Məhkəmə qərarları › İş №2-1(112)-1302/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1302/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1302/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X14 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 və X17 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus bağ sahəsinə verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi və həmin ərazidə göstərilən ona məxsus 28 saylı bağ sahəsinə dair ayrılmış torpaq sahəsinin mülkiyyət haqqında “Çıxarış” verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair 09.11.2019-cu il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə verilmiş 555614 saylı çıxarışın ləğv edilməsi və həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə reyestrdən çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X7 SSR Energetika və Elektrikləşdirmə Nazirliyinin İxtisaslaşdırılmış Tikinti Birliyinin Suenerjitikinti tikintisinin müxtəlif sahələrində müəyyən vəzifələrində uzun illər işləmişdir. Bakı şəhər X13 İcraiyyə Komitəsi Yeni Bakı Elektrik Mərkəzinin İstilik Quraşdırma İdarəsinə bağ sahələrinin verilməsi üçün 13 iyun 1990-cı il tarixli, 4/145 nömrəli qərarı ilə 2.2 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi 30 oktyabr 1990-cı il tarixli, 90/i-492, 90/660 saylı aktı ilə həmin torpaq sahəsinin cizgi və sərhədlərini müəyyən edərək, təhvil götürülmüşdür. Bakı İcraiyyə Komitəsinin qərarının icra edilməsi üçün Əzizbəyov rayon İcra Hakimiyyətinə həvalə etmişdir. Əzizbəyov rayon İcra Hakimiyyəti Bakı İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli, 4/145 nörməli qərarını 23 noyabr 1990-cı il tarixli, 21 nömrəli qərarı icra edərək mərhum ərinin işlədiyi idarəyə bağ sahəsinin verilməsi üçün torpaq ərazisi ayrılmışdır. Əzizbəyov rayon İcra Hakimiyyətinin 23 noyabr 1990-cı il tarixli, 21 nömrəli qərarında “Xoş Diyar” X9 tərəfindən həmin bağ sahələrinin bğlüşdürülməsi göstərilmişdir. Mərhum ərinin üzv olduğu “Xoş Diyar” Bağçılıq Yoldaşlığı cəmiyyəti 02 fevral 1991-ci il tarixdə ümumi yığıncaq keçirərək, püşkatma yolu ilə həmin bağ sahələrini ədalətli şəkildə bölüşdürüblər. Həmin bölgüyə əsasən Bakı şəhəri Şüvəlan qəsəbəsi ərazisində bir-birilərinə 28 saylı bağ nömrələri verilməklə 0,6 ha torpaq sahəsi verilmişdir. O, vərəsə kimi həmin bağ sahəsinin adına mülkiyyət haqqında Çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin bağ sahəsi başqa fiziki şəxsin adına mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamənin olması barədə ona heç bir rəsmi sənəd verilməmiş, qanunsuz və əsassız imtina vermişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 15 fevral 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, məhkəmənin 30.03.2021-ci il tarixli qərardadı ilə X10; 25.11.2021-ci il tarixli qərardadı ilə isə X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər və üçüncü şəxslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) təklif olunsa da, iddiaçı bundan imtina edərək, hazırki tələbləri üzrə işə mahiyyəti üzrə baxılaraq, müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər X10 və X17 məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesa etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X11 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs X10 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü ildə Cəlilabad rayonu, Cəfərli kəndində doğulub, ünvan 1 ünvanında qeydiyyatdadır. İİİ-ЖГ-457859 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 03.08.1959-cu il təvəllüdlü X7 ilə xx.xx.1954-cü il təvəllüdlü İddiaçı ilə 21 iyun 1985-ci il tarixdə nikaha daxil olmuş, 1985-ci ilin iyun ayının 21-ci günündə 685 nömrə il nikahın bağlanması haqqında akt qeydi tərtib edilmişdir. Bakı şəhər X13 İcraiyyə Komitəsinin “Kollektiv bağların təşkil olunması üçün torpaq sahələrinin ayrılması haqqında” 13.06.1990-cı il tarixli 4/415 №-li qərarından çıxarışdan müəyyən olunur ki, Respublikanın səlahiyyətli orqanlarının kollektiv bağçılığın gələcək inkişaf tədbirləri haqqında qərarının icra edilməsi məqsədilə Bakı şəhər X13 İcraiyyə Komitəsi tərəfindən Yeni Bakı İES Tikinti-Quraşdırma İdarəsinə Əzizbəyov rayonunda “Şimal” DRES-dən cənub-şərq tərəfdə bağçılıq yoldaşlıqları üçün ayrılmış İİ massivin ərazisində 30 nəfərlik yoldaşlıq üzvü üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Əzizbəyov rayon X13 icraiyyə komitəsinin 23 noyabr 1990-cı il tarixli 21 nömrəli qərarından müəyyən olunur ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin “Kollektiv bağların təşkil olunması üçün torpaq sahələrinin ayrılması haqqında” 13 iyun 1990-cı il tarixli 4/145 saylı qərarına əsasən Əzizbəyov rayon X13 icraiyyə komitəsi- “Xoş Diyar” (Azərenetjitikinti trestinin Yeni Bakı İES TQİ) kollektiv bağçılıq yoldaşlığının Nizamnaməsinin qeydiyyata alınması, Azərenrjitikinti trestinin Yeni Bakı İES TQİ rəhbərliyinə və həmkarlar ittifaqına kollektiv bağçılığın Nümunə nizamnaməsinin tələblərinə əməl etməyin tapşırılması qərara alınmışdır. “Azərenerjitikinti” trestinin Yeni Bakı İES TQİ-nin iclas protokolundan 28 avqust 1990-cı il tarixli 11 №li çıxarışdan müəyyən olunur ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin 13.06.1990-cı il tarixli 4/145 saylı qərarına əsasən Yeni Bakı İES Tikinti-Quraşdırma İdarəsinə Əzizbəyov rayonunda “Şimal” DRES-dən cənub-şərq tərəfdə bağçılıq yoldaşlıqları üçün ayrılmış İİ massivin ərazisində 30 nəfərlik yoldaşlıq üzvü üçün yer ayrılmışdır. Yoldaşlıq üzvlərinin adları qeyd olunan şəxslərin siyahısında Elşad Quliyevin adı ( № 24) qeyd olunmuşdur. “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş 24 №-li “Bağbanın üzvlük kitabçası”ndan müəyyən olunur ki, Yeni Bakı İES TQİ-də elektrik vəzifəsində işləyən X7 04 fevral 1991-ci il tarixdə yoldaşlığın üzvlüyünə qəbul olmuş, ona Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sahə № 28, keçid №14-də 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Onunla yanaşı üzvlük kitbçasında ailə üzvləri- 1954-cü il təvəllüdlü İddiaçı (arvadı), 1984-cü il təvəllüdlü oğlu Quliyev Ramil, 1985-ci il təvəllüdlü oğlu Quliyev Şamil, 1988-ci il təvəllüdlü oğlu Quliyev Amilin də adları qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş V-ЖГ 288680 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X7 05 avqust 1998-ci ildə ölmüşdür. Məhkəmənin müvafiq sorğularına əsasən; DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.12.2020-ci il tarixli **********52 №li məktubla məhkəməyə təqdim olunmuş; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 555614 nömrəli Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivi, 28/3741 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 09.11.2019-cu il tarixdə 879 nömrəli reyestr kitabının 83305 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq olunmuş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 30.09.2019-cu il tarixli şəhadətnmənin surətindən müəyyən olunur ki, Şəmkir rayon notariat ofisinin xüsusi notariusu S.H.Qurbanov tərəfindən 27.03.2017-ci il tarixdə təsdiq edilən və reyestrdə 2V-242 №ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 28.03.2019-cu il tarixdə vəfat etmiş X5 vəziyyətnamə üzrə vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan X6r. Şəhadətnamə verilən miras əmlak; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 02.05.2019-cu il tarixdə verilmiş 03A5/357 saylı arayışa və DTXK Bakı şəhər şöbəsi tərəfindən 01.11.2005-ci il tarixdə JN256681D KOD 00306016 ilə verilmiş şəhadətnaməyə əsasən mərhum X8 məxsus olan ünvan 4 ünvanında yerləşən 0,07 ha torpaq sahəsindən ibarətdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 23.04.2021-ci il tarixli **********61saylı məktubu ilə məhkəməyə təqdim olunmuş; - protokoldan çıxarışdan müəyyən olunur ki, 19.04.1999-cu il tarixində keçirilmiş iclasda 1 nömrəli protokola əsasən X8 28 nömrəli bağ sahəsinin ayrılması qərara alınmışdır. Bağın ünvanı: Şüvəlan qəsəbəsi Şimal DRES massivi bağ № 28/3741 qeyd olunmuşdur. Protokoldan çıxarışa torpaq sahəsinin planı əlavə olunmuşdur. - 1991-ci ildə verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, X8 Şüvəlan qəsəbəsi, Şimal DRES-in yaxınlığında 700 kv metr olan 28 saylı bağ sahəsi 13.04.1990-cı il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadəsinə verlmişdir (qərar № 4/145). İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********71 №li 02.06.2020-ci il tarixli məktubla bildirilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında adları aşkar olunmamışdır. Həmçinin göstərilən bağ sahəsi bağçılıqyoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 10/5357 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, müraciətə əlavə edilmiş İddiaçı mərhum əri X3 “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən 24 №-li “Bağbanın üzvlük kitabçası” Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sahə № 28, keçid 14-də ayrılmış 600 kv metr torpaq sahəsinə dair müraciətə əlavə edilmiş sxem və cizgilərinə əsasən sözügedən torpaq sahəsini naturada müəyyən etmək mümkün deyil, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi isə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 555614 nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan üçüncü şəxs X2 adına daşınmaz əmlakın dövlət reyestrində 09.11.2019-cu il tarixdə 879 nömrəli reyestr kitabının 83305 nömrəli vərəqində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 700 kv. metrdən ibarət 28/3741 saylı bağ-torpaq sahələri üst-üstə düşmür, X15 reyestr nömrəsi **********32 olan çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mərhum əri X3 “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən 24 №-li “Bağbanın üzvlük kitabçası” Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sahə № 28, keçid 14-də ayrılmış torpaq sahəsinin faktiki ölçüsünü təqdim edilmiş sənədlərə əsasən naturada müəyyən etmək mümkün olmadığından sənəd üzrə müəyyən etmək mümkün deyil. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mərhum əri X3 “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən 24 №-li “Bağbanın üzvlük kitabçası” Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sahə № 28, keçid 14-də ayrılmış 600 kv metr torpaq sahəsini müraciətə əlavə edilmiş sxem və cizgilərinə əsasən naturada müəyyən etməyin mümkün olmadığından həmin torpaq sahəsinin “Xoş Diyar” Bağçılıq Yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edib-etməməsini də müəyyən etmək mümkün etmək mümkün olmamışdır. Elektron baza məlumatları təqdim edilməmişdir. Buna görə də ekspert tərəfindən müqayisəli tədqiqatın aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1 -ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. (Konstitusiya Məhkəməsi Plenumunun 15.01.2010-cu il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mərhum əri X3 “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən 24 №-li “Bağbanın üzvlük kitabçası” Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Sahə № 28, keçid 14-də ayrılmış 600 kv metr torpaq sahəsinə dair müraciətə əlavə edilmiş sxem və cizgilərinə əsasən sözügedən torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamış, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi isə reyestr nömrəsi **********32 olan çıxarışa əsasən X12 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın iddiaçının adına verilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsində təmin edilməməlidir. Məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə iddia Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən iddiaçının iddiası mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair 09.11.2019-cu il tarixli, ********** saylı qeydiyyat nömrəsi ilə verilmiş 555614 saylı çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddiası Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində yerləşən mərhum ərinə məxsus 28 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın İddiaçı adına verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması hissəsində təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar