Məhkəmə qərarları › İş №2-1(112)-1301/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1301/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1301/2024 10.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yeləşən mənzilə dair iddiaçı X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reysterindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarqəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvü olan həyat yoldaşı X10, oğlanları X17 və X18, həmçinin qayınanası X8 ilə birlikdə 1999- cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu. Ələt qəsəbəsi. K.Məmmədov küçəsi, ev 1. m. 12, üç otaqlı 46.05 kv.m olan mənzilə köçərək həmin mənzildə pasport qeydiyyatında olan X4 və onun anası Dckteryova Zinaida adlı qadınla birlikdə yaşamışdırlar. 2001-ci il tarixdə X4 mənzildən getmiş, iddiaçı isə mənzildə yaşamağa davam etmişdir. 2001-ci il tarixdə Zinaida Dekteryova vəfat etmiş və iddiaçı onu öz millətinin adət-ənənələrinə uyğun olaraq dəfn etmişdir. Zinaidanın vəfatından bir müddət sonra mənzildə pasport qeydiyyatında olan oğlu Aleksandr qayıdaraq onlarla birlikdə yaşamağa davam etmişdir. Lakin sonra onlardan pul alaraq daimi olaraq yaşamaq üçün Rusiya federasiyasına köçdü və bir daha geri qayıtmadı. O, iddiaçının həmin mənzildə ailəsi ilə birlikdə qalmağına etiraz etmirdi. İddiaçı isə ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa davam etmişdir. 2009-cu ildə isə iddiaçı Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək sözügedən mənzilə dair hüquqlarının tanınmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2009-cu il tarixli qətnaməsi ilə, iddiaçının, yəni İddiaçı, X5, X11, X12 və X3 Bakı şəhəri. Qaradağ rayonu. Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı evin 12 saylı mənzilə yaşayış hüququnun tanınması qət edildi. Hləmin qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçı xx.xx.2009-cu il tarixdə sözügedən mənzilə pasport qeydiyyatına düşmüşdür. 2012-ci il tarixdə isə iddiaçı yenidən Qaradağ rayon Məhkəməsinə müraciət edərək, sözügedən mənzilə dair kirayə (icarə) müqaviləsinin bağlanması və cavabdeh X1 mənzilə dair istifadə hüququnun itirilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ rayon Məhkəməsinin № 2(002)-704/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı evin 12 nömrəli 3 otaqlı mənzilin X6 adıııa mənzil kirayə (icarə) müqaviləsinin bağlanmasının Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə edilməsi, həmin mənzilə cavabdeh X1 istifadə hüququnun itirilməsi qət edildi. Sözügedən qətnamə əsasında, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin Başçısının №182 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə Bakı şəhəri. Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı evin 12 nömrəli 3 otaqlı mənzilin 4 nəfər ailə üzvü ilə birlikdə (özü. həyat yoldaşı Ağəli, oğlu Tahir, oğlu Nicat) İddiaçı adına kirayə müqaviləsinin bağlanması və onların həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Beləlilklə, Qaradağ RİH-nin xx.xx.2022-ci il tarixli Sərəncamı ilə iddiaçının kirayəçi kimi hüquqları tanınmışdır. Göründüyü kimi, onun ailə üzvləri ilə birlikdə 1999-cu il tarixdən sözügedən mənzildə köçüb yaşamağı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə öz təsdiqini tapır və yenidən sübut edilməsinə ehtiyac yoxdur. iddiaçı sözügedən mənzildə qeydiyyatdadır və mənzildə uzun illərdir ki. mübahisəsiz sahiblik və istifadə edir. İddiaçı qeyd etmişir ki, sözügedən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 04.1 1.2022-ci il tarixli №**********00 saylı məktubunda ilə qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair adınıza hiiquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Halbuki iddiaçı tərəfindən dövlət orqanına yuxarıda qeyd olunan məhkəmə qətnamələri, o cümlədən sərənca təqdim edilmişdir, lakin sənədlər təqdim edilsə də. cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilməklə iddiaçının vətəndaş hüquq və mənafeləri kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, mənzilə dair ‘’Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-cı maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı hesab edir ki, cavabdeh orqan «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin qanunun 11.1-ci maddəsinə zidd olaraq ona imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh inzibati orqanın nüməyəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiyi barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının 182 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 savlı Baki Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının 182 saylı sərəncamı xx.xx.2022-cı il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 Nə-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 savlı Baki Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, nəzərinizə çatdırmaq istərdik ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********00 nömrəli, 04.11,2022-ci il tarixli məktubla cavab verilmişdir. - Qaradağ Rayon Məhkəməsinin 2(002)-490/2009 saylı xx.xx.2009-cu il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı, X5. X11, X12 və X3 Bakı şəhəri, Qaradağ rayonıı, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı evin 12 saylı mənzilinə yaşayış hüquqları tanınması qət edilmişdir. - Qaradağ Rayon Məhkəməsinin 2(002)-704/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə ddia təmin edilmiş, Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,K.Məmmədov küçəsi, 1 saylı 5 mərtəbəli evin 4-c mərtəbəsində yerləşən, sahəsi 46,05 kv.metr olan 12 nömrəli 3 (üç) otaqlı mənzilə Neymətov; Könül Qəhrəman qızının adına mənzil kirayə (icarə) müqaviləsi bağlanması Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə edilmiş və Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı 5 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,05 kv.metr olan 12 nömrəli 3 (üç) otaqlı mənzilə X2 istifadə hüququ itirilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmnıədov küçəsi, ev 1, 12 saylı mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanılması haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, 3 otaqlı, yaşayış sahəsi 46.05 kv.m. olan 12 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı Ağəli, oğlu Tahir, oğlu Nicat) İddiaçı adma kirayə müqaviləsi bağlanılsın və o, həmin mənzilin kirayəçisi hesab olunmuş, qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmış və Sərəncamın surətlərinin Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinə və vətəndaş İddiaçı göndərilməsi rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-704/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi 23 iyul 2012-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-490/2009 saylı xx.xx.2009-cu il tarixli Qətnaməsi 25 may 2009-cu il tarixdə qanuni qüvvəyə minmişdir. - Məhkəmənin müvafiq sorğusuna cavab olaraq, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktub ilə tələb edilən sənədlər məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı iddiadır. İddia əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanda yeləşən mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş sənədlərdən və işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş və iddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibatin orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair adınıza “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının 182 saylı sərəncamı xx.xx.2022-cı il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdehin məktubundan narazı qalan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarının araşdırılmasını təmin edilməsi məqsədi ilə inzibati orqanlara müxtəlif sorğular vermişdir. Məhkəmə tərəfindən işin hallarının araşdırılması məqsədilə, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, 12 nömrəli mənzilə dair kirayə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanılması haqqında Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 182 nömrəli Sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə sorğu vermiş və məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə tələb edilən sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, mənzil 12 nömrəli mənzildə yaşayan İddiaçı Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilə dair onunla mənzil icarə müqaviləsinin bağlanılmasına sərəncam verilməsini xahiş edilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-704/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,K.Məmmədov küçəsi, 1 saylı 5 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,05 kv.metr olan 12 nömrəli 3 (üç) otaqlı mənzilə X9 adına mənzil kirayə (icarə) müqaviləsi bağlanması Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə edilmiş və Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı 5 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşən, sahəsi 46,05 kv.metr olan 12 nömrəli 3 (üç) otaqlı mənzilə X2 istifadə hüququ itirilməsi qət edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-490/2009 saylı xx.xx.2009-cu il tarixli Qətnaməsi ilə iddia təmin edilmiş və İddiaçı, X5 X11, X12 və X3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, 1 saylı evin 12 saylı mənzilinə yaşayış hüquqları tanınması qət edilmişdir. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Arayışından görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə 2009-cu il tarixdən (qeydiyyata götüldüyü tarix) hal-hazırki vaxtadək yaşayırlar. Cavabdeh məhkəmə icraatı zamanı xx.xx.2023-cü il tarixli etiraz məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddia əsaslı və qanuni olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilir. Qanunun 5-ci maddəsində təsbit edilmiş şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsində “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Yəni, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə zamanı iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş etiraz məktubunda qeyd etdiyi “Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı şəhər Qaradağ rayon İcra Hakimiyyəti başçısının 182 saylı sərəncamı xx.xx.2022-ci il tarixdə verilmişdir.” imtina dəlili ilə bağlı olaraq məhkəmə aşağıda göstərilənlərə əsasən qeyd edir: Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 704/2012 saylı xx.xx.2012-ci il tarixli Qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı adına mənzil kirayə (icarə) müqaviləsi bağlanması Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə qətnaməsinin yeddinci abzasında qeyd edilmişdir: Mübahisəli ünvandakı mənzilin əvvəlki icarəçisi vəfat etdiyindən və iddiaçının həmin mənzilə istifadə hüququ tanındığından, X4 isə həmin mənzildən köçüb getdiyinən, həmin mənzildə yaşayan digər ailə üzvləri mənzilin icarə müqaviləsinin iddiaçının adının dəyişdirilməsinə etiraz etmədiklərinə görə məhkəmə hesab edir ki, iddia təmin edilməli və mübahisəli mənzilin icarə müqaviləsi iddiaçının adına dəyişdirilməlidir. Azərbaycan Respublikasi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının “Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, 12 saylı mənzilin kirayə müqaviləsinin vətəndaş İddiaçı adına bağlanılması haqqında” xx.xx.2022-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 1, 3 otaqlı, yaşayış sahəsi 46.05 kv.m. olan 12 saylı mənzildə 4 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı Ağəli, oğlu Tahir, oğlu Nicat) 2009cu ildən yaşayır. Göründüyü kimi, iddiaçının qeyd edilən mənzilə dair hüquqları 23 aprel 2009-cu il tarixili müvafiq məhkəmə qətnaməsi ilə, yəni 1 oktyabr 2009-cu il tarixədək (yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək) yaranmışdır. İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu hər hansı səlahiyyətli orqan tərəfindən mübahisələndirilmədiyi halda, ona imtina cavabı verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə uyğun olaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin Azərbaycan Respublikası mənzil fondu Məcəlləsinin 32.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin müddəaları baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsindən xahiş etmişdir. Sorğuda qeyd olunur ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli Plenumunun Qərarı: Göstərilən Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Hazırki mübahisəyə münasibətdə dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs olunan müddəalarına əsasən iddiaçının mənzili özəlləşdirmək hüququ olmuşdur. Həmçinin cavabdehin verdiyi imtina məktubunda iddiaçının tələbinin təmin olunmaması üçün göstərilən əsas qeyd olunan Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir) 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən 2006-cı il iyulun 6- dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Göründüyü kimi, hazırda mülkiyyət hüququnun qeydə alınması üçün hüquq müəyyənedici sənəd müvafiq icra hakimiyyətinin 182 nömrəli sərəncamıdır. Belə olan halda məhkəmənin qənaətinə əsasən cavabdehin imtinası qanuna zidd qiymətləndirilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanunun normalarına əsasən qeydiyyata alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi mənzillə bağlı münbasibətlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununa əsasən qeyd edilən daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ mövcud olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddənin 1,2,4-cü bəndləri). 65.1-ci maddəsinəəsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı madddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilənlər nəzərə alınaraq İddiaçı 1 oktyabr 2009-cu ilədək ünvan 1 ünvanda yeləşən mənzildə qeydiyyatda olmaqla yaşadığından və bu hal məhkəmə qətnamələri ilə müəyyən olunduğundan (preyudisial) həmin mənzilə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı və mənzil kirayəsi müqaviləsi mövcud olduğundan, iddiaçının 18 yaşına çatmış ailə üzvlərinin mənzili özəlləşdirməyə dair razılığı olduğundan (məhkəmə qətnaməsinə əsasən), onun müvafiq qanun qüvvəyə minənədək (2009-cu ilədək) mənzili özəlləşdirmək hüququ yarandığından sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yeləşən mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yeləşən mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar