Məhkəmə qərarları › İş №2-1(112)-1308/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1308/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1308/2025 27.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq : TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın iddiaçıya verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Ehtibar İsayev ARDNŞ-nin vahid mənzil uçotu siyahısı üzrə ümumi əsaslarla mənzil uçotunda olmuş, 56 nömrəli qərarla o, 4 nəfər ailə üzvü nəzərə alınmaqla ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi ilə təmin edilmiş, həmin qərar sərəncamla təsdiq edilmişdir. 6 nömrəli protokol əsasında müvəqqəti mənzil mərhum verilmiş və mənzil uçotundan çıxarılmış, qərarda səhv olmuş ev 2 göstərilməmiş, eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin sərəncamında ev 2 göstərilməmiş, 05 iyul 2016-cı il tarixli sərəncamında ev 2 ninin göstərilməsi barədə sərəncamda düzəliş edilmişdir. Vərəsəlik işi açıldıqdan sonra cavabdehə müraciət edilmiş, lakin müraciətin təminindən sərəncamın tarixi 28 noyabr 2012-ci il tarixli olması səbəbindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, adıçəkilən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 275 nömrəli sərəncamı 28 noyabr 2012-ci il tarixlidir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 38.4 kv.m olduğu müəyyən edilmişdir. İddiaçının adıçəkilən mənzildə qeydiyyatda olması barədə hər hansı məlumat yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səbail rayon İcra Hakimiyyətinin Başçısının 05 iyul 2016-cı il tarixli sərəncamından görünür ki, ARDNŞ-in və ANQSİ HİRK birgə iclaslarının 27 noyabr 2011-ci il tarixli 6 nömrəli qərarının 26-cı bəndində Ehtiyabr İsayevə mənzil verilərkən protokol qərarında ev 2 sözünün yazılmadığı barədə həmin prototokol qərarda düzəliş olunduğu nəzərə alınmış, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 noyabr 2012-ci il tarixli 275 nömrəli sərəncamında qismən dəyişiklik edilərək ayrılmış ənzilin ünvanı ünvan 3ərara alınmışdır. Dövlət Neft Şirkətinin 20 iyun 2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, E.İsayevə mənzil verilərkən qərarda ev 2 sözü yazılmamış, səhvə yol verilmişdir. 08 iyun 2016-cı il tarixli 6 nömrəli protokoldan çıxarışda qeyd edilmişdir ki, E.İsayev 23 mart 1998-ci il tarixdə mənzil uçotuna alınmışdır. 11 aprel 2001-ci il tarixdə 3 saylı mənzil müvəqqəti olaraq ona verilmiş, qərar Xəzər Rayon İcra Hakimiyyətinin sərəncamı ilə təsdiq edilmişdir. 27 dekabr 2011-ci il tarixli protokolda ev 2 sözü göstərilməmiş, səhvə yol verilmişdir. Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusunun məktubundan görünür ki, E.İsayevin vəfatı ilə əlaqədar iddiaçı vərəsəlik işinin açılması ilə əlaqədar müraciət etmiş, vərəsə kimi həmin mənzil üzrə tanınmışdır. Arayışda görünür ki, mərhum 10 mart 2005-ci il tarixdən qeydiyyatda olmuş, 05 iyun 2023-cü il tarixinə kimi adıçəkilən mənzildə yaşamışdır. Müayinə aktından görünür ki, mənzilin ümumi ölçüsü 38,4 kv.m olmuşdur. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, adıçəkilən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 275 nömrəli sərəncamı 28 noyabr 2012-ci il tarixlidir. Səbail Rayon İcra Hakimiyyətinin 28 noyabr 2012-ci il tarixli sərəncamından görünür ki, mərhum E.İsayevə özü nəzərə alınmaqla S.Vurğun küçəsi, döngə 5, ünvanda yerləşən 3 saylı mənzil ayrılmışdır. Dövlət Neft Şirkətinin 25 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, protokolda qeyd edilmişdir ki, mərhum E.İsayev 23 mart 1998-ci il tarixdə mənzil uçotuna götürülmüş, müvəqqi olaraq adıçəkilən mənzil ona verilmiş, mənzil uçotundan çıxarılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. Təkzib olunmaz haldır ki, hazırki mübahisə predmetini təşkil edən mənzilin əsasında duran Sərəncam xx.xx.2009-cu il tarixdən sonra aiddir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə Sərəncamın 2009-cu il tarixdən sonraya aid olması iddiaçının ziyanına şərh edilməməli və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasından məhrum etməməlidir. Belə ki, iş materialları ilə də aydın olur ki, hal-hazırda iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsasında yerli icra hakimiyyəti orqanının sərəncamının xx.xx.2009-cu il tarixdən sonra qəbul edildiyi dayanır. Cavabdeh göstərilən imtinanı məktubda və etirazda qeyd etsə də nəzərə almamışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının 28 noyabr 2012-ci il tarixli Sərəncamı mərhum E.İsayevin 23 mart 1998-ci il tarixdə mənzil növbəsində olması ilə əlaqədar qəbul edilmişdir. Göründüyü kimi mübahisə predmetini təşkil edən mənzil 2012-ci ildə iddiaçıya ayrılsa da, iddiaçının hüquq münasibətləri 2000-ci ildən, mənzil növbəsinə götürüldüyü vaxtdan yaranmışdır. İddiaçının həmin dövrdə mənzillə təmin olunmaması onun iradə ifadəsindən asılı olmayan bir hal olmuşdur ki, şəxsin gec mənzillə təmin olunması onun mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istisna edə bilməz. Bundan əlavə, xüsusi olaraq qeyd edilməlidir ki, sərəncam 2012-ci il tarixli olsa da, mərhum 11 aprel 2001-ci il tarixdə 3 saylı mənzil müvəqqəti olaraq ona verilmiş, adıçəkilən qərar hələ həmin dövrdə qərar Xəzər Rayon İcra Hakimiyyətinin sərəncamı ilə təsdiq edilmişdir. Mərhum E.İsayev də İstismar Sahəsinin arayışından görünür ki, adıçəkilən mənzildə 10 mart 2005-ci il tarixdən vəfat etdiyi tarixədək yaşamışdır. Göründüyü kimi, mərhum istər mənzil uçotunun xx.xx.2009-cu il tarixdən olması, eləcə də, istərsə də, məhz həmin mənzilin özü ilə bağlı adıçəkilən tarixdən əvvəl protokol qərarları və sərəncam əsasında qanuni istifadəçi statusunda olmuşdur ki, məhkəmə hesab edir ki, sərəncamın göstərilən tarixdən sonra olmasına istinadla müraciətin təmin edilməməsi əsassızdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh iddiaçının gec mənzil növbəsi ilə təmin edilməsini, şəxsin ziyanına şərh edir. Beləliklə Məhkəmə hesab edir ki, hazırki iddia üzrə mübahisənin həllində hüquq münasibətlərinin yarandığı anın müəyyən olunması mühim rol oynamışdır.(Bu mövqeyi bir çox oxşar mübahisələrdə əks olunmuşdur: Ali məhkəmənin 2-1(102)-722/2021 saylı qərarı) İddiaçının köçürülən mənzilə hüquqları 2009-cu il oktyabrın 1-dək yaranması müvafiq olaraq onun mənzil növbəsinə götürülməsi ilə əlaqədar olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 98 saylı, xx.xx.2012-ci il tarixli sərəncamı hüquqmüəyyənedici sənəd kimi qəbul olunmalıdır. Cavabdehin mənzilin ölçüləri ilə bağlı irəli sürdüyü imtina dəlilinə münasibətdə qeyd olunur ki, iddia olunan mənzilin faktiki ölçüsü 38.4 kv.m təşkil etsə belə, mənzilin sahəsinin dəyişdirilməsi ilə bağlı məhz iddiaçının və ya mərhumun özü tərəfindən rekonstruksiya işlərinin aparıldığı müəyyən olunmur. Mənzil olduğu qaydada mərhumun istifadəsində olmuş, iddiaçı kimi vərəsənin istifadəsində də hər hansı dəyişiklik aparılmadan verilmişdir ki, hər hansı artırma işlərinin adıçəkilən şəxslər tərəfindən həyata keçirilməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, cavabdeh iddiaçının qeydiyyatının olmaması ilə bağlı imtina dəlili irəli sürmüş, lakin nəzərə almamışdır ki, hazırkı iddia digər oxşar işlər üzrə verilən iddialardan fərqli olaraq mülkiyyət hüququnun dövlət qeydiyyatı yox, mülkiyyət hüququnun mərhuma məxsus olması haqqında vərəsəyə arayışın verilməsi ilə əlaqədardır. Bu zaman nəzərə alınmalı hal iddiaçının qeydiyyatda olub-olmaması yox, mərhumun həmin mənzildə faktiki yaşayıb-yaşamaması, hüquqmüəyyənedici sənədə malik olub-olmaması, qeydiyyatının olub-olmamasıdır ki, iş materiallarında olan sənədlərdən isə mərhumun həmin mənzilə qeydiyyatının olduğu müəyyən edilmiş, ailə üzvlərinin qeydiyyatının isə mərhumun iradə ifadəsinə uyğun olaraq zəruri olmadığı göstərilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü bu dəlil formal xarakter daşıyır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar