və hüququn təməl prinsiplərindən olan ədalətlilik prinsplərinə zidd olardı. Çünki hər iki halda, artıq vəsait əldə etmiş şəxs işəgötürən deyil, işçidir. Belə olan halda, həmin artıq vəsait də, ondan faydalanan şəxsdən tutulmalıdır. Əks yanaşma, işçinin artıq vəsait əldə edərək əsassız varlanmasına, işəgötürənin də əlavə maliyyə itkisinə məruz qalmasına səbəb olacaq. Əsasnamənin 119-cu maddəsinə görə, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da sığortaolunanın sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri, müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır. Məhkəmə cavadehin həmin normaya istinad edərək artıq vəsaitin cavabdehdən tutukmalı olması barədə arqumentini əsassız hesab edərək qeyd edir ki, müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyəti, intizam və ya buna əsaslar olduqda inzibati xəta və ya cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən hal, artıq vəsaitin köçdüyü işçidən deyil, işəgötürəndən tutulması kimi təfsir edilə bilməz. Məhkəmə təkrar olaraq qeyd edir ki, qanunvericiliyin məqsədi, müəssisənin müdiriyyətinin və baş (böyük) mühasibinin müavinətlərin təyin edilməsində məsuliyyət daşımasına əsaslnaraq həmin vəsaitin işögötürəndən tutulmasına yönəlmiş olsa idi, o zaman işçi həmin müəssidə işlədiyi təqdirdə də, həmin vəsaitin işəgötürəndən tutulmasını tənzimləyərdi. Lakin normamın məzmunundan göründüyü kimi, bu qayda bu şəkildə deyil, sığortaedən (müəssisə - cavabdeh) tərəfindən, sığortaolunanın (işçinin – üçüncü şəxsin) əmək haqqındn tutulması şəklində tənzimlənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, hazırkı işdə iddia tələbə cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən iddia mümkünlük şərtini ödəmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır. Məhkəmə həmin vəsaitin işəötürəndən tutulması, iddiaçı ilə üçüncü şəxs arasında hər hansı publik müasibətlərin olmaması ilə bağlı qeyd edir ki, analoji mübahisələr üzrə, vəfat edən əmək pensiyaçısının kart hesabına artıq ödənilmiş vəsaitin onun vərəsəsindən tutulmasına dair işlərdə də analaji vəziyyət mövcud olur. Artıq vəsaiti alan şəxslə (əmək pensiyaçısının vərəsəsi ilə) pensiya orqanı arasında hər hansı publik münasibət olmur. Lakin DSMF həmin pulu mülki qaydada tələb edə bilmədiyindən yerləşmiş məhkəmə təcrübəsinə əsasən bu iddialara da inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxılır. Hazırkı işdə də, iddiaçı ilə üçüncü şəxs arasında publik münasibətlərin olmaması, həmin vəsaitin inzibati mühakimə icraatı qaydasında inzibati məhkəmədə tələb etmək hüququnu istisna etmir. Çünki mübahisənin xarakteri publik münasibətdir və sosial sığorta ilə bağlı qanunvericiliyin tələbləri mülki mühakimə icraatı qaydasında deyil, inzibati mühakimə icraatı qaydasında araşdırılmalı olan məsələdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar