Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1307/2025 14.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 10 iyun 1998-ci il tarixli 861 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 600 kv.m torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb bu barədə ona dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 10 iyun 1998-ci il tarixli 861 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin tarixdən qeyd edilən torpaq sahəsi onun istifadəsində və sahibliyində olmuş. Həmin torpaq sahəsini o, hasarlayaraq tikililər tikmiş, buna baxmayaraq torpaq sahəsini hal-hazıra qədər özəlləşdirməmişədir. Belə ki, qeyd edilən torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl həmin torpaq sahəsinin plan və ölçüsü tələb edildiyinə görə iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubiik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə (bundan sonra cavabdeh) müraciət edərək, qeyd edilən torpaq sahəsi üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək, həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alıb bu barədə ona Dövlət reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh ona ünvanladığı 08 yanvar 2024-cü il tarixli məktubu ilə onun müraciətindən imtina etmiş, imtinanın əsası torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd təqdim edilməməsini göstərmişdir. Halbuki iddiaçı cavabdehə 15 iyun 1998-ci il tarixli ayrıc aktını təqdim emtişdir. Belə ki, həmin aktdan da görünür ki, qeyd ediən torpaq sahəsinin ölçülərinin naturada ifadəsi pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Həmin aktda da torpaq sahəsinin yerləşmə sxemi çəkilmişdir. Göründüyü kimi torpaq sahəsini ona naturada ayrılaraq verildikdən sonra həmin torpaq sahəsinin yerləşmə sxemi də çəkilmiş və bu barədə akt da tərtib edilmişdir. Yəni bu akt artıq torpaq sahəsinin harada yerləşməsini təsdiq edən sənəd hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23 bəndinə əsasən Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Göründüyü kimi torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi bilavasitə cavabdehin səlahiyyətinə aid olmasına baxmayaraq, cavabdeh mənim haqlı tələbimdən imtina etmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. 1991-2000-ci il tarixlərində qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Bundan əlavə qeyd olunan torpaq sahəsinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, Qaraçuxur qəsəbəsinin şərq hissəsində 193 nömrəli sahədə yerləşən 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında müraciətinizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, RİH-ə surətini təqdim etdiyiniz sənədlərə əsasən müəyyən edilmişdir ki, Qaraçuxur qəsəbəsinin şərq hissəsində 193 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün Sizə 600,0 kv.m torpaq sahəsinin ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli 861 saylı sərəncamı əsasında xx.xx.1998-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq Sizə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-1282/2024 saylı məktubu ilə göndərilmiş Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 861 saylı sərəncamına əsasən vət. 2-ci qrup əlil X10 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılması, vət. İddiaçı ayrılmış sahədə İ85-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi, kürsülüyün 2 m müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 15 iyun 1998-ci il tarixli Akt ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 10 iyun 1998-ci il tarixli, 861 nömrəli sərəncam əsasında Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 193 №li sahədə 600 kv.m. torpaq sahəsinin ölçülərinin naturada ifadəsi ilə pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X10 verilmişdir. Torpaq bölgüsünü apardılar: RİHB-nın müavini, baş memar əvəzi R.Pənahov, S.Məmmədzadə, Qaraçuxur qəsəbəsindəki İHB-nın nümayəndəsi F.Süleymanov, akt Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı H.Abutalıbov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Əlavə edilmiş sxemdə 193 nömrəli ətrafında bölgüsü aparılmış torpaq sahələrinin nömrəsləri, eləcə də 193 nömrəli torpaq sahəsinin qonşuluğunda Təhsil nazirliyinin qarajı, 192, 191, 194, 197 nömrəli torpaq sahələrinin olduğu göstərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********39 nömrəli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir. Sahədən 16 metr şərqdə 325 mm-lik orta təzyiqli yerüstü qaz xətti keçir. Faktiki sahə 620 kv.m təşkil edir və bu sahənin 182.0 kv.m hissəsi 35kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir (o cümlədən üzərindəki tikililərin bir hissəsi). Sahənin və üzərindəki tikililərin qeydiyyatı barədə məlumat yoxdur. Bundan əlavə torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı və koordinatları məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə(baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600 kv.m., faktiki 620.0 m.kv təşkil edir. Torpaq sahəsində iki ədəd bir mərtəbəli yaşayış evləri və həyət tikilisi var. Torpaq sahəsinin bir tərəf kənarından 9 metr aralı məsafədən (35 kV) YGE hava xətti keçir. Torpaq sahəsinin koordinatları əlavə olundu. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********81 nömrəli məktubu ilə göndərilmiş ortofotodan görünür ki, mübahisələndirilən torpaq sahəsinin ətrafında **********64-10301, **********76-10301 reyestr nömrəli qeydiyyatdan keçmiş daşınmaz əmlakların yerləşdiyi əks olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********42 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 193 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin ətrafında qeydiyyata alınmış torpaq sahələrinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki: -Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 1998-ci il tarixli, 1053 nömrəli Sərəncamı ilə vət. 3-cü qrup Qarabağ əlili vət. X2 yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. -194937 nömrəli xx.xx.2001-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında X1 qəsəbəsinin şərq hissəsində, yerləşən 600 kv.m. torpaq sahəsini X3. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 194937 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni qaydalarla: AZ 1067, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəs X9 adına xx.xx.2024-cü il tarixdə **********7 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-571/2025 nömrəli məktubu ilə arxivdə saxlanılan X9 adına JN-1934H (kod ********) nömrəli və X5 adına JN-23259D (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”lərin tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: - Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 1998-ci il tarixli, 1053 nömrəli Sərəncamı ilə vət. 3-cü qrup Qarabağ əlili vət. X2 yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş aktda 197 nömrəli torpaq sahəsinin X2 təhvil verildiyi, əlavə edilmiş sxemdə 197 nömrəli torpaq sahəsinin qonşuluğunda Təhsil nazirliyinin qarajı, 193, 194, 198, 196 nömrəli torpaq sahələrinin olduğu göstərilmişdir. - Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17 iyul 1998-ci il tarixli, 1147 nömrəli Sərəncamı ilə vət. X6 yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş aktda 192 nömrəli torpaq sahəsinin X6 təhvil verildiyi, əlavə edilmiş sxemdə 192 nömrəli torpaq sahəsinin qonşuluğunda Təhsil nazirliyinin qarajı, 193, 194, 191, 199 nömrəli torpaq sahələrinin olduğu göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən sizə hüquqi yardım göstərilərək bildiririk ki, qeyd olunan irad aradan qaldırılacağı təqdirdə müraciətinizə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 10 iyun 1998-ci il tarixli, 861 nömrəli sərəncamına əsasən Qaraçuxur qəsəbəsinin şərq hissəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış 193 №li sahədə 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddia olunan torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədin təqdim edilmədiyini əsas gətirərək müraciəti təmin etməmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının əsassızlığını iddia edərək sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlillərini əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə sərəncamları torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə məhkəmə icraatında tədqiq olunmuş materiallardan görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 10 iyun 1998-ci il tarixli, 861 nömrəli sərəncamı ilə X10 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, 193 №li sahədə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi rayon icra hakimiyyətinin baş memar, Qaraçuxur qəsəbəsindəki icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, torpaq sahəsi 193 nömrə altında pay bölgüsü aprılaraq və müvafiq nişanlar qoyularaq iddiaçıya təhvil verilmiş, torpaq sahəsinin təhverilmə aktı (təhkim aktı) rayon icra hakimiyyəti başçısının imza və möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanladığı məktubu ilə qeyd edilən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 861 saylı sərəncamı əsasında ayrılmış torpaq sahəsinə dair akt tərtib edildiyini və iddiaçıya həmin aktın təhvil verildiyini bildirməklə hazırda da həmin cizginin etibarlılığını, qüvvədə olduğunu bilavasitə təsdiq etmişdir. Beləliklə, cavabdeh tərəfindən imtina əsası imtina əsası kimi göstərilmiş “torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd təqdim edilməmişdir” dəlili əsassızdır və formal xarakter daşıyır. Həmçinin, qeyd edilməlidir ki, cavabdehin mütəxəsissləri tərəfindən yerində baxış edilərək torpaq sahəsinin faktiki ölçüləri, yerləşmə koordinatları müəyyən edilmiş, göstərilən sahənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşməsi, sahədən 16 metr şərqdə 325 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin keçməsi, faktiki sahənin 620 kv.m təşkil etməsi və bu sahənin 182.0 kv.m hissəsinin 35kVt-luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşdiyi bildirilmişdir. Məhkəmə cavabdehin mütəxəsissləri tərəfindən qeyd edilən halların hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir, o cümlədən bildirir cavabdeh imtina dəlili kimi həmin halları qeyd etməmişdir. Məhkəmə qeyd qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlaklar cavabdeh orqan tərəfindən xüsusi mülkiyyət hüququ ilə ayrıayrı şəxslərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ərazinin ortofoto surətindən görünür ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış evlərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra əmlaklar, o cümlədən **********64-10301, **********76-10301 reyestr nömrəli daşınmaz əmlaklarla bağlı torpaq sahələri xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmışdır. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həmin əmlakların xüsusi mülkiyyət hüququ ilə vətəndaşların adlarına qeydiyyata alınmasına əsas olan hüquqmüəyyənedici sənəd qismində Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları və həmin sərəncamlara əlavə edilmiş iddiaçının təqdim etdiyi aktla eyni olan yerləşmə sxemi (təhvil aktı) çıxış etmişdir. Belə ki, iddiaçının qonşuluğunda yerləşən və torpaq sahələrinə dair reyestr məlumatlarından məlum olur ki, iddiaçının təqdim etdiyi yerləşmə cizgisində 197 nömrə ilə qeyd edilmiş torpaq sahəsi X2 Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 08 iyun 1998ci il tarixli, 1053 nömrəli sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin M.Allahverdiyevə təhvil verilməsi ilə bağlı iddiaçıyla eyni formada, eyni məzmunda, eyni səlahiyyətli şəxslər tərəfindən akt tərtib edilmiş və həmin akta yenə də iddiaçıya veirlmiş yerləşmə cizgisi ilə eyni formada cizgi tərtib edilmiş və həmin cizgidə də 197 nömrəli torpaq sahəsinin qonşuluğunda 193 nömrəli torpaq sahəsinin eyni vəziyyətdə yerləşdiyi, “Təhsil nazirliyinin qarajı” olan hissənin əks olunduğu müəyyən olunur. Göründüyü kimi iddiaçı ilə qonşu olan torpaq sahələri də yerli icra hakimiyyətinin sərəncamı ilə ayrılmış, həmin torpaq sahəsinin də yerləşmə cizgisi yerli icra hakimiyyəti tərəfindən tərtib edilmiş və cavabdeh orqan həmin qonşu torpaq sahəsinin yerləşmə cizgisi ilə uyğun gəlmədiyi ilə bağlı dəlil irəli sürmədən təqidm olunan yerli icra hakimiyyətinin sənədlərinə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Eyni zamanda iddia olaunan torpaq sahəsinin qonşuluğunda yerləşən həmin əmlakların Dövlət neft Şirkətinə aid torpaq sahələrində, qaz xəttinin keçməsi və ya elektrik xəttinin mühafizəsində yerləşməsi ilə bağlı hər hansı dəlil irəli sürülmədən cavabdeh orqan həmin əmlaklara xüsusi mülkiyyət hüququnun qeydiyyatını aparmışdır. Belə olan halda cavabdehin hazırkı iddiaçıya münasibətdə hüququ qeydiyyata almaqdan imtina əsası öz təsdiqini tapmır və bu hal ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsi ilə nəzərdə tutulmuş (İİQ-nun 12.2-ci maddəsi: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.) bərabərlik prinsipini pozduğunu deməyə əsas verir. Beləliklə, iddiaçının təqdim etdiyi torpaqayırma sənədləri (sərəncam və yerləşmə cizgisi) qüvvədə olmaqla həmin sənədlərin məhkəmə icraatında mötəbərliliyini istisna edəcək hər hansı hala rast gəlinməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 861 saylı Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 193 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan və ölçüsünün verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 861 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 193 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1307/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1307/2025
14.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver