Məhkəmə qərarları › İş №2-1(112)-1308/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1308/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1308/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olmuşdur. 1976-cı ildə Bakı şəhəri 10 saylı peşə məktəbinə daxil olmuş və 28 iyul 1979-cu ildə həmin məktəbin elektrik qaynaqçısı ixtisasını bitirmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 25 yanvar 1982-ci ildən əmək faliyyətinə Cəbrayıl rayon M.F.Axundov adına sovxozda fəhlə kimi başlamışdır. 18 oktyabr 1990-cı ildə ərizəsi əsasında M.F.Axundov adına sovxozdan işdən azad olunmuşdur. 25 oktyabr 1990-cı ildə Cəbrayıl rayonunda yaranmış "xxxx" kiçik müəssəsinə qaynaqçı təyin olunmuş və 12 avqust 1993-cü ilə kimi həmin müəssədə işləmişdir. 23 avqust 1993-cü ildə Cəbrayıl rayonun məlum işğalı ilə əlaqədar Bakı şəhərinə köçmüş və xx.xx.1994-cü ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri X2 idarəsində elektirik qaz qaynaqçısı işləmişdir. Cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əmək kitabçası və digər sənədlərlə müraciət etmiş və həmin orqandan ona rəsmi cavab verildi ki, 25 oktyabr 1990-cı ildən 12 avqust 1993-cü ilə kimi Cəbrayıl rayonu "xxxx" kiçik müəssəsinə qaynaqçı işlədiyi dövr üzrə əmək kitabçasında qeyd olunan illər nəzərə alınmır. Belə ki, əmək kitabçasında "xxxx" kiçik müəssəsindən işdən azad olunma ili 1994cü il kimi düzəliş olunmaqla qaralanmış və əmək kitabçasında "xxxx" kiçik müəssəsində işlədiyim dövrdə keçmiş SSRİ-yə aid olan möhürlə təsdiqləndiyi qeyd edilmiş və sğorta stajın qanunvericilikdə 25 il müddət tamamlanmadığına görə yəni ümumi sğorta stajı 24 il 4 ay 2 gün olduğu üçün güzəştrli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı xx.xx.1994-cü ildə Bakı şəhəri X2 idarəsində elektirik qaz qaynaqçısı kimi işə qəbul olunanda əmək kitabçasını həmin idarənin kadrlar şöbəsinə təqdim etmiş və işdən azad olunanda isə əmək kitabçanı ona vermişlər. Əmək kitabçasında iddiaçının "xxxx" kiçik müəssəsində işdən çıxmağı xx.xx.1993-cü il olduğu halda 1994-cü il kimi düzəliş olunmusından onun məlumatı olmamış və sənədləri cavabdehə təqdim etdikdən sonra bunu bilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir, həmçinin iddiaçının nümayəndəsinin “İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edirik. Belə ki, iddiaçının əmək kitabçasının 8-ci və 9-cu qeydlərində hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi müəyyən edilmişdir. Həmçinin, əmək kitabçasının həmin dövrdə artıq mövcud olmayan, ləğv edilmiş SSRİ-yə aid etibarsız və hüquqi qüvvəsi olmayan möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990 - xx.xx.1994cü il tarixləri arasındaki dövrü ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün) az təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560.00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 23448.82 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı islərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalısan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin islərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yasa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yasa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən isdə çalışmasına dair is verinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi is verindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq isə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) isin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü isin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istigaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli Vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1961-ci il tarixdə Cəbrayıl rayonu, Horovlu kəndində anadan olmuşdur. - Б 025943 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1976-1979-cu illərdə Bakı şəhəri 10 saylı peşə məktəbində təhsil almışdır (3 il). - НЗ ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 1 ay). - ИТ-İ ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı: • xx.xx.1982-xx.xx.1982-ci illərdə M.F.Axundov adına sovxozda fəhlə (5 ay 14 gün); • xx.xx.1982-xx.xx.1984-cü illərdə elektrik qaynaqçısı (1 il 4 ay 28 gün); • xx.xx.1984-xx.xx.1990-cı illərdə M.F.Axundov adına sovxozda çoban (6 il 9 ay 4 gün); • xx.xx.1990-xx.xx.1994-cü illərdə "xxxx" Kiçik Müəssisəsində qaynaqçı (3 il 9 ay 18 gün); • xx.xx.1994-xx.xx.2008-ci illərdə Nəsimi Rayon İİİ-də qaynaqçı, elektrik-qaz qaynaqçısı peşəsində işləmişdir (13 il 9 ay 18 gün). - AA 301103 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhəri Nəsimi rayonunda məskunlaşmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 23 sentyabr 2022-ci il tarixində daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filial tərəfindən təqdim etdiyiniz 9 iyul 1982-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçanız araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRj-yə aid möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövrü ümumi iş stajınıza daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də sizin ümumi iş stajınız 25 ildən az (24 il 4 ay 2 gün ( xx.xx.1979- xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 2 il 3 ay)) təşkil edir. - "xxxx" ASC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiya hüququ verən işdə çalışmasına dair” Arayışının surətindən görünür ki, İddiaçı 1 saylı X3 Sahəsi, servis xidmətində, elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1994-cü il 19 N-li əmrə əsasən işə qəbul, xx.xx.2008-ci il tarixli 06/337 nömrəli əmrə əsasən işdən azad edilmişdir. İşlədiyi elektrik-qaz qaynaqçısı zərərli sahədən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində 23200000-11620 vəzifə koduna uyğundur. - Cəbrayıl Rayon İcra Hakimiyyəti Cəbrayıl Rayon Dövlət Arxivinin 79 nömrəli xx.xx.2022-ci il tarixli Arxiv Arayışından görünür ki, M.F.Axundov adına Sovxozun və Cəbrayıl Rayon "xxxx" Kiçik Müəssisəsinin arxiv sənədləri işğal zonasında qalmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanı (Cəbrayıl rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonunda məskunlaşmışdır) nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndinə əsasən nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışın təqdim edilməsi tələb olunur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirmişdir ki, iddiaçının təqdim etdiyi 9 iyul 1982-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİyə aid möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Buna görə də xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövrü iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (24 il 4 ay 2 gün (xx.xx.1979- xx.xx.1981ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən bugünədək cəmi 2 li 3 ay)) təşkil edir. Həmçinin, sonradan məhkəmə icraatında iddia tələbinə qarşı yazılı etiraz ərizəsində imtinanın dəlilləri təkrarlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 34560.00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 23448.82 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 57 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı;

2. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı;

3. 57 yaşı tamam olmalıdır. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi. Məhkəmə qeyd edir ki, iddiaçının 12 il 6 aydan çox xüsusi iş stajına malik olması işin mübahisələndirilməyən halıdır və iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işdə olan sənədlərlə də sübuta yetirilir. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi ona məxsus Əmək Kitabçası ilə və "xxxx" ASC-nin tərəfindən verilmiş Arayışla təsdiq edilir. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirməsə də, qeyd edilməlidir ki, işin araşdırılmış hallarına görə, iddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə (1 il 4 ay 29 gün), xx.xx.1994-xx.xx.2008-ci illərdə (13 il 9 ay 18 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdə (elektrik qaynaqçısı, qaz qaynaqçısı) işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq (xx.xx.2006-cı ilədək 12 il 9 ay 15 gün) müddətdən artıqdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” (kod 23200000—11620) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “35. Ümumi peşələr” bölməsində “qaz qaynaqçıları” nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının 57 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının ümumi iş stajının 25 ildən az (24 il 4 ay 2 gün) olmasıdır. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının ümumi iş stajı 25 ildən azdır və onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Məhkəmə cavabdehin “əmək kitabçanın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edilməsi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİ-yə aid möhürlə təsdiqlənməsi” dəlili ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövrdə Cəbrayıl Rayon "xxxx" Kiçik Müəssisəsində işləməsi ilə bağlı ona məxsus əmək kitabçasında qeyd mövcuddur. İddiaçının həmin müəssisədən işdən azad olunması ilə bağlı xx.xx.1994-cü il tarixinin üzərində qaralama edilərək “1995”ci ili “1994”cü il yazılması ilə bağlı isə qeyd edilməlidir ki, həmin düzəliş nəticəsində iddiaçının iş stajı artmamış əksinə azalmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, “əmək kitabçanın 8-ci və 9-cu qeydlərində müvafiq olaraq hərflərin və rəqəmlərin yazılışında sonradan düzəlişlər edildiyi, eyni zamanda həmin dövrdə etibarsız olan SSRİ-yə aid möhürlə təsdiqlənməsi” iddiaçının məsuliyyət sferasına aid edilə və onun təqsirli davranışının nəticəsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya məxsus əmək kitabçasının mötəbər hesab olunmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi xx.xx.1990- xx.xx.1994-cü il tarixləri arasındakı dövr (3 il 9 ay 18 gün) nəzərə alınmasa belə, iddiaçının əmək kitabçası üzrə işlədiyi və cavabdeh inzibati orqan tərəfindən nəzərə alınan xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər (20 il 4 gün), eyni zamanda təhsil aldığı (3 il) və hərbi xidmət (2 il 1 ay) etdiyi dövrlər də daxil olmaqla xx.xx.2006-cı il tarixə 25 ildən artıq (25 il 1 ay 4 gün) ümumi iş stajı mövcuddur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Həmin Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Beləliklə də, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (57 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2006-cı il tarixinədək 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi (güzəştli) stajı tam olaraq tamamlanmışdır. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2006-cı ilədək iddaçının 25 il ümumi stajı, 12 il 6 ay güzəştli iş stajı mövcud olduğundan və iddiaçı tələb olunan yaş həddinə çatdığından cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya ödənilməsini mümkünsüz edən digər hal kimi həm də iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmamasına istinad etsə də, cavabdehin bu dəlili əsasızdır. Çünki iddiaçının pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən yaranmışdır ki, bu halda da pensiya kapitalının olması tələb olunmur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmaıdır. NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar