Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13079/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «hərracın nəticələrinin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «hərracın nəticələrinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-97/2017 saylı iş üzrə 13 fevral 2017-ci il tarixli icra vərəqəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinin 9 sentyabr 2020-ci il tarixli 6112/05 nömrəli sifariş məktubuna əsasən Qəbələ rayonunun Vəndam qəsəbəsində 0,2429 ha həyətyanı torpaq sahəsi ilə bağlı ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-də açıq hərrac keçirilmişdir. Ümumi paylı mülkiyyətdə olan 0,2429 ha torpaq sahəsinin 0,048 ha hissəsi 23 noyabr 2020-ci il tarixdə hərraca çıxarılmışdır. Hərraca çıxarılan 0,048 ha hissənin dəyəri 3.886,40 manat məbləğində dəyərləndirilmişdir. Torpaq sahəsi 3.886,40 manat qiymətlə hərraca çıxarılmış və tələbkar Cavabdeh qalib hesab edilməklə 0,048 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Cavabdehin adına və digər payçıların da adı qeyd olunmaqla reyestrdən çıxarış (**********60 – 10301 reyestr nömrəli) hazırlanmışdır. Hərrac formal keçirilmiş heç bir araşdırma və qiymətləndirmə aparılmamış, son dərəcə aşağı qiymətlə satış sənəd üzərində rəsmiləşdirilmişdir. İddiaçı hərracın nəticələri ilə razılaşmır və hesab edir ki, borclu olaraq onun qanunla qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də 20 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracın nəticələri tam olaraq ləğv olunmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə etibarsız sayıla bilər. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1-ci maddələrinə əsaslanaraq, 23 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-də keçirilmiş dəyəri 3.886,40 manat qiymətləndirilən hərracın nəticələrinin ləğv olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 25-ci maddəsinə görə inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə görə əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 414.4-cü maddəsinə görə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Göründüyü kimi, iddiaçının qaldırdığı iddianın mahiyyəti hərracın nəticələrinin, yəni müvafiq müqavilənin ləğv edilməsi barədədir. Çünki, hərracda aparılmış prosedurun son nəticəsi müqavilə rəsmiləşdirilməsi ilə şərtləndirilir. Bundan başqa, həmçinin nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh fiziki şəxslərdir. Nəticələri mübahisələndirilən hərracı keçirən qurum isə, "xxxx" MMC olduğundan, iddiaçı ilə həmin qurum arasındakı mübahisə publik xarakterli sayıla bilməz. Hətta məhkəmə bu hal nəzərə alınaraq, iddia qaldırılarkən yol verilmiş formal xətanın aradan qaldırılması qismində iş üzrə cavabdehin dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasını da məqsədəmüvafiq hesab etmir. Qeyd olunanaların əsasında məhkəmə belə qənaətə gəlir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən deyil. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-13079/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13079/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver