Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1302/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı evdə oturduğu zaman nəfəsinin daralmağa başladığını hiss edərək həkimə müraciət etmişdir. Həkim onun ürəyində problem olduğunu dedi və əlilliyin müəyyən olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməyini bildirdi. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, ərizənin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçını əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etdilər lakin həmin vaxt və tarixdə iddiaçı ora səhhəti ilə əlaqədar gedə bilməmiş və onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2017-ci il tarixində təyin edilmiş 5 il müddətinə, 2-ci dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bundan başqa, Azərbycan Respublikası Səhiyyə Nazirliyi ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, müayinə və müalicə olunmuşdur. Hazırda da müalicəsini davam etdirməsinə baxmayaraq vəziyyəti hər keçən gün daha da ağırlaşır. Cavabdeh təşkilat isə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizənin təmin edilməsindən imtina edilmişdir. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, diaqnoz və ağırlaşmaları təsdiq edən ixtisaslaşmış stasionar müalicə müddəti yetərli olmadığından, əlillik təyinatının aparılması mümkün olmamışdır. TSEK tərəfindən verilmiş digər cavab məktubunda isə diaqnoz və ağırlaşmanın əlilliyin təyinatına əsas vermədiyi qeyd edilmişdir. Qeyd olunanlardan da aydın görünür ki, iddiaçının sağlamlıq vəziyyəti hansı səviyyədədir. İddiaçı xx.xx.2017-ci ildən hazırki günə kimi müalicə alır. Səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Xəstəliyinin ağırlaşmasından əziyyət çəkir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında göstərmişdir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 04 fevral 2022-ci il tarixli, PHŞ/1-2-2022-3197 məktubu nəzərə alınaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra - Agentlik) tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 3.7-ci bəndinə və “inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 44 nəfərə dair xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılmaları haqqında ünvanlarına sifarişli-xəbərnaməli məktublar göndərilmişdir. Bakı şəhər sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0062003AAB0R nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-X-1641/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədiər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi- sosial ekspert komissiyasının xx.xx.2017-ci il tarixli əlillik təyinatı barədə qərarı ləğv edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci İl 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdınimiş göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsisterndə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndə olan məlumata əsasən, müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Prrosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 254.1.1. İşdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. 256.0.1. İş üzrə icraat bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək dayandırılır.
262. İcraata xitam verilmə qaydası və nəticələri: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən, inzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir. Maddənin tələbindən göründüyü kimi, inzibati icraatda hüquq varisliyi qaydasında şəxs yalnız o halda cəlb oluna bilərlər ki, əgər maddi hüquq belə varisliyin müəyyən edilməsinə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, prosessual hüquq varisliyinin yaranması üçün ilk növbədə maddi hüquq varisliyi mövcud olmalıdır. Hazırki iş üzrə İddiaçı cavbdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə maddi hüquq varisliyi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir: Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsini və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova