Məhkəmə qərarları › İş №2-1(112)-13067/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13067/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13067/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və mülkiyyətində olan ümumi sahəsi 191.88 kv.metr olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 7 nömrəli evin 9 nömrəli mənzilin iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsi, 7 nömrəli evin 9 nömrəli mənzili Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə order əsasında xx.xx.1986-cı il tarixdə 5 nəfər ailə üzvləri, özü də daxil olmaqla, oğlu X8, X14 və qızı X6 verilmişdir. Qeyd olunan mənzil 1986-cı il tarixdən onlara verildiyi vaxtdan orada yaşamışlar. Hal-hazırda həmin mənzildə o, X8, X14, X4, nəvələri X15, X9, X10 və X11 qeydiyyatda olmaqla yaşayırlar. Mülkiyyətində olan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 139 nömrəli sərəncamı ilə mənzil xidməti mənzil siyahısından çıxarılaraq onun daimi yaşayışı üçün verilməsi və mənzilin kirayə müqaviləsinin onun adına bağlanılması, mənzilin özəlləşdirilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə tövsiyə edilməsi göstərilmişdir və bu əsasla da o, cavabdeh quruma müraciət edərək mənzilin mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi onun müraciətini qismən təmin edərək faktiki mülkiyyətində olan 191.88 kv.metr mənzilə dair tamamilə fərqli cizgidə ölçülər apararaq mənzilin ümumi sahəsinin 58.30 kv.metr hissəsinə ona mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mülkiyyətində olan mənzilin faktiki quruluşu qeyd edilən ölçülərdən ibarətdir. Belə ki, təqdim etdiyi mənzilin memarlıq planlaşdırma sxemindən görünür ki, binada (mənzildə) mənzilə bitişik olmayan 20.74 kv.metr qarajı və 11.16 kv.metr həyəti çıxmaqla mənzilə bitişik tikinti sahəsi, dəhliz 64.25 kv.metr, mətbəx 6.72 kv.metr, otaq 22.40 kv.metr, dolab 5.72 kv.metr, dəhliz 4.60 kv.metr, sanitar qovşağı 4.20 kv.metr, mətbəx 14.26 kv.metr, qonaq otağı 33.00 kv.metr, yataq otağı 13.69 kv.metr, yataq otağı 23.04 kv.metrdən ibarət olmaqla ümumi sahəsi 191.88 kv.metr, mərtəbə sayı 1, hündürlüyü 3.15 kv.metrdən ibarətdir. Amma buna baxmayaraq, cavabdeh qurum iki dəfə ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə imtina cavabı verərək xx.xx.2022-ci il tarixli 04/33395 nömrəli texniki pasportun qanunamüvafıq qaydada icra edildiyini, xx.xx.2023-cü il tarixli məktubda isə qeyd olunan tikililərin mənzilə bitişik binanın kontorundan kənarda ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələrə aid olduğunu göstərmişdir. Qeyd edilən mənzilin daxilində, yəni mənzilə bitişik dəhliz 64.25 kv.metr, mətbəx 6.72 kv.metr, otaq 22.40 kv.metr, dolab 5.72 kv.metr, dəhliz 4.60 kv.metr, sanitar qovşağı 4.20 kv.metr, mətbəx 14.26 kv.metr, qonaq otağı 33.00 kv.metr, yataq otağı 13.69 kv.metr, yataq otağı 23.04 kv.metrdən ibarət tikililər mənzilə bitişik tikililərdirlər. xx.xx.1986-cı il tarixdə mənzil onlara order əsasında verilərkən həmin tikililər mövcud olmuş və həmin vaxtdan da qeyd olunan tikililərdən fasiləsiz və etirazsız istifadə etmişlər. Bu müddət ərzində mənzilin təmirinə xeyli miqdarda vəsaitlər xərcləmişlər. Eyni zamanda, 1986-cı ildən 2023-cü il tarixədək 37 ildir ki, mənzilin ümumi sahəsinə görə əmlak vergisi, kommunal və s. ödənişlər onlar tərəfindən ödənilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********72 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.30 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə bitişik binanın konturundan kənarda, ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələr inşa edilmişdir. Həmin sahələrə və onların yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Bu obyektlərə mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş torpaq sahəsi aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-21-3-30/2-Ə-0702-8/2023 **********72 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilə bitişik binanın konturundan kənarda ümumi istifadə üçün nəzərdə tutulmuş ərazidə əlavə sahələrin inşa edildiyi müəyyən edilmişdir. Həmçinin mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında nəzərdə tutulan müvafiq sənədlər təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla, binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla, binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “SS Proje” X2 tərəfindən tərtib edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus mövcud fərdi-yaşayış evinin memarlıq və planlaşdırma həlli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış **********66 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, mənzilə dair verilmiş xx.xx.2022-ci il tarixli, 04/33935 inventar nömrəli texniki pasport qanunamüvafiq qaydada icra edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Vaqif Ələkbərov küçəsi, bina 7, mənzil 9-a dair tərtib edilmiş **********80-05101-093001 reyestr nömrəli xx.xx.2022-ci il tarixli (inventar nömrəsi: 04/330135) texniki pasportdan görünür ki, müvafiq torpaq sahəsinin sənəd üzrə sahəsi 0,1 ha, faktiki sahəsi 0,1 ha, tikinti altı sahəsi 0,1 ha, mənzilin ümumi sahəsi 58,3 kv.m, yaşayış sahəsi 41,8 kv.m-dir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-37750/2023 saylı **********50 saylı xx.xx.2023-cü il tarixli məktub ilə Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 7, 9 saylı mənzilə dair arxiv qovluğunda aşkar edilmiş müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən X7 verilmiş 14 saylı xx.xx.1986-cı il tarixli orderdən görünür ki, Sahil qəsəbəsi Promıslov (indiki V.Ələkbərov küçəsi) 7 ünvanında yerləşən ümumi sahəsi 40kv.m olan 9 saylı mənzil ona xidməti yaşayış sahəsi kimi verilmiş, Müvafiq yaşayış sahəsində qeydiyyata alınan ailə üzvləri 5 nəfərdən ibarətdir: 1. Əmirov H.İ. (özü, 1935); 2. İddiaçı (arvadı, 1949); 3. Əmirov R.T. (oğlu, 1972); 4. Əmirova L.T. (qızı, 1974); 5. Əmirov V.T. (oğlu, 1976). Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin 139 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ev 7, 9 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş vətəndaş İddiaçı daimi yaşayış üçün verilmiş və mənzilin kirayə müqaviləsi onun adına bağlanılmışdır: 1. İddiaçı (özü); 2. X8 (oğlu); 3. X14 (oğlu); 4. X4 (gəlini); 5. X15 (nəvəsi); 6. X9 (nəvəsi); 7. X10 (nəvəsi); 8. X11 (nəvəsi). **********091 saylı xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X4, X14, X8, X15 qeydiyyatda olduqları Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsi ev 7-də yerləşən 9 saylı mənzilin İddiaçı adına özəlləşməsinə razılıq vermişlər. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 45 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi Ələkbərov küçəsi 7 saylı 1 mərtəbəli evin 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan 9 saylı 3 otaqlı mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı (2003-cü ildən), X8 (2003-cü ildən), X14 (2003-cü ildən), X4 (2003-cü ildən), X15 (2003-cü ildən), X9 (2010-cu ildən), X10 (2010-cu ildən) və X11 (2015-ci ildən). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu Sahil qəsəbəsi V.Ələkbərov küçəsində yerləşən 7 saylı binanın 9 saylı mənzilinin otaqlarının sayı hüquqmüəyyənedici sənəd üzrə və faktiki 3, ümumi sahəsi faktiki 58,3 kv.m, yaşayış sahəsi hüquqmüəyyənedici sənəd üzrə 40,0 kv.m, faktiki 41,8 kv.m, köməkçi sahəsi 16,5 kv.m-dir. Mənzil birmərtəbəli binanın birinci mərtəbəsinin bir hissəsində yerləşir. Mənzil birmərtəbəli (fin tipli) tikilinin bir hissəsi olmaqla mövcuddur. Belə ki, 1 saylı giriş hissəsi genişləndirilmiş və mənzilə bitişik köməkçi otaqlar inşa edilmişdir. Faktiki vəziyyətə uyğun eskiz tərtib edilmiş, koordinatlar əlavə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2022-ci il) əsasən ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir, mənzilin sahəsi 58.3 kv.m qeyd edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək ümumi sahəsi 191.88 kv.m olan mənzilə və altındakı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin və tələbini əsaslandıran hallar barədə hüquqmüəyyənedici sənədlərin surətinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III.Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10.2. maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 191.88 kv.metr olan yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılmasından cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 191.88 kv.metr yaşayış sahəsi üzərində mülkiyyət hüququna dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar