Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13009/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “pasport qeydiyyatına alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğulduğu vaxtdan etibarən daima Bakı şəhərində yaşamışdır. Heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. X6 Valeryevna xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kaliningrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində anadan olub. Anası Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunub. Lakin yaşayış yeri üzrə qeydiyyata alınması üçün ünvan olmaması səbəbindən anasının hələ də Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün olmayıb. Hazırda anası ünvan 2 ünvanında (kirayədə) yaşayır. X1 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi adlanan ərazidə ünvansız evdə yaşayır. Valideynləri 1993-cü ildə Rusiya Federasiyasının Kaliningrad vilayətinin Çernyaxovsk şəhərində tanış olublar. Elə həmin ilin sentyabr ayında evlənmək və daimi yaşamaq məqsədilə anası atası ilə birlikdə Azərbaycan Respublikasının Bakı şəhərinə gəlib. Azərbaycana gəldikdən sonra onlar evləniblər (nikaha daxil olmayıblar) və Bakı şəhərində yaşamağa davam ediblər. 2002-ci ildə Bakı şəhəri Sabunçu rayonu 10 nömrəli sanatoriya tipli internat məktəbinin birinci sinfinə getmişdir. xx.xx.2009-cu ilə kimi həmin məktəbdə təhsil almış, daha sonra təhsilini davam etdirməmişdir. Məktəbdə atasının soyadına uyğun olaraq “Tağıyev” soyadı ilə təhsil almışdır. İddiaçı tibb müəssisəsindən kənarda doğulduğu üçün və doğularkən anasına kömək edən həkim olmadığından, hətta doğuşdan sonra iddiaçının doğulmağı barədə sənəd almaq üçün anası heç bir həkimə müraciət etmədiyindən doğum faktının qeydiyyata alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi uzun müddət mümkün olmayıb. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2022-ci il tarixdə doğum faktının müəyyən olunması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etdi. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin edildi. Qətnamə qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə AZ-İV seriyalı, 904787 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edildi. Doğulan zaman valideynləri nikahda olmadığı üçün və ananın şəxsiyyətini təsdiq edən sənədi olmadığından onun doğumu qeydə alınarkən qeydiyyat şöbəsi atalığının müəyyən olunmasını qeydə almaqdan imtina etdi. Bu səbəbdən də doğumu qeydə alınarkən ona anasının soyadına uyğun olaraq “Batuxtin" soyadı verildiər. Buna görə də atalığının müəyyən edilməsinin qeydə alınması vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13526/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edildi. Həmin qərar əsasında xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən atalığının müəyyən edilməsi qeydə alındı. Buna müvafiq olaraq doğumu haqqında akt qeydinə dəyişiklik edilərək ona atasın soyadına uyğun olaraq “Tağıyev" soyadı verildi və doğum haqqında yeni şəhadətnamə ilə təmin edildi. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etdi. Dövlət Miqrasiva Xidmətinin xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Artıq 29 yaşı var. Lakin yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün ünvan olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün deyil. Şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda ünvan 4 ünvanında yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçının hazırda yaşadığı ev mülkiyyətində deyil və həmin ünvanda kirayədə yaşayır. Şəxsiyyət vəsiqəsi olmadan hansısa mülkə sahib olmağı da mümkün deyil. Yaşadığı ev sənədsiz evdir, başqa şəxsin sahibliyindədir və hətta evin sənədi olsaydı da belə evin mülkiyyətçisi onun həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmağına razılıq verməzdi. Hazırda, onun həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmağı mümkün deyil. Onun valideynlərinin də mülkiyyətində yaşayış sahəsi yoxdur. Belə ki, anası hazırda kirayədə yaşayır, atasının yaşadığı yaşayış sahəsinin isə qeydiyyat sənədləri yoxdur. Onun yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün başqa ünvan da yoxdur. Yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün ünvan olmaması səbəbindən "ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı mümkün deyil. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət edərək 4 saylı Bakı "ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S“ saylı Sərəncamına əsasən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağının təmin edilməsini və həmin sənədin 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə göndərilməsini xahiş etdi. Lakin həmin müraciətindən 48 gün keçməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin hərəkətsizliyi səbəbindən yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X3 iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulundan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
12. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
13. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
14. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Sabunçu rayonun inzibati ərazisində qeydiyyatsız yaşayır. Bu işin mübahisəsiz halıdır. Həmin evə dair onun adına hüquqmüəyyənedici sənədləri yoxdur, belə olan halda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, iddiaçı faktiki olaraq yaşayış yeri olmayan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına əsasən qeyd edilir ki, yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
15. Məhkəmənin qeyd edilən qənaəti həm də “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından irəli gəlir. Həmin qərarda qeyd edilir: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər...
16. Yəni Konstitusiya Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçını faktiki yaşadığı üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmasını təmin etməlidir. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə qeyd edilən vəzifələrin icra edilməsi imkanı mümkünsüz olur.
17. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.
18. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
19. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 7 ünvanı (inzibati binası) üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva