Məhkəmə qərarları › İş №2-1(112)-13047/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13047/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13047/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ə-148817/2023 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 1 iyun 1998-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1161,04 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilir: əmək pensiyasının sığorta hissəsi-291,16 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 764,33 manat; maddi yardım-105,55 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən “Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qanunun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Göründüyü kimi, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 12671,42 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, sonuncu dəfə işdən azad olduğu tarixədək (xx.xx.2022-ci il) topladığı sığorta kapitalı növbəti il üzrə indeksləşdirilməklə müəyyən edilmiş 12671,42 manat Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (12671,42:72=175,99 manat) əmək pensiyasının sığorta hissəsinin (291,16 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 467,15 (291,16+175,99) manat müəyyən edilib. Eyni zamanda, Qanunun 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (764,33 manat) həmin artım qədər (175,99 manat) azaldılmış, nəticədə, əmək pensiyasının sığorta hissəsi 467,15 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 588,34 (764,33-175,99) manat və Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əlavə-105,55 manat təşkil edir. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona əmək pensiyası təyin edildikdən sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 16 sentyabr 1966-cı ildə Sumqayıt şəhər kimya zavodunda 4-cü dərəcəli nasosçu qismində əmək fəaliyyətinə başlamış, 11 sentyabr 1968-ci ildən isə Sumqayıt polimer tikinti materialları kombinatının Linelium sexində fəhlə - kalandrovçu (linelium rulonunu sarıyan) kimi işləmiş, 1970-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olduğuna görə işdən çıxmışdır. 1970-ci ildən 1975-ci ildək Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, 02 oktyabr 1975-ci ildə Az.SSR Nazirlər Sov."Azmeyvətərəvəz sənayesi"ndə hüquq məsləhətçisi işləmiş, 1976-cı ilin oktyabr ayının 19-da Sumqayıt "Kimyasənayesi istehsalat birliyi"nin hüquq bürosunun hüquq məsləhətçisi, 1978-ci ilin aprelin 1-də həmin büronun baş hüquq məsləhətçisi, 1979 -cu ilin 9 oktyabrında həmin birliyin hüquq bürosunun rəisi vəzifəsində işləmişdir. 1979-cu ilin 28 dekabrında Respublika DİN-də hüquq məsləhətçisi qismində xidmətə qəbul olunmuş, X1 baş referenti, Binəqədi RPİ-də bölmə rəisi, şöbə rəisinin müavini və idarə rəisi vəzifəsində çalışmışdır. 1992-ci ilin mayın 13-də X1 əmri ilə 50 nəfərdən ibarət polis əməkdaşlarının komandiri təyin edilmiş və Qubadlı, Zəngilan, Laçın və Turşsu bölgələrinə ezam olunmuşdur. Birinci Qarabağ müharibəsinin veteranı-komandiridir. Fövqəladə vəziyyəti də nəzərə almaqla Daxili İşlər orqanlarında 27 il 2 ay 3 gün xidmət etmiş, təqaüdə çıxdıqdan sonra pedaqoji fəaliyyətlə məşğul olmuş, 1999-cu il noyabrın 1-dən 30 iyun 2004-cü ilə qədər Dağıstan Dövlət Universitetinin Bakı filialında hüquq fənləri üzrə pedaqoq, 2010-cu ili 15 sentyabrdan 2012-ci ilin 11 sentyabrına kimi Azərbaycan Turizm Universitetində müəllimi işləmişdir. 2005-ci ilin noyabr ayında "Polisə Dəstək" ictimai birliyinin təsisçisi və sədriydir. İddiaçı cavabdehə pensiya məbləğinin yenidən hesablanması barədə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Bu imtina əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda qeyd edilənlərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmiş, daxili işlər orqanlarında xidmət müddəti 27 il, 2 ay 3 gün olmuş, iddiaçıya xx.xx.1998-ci il tarixdə daxili işlər orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. İddiaçıya məxsus əmək kitabçasının surəti və sığortaolunanın hesabından görünür ki, iddiaçı həmin tarixdən sonra əmək fəaliyyətini davam etdirmişdir. İş materiallarından məlum olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, onun pensiyaya çıxdıqdan sonra işlədiyi dövr ərzində yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10013/2023 saylı qərarından görünür ki, həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 291.16 manat, qulluq stajına görə əlavənin məbləği 764.33 manat olmaqla, cəmi pensiya məbləği 1161.04 manat olmuş, iddiaçının müraciəti əsasında onun toplanmış istifadə olunmamış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, sığorta hissəsi 467,15 manata artırılmış, bu zaman qulluq stajına görə əlavənin məbləği sığorta hissəsinin artırıldığı qədər azaldılmış, 588,34 manata endirilmiş, nəticədə xx.xx.2023-cü il tarixdən pensiyanın məbləği 1161.04 manat müəyyən edilməklə əvvəlki məbləği ilə eyni olmuşdur. İddiaçı hazırda cavabdehin bu hesablaması ilə razılaşmır və cavabdehin bu qərarının ləğv edilməklə ona təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını, lakin bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamasını xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı bu tələbində haqlıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Həmin maddəyə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə görə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub: şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub: şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan hazırkı norma iddiaçıya şamil edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə, hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. İddiaçının pensiyaya çıxdıqdan sonra 6 ildən artıq işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Lakin cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablansa da, onun pensiyası sığorta hissəsinin artımı qədər azaldılmış, yəni iddiaçının vəziyyətində yaxşılaşma baş verməmişdir. Cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda göstərilən qaydada hesablayarkən Qanunun 29.2-ci maddəsinə (Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır.) istinad etmiş, lakin həmin maddə mübahisəli qərar qəbul edilərkən artıq ləğv olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627- VİQD nömrəli Qanunu ilə 29.2-ci maddə ləğv edilmişdir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Buna görə də qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyindən ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını tələb etmək və bu zaman qulluq stajına görə əlavələrin məbləğinin azaldılmamasını irəli sürmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-10013/2023 saylı qərarı ləğv edilsin. İddiaçı müraciət etdiyi tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən onun əmək pensiyasının, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar