Məhkəmə qərarları › İş №2-1(112)-13085/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13085/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13085/2024 27.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon X3 İcariyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 152.2 nömrəli qərarı ilə iddiaçının adına ayrılmış Abşeron rayonu, Bilgəh Zəfəran soxzovu ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayon X3 icrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli 152.2 nömrəli qərarı ilə İddiaçı adına ayrılmışdır. Torpaq sahəsi iddiaçının istifadə və sahibliyindədir. Torpaq sahəsinə dair torpaq vergisi vaxtı-vaxtında ödənilmişdir. Torpaq sahəsinin ayrıc aktının müvafiq orqan tərəfindən təqdim edilməməsi vətəndaşın nöqsanı deyil, bu nöqsanın aradan qaldırılması vətəndaşın səlahiyyətində deyil. Müvafiq icra orqanının öz işini qanunamüvafiq qaydada görməməsi mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə olmamalıdır. Bundan başqa, iddiaçı tərəfindən cavabdeh orqana torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədi təqdim edilmişdir. Həmin çıxarışda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd edilmişdir. X4 torpaqları X6 keçmişdir və bu barədə hər-hansı bir sənədin müraciətə əlavə edilməməsi iddiaçının nöqsanı deyil. Torpaq sahəsinin bir hissəsinin **********39 reyestr nömrəli çıxanşla başqa şəxslə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü isə həqiqəti əks etdirmir. Belə ki, **********39 reyestr nömrəli çıxarış Əhədova Minəvvər Beyqi qızının adına verilmişdir, lakin bu torpaq sahəsinə dair plan və ölçü sənədi verilməmişdir. Bu torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi tələbi ilə Əhədova Minəvvər Beyqi qızı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. X1 adma ayrılmış torpaq sahəsi nə sənəd üzrə, nə də faktiki olaraq **********39 reyestr nömrəli çıxanşla Əhədova Minəvvər Beyqi qızının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1772/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə məhkəmənin hazırlıq icraatı iclası təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-nin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə icraatında iddiaçı, öz hüquqlarının və qanuni mənafelərinin pozulduğunu, tanınmadığını və ya təhlükə altında olduğunu iddia edən və bu əsasla məhkəməyə müraciət edən tərəfdir. Nəzərə alınmalıdır ki, iddiaçı işlərdə hüquq subyekti olaraq çıxış edir. Qeyd olunmalıdır ki, iddiaçı, məhkəmədən mübahisəli hüququnun müdafiəsi, pozulmuş hüququnun bərpası, yaxud qarşı tərəfə qarşı konkret tələbin təmin olunmasını tələb edir. Hər hansı bir şəxsin iddiaçı qismində çıxış edə bilməsi üçün onun hüquq qabiliyyətinə malik və hüquq münasibətlərinin subyekti kimi tanınması üçün sağ olması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Hazırki işin faktiki hallarından görünür ki, Abşeron rayonu, Maştağa Zəfəran sovxozu ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələb irəli sürən şəxs İddiaçıdur. Adıçəkilən şəxs 12 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunmuş məlumata əsasən müəyyən olunur ki, o, 07 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi, iddiaçı 07 oktyabr 2023-cü il tarixdə vəfat etsə də, onun adından iddia ərizəsi ilə artıq onun hüquq qabiliyyəti itirildiyi tarixdən sonra, 12 oktyabr 2023-cü il tarixdə müraciət olunmuşdur ki, bu da öz növbəsində iddia ərizəsində olan imzanın ona məxsus olub-olmamasına dair şübhələr yaradır. Başqa sözlə, iddiaçı vəfatından sonra onun adından iddia ərizəsi qaldırılması iddianın mümklük şərtlərinin ödənilmədiyinə dəlalə edir. Bundan başqa, hazırki tələbin - torpaq sahəsinin mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi kimi dəqiqləşdirilərək həmin formada baxılmasını istisna edən hallar aşağıdakilardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1- ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 26 iyul 2021-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunubolunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar. Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər. Göründüyü kimi, mübahisəli əmlaka münasibətdə subyektiv hüququn realizəsi ilk növbədə həmin əmlakın miras əmlaka daxil olması, həmin miras əmlakın isə vərəsə tərəfindən qəbul edilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə əmlakın miras əmlaka daxil olması, miras əmlakının isə vərəsələrinin müəyyən edilməməsi öz növbəliyində hazırki mərhələdə iddianın düzgün formada dəqiqləşdirilərək işə mahiyyəti üzrə baxılmasına imkan vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar