Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13069/2022 31.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən getmək hüququna qoyulmuş məhdudlaşdırmanın götürülməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-333/2022 saylı 27 may 2022-ci il tarixli Qərardadına əsasən inzibati işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad üzrə məhkəmə öz mövqeyini iddiaçının Bakı şəhərində yaşaması və iddianın məcburetmə növündə baxılan iddialara aid olması ilə əsaslandırmışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, hazırkı işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin yerləşdiyi ərazi vahidi üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunan normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamış və bu hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərindən biri kimi qiymətləndirmişdir (Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli qərar). İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2215/2019 saylı qətnaməsinə əsasən 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin olunaraq iddiaçının rəhbəri olduğu "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırkı iddia ərizəsi üzrə isə iddiaçı artıq həmin müəssisənin rəhbəri olmadığına istinad edərək ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə inzibati aktın qəbul edilməsini xahiş edir. Arzuolunan məqsədə nail olmaq cavabdeh inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilməsi ilə şərtləndiyindən iddia məcburetmə növündədir. Belə ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 24.0.2.1-ci maddəsinə müvafiq olaraq vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanının vəzifəsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırkı halda iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi üçün səlahiyyətli orqan Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi olduğundan hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.2-ci maddəsində göstərilən (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır... İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yerləşdirilmiş “xidmət mərkəzləri” barədə məlumat pəncərəsindən məlum olur ki, 3 saylı Ərazi Vergilər İdarəsi Quba şəhərində yerləşir və onun yurisdiksiyasına Quba, Xaçmaz, Qusar və Şabran rayonları aiddir. Göründüyü kimi, iddia məcburetmə növündə iddia, iddiaçı da Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəməni əhatə etmir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Quba, Xaçmaz, Qusar və Şabran rayonları Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə məhkəmələr arasında işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından inzibati iş məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 9.1.3-cü maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda aidiyyət üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən getmək hüququna dair məhdudlaşdırmanın götürülməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-13069/2022 saylı iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə iş məhkəmə aidiyyətinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-13069/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13069/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver