Məhkəmə qərarları › İş №2-1(112)-1301/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1301/2025

06.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1301/2025 06.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin bölgü sxemində olan həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ona verilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestri üzrə ********** qeydiyyat nömrəli fərdi yaşayış evinin bölgü sxemində olan həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ona verilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

İddianın əsaslandırılması:

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında (Yeni qaydalarla ünvan: ünvan 4 yaşayış evi üzərində tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar tərəfindən cavabdehə müraciət edilmiş və müraciətinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq müvafiq sənədlər əlavə edilmişdir (o cümlədən 1992-ci ildə tərtib edilmiş texniki pasport). Qeyd edilən müraciəti üzrə cavabdehin xx.xx.2024-cü il tarixli 3-2/3-30/2-B25/2024 **********25 nömrəli məktubu ilə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmiş, cavabdeh təşkilatın imtina bildirişində buna səbəb kimi aşağıdakılar göstərilmişdir: təqdim edilmiş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq müəyyən edilmişdir; - torpaq sahəsinin sənəd üzrə sahəsi 1440 kv.m qeyd edilsə də, faktiki 922 kv.m təşkil edir; müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş müqavilə və ya bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Bildirişdə göstərilən uyğunsuzluqların aradan qaldırılması üçün aşağdakı işlər görülmüşdür: layihə fərdi yaşayış evinin faktiki vəziyyətinə uyğunlaşdırılmışdır; torpaq sahəsinin sənəddəki ölçüsünə nisbətən azalmasına razılıq verməyinə dair cavabdehə ünvanlanan ərizə notariat qaydasında təsdiq edilmişdir; müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilməsi üçün müvafiq bölgü sxeminin tərtib edilməsinə dair cavabdehə rəsmi müraciət edilmişdir. Bölgü sxeminə dair müraciəti üzrə cavabdehin nümayəndələri onunla qonşusunun həyətyanı torpaq sahəsinə gəlmiş, müvafiq ölçmələr aparmış, bölgü sxemi tərtib edərək onu müraciətinin icrası üzrə müəyyən olunmuş gündə ASAN Xidmətdən almalı olduğunu bildirmişlər. Lakin, cavabdeh bölgü sxemini təsdiq etməmiş və bölgü sxemi əvəzinə ona növbəti imtina məktubu təqdim etdilər. xx.xx.2024-cü il tarixli 3- 21-3-30/2-14313/2024 nömrəli imtina məktubunda qeyd edilən müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş müqavilə təqdim edilməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 14313/2024 nömrəli imtina məktubunda göstərilən səbəb qanunlarla iddiaçıya verilən, Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına əsas vermir. İddiaçı cavabdehin imtinası qanunsuz və əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı):

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il,xx.xx.2022-ci il,xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və müvafiq məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan fərdi yaşayış evi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim edilmiş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, layihədə göstərilmiş zirzəmi mərtəbənin 8 saylı sahəsindən başqa bütün sahələrin daxili hündürlüyü 1.2 metr təşkil edir, bu səbəbdən zirzəmi və ümumi sahə azalmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1440 kv.m qeyd edilsə də, faktiki 922 kv.m təşkil edir. Əlavə olaraq, müraciətdə qeyd edilən “4A” saylı fərdi yaşayış evinin texniki göstəriciləri qonşu “4B” saylı fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş, qonşu “4B” saylı fərdi yaşayış evinin texniki göstəriciləri, həmçinin arxiv texniki pasportunda qeyd edilən ümumi torpaq sahəsi isə sözügedən “4A” saylı fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir. Odur ki, müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş müqavilə və ya bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-896/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh 1 saylı ünvan 5 ünvanında yerləşən **********86-05-***-******* reyestr nömrəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hissəsində iddia tələbi mümkün sayılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin iştirakı və izahatları:

4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında etirazı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

Faktiki hallar və sübutlar:

AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. “Lenin” Ordenli və İ dərəcəli Vətən müharibəsi Ordenli “Azneft” İstehsalat Birliyi “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsi “Əzizbəyovneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 178 nömrəli “Mərdəkan qəsəbəsi, Şərq küçəsi N19-da keçmiş istirahət zonasının torpaq sahəsində mövcud olan bağçılıq tərəfdaşlığına əlavənin yaradılması barədə” Əmr-Qərarına əsasən, “Azneft” İstehsalat Birliyinin 13 mart 1989-cu il tarixli yazılı göstərişinin əsasında keçmiş istirahət zonasının ərazisində yerləşmiş yaşayış binalarının qalıq dəyəri yenidən hesablanmaqla bağçılıq yoldaşlığının aşağıdakı üzvlərinə təyin olunmuş qaydada nağd pula satılsın – X3 – ev №4a, (inv 1/3310). Qalıq dəyəri – 7058 rubl, 20 qəp. xx.xx.1992-ci il tarixli müqavilənin təsdiq olunmuş surətindən görünür ki, “Azneft” İstehsalat Birliyi “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsi “Əzizbəyovneft” NQÇİ tərəfindən Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi “4a” ünvanında yerləşən ümumi sahəsi 54.6 kv.m olan, yaşayış sahəsi 31.2 kv.m olan 2 otaqlı mənzili X2 mülkiyyətinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-896/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi “4a” ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinə müvafiq olaraq fərdi yaşayış evi növünə keçirilməsindən və həmin daşınmaz əmlakı fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilməsi və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi “4a” ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti **********86-10301 nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 7 (yeni qaydalarla: ünvan 10əşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququ İddiaçı adına qeydiyyatdan keçmişdir. ünvan 7 (yeni qaydalarla: ünvan 10əşən fərdi yaşayış evinə dair Texniki Pasport tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin **********59 №-li, xx.xx.2024-cü il tarixli məktubu ilə mübahisəli ünvana dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin **********92 №-li, xx.xx.2024-cü il tarixli məktubu ilə ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin texniki vəziyyətini əks etdirən müayinə aktı (koordinatlar əlavə olunmaqla) təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur. Yaşayış evlərinin hər ikisinə bitişik əlavə sahələr tikilmişdir. Torpaq sahəsində həyət tikililəri tikilmişdir. Arxiv texniki pasportlara əsasən yaşayış evləri və torpaq sahələri ayrıca hasar daxilində giriş darvazası ayrı olmaqla fərdi yaşayış evi kimi istifadə olunur. Texniki pasportda torpaq sahəsi 1440.0 kv.m göstərilmiş, faktiki isə 922.0 kv.m, digər torpaq sahəsi 770.3 kv.m göstərilmiş, faktiki isə 945.0 kv.m-dir. Faktiki evlərin damı ayrıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********25 №-li “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı təqdim edilmiş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, layihədə göstərilmiş zirzəmi mərtəbənin 8 saylı sahəsindən başqa bütün sahələrin daxili hündürlüyü 12 metr təşkil edir, bu səbəbdən zirzəmi və ümumi sahə azalmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 1440 kv.m qeyd edilsə də, faktiki 922 kv.m təşkil edir. Əlavə olaraq, müraciətdə qeyd edilən “4A” saylı fərdi yaşayış evinin texniki göstəriciləri qonşu “4B” saylı fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş, qonşu “4B” saylı fərdi yaşayış evinin texniki göstəriciləri, həmçinin arxiv texniki pasportunda qeyd edilən ümumi torpaq sahəsi isə sözügedən “4A” saylı fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir. Odur ki, müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş müqavilə və ya bölgü sxeminin təqdim edilməsi məqsədəmüvafiqdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2024-cü il tarixli, **********13 nömrəli məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Müraciətdə qeyd edilən “4A” saylı fərdi yaşayış evinin texniki göstəriciləri qonşu “4B” saylı fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş, qonşu “4B” saylı fərdi yaşayış evinin texniki göstəriciləri, həmçinin arxiv texniki pasportunda qeyd edilən ümumi torpaq sahəsi isə sözügedən “4A” saylı fərdi yaşayış evinin texniki pasportunda qeyd edilmişdir. Odur ki, müvafiq fərdi yaşayış evinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş dəyişmə müqavilənin təqdim edilməsi məqsədəmüvafiqdir.

Məhkəmənin mövqeyi.

8. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:

9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

10. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: -55. Müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

11. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;Mülkiyyət hüququ dedikdə, elə bir subyektiv mülki hüquq başa düşülür ki, bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır, mülkiyyətçinin özünə məxsus əşyaya öz mülahizəsinə görə sahiblik, əmlakdan istifadə və onun haqqında sərəncam vermək səlahiyyətlərini ifadə edir. 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”

16. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddia tələbi konkret və aydındır, yəni iddiaçının hüquqi marağı istifadə hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Beləki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.

17. Cavabdehin məhkəməyə təqdim etdiyi imtina məktubunda və iddiaya dair etirazında qeyd edilmişdir ki, qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hər hansı sənəd təqdim edilməmişdir.

18. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair verilmiş imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

19. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə onun adına dövlət qeydiyyatına alınmışdır.

20. Belə olan halda iddiaçının mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyata alınmasına dair hüququ yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən mövcuddur.

21. Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən torpaq sahəsi heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur.

22. Halbuki, mübahisəli torpaq sahəsinə dair iddiaçının istifadə hüququ dövlət qeydiyyatına alınmışdır.

23. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinasını iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması kimi hesab edir. Eyni zamanda hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.

24. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. - 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. - 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən - 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 9 ünvan: ünvan 10əşən və xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilməlidir.

28. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 9 ünvan: ünvan 10əşən və xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və texniki pasportun iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həlavə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar