Məhkəmə qərarları › İş №2-1(112)-1301/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1301/2022

24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1301/2022 24.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin onun ali təhsil haqqında sənədini, yəni Bakı İslam Universitetinin vermiş olduğu diplomu tanıması öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı orta təhsilini tamamladıqdan sonra 2008-ci ildə Bakı İslam Universitetinin (red. BİU) Dinşünaslıq fakültəsinə qəbul olmuş və 2013-cü ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bununla müfəssəl izahat vermir ki, səbəb nədir. Dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticə əldə edə bilməmiş və buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə hal başqa məzunlarla bağlı da mövcuddur, hətta onlardan məhkəməyə müraciət edərək hüquqlarını bərpa edənlər var, bu da onun göstərir ki, artıq bununla bağlı presedent var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2021 nömrəli, 24.06.2021-ci il tarixli qərardadı ilə Bakı İslam Universiteti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7616/2021 nömrəli, 27.08.2021-ci il tarixli qərardadı ilə İddiaçı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 06.08.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin 30.12.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pilləsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbəbdən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Bildirilir ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda nəzərinizə çatdırılır ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİUnin məzunlarına verilən diplom blankının nümunəsi isə BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası Təhsil nazirinin 09.11.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş 23.11.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar bildirilir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlimtərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3-cü bəndinə görə ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi BİU-nun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil edilməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU-nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN-yi tərəfindən təsdiq edilməməsi, buraxılış Attestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BlU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq regionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin halhazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Eyni zamanda bildirilir ki, Bakı İslam Universitetinin Zaqatala Filialının fəaliyyəti barədə Təhsil Nazirliyində hər hansı bir məlumat mövcud olmamışdır. Ona görə də iddiaçının adına diplom blankının verilməsinə heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda şərh olunanları və AR İPM-in 47-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının həmin təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Qafqaz Müsalmanları İdarəsi Bakı İslam Universiteti tərəfindən 25.06.2013-cü il tarixdə verilmiş 2633 nömrəli Diploma əsasən İddiaçı 2008-ci ildə Bakı İslam Universitetinə daxil olmuş, 2013-cü ildə ilahiyyatçı-islamşünas ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı İslam Universitetinin bir qrup məzununa ünvanladığı 24.05.2021-ci il tarixli, Kol-6567/1124 nömrəli məktubunda bildirilmişdir ki, 2010-cu ilə qədər Bakı İslam Universitetinə və universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslərin təhsil sənədlərinin tanınması məsələsinə hər bir halda fərdi şəkildə məhkəmənin qərarı əsasında baxılacaqdır. Beləliklə, hazırkı işdən görünür ki, iddiaçının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı tələbi “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. O, diplomunun qanuni hesab edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də müraciətin təmin edilməsindən imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2021-ci il tarixli 1282 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə edilmiş dəyişikliyə qədər Əsasnamənin 8.26-cı bəndinə əsasən Təhsil Nazirliyinin mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlamaq, onun verilmə qaydalarını müəyyənləşdirmək, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin etmək səlahiyyəti nəzərdə tutulmuşdur. Həmin bəndə yuxarıda adıçəkilən Fərmanla edilmiş dəyişiklikdən sonra Təhsil Nazirliyinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin etmə səlahiyyəti nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçının məqsədi BİU tərəfindən “İlahiyyətçi-islamşünas” ixtisası üzrə tam kursu bitirməsi barədə ona verilmiş 25.06.2013-cü il tarixli 2633 nömrəli diplomun qanuniliyinin tanınmasıdır. İddiaçının hüquqi marağı nəzərə alındıqda iddia tələbi 25.06.2013cü il tarixli 2633 nömrəli diplomun qanuniliyinin tanınması üçün müvafiq ixtisas üzrə təhsil almasına dair sənəd dövlət nümunəli blank olmalıdır ki, hazırkı məhkəmə də iddiaçıya onun hüquqi marağını nəzərə almaqla tələbinin düzgün qoyulması istiqamətində yardım etmiş və iddiaçı iddia tələbini dəqiqləşdirmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı məhz təhsil haqqında sənədinin dövlət nümunəli blank olmasına nail olmaq, ilkin iddia tələbindəki sözləri ilə ifadə edilsə isə diplomun qanuniliyinin tanınmasıdır ki, onun tələbi də məhz bu hüquqi marağa uyğun formalaşdırılmışdır. Buna görə də iddiaçının həmin tələblə bağlı iddiası mümkündür (Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-71/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında ifadə edilmişdir). İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə cavabdehin müraciətin təminindən imtina əsaslarına görə Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil nazirinin 30 dekabr 2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 avqust 2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə (bakalavr pilləsində Dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. BİU-nə 5 illik lisenziya verilsə də fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. İddiaçının adına universitet tərəfindən yazılmış 25.06.2013-cü il tarixli 2633 nömrəli nömrəli diplom blankı dövlət nümunəli sənəd deyildir. Buna da səbəb iddiaçının 2008-ci ildə ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar, daxili müsabiqə yolu ilə qəbul olunmağı və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsi ilə bağlı olmuşdur. Halbuki, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. İş üzrə müəyyən olunur ki, Bakı İslam Universiteti ilə bağlı sənədlərdən müəyyən olunur ki, universitet “Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında” şəhadətnaməyə əsasən 17.03.1997-ci il tarixdə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, əsas fəaliyyəti “Ali təhsil” göstərilmiş, ali dini tədris müəssisəsi kimi X7 üzrə Dövlət Komitəsində yenidən qeydə alınaraq 28 iyun 2002-ci il tarixli Şəhadətnamə verilmiş, Şəhadətnamədə əsas fəaliyyət növü “Ali ixtisas üzrə Dini təhsil vermək”, təşkilati-hüquqi forması kimi “Ali Dini tədris müəssisəsi” qeyd edilmişdir. 2009-cu ildə qanunvericilik aktlarına edilən dəyişikliklərə uyğun olaraq 26 avqust 2009cu il tarixdə Təhsil Nazirliyi tərəfindən Ali təhsilin bakalavr və magistr pilləsində əlavədə göstərilən istiqamətlər üzrə mütəxəssis hazırlığı həyata keçirməyə icazə barədə Universitetə 5 il müddətinə lisenziya verilmişdir. 17 mart 1997-ci il tarixdə qeydə alınmış Universitetin nizamnaməsində universitetin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilməsi, təşkilati məsələlərdə ona tabe olması, universitetin vəzifələrindən biri kimi ali dini təhsilli mütəxəssislər hazırlamaqdan ibarət olması göstərilmişdir. Bakı İslam Universitetinin X7 üzrə Dövlət Komitəsində 27 iyun 2002-ci il tarixdə qeydiyyata alınmış Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilmiş Nizamnaməsində qeyd edilmişdir ki, universitetə qəbul QMİ-nin qanunvericiliyə uyğun təsdiq etdiyi tələbə qəbulu qaydalarına uyğun olaraq aparılır. Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Beləliklə, işin mübahisə olunmayan halı ondan ibarətdir ki, Təhsil Nazirliyi tərəfindən 2009-cu ildə və ondan sonra Bakı İslam Universitetinə qəbul edilən və həmin universiteti bitirən məzunlara dövlət nümunəli diplomlar təsdiq edilərək verilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı bu tarixdən əvvəl, yəni 2008-ci ildə universitetə qəbul olunduğundan, universitetə qəbul edilən vaxt universitetin fəaliyyəti ilə bağlı lisenziyası olmadığından və iddiaçı tələbə qəbulu qaydalarına uyğun qəbul edilmədiyindən ona dövlət nümunəli diplom verilə bilməz. Məhkəmə cavabdehin qeyd edilən dəlillərinin qiymətləndirilməsi ilə bağlı aşağıdakı normalara istinad etməyi zəruri hesab edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunun (20 avqust 1992-ci ildə qəbul edilmişdir) 6-cı maddəsinə (04.05.2021-ci il tarixli redaksiya) əsasən: -6.3. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. -6.4. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. -6.5. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. -6.6. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddənin dördüncü hissəsinə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasına əsasən dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 21 dekabr 2010-cu il tarixli 38-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddəsinin dördüncü hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli 162-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır və maddəyə beşinci hissə əlavə edilmişdir. 4 may 2021-ci il tarixli 309-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 6-cı maddəyə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiyasında gstərilirdi: Azərbaycan Respublikasında dövlət təhsil sistemi dindən ayrıdır. Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər. Vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyəti öyrənə və dini təhsil ala bilərlər. Dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. Dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır. Həmin Qanunun 7-ci maddəsinə görə dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Həmin Qanunun 10-cu maddəsinə görə (4 may 2021-ci il tarixli 309- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir): Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini təhsil müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələri ilə dini mərkəz və ya idarələr arasında münasibətlər təsis sənədləri ilə müəyyən edilir. Dini təhsil müəssisələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrinlə təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. 7 iyun 1996-cı il tarixli 117-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 10-cu maddənin birinci hissəsinə görə dini idarələr və mərkəzlər özlərinin qeydə alınmış nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq ruhanilər və dini ixtisaslar üzrə digər xadimlər hazırlanması üçük dini tədris müəssisələri yaratmaq hüququna malikdirlər. Dini tədris müəssisələri bu Qanunla müəyyən edilmiş qaydada qeydə alınan öz nizamnamələrinə (əsasnamələrini) müvafiq surətdə fəaliyyət göstərirlər. 8 may 2009-cu il tarixli 812-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 10cu maddədə yeni məzmunda ikinci hissə əlavə edilmişdir, ikinci hissə üçüncü hissə hesab edilmişdir və üçüncü hissədə “Əyani ali və orta dini” sözləri “Dini” sözü ilə əvəz edilmişdir. Eyni Qanunun 12-ci maddəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini qurumlara dini mərkəz və idarələr tərəfindən din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin (2 noyabr 2009-cu ilə qədər olan qüvvədə olmuş redaksiya) 6-1.4-cü bəndinə əsasən dini qurumların dövlət qeydiyyatını həyata keçirmək; 6-1.5. öz səlahiyyətləri daxilində dini tədris ilə bağlı məsələlərin tənzimlənməsində iştirak etmək Komitənin fəaliyyət istiqamətlərindəndir. Eyni zamanda Əsasnamənin 7.10-cu bəndinə əsasən dini tədris müəssisələrinin proqramlarını təhlil etmək, tədrisin keyfiyyətini müəyyən etmək üçün onlara ekspert rəyinin verilməsi (10 mart 2008-ci ilə qədər qüvvədə olan redaksiya); 7.10-cu bəndinə əsasən dini tədris müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə təsdiq edilməsi, dini tədrisin keyfiyyətini müəyyən etmək üçün ekspert rəyinin verilməsi (2 noyabr 2009-cu ilə qədər qüvvədə olan redaksiya); 7.10-cu bəndinə görə dini təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy verilməsi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarının təhlil edilməsi, tədris plan və proqramlarının təsdiq edilməsi, dini tədrisin keyfiyyətinin müəyyən edilməsi üçün rəy verilməsi (2 noyabr 2009-cu il tarixli redaksiya) Komitənin əsas vəzifələridir. Həmin Əsasnamənin 9-cu bəndinə görə respublikada mövcud olan dini təhsil müəssisələrinin fəaliyyət barədə məlumatlar almaq, bu müəssisələrdə dini təhsilə bağlı yoxlamalar aparmaq, onların fəaliyyətində mövcud qanunvericiliyi zidd hərəkətlər olduğu təqdirdə dinin mərkəz və ya müvafiq dövlət orqanları qarşısında bu barədə məsələ qaldırmaq Komitənin hüququqdur. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Qaydalar (21 dekabr 2015-ci ildə ləğv edilmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1995-ci il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamənin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. Tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. Göründüyü kimi “Dini etiqad azadlığı haqqında” Qanunun 20 avqust 1992-ci ildə qəbul edilən zaman qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinə əsasən dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri və qrupları yaratmaq, habelə başqa formalarda təlim keçmək, bundan ötrü onlara məxsus olan və onların istifadəsinə verilən əmlakdan istifadə etmək ixtiyarına malikdirlər. 8 may 2009-cu il tarixli Qanun ilə 6-cı maddənin dördüncü hissəsinin yeni redaksiyasına görə: dini qurumlar öz nizamnamələrinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini təhsili üçün təhsil müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirə bilərlər. 21 dekabr 2010-cu il tarixli Qanun ilə 6-cı maddəsinin dördüncü hissəsində “tədris” sözü “təhsil” sözü ilə əvəz edilmişdir. 10 iyun 2011-ci il tarixli Qanun ilə 6-cı maddədə dördüncü hissədən “(əsasnamələrinə)” sözü çıxarılmışdır. 4 may 2021-ci il tarixli Qanun ilə 6-cı maddə yeni (hazırda qüvvədə olan) redaksiyada verilmişdir. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin məzmununa görə dini qurumlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq uşaqların və yaşlıların dini təhsili üçün tədris müəssisələri (təhsil müəssisələri) yaratmaq ixtiyarına malik olmuşlar. İş üzrə müəyyən olunur ki, SSRİ Nazirlər Soveti yanında X5 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi fəaliyyətə başlamış, Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmri ilə Bakı İslam Mədrəsəsinin bazasında Bakı İslam İnstitutu yaradılmış, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 1 mart 1994-cü il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilib Qafqaz İslam Universiteti adlandırılmış və Nizamnaməsi dövlət qeydiyyatına alınmış, Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən qeydiyyatdan keçmiş, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə X7 üzrə Dövlət Komitəsi yaradılmış və dini (təhsil) müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri Komitəyə verildiyindən, Komitənin 27 iyun 2002-ci il tarixli 163 nömrəli sərəncamına əsasən Bakı İslam Universiteti 135 nömrəli Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatından keçmişdir. Bakı İslam Universiteti “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edildiyi 20 avqust 1992-ci ildən 8 may 2009-cu ilə qədər qüvvədə olmuş 6-cı maddəsinin dördüncü hissəsinin, habelə 10-cu maddəsinin tələbinə uyğun Nizamnaməsinə müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yaradılmış, həmçinin Nizamnaməyə uyğun olaraq müəyyən olunmuş formada təlim-tərbiyə prosesini həyata keçirmişdir. 07 oktyabr 1992-ci il tarixli “Təhsil haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsində qeyd edilmişdir ki, təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Bununla bağlı ali dini təhsil müəssisəsinin 2009-cu ilin noyabr ayına qədər Təhsil Nazirliyində dövlət qeydiyyatından keçdikdən sonra hüquqi status alması barədə hər hansı qanunvericilik norması olmamışdır. “Dini etiqad azadlığı haqqında” Qanunun 10-cu maddəsi (ən azından mübahisə edilən dövrlə bağlı) həm də müəyyən etmişdir ki, dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. “Təhsil haqqında” qanunvericiliyin tələbinə görə dövlət təhsil müəssisəsini bitirmiş məzunlara vahid formada dövlət sənədi cavabdeh tərəfindən verilir. “Dini etiqad azadlığı haqqında” Qanunun 7-ci maddəsinə görə dini təhsil müəssisələri dini qurum hesab edilir və həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilməsi nəzərdə tutulduğundan, iddiaçının təhsil aldığı Bakı İslam Universiteti əvvəl Ədliyyə Nazirliyində, sonra isə X7 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alındığından və dini qurumların dövlət reyestrinə daxil edildiyindən fəaliyyəti qanuni olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda 26-cı bənddə qeyd edilmişdir ki, ali və orta ixtisas müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti ilə bağlı lisenziya verən orqan Təhsil Nazirliyidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə bu Qaydalar “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə”yə və “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nda ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 15 fevral 2011-ci ildə əlavə edilmiş 3.1-1-ci bəndində qeyd edilmişdir ki, təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olmaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (21 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir). 2 sentyabr 2002-ci il tarixdə təsdiq edilmiş Qaydalarda da ali dini təhsil müəssisələri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növü kimi göstərilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, 2 sentyabr 2002-ci il tarixli Fərmanla təsdiq edilmiş Əlavə № 2-də “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun Məbləğləri”ndə fəaliyyət növü kimi ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi və buna görə 5.500 manat dövlət rüsumu müəyyən edilməsi barədə 17.5-ci bənd 6 avqust 2009-cu il tarixli 143 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə əlavə edilmişdir. Beləliklə müəyyən olunur ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanlarında və Nazirlər Kabinetinin qərarlarında avqust 2009-cu ilə qədər ali dini təhsil müəssisələrinə lisenziya verən orqanın adının Təhsil Nazirliyi olmasına dair hər hansı müddəa olmamışdır. Bu əsasdan iddiaçının təhsil aldığı Bakı İslam Universitetinin 2009-cu ilədək fəaliyyəti barədə lisenziya almalı olması barədə cavabdehin dəlilləri əsaslı hesab edilmir. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin: -1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. -6-cı bəndinə görə Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi. -7-ci bəndinə görə Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir. Göründüyü kimi 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6-cı bəndinin tələblərinə görə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi komissiyanın əsas vəzifələrindən biri olmuşdur. Fərmanın tələblərinə görə Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulu həyata keçirilir. İddiaçının təhsil aldığı Bakı İslam Universiteti də Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisəsi olmuşdur. İddiaçının Bakı İslam Universitetinə qəbulu daxili müsabiqə yolu ilə həyata keçirilmişdir. Beləliklə, iddiaçının Bakı İslam Universitetinə qəbulu Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilmədiyindən, onun həmin universiteti bitirməsinə dair dövlət nümunəli diplomun verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuni olmuşdur (Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2148/2021 saylı inzibati iş üzrə qəbul etdiyi 15.12.2021-ci il tarixli qərarında ifadə olunmuşdur). “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmənin hazırkı iş üzrə gəldiyi nəticə oxşar işlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən formalaşdırılmış məhkəmə təcrübəsinə də uyğundur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası nəticə olaraq qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Bu əsasdan məhkəmənin qənaətinə görə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair iddiası əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı İslam Universiteti) “dövlət nümunəli diplom blankının təhsil müəssisəsinə göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar