Məhkəmə qərarları › İş №2-1(112)-1303/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1303/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1303/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqavilələrindən yaranmış, icarə hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə müqavilələrindən yaranmış, icarə hüquqlarının qeydiyyata alınması” iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı- Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində hazırda fəaliyyət göstərən yeni Bazar Ticarət Kompleksində sahələri 50 kv.m olan 6 ədəd mağazanın müddətsiz istifadəyə verilməsi barədə "xxxx" firması ilə iddiaçı arasında bağlanılmış müddətsiz icarə müqavilələrindən yaranmış, icarə hüquqlarının AR Dövlət Əmlakının Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində hazırda fəaliyyət göstərən yeni Bazar Ticarət Kompleksində sahəsi 50 kv.m olan 6 ədəd mağazanın müddətsiz istifadəsinə verilməsi barədə "xxxx" firması ilə aralarında fiziki şəxs statusunda olaraq ayrı-ayrılıqda müqavilələr bağlanmışdır. İddiaçı onu da qeyd etmişdir ki, "xxxx" Firması (Kəbirə və Məmmədi ismində təşkilati sərəncam vermək səlahiyyətinə malik olan vəzifəli şəxslər rəhbərlər) icarə müqavilələrinin bağlanması və hüquqlarının qeydiyyatı ilə bağlı da 6 mağaza üzrə iddiaçıdan 90 000 manat pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-139.3-cü maddələrində yazılır ki, mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yannda Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfındn dövlət reyestrində qeydiyyata alınır. Mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, icarə hüquqlarımın pozulmazlığının təmin edilməsi üçün mənimlə "xxxx" firması arasında bağladığı müqavilələrin əsasında yaranmış icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə cavabdeh "xxxx" firmasına müraciəti cavabsız qalmışdır. Odur ki, pozulmuş hüquqlarının məhkəmədə müdafiəsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9302/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" firması üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiacı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmədiyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə daxil olmuşdur. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış sahələrinin tərkib hissəsi olduğu qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********52 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.10.1 .-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektnin istismarına icazə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.)

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, mövcud hüquqlarının pozulmazlığının təmin edilməsi üçün onunla "xxxx" firması arasında bağlanılmış icarə müqavilələrinin əsasında yaranmış icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. - İcarə Müqavilələrindən görünür ki, (13-1-50a; 13-1-15a; 12-1-48a; 13-1-54a; 12.1-44a nömrəli) "xxxx" firmasının təsisçisi К.M.Məmmədova ilə İddiaçı arasında «YENİ BAZAR» ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 50 kv.m. olan mağaza müddətsiz olaraq icarəçiyə verilməsinə dair bir neçə müqavilə bağlanılmışdır. - iddiaçı "xxxx" Firmasına ərizə ilə müraciət edərək, onunla "xxxx" firması arasında bağlanılmış icarə müqavilələrindən yaranmış icarə hüquqlarının mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, AR İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını təmin etməyinizi xahiş etmişdir. - Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)- 2344/2021 nömrəli qətnaməsi ilə İddiaçı, cavabdeh "xxxx" MMC-nə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı adına qeyd olunan ünvanda yerləşən hər hansı qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaşın (iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmiş və əmlakla bağlı texniki baxış keçrilməmişdir. - “İcarə müqavilələri”ndən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müxtəlif müqavilələr bağlanılmışdır. Lakin qeyd edilən müqavilələr iddiaçı ilə MMC arasında bağlanaraq MMC-nə məxsus olan (KM Ticarət Mərkəzi) möhür ilə təsdiq edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırkı işin hallarına görünür ki, "xxxx" firması ilə iddiaçı arasında Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqində, Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində hazırda fəaliyyət göstərən yeni Bazar Ticarət Kompleksində sahələri 50 kv.m olan 6 ədəd mağazanın müddətsiz istifadəyə verilməsi barədə müqavilələr bağlanılmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı bağlanılmış müddətsiz icarə müqavilələrindən yaranmış, icarə hüquqlarının AR Dövlət Əmlakının Reyestrində qeydiyyata alınmasından ibarətdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, mövcud hüquqlarının pozulmazlığının təmin edilməsi üçün onunla "xxxx" firması arasında bağlanılmış icarə müqavilələri əsasında yaranmış icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan, İcarə Müqavilələrindən görünür ki, (13-1-50a; 13-1-15a; 12-1- 48a; 13-1-54a; 12.1-44a nömrəli) "xxxx" firmasının təsisçisi К.M.Məmmədova ilə İddiaçı arasında «YENİ BAZAR» ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 50 kv.m. olan mağaza müddətsiz olaraq icarəçiyə verilməsinə dair bir neçə müqavilə bağlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" Firmasına ərizə ilə müraciət edərək, onunla "xxxx" firması arasında bağlanılmış icarə müqavilələrindən yaranmış icarə hüquqlarının mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, AR İqtisadiyyat Nazirliyi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasını təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-2344/2021 nömrəli Qətnaməsi ilə İddiaçı, cavabdeh "xxxx" MMC-nə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş pulun və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına qeyd olunan ünvanda yerləşən hər hansı qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, vətəndaşın (iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla cavab verilmiş və əmlakla bağlı texniki baxış keçirilməmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, iş materiallarında olan “İcarə müqavilələri”ndən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müxtəlif müqavilələr bağlanılmışdır. Lakin qeyd edilən müqavilələr iddiaçı ilə MMC arasında bağlanaraq MMCnə məxsus olan (KM Ticarət Mərkəzi) möhür ilə təsdiq edilmişdir. Bununla bağlı olaraq qeyd edilməlidir ki,daşınmaz əmlak üzərində hüquqlar həmin daşınmaz əmlaka dair (mülkiyyətə, icarəyə, istifadəyə) hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Cavabdeh inzibati orqanın iddiaya dair təqdim etdiyi yazılı etirazda qeyd edilən dəlillər xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilən dəlillərlə eynilik təşkil edir. Cavabdehin imtina dəlillərinə (etiraz ərizəsinə) münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh inzibati orqan etiraz ərizəsində imtina dəlil olaraq qeyd etmişdir ki, “Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahələrinin tərkib hissəsi olduğu qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Əlavə olaraq bildiririk ki, qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaklar üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair qanunvericiliyə uyğun sənədlər təqdim edilməmişdir.” Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı adına qeyd olunan ünvanda yerləşən hər hansı qeyri-yaşayış sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh inzibati orqan kimi hazırkı halda vəzifəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün müraciət etmiş iddiaçının sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsasların mövcudluğunu yoxlamaqdan, əgər bu əsaslardan hər hansı biri mövcuddursa, bu halda sözügedən torpaq sahəsinin harada yerləşməsini müəyyən etməkdən, o cümlədən qanuni əsaslarla torpaq üzərində hüquqları qeydiyyata almaqdan ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış (mağazalar) sahələrinə dair icarə müqaviləsi və həmin müqavilədən irəli gələn hüquqların dövlət qeydiyyatına alınmasına dair tələbi qanunvericiliyin aşağıda qeyd edilən normaları baxımından mümkün hesab edilmədiyindən (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.03.-cü və 15.1.2-ci maddələrinə əsasən) cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: M a d d ə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; M a d d ə 9 . Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 9-1. Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı 9-1.1. Daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ərarvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur: 9-1.1.1. informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi; 9-1.1.2. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi; 9-1.1.3. hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi. M a d d ə 1 0 . Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd M a d d ə 1 2 . Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respubliası Mülki Məcəllənin: 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 139-1.1.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikat dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi üzərində hüququların qeydiyyata alınması tələb edilən daşınmaz əmlaklar üzrə hüquqlar dövlət reyestrində qeydiyyat keçməmiş və həmin əmlaklara dair bağlanılmış müqavilələr notarial qaydada təsdiq edilmmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində hazırda fəaliyyət göstərən yeni Bazar Ticarət Kompleksində sahələri 50 kv.m olan 6 ədəd mağazanın müddətsiz istifadəyə verilməsi barədə "xxxx" firması ilə iddiaçı arasında bağlanılmış müvafiq müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilmədiyindən, həmin daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyatdan keçmədiyindən, müvafiq hüquqlarının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin cənub-şərqi Bakı-Salyan-Lökbatan dairəvi yol ayrıcının qərbində hazırda fəaliyyət göstərən yeni Bazar Ticarət Kompleksində sahələri 50 kv.m olan 6 ədəd mağazanın müddətsiz istifadəyə verilməsi barədə "xxxx" firması ilə iddiaçı arasında bağlanılmış müddətsiz icarə müqavilələrindən yaranmış, icarə hüquqlarının AR Dövlət Əmlakının Reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar