Məhkəmə qərarları › İş №2-1(112)-13053/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13053/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13053/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “razılıq verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək iddiaçının qardaşı X2 **-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan pay hissəsinin iddiaçının adına keçirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 2002-ci il tarixdə Füzuli rayonunda anadan olmuşdur və məcburi köçkündür. Müvəqqəti yaşayış yeri olan ünvan 1 ünvanında yaşayır. İddiaçının X1 12 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı X9 28 noyabr 2003-cü il tarixdə anadan olmuşdur və 1-ci qrup əlildir, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının qardaşı Coşqun Əlizadənin qəyumu anası X11 təyin edilmişdir. İddiaçının atasının mülkiyyətində 2008-ci il olan “HYUNDAİ VERACRUZ” minik markalı **- HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmuşdur. Hazırda atasının vərəsələri iddiaçı, qardaşı və anasıdır. İddiaçının anası öz payını iddiaçıya vermişdir. Həmçinin qardaşının qəyumu olan anası onunda payının iddiaçıya verilməsini bildirmişidr. Lakin cavabdeh orqan olan Binəqədi Rayon İcra Hakimiyyəti X2 **-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan pay hissəsinin iddiaçının adına keçirilməsinə 16 avqust 2024-cü il tarixdə imtina etmişdir. Cavabdeh orqanın imtinası tamamilə qanunsuz və əsassızdır. İddiaçının qardaşı şizofreniya xəstəsi olduğundan onu heç bir yerə avtomobilsiz aparmaq mümkün deyil və yalnız o avtomobilə minir. Onun qeyri-ixtiyarı hərəkətləri ətrafdakılar üçün təhlükə yaratdığından onu özlərinə məxsus avtomobildə daşımaq məcburiyyətindədirlər. Ona görə də iddiaçı hesab edir ki, qardaşı X2 **-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan pay hissəsinin iddiaçının adına keçirilməsinə razılıq verilməlidir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 249 saylı Sərəncamına əsasən vətəndaş X11 fəaliyyət qabiliyyəti olmayan oğlu X9 üzərində qəyyum təyin edilmişdir. xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2024-cü ildə vəfat etmiş X3 vərəsəsi hesab olunmuş X9 miras əmlakdan (90- HU- 474 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) 1/3 hissədə pay almalıdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirilir ki, X2 miras əmlakda (**-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) olan pay hissəsinin adınıza keçirilməsi məqsədəmüvafiq hesab olunmur.

4. Cavabdeh tərəfindən təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı Əlizadə X6 Rayon İcra Hakimiyyətinə qardaşı X2 **-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan pay hissəsinin onun adına keçirilməsinə razılıq verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 5-10/1-H-117-099/2024 saylı ərizə ilə müraciət etmişdir. Rayon İcra Hakimiyyətinə təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 249 saylı Sərəncamına əsasən vətəndaş X11 fəaliyyət qabiliyyəti olmayan oğlu X9 üzərində qəyyum təyin edilmişdir. Vətəndaşın nəzərinə çatdırılmışdır ki, xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2024-cü ildə vəfat etmiş X3 vərəsəsi hesab olunmuş X9 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Belə olduğu halda C.T.Əlizadəyə məxsus pay hissəsinin onun adına keçirilməsi tərəfimizdən məqsədəmüvafiq hesab olunmamışdır. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.2-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Qeyd olunanlardan da göründüyü kimi xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2024-cü ildə vəfat etmiş X3 vərəsəsi X9 miras əmlakdan (AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC489940 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHNU81WP8U070652, mühərrikinin nömrəsi D6EA8U031613 və buraxılış ili 2008-ci il olan HYUNDAİ VERACRUZ minik markalı 90HU474 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi) 1/3 hissədə pay almalıdır. Eyni zamanda iddiaçının belə məzmunda iddia qadırmaq hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 36.2-ci maddəsinə əsasən bu hüquq onun qəyyumuna məxsusdur. Qəyyum olduğu halda qardaşın öz xeyrinə qəyyumluqda olanın payının onun adına keçirilməsi ilə bağlı iddia qaldırmaq hüququ yoxdur. Belə olduğu halda cavabdeh tərəfindən X4 məxsus pay hissəsinin iddiaçının adına keçirilməsinə razılıq verilməsi mümkün olmamışdır. Cavabdeh hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunan iddia ərizəsinə münasibət bildirilməklə, iddiaçının iddia tələbi Rayon İcra Hakimiyyətinə qarşı əsassız olduğu üçün cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin qeyri mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. İş materiallarına əlavə olunmuş AZ-İİ 399524 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X10 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə ölmüşdür.

6. İş materiallarına əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrdən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi İddiaçı miras əmlakdan 2/3 hissədə, X9 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC489940 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHNU81WP8U070652, mühərrikin nömrəsi D6EA8U031613 və buraxılış ili 2008-ci il olan HYUNDAİ VERACRUZ Minik markalı 90HU474 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

7. İş materiallarına əlavə olunmuş AZ-İ 419281 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən X9 xx.xx.2003-cü il tarixdə doğulmuşdur. X1, anası X8r.

8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında Arayışa əsasən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, kəskin imbesillik. Kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-20 diaqnozu ilə xx.xx.2022-ci il tarixdən X4 birinci dərəcə əlillik təyin edilmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 249 nömrəli Sərəncamı ilə vətəndaş X12 fəaliyyət qabiliyyəti olmayan oğlu X9 üzərində qəyyum təyin edilmişdir.

10. İş materiallarına əlavə olunmuş AZ-İ 264267 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2002-ci il tarixdə doğulmuşdur. X1, anası X8r.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

II. İddianın mümkünlüyü

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

13. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

14. Məhkəmə ilk növbədə müəyyən edir ki, X10 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı səbəbi ilə ölmüşdür (AZ-İİ 399524 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən). X3 miras əmlakı AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AC489940 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KMHNU81WP8U070652, mühərrikin nömrəsi D6EA8U031613 və buraxılış ili 2008-ci il olan HYUNDAİ VERACRUZ Minik markalı 90HU474 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir və miras əmlakdan vərəsəsi İddiaçı 2/3 hissədə, X4 isə 1/3 hissədə pay ayrılmışdır.

15. İddiaçı hazırki iddia tələbi üzrə qardaşı X2 **-HU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan pay hissəsinin öz adına keçirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələb etmişdir.

16. Məhkəmə nəzərə alır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında Arayışa əsasən qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, kəskin imbesillik. Kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı var. İQ-20 diaqnozu ilə xx.xx.2022-ci il tarixdən X4 birinci dərəcə əlillik təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 249 nömrəli Sərəncamı ilə vətəndaş X12 fəaliyyət qabiliyyəti olmayan oğlu X9 üzərində qəyyum təyin edilmişdir.

17. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, İddiaçı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. 36.1. Qəyyumluqda və ya himayədə olan fiziki şəxsin müstəqil surətdə sərəncam verməyə ixtiyarı çatdığı gəlirlər istisna olmaqla, onun gəlirləri, o cümlədən qəyyumluqda və ya himayədə olana onun əmlakının idarə edilməsindən çatası gəlirlər qəyyum və ya himayəçi tərəfindən yalnız və yalnız qəyyumluqda və ya himayədə olanın mənafeləri üçün, həm də qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla xərclənir. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi olmadan qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın saxlanması üçün zəruri xərcləri qəyyumluqda və ya himayədə olana onun gəliri kimi çatası məbləğlər hesabına ödəyə bilər. 36.2. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 36.3. Qəyyumun, himayəçinin, onların ərinin (arvadının) və yaxın qohumlarının ixtiyarı yoxdur ki, qəyyumluqda və ya himayədə olana hədiyyə kimi əmlak verilməsi və ya onun əvəzsiz istifadəsinə əmlak verilməsi istisna olmaqla, qəyyumluqda və ya himayədə olanla əqdlər bağlasın, habelə əqdlər bağlanarkən və ya qəyyumluqda və ya himayədə olanla qəyyumun və ya himayəçinin əri (arvadı) və onların yaxın qohumları arasında məhkəmə işləri aparılarkən qəyyumluqda və ya himayədə olanı təmsil etsinlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.

20. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi qəyyumluqda olan şəxsin (X5) əmlakının özgəninkiləşdirilməsi ilə bağlıdır. Qanunvericiliyin tələblərinə əsasən isə qəyyumluqda olan şəxsin əmlakı yalnız qəyyumu tərəfindən qəyyumluq orqanının qabaqcadan icazəsi alınmaqla özəninkişlədirilə bilər. Belə olan təqdirdə X5 ban nömrəsi KMHNU81WP8U070652, mühərrikin nömrəsi D6EA8U031613 və buraxılış ili 2008-ci il olan HYUNDAİ VERACRUZ Minik markalı 90HU474 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindəki payı yalnız X12 (qəyyum) tərəfindən qəyyumluq orqanının qabaqcadan icazəsi alınmaqla özgəninkişlədirilə bilər və qəyyumluq orqanı tərəfindən imtina oldunduğu təqdirdə X12 (qəyyum) tərəfindən müvafiq tələblə bağlı məhkəməyə müraciət edilə bilər.

21. Məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək qeyd edir ki, X12 tərəfindən (X2 qəyyumu qismində) hazırki iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət olmadığından iddiaçının əsl olan iddiaçı ilə əvəz edilməsi iddianın mümkünsüzlüyü istina etməyəkdir. Odur ki, bununla bağlı hüquqi yardım göstərilməsi zərurəti yoxdur.

22. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar