Məhkəmə qərarları › İş №2-1(112)-13062/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13062/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13062/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Vəliyeva (İbrahimova) Zülfiyyə Əbülfət qızı) “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəməyə müraciət edərək, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX tərəfindən ünvan 1 ünvanda yerləşən binanın 2-ci blok, mənzil 4 (yeni qaydalarla: AZ 1025, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 188,10 kv.m olan 4 otaqlı mənzilin X2 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2021-ci il tarixli, “**********” qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Vəliyeva (İbrahimova) Zülfiyyə Əbülfət qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 aprel 2013-cü ildə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun ləğvedicisi olduğu "xxxx" ASC-ilə 40/ZB saylı kredit müqaviləsi bağlayaraq kredit götürmüş və həmin kreditlə cavabdeh "xxxx" MTK-nin inşa etdiyi ünvan 1 ünvanda yerləşən binanın 2-ci blokunda 4 saylı (yeni qaydalarla: AZ 1025, ünvan 3 mənzili satın almışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh "xxxx" MTK cavabdeh Əmanətlərin Sığortalanması Fondunun razılaşması əsasında kredit müqaviləsi onun adına olduğu halda mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən binanın 2-ci blokunda 4 saylı (yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 51, М3, mən. 4) mənzili qanunsuz olaraq cavabdeh X3 adına rəsmləşdirmiş və "xxxx" MTK qanunsuz olaraq həmin mənzilə dair X5 ilə mənzilə dair müqavilə bağlamışdır. Bu fakt iş üzrə cavabdeh X3 anası X4 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı məktubu ilə də öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh Vəliyeva (İbrahimova) Zülfiyyə Əbülfət qızı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək kredit müqaviləsində göstərilən 128.000 manat krediti, hesablanmış faizlərlə birlikdə ödəyəcəyini öhdəsinə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən də göründüyü kimi mübahisəli mənzilin alınması üçün iddiaçı ilə ləğvedilmiş Zamin Bank ASC arasında kredit müqaviləsi bağlansa da, kredit iddiaçıya verilsə də, lakin sonradan iddiaçının xəbəri olmadan mübahisəli mənzilə dair cavabdehlər "xxxx" MTK ilə X5 arasında müqavilə bağlansa da, eləcədə cavabdeh X6 həmin müqaviləni qəbul edərək iddiaçı tərəfindən götürülmüş krediti faizləri ilə birlikdə ödəyəcəyini öhdəsinə götürsə də iddiaçı ilə cavabdeh Ləğv olunmuş "xxxx" ASC-nin arasında bağlanmış 30 aprel 2013-cü il tarixli, 40/ZB saylı kredit müqaviləsi ləğv edilməmiş və həmin kredit məbləği hal-hazırda da iddiaçıdan tələb edilir. Hesab edir ki, bu qanunsuz və əsassızdır. Məsələnin qarşılıqlı razılaşma yolu ilə həll olunmasına kifayət qədər cəhd göstərsə də, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbi ilə aidiyyatı üzrə Xətai rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmədə araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX-i tərəfindən ünvan 1 ünvanda yerləşən binanın 2-ci blok, mənzil 4 (yeni qaydalarla: AZ 1025, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 188,10 kv.m olan 4 otaqlı mənzilin digər cavabdeh X2 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2021-ci il tarixli, “**********” qeydiyyat nömrəli çıxarış vardır. Bu hal ona məlum olandan sonra həmin məhkəmədə iddia ərizəsini geri götürmüş və ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmiş və bu barədə müvafiq məhkəmə qərardadı çıxarılmışdır. Bundan sonra hazırkı iddia ilə aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən binanın 2-ci blok, mənzil 4 (yeni qaydalarla: AZ 1025, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 188,10 kv.m olan 4 otaqlı mənzil 17 iyul 2019-cu il tarixli müqavilə və maliyyə arayışı əsasında X1 adına ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin mümkün sayılmaması xahiş edilir.

5. Məhkəmənin sorğularına əsasən Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan sənədlər təqdim edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasında iştirak edən cavabdhein nümayəndəsi etirazın məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə cavabdehə müraciət edilməmişdir.

13. İşin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı müvafiq sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: 17.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

15. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən binanın 2-ci blok, mənzil 4 (yeni qaydalarla: AZ 1025, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 188,10 kv.m olan 4 otaqlı mənzil 17 iyul 2019-cu il tarixli müqavilə və maliyyə arayışı əsasında üçüncü şəxs Vəliyeva (İbrahimova) Zülfiyyə Əbülfət qızının adına ********** qeydiyyat nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

16. Məhkəmə hesab edir ki, qeydiyyat mülki-hüquqi əqd əsasında aparıldığından daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilə bilər və bu iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar