Məhkəmə qərarları › İş №2-1(112)-13017/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13017/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13017/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “nəqliyyat vasitəsinin ölkəyə gətirilməsinə icazə verilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adına olan 2012-cı ildə istehsal edilmiş Kia Optima SX markalı 5XXGR4A64CG010127 Vin kodlu avtonəqliyyat vasitəsinin ölkəyə gətirilməsinə icazənin verilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, tərəfindən ASC “Xalq” Bankının "xxxx" Filialının vasitəsilə xx.xx.2023-cü il tarixdə “X3” şirkətinə xx.xx.2023-cü il tarixli invoysa əsasən 4093 (dörd min doxsan üç) ABŞ dolları məbləğində vəsait 2012-cı ildə istehsal edilmiş Kia Optima SX markalı 5XXGR4A64CG010127 Vin kodlu avtonəqliyyat vasitəsinin (bundan sonra “Avtomobil”) alınması üçün tam məbləğdə ödənilmişdir. Tərəfindən Avtomobilin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdehin 01 iyul 2024-cü il tarixli məktubuna əsasən avtomobilin ölkə ərazisinə gətirilməsinə məhdudiyyət qoyulmuşdur. Qeyd edilən məktub ona 18 avqust 2024-cü il tarixdə təqdim edilmişdir. Məktubda imtinanın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına istinad edilmiş və zavod buraxılış tarixinə görə Avtomobilin yaşının 10 ildən çox olduğuna görə ölkə ərazisinə gətirilməsinin məhdudlaşdırıldığı bildirilmişdir. Göründüyü kimi, avtomobilin alınması üçün həyata keçirdiyi ödənişin tarixi qeyd edilən Nazirlər Kabinetinin qərarının tarixindən əvvəl olsa da, cavabdeh qanunun vətəndaş üçün müsbət geriyə qüvvəsini tətbiq etməmiş və əsassız olaraq avtomobilin ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq etmişdir. Buna görə də hal-hazırda ona ciddi maddi ziyan dəymişdir. Nəzərə çatdırılmışdır ki, analoji hallarda indiki dövrə qədər cavabdeh digər şəxslərin avtomobillərin ölkəyə gətirilməsinə icazə vermişdir.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubda qeyd edlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılmışdır. Bu tarixdən etibarən yalnız zavod buraxılış tarixinə görə yaşı 10 ili ötməmiş minik avtomobillərinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduruna uyğun rəsmiləşdirilməsi mümkündür. Eyni zamanda bildirilmişdir ki, qeyd olunan qərarın icrası ilə bağlı qanunvericilikdə hər hansı güzəştin tətbiqi nəzərdə tutulmamışdır.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılıq olmaqla iki hissəyə ayrılır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, inzibati mübahisəyə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.1 -ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 6.1 -ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eyni zamanda həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8-ci maddəsinə əsasən gömrük orqanları aşağıdakı vəzifələri yerinə yetirir. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək; bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək; gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq; gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq; Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək; milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək; insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq; Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək; gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək; gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək; milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək; gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək; qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək; dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək; beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə blanklarını vermək; gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək; müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək; xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür; gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək; dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək; dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək; müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq; beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq; digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndinə əsasən əsasən Baş İdarənin vəzifələri aşağıdakılardır: İcrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək; Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq; aksiz markası ilə markalanmalı olan malların və sərbəst dövriyyə üçün buraxılış, müvəqqəti idxal, ixrac, təkrar ixrac, təkrar idxal və müvəqqəti ixrac gömrük prosedurları altında yerləşdirilən avtonəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq; gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddətinə riayət edilməsini təmin etmək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.16-cı maddəsinə əsasən gömrük orqanı dedikdə gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi nəzərdə tutulur. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 64.1-ci maddəsinə əsasən, sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Hazırki işin mübahisəsiz hallarından görünür ki, nəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək səlahiyyəti cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin deyil, Cavabdeh səlahiyyətinə aid edilmişdir. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı hazırki iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

5. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı tərəfindən tqdim edilmiş vəsatət təmin edilmiş və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl olan Cavabdeh ilə əvəz edilmişdir.

6. Xalq Bank "xxxx" Filialının xx.xx.2024-cü il tarixli arayışına əsasən ASC "Xalq" Bankın "xxxx" Filialının müştərisi olan İddiaçı xx.xx.2023-cü il tarixində ona məxsus olan AZ43HAJCFCRUSD**********0001 saylı cari hesabdan "CAR TRADE Autolmport" şirkəti tərəfindən tərtib edilmiş **********-229670174 saylı xx.xx.2023-cü il tarixli invoysa əsasən 4093.00 (Dörd min doxsan üç) ABŞ Dolları vəsaiti avtonəqliyyatın (2012 KİA OPTİMA SX Vin. 5XXGR4A64CG010127) tam alışı üçün köçürmə etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

8. İddia tələbi nəqliyyat vasitəsinin ölkəyə gətirilməsinə icazə verilməsi və gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi ilə bağlıdır.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Azərbaycan Respublikası Gömrük Məcəlləsindən: 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs aşağıdakı tələbləri yerinə yetirməlidir: 136.0.1. yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük orqanlarına təqdim etməli; 136.0.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən sualları cavablandırmalı; 136.0.3. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb olunan sənədləri təqdim etməli; 136.0.4. nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə əməl etməlidir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 nömrəli qərarından: “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

13. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 2012-cı ildə istehsal edilmiş Kia Optima SX markalı 5XXGR4A64CG010127 Vin kodlu avtonəqliyyat vasitəsinin ölkəyə gətirilməsinə icazənin verilməsi və gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi xahiş etmişdir.

14. İddia predmetini təşkil edən Kia Optima SX markalı 5XXGR4A64CG010127 Vin kodlu avtonəqliyyat vasitəsinin 2012-cı ildə istehsal edilməsi işin mübahisəsiz halıdır.

15. Məhkəmə hesab edir ki, qanunverciliklə müəyyən edilmiş imperativ norma zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırır. Məhkəmə qeyd edir ki, norma ictimai maraqların (ətraf mühitin) qorunmasına xidmət edir və özündə hər hansı şərtlərlə və hallarda imtiyaz və ya güzəşt müəyyən etmir. Bu səbəbdən, iddia tələbinin təmin edilməməlidir.

16. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar