Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13084/2023 31.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (üçüncü şəxslər X5 və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli, ******* nömrəli Arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzildə X5 və X6 qeydiyyatdadırlar.
3. İddiaçı ərizə ilə Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildə qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Odur ki, ona aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək tövsiyə olunmuşdur.
5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 nömrəli mənzildə rəsmi qeydiyyatda olan X4 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 və X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, RX seriyalı, ******* saylı, xx.xx.2015ci il tarixli çıxarışa əsasən onun, yəni İddiaçı mülkiyyətində (çıxarış əlavə edilir) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 nömrəli mənzil mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən 74 nömrəli mənzildə xx.xx.1996-cı il təvvəlüdlü X4, xx.xx.2017-ci il təvvəlüdlü X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar. O, öz mülkiyyət hüququndan istifadə edərək cavabdeh Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin Cavabdeh Suraxanı Rayon Polis İdarəsi qanunvericiliyə edilmiş dəyişikliklərə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına məhəl qoymayaraq onun ərizəsinin icrasından yayınaraq imtina etmişdir.
8. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. 11.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
17. İddia həm də əsaslıdır. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli AN-İ №0477996 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ağalarova (Əmirova) Mərziyyə İman qızı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzili İddiaçı satmışdır.
18. RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
19. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3798/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 ilə İddiaçı arasında xx.xx.2016cı il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən qeyd edilmiş 2505 saylı nikah akt qeydinin pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 himayəsində saxlanılması qət edilmişdir.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzilə dair mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1996-cı il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdən; xx.xx.2017-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar.
22. Suraxanı rayon MKTB-nin 68 saylı MKİS-nin 19 sentyabr 2023-cü il tarixli, 141 saylı məktubundan görünür ki, Suraxanı rayonu, Yeni Günəşli “AB” yaşayış sahəsi, ev 127, mənzil 74 İddiaçı məxsusdur. Göstərilən mənzildə yaşayış yoxdur.
23. İddiaçı hazırda onun razılığı ilə mülkiyyətində olan mənzilə qeydiyyata alınmış S.Ceyranovanın və onun azyaşlı uşağının həmin ünvandan qeydiyyatdan çıxarılmalarını xahiş edir.
24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
25. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
26. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır.
27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
28. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
29. Məhkəmə qeyd edir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqları deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
30. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur.
31. Beləliklə, müəyyən olunur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı).
32. İşdən müəyyən olunur ki, iddiaçı mübahisəli mənzili xx.xx.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən əldə etmiş, üçüncü şəxs S.Ceyranova iddiaçının keçmiş arvadı olmuş, onlar xx.xx.2016-cı ildə birgə nikaha daxil olmuş, evləndikdən sonra S.Ceyranova xx.xx.2019-cu il tarixdə iddiaçının razılığı ilə həmin ünvana qeydiyyata alınmışdır.
33. Hazırda S.Ceyranova ilə iddiaçı arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda aydın olur ki, üçüncü şəxs S.Ceyranovanın mübahisəli mənzilə istifadə hüququ artıq mövcud deyil. Eyni zamanda onun həmin mənzildə yaşaması da iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi onun qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır.
34. S.Ceyranovanın azyaşlı uşağı olan digər üçüncü şəxs İddiaçıya gəldikdə, məhkəmə qeyd edir ki, işdən görünür ki, o, xx.xx.2017-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir və məhkəmə qərarının 16-cı bəndinə əsasən o, anası S.Ceyranovanın himayəsinə verilmişdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.
36. S.Ceyranova mübahisəli mənzildən qeydiyyatdan çıxarıldığından, onun mübahisəli mənzildə yaşamayan yetkinlik yaşına çatmayan uşağı Əsma Ceyranovanın da həmin mənzildə qeydiyyatda qalması üçün əsas yoxdur.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1996-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 127 ünvanında yerləşən 74 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova