Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13036/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Birgə İclasının xx.xx.1989-cu il tarixli protokolunun qərarına və Bakı Şəhəri İcraiyyə Komitəsinin 11/625 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal şərq hissəsindən Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün ayrılmış 6,40 hektarlıq 106 nəfərlik bağçılıq bostançılıq sahəsi kombinatın işçiləri arasında 700 kv.m bölünmüş və ona həmin hissədən ayrılmış 700 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Birgə İclasının xx.xx.1989-cu il tarixli protokolunun qərarına və Bakı Şəhəri İcraiyyə Komitəsinin 11/625 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, (indiki Binəqədi rayonu) Sulutəpə qəsəbəsi hökməlinin şimal şərq hissəsindən Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün ayrılmış 6,40 hektarlıq 106 nəfərlik bağçılıq bostançılıq sahəsi kombinatın işçiləri arasında 700 kv.m bölünmüş və həmin hissədən 700 kv.m torpaq sahəsi X4 ayrılmışdır. X6 isə həmin torpaq sahəsini İddiaçı etibarnamə əsasında satmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sənədi də ərizəsinə əlavə edir. Həmin torpaq sahəsinə çıxarış alınması məqsədilə müvafiq dövlət orqanına mürciət etmiş və ona həmin orqan tərəfindən xx.xx.2025-ci il tarixli müvafiq cavab məktubu ilə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, torpaq sahəsinin ayrılması tam qanuni şəkildə olmuşdir, hüquqların dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinə hər hansı dövlət orqanı tərəfindən hər hansı bir iddia irəli sürülməmişdir, iddiaçıya verilmiş sənəd heç bir orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçının istifadəsində olan torpaq sahəsi qonşu torpaq mülkiyyətçiləri ilə hər hansı bir mübahisəsi mövcud deyildir. Müvafiq qərarla ayrılmış torpaq sahəsi naturada müəyyən olunmuş torpaq sahəsi ilə etnilik təşkil edir. Həmçinin torpaq sahəsinin yerləşmə mövqeyi ilə faktiki istifadədə olan torpaq sahəsinin mövqeyi ilə uyğunluq təşkil edən heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. İddiaçı zəruri hesab edilən sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir. Cavabdeh inzibati orqanın yeganə imtinası bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının müvafiq olaraq verilmiş üzvlük kitabşası və ya iclasın protokolundan çıxarışın təqdim olunmamasıdır ki, bu hal da müraciət ərizəsində göstərildiyi kimi ərizə ilə müraciət edən zaman ərizəyə əlavə edilınimşdir. Qeyd olunanlara hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olunması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Həmçinin torpağın ayrlması barədə müvafiq Arxiv sənədi də mövcuddur.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, “Bakı Mebel Hissələri” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxiv əsaslarında aşkar olunmamış, təqdim edilmiş iclas protokolundan çıxarış aydın oxunmadığından torpaq sahəsinin nömrəsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsinin 3-5 m məsafəsindən 6000 kV yüksək gərginlikli elektrik hava xəttinin və hasarboyu qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlər X3 adına olduğundan həmin şəxsin özü və ya etibarnamə üzrə nümayəndəsi müraciət edə bilərdi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin mümkün sayılmaması xahiş edilir.
4. X2 və İstismarı Birliyinin bağın icarəyə verilməsi haqqında xx.xx.1997-ci il tarixli 3609 nömrəli müqaviləyə əsasən, X5 Zirə qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 103 saylı bağ sahəsi icarəyə verilmişdir.
5. Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Birgə İclasının xx.xx.1989-cu il tarixli protokolunun qərarına və Bakı Şəhəri İcraiyyə Komitəsinin 11/625 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulu-Təpə qəsəbəsi hökməlinin şimal şərq hissəsindən 700 kv.m torpaq sahəsi X4 ayrılmışdır.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X8rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X9rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
13. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Birgə İclasının xx.xx.1989-cu il tarixli protokolunun qərarına və Bakı Şəhəri İcraiyyə Komitəsinin 11/625 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən Bakı şəhəri, Kirov rayonu, Sulu-Təpə qəsəbəsi hökməlinin şimal şərq hissəsindən ayrılmış 700 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini tələb etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, X6 həmin torpaq sahəsini İddiaçı etibarnamə əsasında satmışdır.
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia tələbinin predmeti olan torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd (Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Birgə İclasının xx.xx.1989-cu il tarixli protokolunun qərarı) X3 adınadır. Bu səbəbdən İddiaçı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ yoxdur.
15. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
16. Odur ki, iddia mümkün sayılmamalıdır.
17. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva