Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13020/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 oktyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 3.07.2023-cü il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın sövlət reyestrindən” Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən, 77,60 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. Həmin çıxarışda evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,010080 ha torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə göstərilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – cavabdeh) tərəfindən fərdi yaşayış evinə dair **********03-10301 reyestr nömrəli, 3.07.2023-cü il tarixli texniki pasport hazırlanmışdır. Həmin texniki pasportda torpaq sahəsinin faktiki sahəsi 0,1732 ha göstərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət edərək texniki pasportda göstərilən torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “...torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir...” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən, hasarın içində istifadəsində olan, texniki pasportda göstərilmiş 20 sot torpaq sahəsinə mülkiyyətinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, evin yerləşdiyi 20 sot torpaq sahəsi hasarın içində uzun illər ərzində istifadəsindədir. Həm də həmin torpaq sahəsi texniki pasportda göstərilmişdir. Bununla bağlı həm evə, həm də torpağa dair hüquqmüəyyənedici sənəd olaraq texniki pasport alıb. Həmin torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət edib. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən hüquqları pozulmuşdur Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, ünvan 1 ünvanda yerləşən, 77,60 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İddiaçının hazırkı tələbi qaldırmaqda hüquqi marağı, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq və reyestrdən çıxarış əldə etməkdir. Cavabdeh isə, torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Lakin iddiaçı iddia etdiyi 20 sot torpaq sahəsinə dair normalarda göstərilən hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərlə bağlı digər bir normativ sənəd Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısıdır ki, iddiaçı həmin Siyahıda sadalanan sənədlərdən hər hansı birini də təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq sahiblik və istifadə etdiyini iddia etdiyi torpaq sahəsinin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. İddiaçı iddia ərizəsində ona verilmiş texniki pasportu hüquqmüəyyənedici sənəd hesab edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport və 1.11-ci bəndə görə, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi təsbit edilmişdir. İş materiallarında olan texniki pasport isə cavabdeh tərəfindən tərtib edilmiş 3.07.2023-cü il tarixlidir və siyahıda göstərilən texniki pasportların heç birinə aid deyildir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-13020/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13020/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver