Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1308/2021 17.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması haqqında çıxarışın verilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestdən çıxarışın və texniki pasportun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 1992-ci İldə doğulmuşdur. ünvan 2ndə ona məxsus fərdi yaşayış həyət evi var. Bununla bağlı həmin evdə o, tikinti ilə bağli icazə üçün müəyyən qurumlara müraciət etmişdir. Bütun qurumlar fərdi yaşayış evdə tikinti üçun icazə vermişlər. Bunlar Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin X5, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 Mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastr İdarəsi, Abşeron RİH üzrə Sərəncamından çıxarış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən lisenziyadır. Yazılan bütün qurumların ona verdiyi sənədlər mövcuddur və subut üçün məhkəməyə təqdim edilə bilər. İcazə aldıqdan sonra o (iddiaçı), fərdi yaşayış evində layihə əsasında tikinti işlərini görmüşdür. Qanun çərçivəsində işləri görüb bitirəndən sonra o, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətdə bildirilmişdir ki, sökülmüş fərdi yaşayış evinin çıxarışı ləğv edilməsi və layihə əsasında inşa edilmiş evin çıxarışının verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə və İPM-in 2.2-ci maddəsinə əsaslanaraq, ünvan 2ndə yerləşən layihə üzrə inşa edilmiş evə texniki pasport və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş materiallarında olan cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının səlahiyyətli nümayəndəsinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli cavab məktubunda (bildirişdə) aşağıdakılar bildirilmişdir: - ünvan 2ndə yerləşən fərdi yaşayış evi üzərində hüquqların torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı x xxxx 2020-ci il tarixli ərizəyə baxılmışdır. Sözgedən torpaq sahəsi fiziki şəxsə qanunvericiliyin tələbləri pozularaq tam fəaliyyət qabiliyyəti əldə edilmədən (18 yaşı tamam olmadan) ayrılmışdır. Göstərilənləri və AR Mülki Məcəlləsinin 28-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 15-ci maddəsinə əsaslanaraq, hüquqların qeydiyyatından imtina edilmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçının fərdi yaşayış evinə və torpaq sahəsinə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması haqqında çıxarışın verilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. AR Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 28-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu qüvvəyə minənədək olan dövrdə yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsinin əmri bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Həmçinin, qanuna görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı da öz hüquqi qüvvəsini saxlayır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, əvvəlki qeydiyyat orqanı olan AR Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş DTİMHQŞK İdarəsinin yerli qurumu tərəfindən Əzizbəyov (indiki Xəzər) rayunu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində bir otaqdan ibarət fərdi yaşayış evi hazırkı iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmış və 35762 nömrəli reyestr kitabında qeyd aparılmaqla (1381 nömrəli inventar işi) bu barədə “qeydiyyat vəsiqəsi” verilmişdir. Evin qeydiyyatı üçün Abşeron RİH-in xx xxxxxx 1999-cu il tarixli 096 saylı sərəncamı əsas götürülmüşdür. İddiaçı sonradan həmin evin yenidən qurulması ilə bağlı müvafiq işlər aparmış və bundan sonra yeni tikiliyə altındakı torpaq sahəsi ilə birlikdə hüquqları qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi üçün cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini (imtinasını) mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının müvafiq ünvanda olan 1 taqdan ibarət fərdi yaşayış evinə əvvəlki qeydiyyat orqanı tərəfindən aparılmış mülkiyyət hüquqlarının qeydiyyatı öz qüvvəsini saxladığından və qeydiyyat ləğv olunmadığından, ona həmin əmlaka hüquqların qeydiyyata alınması barədə yeni reyestdən çıxarış da verilməlidir. Yeni tikili ilə bağlı isə, zəruri sənədlər təqdim olunmadığından, reyestrdə qeydiyyatda və çıxarışda evin əvvəlki ölçüsü və göstəriciləri əks olunmalıdır. Lakin evin yerləşdiyi (həyətyanı) torpaq sahəsinə gəldikdə isə, hansı ki iddiaçı vahid əmlak kimi evə və torpaq sahəsinə hüquqların qeydiyyatını tələb edir, məhkəmə vurğulayır ki, torpaq ayrılan zaman, yəni xx xxxxxx 1999-cu il taridə iddiaçı yetkinlik yaşına çatmadığından (o, 1992-ci il təvəllüdlüdür), həmin torpaq ayırma sənədi mötəbər qiymətləndirilə bilməz. Odur ki, iddiaçının tələbi torpaq sahəsinə münasibətdə təmin oluna bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qismən qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı ünvan 2 ünvanı üzrə fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanı üzrə fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1308/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1308/2021
17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver