Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13075/2025 16.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya hesablanmış 8859,44 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, vergi ödəyicisi kimi ********** VÖEN nömrə ilə fəaliyyət göstərir. Cavabdeh iddiaçı barəsində kameral yoxlama aparmış, 16 noyabr 2023-cü il tarixdə barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********354100 nömrəli qərar qəbul edilmişdir. Qərarın təfsilat cədvəlinin 4-cü bəndində iddiaçının 9026,82 manat zərərlə işləməsi qeyd olunub, lakin, yoxlama nəticəsində iddiaçıya 8859,44 manat məbləğndə vergi hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli **********175900 saylı xəbərdarlıq məktubundan görünür ki, X3 xx.xx.2023-cü il tarixli, **********483500 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən qızıl zərgər məmulatlarının alınmasına dair xx.xx.2022-ci il tarixli EBCH seriyalı 878012 nömrəli elektron qaimə-fakturanı əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd kimi qəbul etmişlər. Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirlməsinə əsas vermədiyindən 2022-ci ildə ona təqdim olunmuş elektron qaimələr əsasında mədaxil olunacaq zərgər məmulatlarının ümumi dəyəri 185785 manat təşkil etsə də, 53324 manatlıq zərgər məmulatlarının əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən xərc sənəd kimi nəzə alınmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 53324 manat tərəfindən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması qənaətinə gəlmiş və kameral yoxlama ilə müəyyən edərək 8859,44 manat məbləğində vergi hesblamışdır. 2022-ci ildə elektron qaimələr əsasında mədaxil olan malların ümumi dəyəri 53324 manat məbləğdə tərəfindən azaldılmışdır, yəni 185785 manat yox (185785,00 – 53324,00) 132461,00 manat təşkil etmişdir. Əlavə olaraq iddiaçı 2022-ci il müddətində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müştərilərin müvafiq girov biletləri üzrə 58985 qızıl zərgər məmulatlarını mədaxil etmişdir ki, nəticədə də, mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446,00 (132461,00 + 58985,00) manat olmuşdur. Sözügedən 58985 manatlıq qızıl zərgər məmulatlarının iddiaçı tərəfindən mədaxil olmasını sübut edən sənədlər – girov biletləridir. İddiaçının həmin dövr ərzində mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446 manat təşkil etmiş, bu da 2022-ci ilin gəlir vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 1.1. kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövt ərzində daxil olmuşdur” sütununda tərəfindən əks olunmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4483/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərarı ləğv edilmiş və İddiaçı hesablanmış 8859 manat 44 qəpik vergi borcunun silinməsi qərara alınmışdır.
4. Sözügedən qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1210/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4483/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Şikayətlə bağlı apellyasiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4483/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı qəbul edildiyi zaman mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərar ləğv olunmuş və 21 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-216961/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəmə tərəfindən qərar qəbul edilən tarixdə hüquqi baxımdan qüvvədə olan və tərəflər arasında mübahisə predmetini təşkil edən hər hansı qərar mövcud deyildi. Bu hal, məhkəmənin maddi hüquq və prosessual norma əsasında düzgün hüquqi qiymətləndirmə aparmaq imkanını istisna edir. Məkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində təkrar baxışda iddiaçıya yardım edilərək mübahisələndirilən qərar müəyyən edilərək dəqiqləşmə barədə ərizə verilməsi təklif edilər bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsi, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.”
5. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-1020182/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi və qanunsuz olaraq hesablanmış 9210.29 manat məbləğində vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyət növü lombardların fəaliyyəti olmuşdur. İddiaçı 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış verginin tərkibi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçının gəlir və xərc məlumatları aşağıdakılar kimi olmuşdur: Gəlir: 2021-ci ilin sonuna mal qalığı – 251983,41 manat, 2022-ci il üzrə kassa apratı vasitəsi ilə satış – 114995,8 manat, yekun: 366979,21 manat. Xərc: e-qf əsasında alış – 185785,00 anat, icarə haqqı – 32640,00 manat, əmək haqqı – 37660.02 manat, digər xərclər – 5624,25 manat, yekun – 261709,27 manat. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən 2022-ci il üzrə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş gəlir vergisi bəyannaməsində gəlir məbləğinin 27177,06 manat, xərc məbləğinin isə 15538,56 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərə baxmayaraq iddiaçı tərəfindən 2022-ci il üzrə xx.xx.2025-ci il tarixdə təqdim edilmiş dəqiqləşmiş gəlir vergisi bəyannaməsində gəlir məbləğinin 27177,06 manat, xərc məbləğini isə 15538,56 manat qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-785747/2025 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 6882,54 manat əlavə vergi məbləği hesablanaraq bu barədə vergi ödəyicisinə xx.xx.2025-ci il tarixli 3-21-2-3/2- 1020182/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, vergi orqanının qərarı əsasında riskli vergi ödəyicisi hesab X1 xx.xx.2022-ci il tarixli EBCH seriyalı 878012 nömrəli elektron qaimə-faktura əsasında 53324,00 manat məbləğində qızıl-zinət əşyaları əldə etmiş, lakin apardığı əməliyyatlar əmtəəsiz hesab edilmiş və nəticədə həmin məbləğ xərclərində nəzərə alınmamışdır. İddiaçının bu dəlilinə münasibətdə bildirirlər ki, iddiaçının bu dəlili həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2022-ci il tarixdli EBCH seriyalı 878012 elektron qaimə-faktura əks olunan 53324,00 manat məbləğ iddiaçının xərclərində nəzərə alınmamışdır. Daha sonra iddiaçı ərizədə bildirir ki, “Əlavə olaraq 2022-ci il müddətində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müştərilərin müvafiq girov biletləri üzrə 58985,00 manat məbləğində qızıl zərgər məmulatlarını mədaxil etmişdir ki, nəticədə də, mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446,00 (132461,00 + 58985,00) manat olmuşdur. Sözügedən 58985,00 manatlıq qızıl zərgər məmulatlarının tərəfindən mədaxil olmasını sübut edən sənədlər girov biletləridir ki, həmin biletlərin də ümumi siyahısını və onların fotokopiyasını onlara xx.xx.2023-cü il tarixli **********365400, **********389600, **********394800 saylı məktublarla təqdim etmişdir.” Göründüyü kimi, iddiaçı girov biletlərini gəlir əldə edilməsi ilə bağlı xərc kimi göstərərək həmin biletlərdə göstərilən məbləğləri öz xərclərinə daxil etmişdir. Qeyd olunanlarla bağlı bildirirlər ki, əslində bu əməliyyat lombardın aktivlərinin uçotu və girov əməliyyatlarının qeydiyyatıdır, müştərilərin öhdəlikləri icra edib-etməmələri iddiaçı üçün vergi və maliyyə nəticəsi yaratmır. Girov biletləri yalnız əməliyyatın sənədli sübutudur və xərc kimi vergi uçotunda nəzərə alına bilməzdi. Belə ki, girov biletləri sənəd xarakteri daşıyır, yəni lombard tərəfindən verilən uçot sənədidir; girov biletləri və mədaxil edilən qızıl lombardın aktividir, xərc deyil; əgər müştərilər öhdəliklərini yerinə yetirməyiblərsə belə, bu maddi zərər və ya xərc əmələ gətirmir, sadəcə lombardın balansında aktiv transferi baş verir; lombard həmin vəsaiti gələcəkdə faiz gəliri əldə etmək məqsədilə verir, yəni bu, maliyyə aktivinin formalaşmasıdır, maddi xərc deyil. Beləliklə, vergi baxımından heç bir gəlir və ya xərc əmələ gəlmədiyi üçün girov biletləri üzrə verilən məbləğlər vergi məqsədləri üçün xərc kimi tanına bilməz. Vergi Məcəlləsinin 108.1 və 108.2-ci maddələrinə əsasən yalnız gəlir əldə etmək məqsədilə çəkilən, sənədlər təsdiqlənən və iqtisadi cəhətdən əsaslandırılmış xərclər gəlirdədn çıxıla bilər. Lakin, iddiaçı gəlirini göstərmədən girov biletlərinin nominal məbləğini xərc kimi təqdim edir, bu isə həm vergi qanunvericiliyi, həm də, mühasibat uçotu baxımından əsassızdır. Göründüyü kimi, bu əməliyyatlarda “girov bileti” sadəcə müqavilə-sənəd xarakteri daşıyır. Yəni, müştəriyə verilən qəbzdir, maddi xərc deyil.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Əvvəlki məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. Cəbrayıl Bayramov isə onun atasıdır. Eyni zamanda o, əmək müqaviləsi üzrə Cəbrayıl Bayramovun mühasibi kimi çalışır. X6 fəaliyyəti göstərir. 2022-ci ildə Cəbrayıl Bayramov ağır xəstə olduğu üçün ondan kredit götürən müştərilərdən kreditin təminatı olaraq qəbul etdiyi qızıl-zinət əşyalarını iddiaçıya təhvil vermişdir. Belə ki, həmin qızıl-zinət əşyalarının sahibi olan müştərilər öz kredit borclarını ödəməmiş və Cəbrayıl Bayramov da həmin əşyaları satmışdır. Lakin, vergi orqanı həmin əşyaların Cəbrayıl Bayramovun alışında müəyyən edilməməsi səbəbindən onu riskli vergi ödəyicisi siyahısına salmışdır. Halbuki, Cəbrayıl Bayramov həmin əşyaları satın almamışdır. Belə ki, həmin əşyalar lombarddan kredit götürmüş şəxslər tərəfindən lombardda girov qoyulmuşdur. Həmin şəxslər krediti ödəyə bilmədiklərindən Cəbrayıl Bayramovun həmin əşyaları satmaq hüququ yaranmışdır. Cavabdeh tələb edir ki, həmin əşyalarla bağlı ya elektron qaimə, ya da alış aktı verilsin. Lakin, həmin əşyalar satın alınmadığından alış aktı və ya elektron qaimə verilə bilməzdi. Belə ki, Cəbrayıl Bayramov tərəfindən həmin şəxslərə girov bileti verilmişdir ki, həmin girov biletlərinin kökü mövcuddur.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-1020182/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci il gəlir vergisi üzrə iddiaçıya 9210,29 manat məbləğində vergi borcu hesablanmışdır.
12. Cavabdeh tərəfindən inzibati icraat materiallarının surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
19. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-ci il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, sözügedən qərar cavabdeh tərəfindən məhkəmə icraatının gedişatında qəbul edilmiş və bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək sözügedən qərar qanunvericiliklə müəyyən edilmiş müddət ərzində mübahisələndirilmişdir.
20. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, işin hallarından göründüyü kimi, hazırki mübahisənin yaranmasına səbəb iddiaçı tərəfindən girov biletlərinin gəlir əldə edilməsi ilə bağlı xərc kimi göstərilərək həmin biletlərdə göstərilən məbləğlərin öz xərclərinə daxil edilməsi olmuşdur. İddiaçı həmçinin. iddia ərizəsində riskli vergi ödəyicisi hesab X1 xx.xx.2022-ci il tarixli EBCH seriyalı 878012 nömrəli elektron qaimə-faktura əsasında aldığı 53324,00 manat məbləğində qızıl-zinət əşyaları ilə bağlı əməliyyatların vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat hesab edilməsinə və nəticədə həmin məbləğin xərclərində nəzərə alınmadığında istinad edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdehin məhkəməyə təqdim etiraz ərizəsinin məzmunundan göründüyü kimi, xx.xx.2022-ci il tarixdli EBCH seriyalı 878012 elektron qaimə-faktura əks olunan 53324,00 manat məbləğ iddiaçının xərclərində nəzərə alınmamışdır.
23. Göründüyü kimi, hazırda mübahisənin predmetini iddiaçı tərəfindən girov biletlərinin gəlir əldə edilməsi ilə bağlı xərclərə daxil edilib-edilməməsi təşkil edir.
24. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: Maddə 95. Vergi ödəyiciləri Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 96.2. Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident vergi ödəyicisi daimi nümayəndəliyi ilə əlaqədar olan vergiyə cəlb edilən gəlirləri üzrə gəlir vergisinin ödəyicisidir. Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir. Maddə 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Maddə 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir Maddə 108.2. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir. Maddə 114.7. Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa, yaranmış fərq gəlirə daxil edilir. Maddə 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı qaydada tutulur: vergu tutula aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 302. Əşyanın lombardda girovu 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar lombardlar həyata keçirə bilərlər. 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, X6 fəaliyyəti ilə məşğul olmuş və iddiaçıya satdığı qızıl-zinət əşyaları onun tərəfindən alınmamış, kredit götürmüş şəxslər tərəfindən girov qoyulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş girov biletləri də bunu təsdiq edir. Həmin şəxslər tərəfindən kredit borcu ödənilmədiyindən Cəbrayıl Bayramovun həmin əşyalar üzərində sərəncam vermək hüququ yaranmışdır. Belə olan halda həmin əşyalarla bağlı iddiaçı ilə Cəbrayıl Bayramov arasında aparılmış alqı-satqı əməliyyatları əmtəəsiz əməliyyat hesab edilə bilməz və sözügedən sənədlər həmin alqısatqı əməliyyatları üzrə iddiaçının xərcini təsdiq edən sənədi kimi nəzərə alınmalıdır.
28. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
30. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
31. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-1020182/2025 nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ləğv edilsin və qanunsuz olaraq hesablanmış 9210.29 manat məbləğində vergi borcu silinsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva