Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13037/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147, mənzil 4 ünvanında yerləşən mənzilə çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147 ünvanında 1-ci mərtəbədə yerləşən 1 (bir) otaqlı, 4 saylı mənzilə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, onun adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o,1993-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu MKTB -nin 48 saylı MKİS-də dalandar işinə qəbul olmuşdur .Orada bir müddət işlədikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev-147, mənzil-4-ə yaşamaq üçün yerləşdirmişdir. Lakin məlumatı olmadığı üçün o, mənzili sənədləşdirməmişdir. Orada ailə üzvləri ilə birlikdə yaşamışdır və hazırda da yaşayır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(103)-1463/2013 saylı qətnaməsi ilə onun Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev-147, mənzil-4-ə istifadə hüququ tanınmış və kirayə müqaviləsinin bağlanması təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli sərəncamı ilə onun Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev-147, mənzil-4-də yerləşən 1 otaqlı 13.5 kv. metr olan mənzilin icarə müqaviləsi onunla bağlanmış və o, həmin mənzilin o vaxtdan da icarədarı hesab olunmuşdur. O, hazırda mənzilin sənəd üzərində də tam mülkiyyətçisi olmaq istəyir. Buna görə də o, mənzilə çıxarış almaq üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin adı çəkilən İdarədən ona şifahi olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 oktyabr 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim olunaraq, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147 ünavnında yerləşən 4 saylı mənzilinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2013cü il tarixdə verilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********81 saylı, xx.xx.2022-ci il tarixli cavab ünvanlanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1952-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Brliyi 48 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 30 №-li, xx.xx.2014-cü tarixli arayışdan (Forma 2) müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Tolstoy küçəsindəki 147 №-li evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 13,5 kv. m. olan 1 (bir) otaqlı 4 №-li mənzildə yaşayır. Binanın İcra Hakimiyyətinə məxsus olduğu, sahibinin (kirayəşin) İddiaçı olduğu və 4 nəfər ailə tərkibi - özü 1952-ci il təvəllüdlü - İddiaçı Sracəddin qızı, 1981-ci il təvəllüdlü qızı X2; 1983-cü il təvəllüdlü oğlu X5; 1988-ci il təvəllüdlü qızı X3 qeyd olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, istifadəsində olan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDKR 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********81 №li xx.xx.2022-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA-06891-2022 №-li xx.xx.2022-cı il tarixli və BA-06996-2022 №-li xx.xx.2022-ci il tarixli eyni məzmunlu məktubları ilə məhkəməyə təqdim olunmuş “Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinin icra edilməsi barədə” Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 298 №-li sərəncamının surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinə əsasən Tolstoy küçəsi 147 №-li ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsi 13,5 kv. metr olan 4 №-li mənzilinin icarə müqaviləsinin vətəndaş İddiaçı Siracəddin qızı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi müəyyən olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 29/45908 №-li, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı Siracəddin qızının cavabdehlər Nəsimi rayon İcra Hakimiyyətinə və Nəsimi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, kirayə müqviləsinin bağlanması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1463/2013 nömrəli, 26 aprel 2013-cü il tarixli qətnaməsi ilə, İddiaçı Siracəddin qızının apellyasiya şikayəti təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırki iş üzrə olan 19 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İddiaçı Siracəddin qızının Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə istifadə hüququnun tanınması və kirayə müqaviləsinin bağlanması tələbinə dair iddianın Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən etirafı təsdiq edilmişdir. İddia təmin edilmişdir. Bakı şəhəri, Tolstoy küçəsi, 147 saylı evin 4 saylı mənzilinə İddiaçı Siracəddin qızının istifadə hüququ tanınması və onunla kirayə müqaviləsinin bağlanması Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2013-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş 2(103)1463/2013 saylı, xx.xx.2012-ci il tarixli qətnamənin 1-ci səhifəsinin 2-ci abzasında Bakı şəhəri, Tolstoy küçəsi 147 saylı evin 4 saylı mənzili yaşayış sahəsi 13,5 kv. metr olan bir otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aid olduğu, mənzil boş olduğundan 1998-ci ildə Nəsimi rayon İcra Hakimiyyətinin razılığı ilə 48 saylı Mənzil İstismar Sahəsində xadimə işləyən və yaşayış sahəsi olmayan İddiaçı Siracəddin qızının iki uşağı ilə birlikdə həmin mənzilə köçürüldüyü, həmin vaxtdan İddiaçı uşaqları ilə birlikdə göstərilən mənzildə yaşamaqla mənzilə dair kommunal xidmət haqlarını ödədiyi qeyd olunmuşdur. Qətnamənin 2-ci səhifəsinin 8-ci abzasında Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin məhkəmə kollegiyasına ünvanlanmış 26 aprel 2013-cü il tarixli məktubunda da iddiaçının mübahisəli mənzilə xidməti işi ilə əlaqədar yerləşdirilməsinin təsdiq olunduğu və cavabdehin nümayəndəsinin yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət etməklə həmin ərizədə iddianı etiraf etdiyi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdiyi qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış **********40 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Binəqədi qəsəbəsi, Tolstoy küçəsi, ev 147, 4 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair sərəncamın 2009-cu il tarixdən sonra verildiyini və bu münasibətin xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvədə olan xx.xx.2013-cü il tarixli (İş № 2(103)-1463/2013) qətnaməsinə əsasən mübahisəli mənzillə əlaqədar ilkin mənzil münasibətləri iddiaçı ilə 2009-cu ildən əvvəl, yəni 1998-ci ildən yaranmış, sonradan isə sərəncamla rəsmiləşdirilmişdir. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsi, ev 147 ünvanında 1-ci mərtəbədə yerləşən 1 (bir) otaqlı, 4 saylı mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınması və buna dair onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-13037/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13037/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver